Əmir(aslan) xan Cahangir xan oğlu Xoyski
Misir Mərdanov, Ədalət Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı). III cild. F-İ hərflər. Bakı: “Təhsil”, 2019, ss. 362-367.
XOYSKİ Əmir(aslan) xan Cahangir xan oğlu
[1885, Gəncə-1966, İstanbul[1]]
Atası Cahangir xan İsgəndər xan oğlu Xoyski (1849-1920) Azərbaycan Cümhuriyyətinin qurucularından olan görkəmli dövlət xadimi Fətəli xan Xoyski’nin qardaşı oğludur. Bəzi qaynaqlarda onun Sankt-Peterburq Universitetinin hüquq fakültəsini bitirdiyi qeyd olunub, ancaq əlimizdə bu faktı təsdiqləyəcək sənəd, yaxud bilgi yoxdur. Dəqiq bilinən budur ki, titulyar müşavir rütbəsi daşıyıb; Şəki Məhkəməsində və 1907-1909-cu illərdə Gəncə Şəhər İdarəsi hüquq bürosunda hüquq məsləhətçisi vəzifəsində çalışıb, 1908-1909-cu illərdə Gəncə Şəhər Dumasının deputatı seçilib. O, Səltənətbəyim xanım ilə ailə qurub. 4 övladları olub: Əmiraslan xan (1885-1952), Sarabəyim xanım (1888-1942), Sehranbəyim xanım (1892-1964), Teymur xan (1895-14.10.1938).
Sənədlərdə daha çox “Əmir xan” kimi adlandırılan Əmiraslan xan Peterburq Universitetinin hüquq fakültəsini bitirib. Təəssüf ki, əlimizdə onun təhsili və ali məktəbi bitirdikdən sonrakı ilk fəaliyyəti haqqında bəlgələr yoxdur.
Azərbaycan Cümhuriyyəti dönəmində o, öncə Quba qəzasının qaimməqamı (rəisi) işləyib. Buradakı fəaliyyəti haqqında “Azərbaycan” qəzeti 13 təşrini-əvvəl (oktyabr) 1918-ci il tarixli sayındakı “Əmir xan Xanxoyski” başlıqlı məqalədə yazır:
“İnqilabın[2] ilk günlərindən ta axırıncı vəqtlərə kibi Quba və ətrafında öylə bir anarşi[3] hökmfərma idi ki, insan evdən çıkarkən bir daha səlamət qayıdacağına inanmaq istəməyirdi. Hər tərəfdə qətlü qarət, hər guşədə soyğunçuluq idi ki, gediyor idi. Talan və xırsızlıq bir sənət hökmünü almış və qətlü cinayət də mizah kibi olaraq kullanılıyordu... Artıq burada yaşamaq imkan xaricindədir. “Nə olaydı yollar açılaydı da baş götürüb bir tərəfə gedəydim” xəyalı bir çoklarının əməl və arzusu olmuşdu. Səlamət günlərə yetişəcəyinə heç kəs ümid etməyir idi... Sərzəmin təzim olaraq[4] mətanəti-şəxsiyyə və istiqaməti-ruhiyyə[5] qarşısında səcdələr ediyorum ki, [Əmir xan Xoyski] az bir zaman içində bu qədər hərcü mərcli ölkədə asayiş namıyla dəmir bir intizam bərpa etdi. Şimdi başına altun çanağı al da sokakları dolaş, denilən kibi, səlamət və bir kişinin səninlə rücuu yok.
İşbu asayiş yeni təyin edilmiş qaimməqamımız Əmir xan Xoyski əfəndinin səyü ehtimamları ilə vücuda çıkdığı içün bütün Quba əhalisi mumileyh[6] əfəndiyə mədyun və minnətdardırlar. Həqiqətdə, bir kişinin səyü qeyrəti nələr yaratmayır...
Xan əfəndi yalnız idari işlərdə deyil, maarif və başqa işlərdə dəxi fəaliyyət və yararlıq göstəriyorlar. Klub təşkilinə başlanılmış, tez zamanda bir maarif cəmiyyəti dəxi təsis edilərək qiraətxana da açılacaqdır. Səhiyyə işlərinə ayrıca diqqət əta qılınıb, şəhər və köylərdə məkatib küşadı[7] içün təşəbbüsatda bulunuyorlar. Eşitdiyimə görə, Qubada bir qəzetə nəşrini dəxi qərara almışlardı. Cənabi-Həqq böylə fəal gənclərimizin əmsalını məzidat buyursun[8]. Amin. H.R.”.
12 may 1919-cu ildə Quba qəzasının qaimməqamı Xoyski Bakı valisinə məktub göndərərək bu qəza ərazisində ərzaq toplanılmasında baş vermiş pozuntulardan və onların səbəbindən söz açıb, məktubun sonunda özünün bu pozuntularla bağlı olaraq haqsız cəzalandırıldığından şikayətlənib və nazirin göstərişlərini yerinə yetirərkən heç bir şəxsi maraq güdmədiyini yazıb.
Cümhuriyyətin daxiliyyə naziri Nəsib bəy Yusifbəyli 11 avqust 1919-cu il tarixli 109 saylı bu əmri imzalayıb:
“Quba qəzasının qaimməqamı Xan Xoyski bu ilin 11 avqustundan Bakı valisinin böyük köməkçisi[9] təyin edilir”.
12 avqustda Cümhuriyyətin Daxiliyyə Nəzarəti (Daxili İşlər Nazirliyi) İdarəsinin müdiri polkovnik Seyfullin Bakı valisinə 7537 saylı məktubla nazirin həmin əmrini göndərib. Məktubun üstündə vali Rəşid bəy Axundzadə’nin 13 avqust tarixli bu dərkənarı var:
“C-b daxiliyyə nazirinin bu əmri əsasında Xan Xoyskiyə bu gündən valinin böyük köməkçisi vəzifəsinə başlamasını, Müseyib bəy Axicanova isə bütün işləri və sənədləri Xan Xoyskiyə təhvil verməsini təklif edirəm”.
13 avqustda Axicanov və Xoyski Bakı valisinə birincisinin valinin böyük köməkçisi vəzifəsini təhvil verdiyi, ikincisinin isə həmin vəzifəni qəbul etdiyi haqqında raport göndəriblər.
21 avqust 1919-cu ildə Cümhuriyyətin daxiliyyə naziri əvəzi general-mayor Məhəmmədsadıq bəy Ağabəyzadə Bakı valisinin böyük köməkçisi polkovnik Xan Xoyskiyə 7890 saylı məktub göndərib:
“Bu avqustun 17-si tarixli Hökumət qərarı ilə Bakı valisi Rəşid bəy Axundzadə öz ərizəsinə əsasən vəzifəsindən azad olduğuna görə cənabi-alilərinizə qanuni əsasla ondan vəzifəsini və Valilik İdarəsinin işlərini qəbul etməyinizi təklif edirəm. Vəzifəyə başlamaq və işləri qəbul etmək vaxtı mənə bildirilsin”.
23 avqustda Axundzadə və Xan Xoyski daxiliyyə nazirinə birincisinin Bakı valisi vəzifəsini və İdarə işlərini təhvil verdiyi, ikincisinin isə həmin vəzifəni qəbul etdiyi haqqında 12219 saylı raport ünvanlayıblar.
Sənədin məzmunu doğru anlaşılsın deyə əlavə bilgi verməyə borcluyuq ki, Əmiraslan xan Bakı valisi vəzifəsini 1-ci müavin vəzifəsində qalmaqla müvəqqəti olaraq icra edib.
Görünür, Xoyski hələ vali əvəzi vəzifəsinə başlamazdan öncə də həmin vəzifəni yerinə yetirib. Belə ki, onun 21 avqustda valinin yerinə imzalayaraq Salyan qəza qaimməqamına (rəisinə) göndərdiyi 12143 saylı məktub əlimizdədir. Orada qaimməqama yazıb ki, pristav Lalayevə özündən fokus çıxarmamağı təklif etsin, çünki pristavların təyinatı, işdən çıxarılması və yerinin dəyişdirilməsi əhalidən asılı deyil.
2 sentyabr 1919-cu ildə daxiliyyə naziri əvəzi general-mayor Ağabəyzadə Bakı valisi Əmir bəy Nərimanbəyova 8388 saylı məktub göndərib, hökumətin 25 avqust tarixli qərarı ilə onun Bakı valisi təyin edildiyini bildirərək vəzifəni və Valilik İdarəsi işlərini qanuni əsasla valinin böyük köməkçisi Xan Xoyskidən təhvil almağı təklif edib. 4 sentyabrda Nərimanbəyov da öz növbəsində polkovnik Əmir xan Xoyskiyə valinin böyük köməkçisi vəzifəsinə dönməyi təklif edib. Elə həmin gün Xoyski işləri Nərimanbəyova təhvil verib.
11 oktyabr 1919-cu ildə Bakı valisi özünün böyük köməkçisi Xan Xoyskiyə yazdığı 14247 saylı məktubla bu sənədi alınca Göyçay və Şamaxı qəzalarına gedərək oradakı valilik idarələrində işin aparılmasını təftiş etməyi, lazım gələrsə vəzifəsindən sui-istifadə etmiş təqsirkar şəxsləri işdən çıxarmağı təklif edib.
Bakı valisi Əmir bəy Nərimanbəyovun 14 oktyabr 1919-cu il tarixli 666 saylı əmri ilə onun böyük köməkçisi Xan Xoyski Qazax rayonu hərbi valisi (general-qubernatoru) təyin edildiyinə görə kiçik köməkçi Xankişi bəy Qafarov böyük köməkçi əvəzi təyin edilib. Xatırladırıq ki, Qafarov bu zaman Salyanda idi və Nərimanbəyov onu vəzifəsini yerinə yetirmək üçün ayın 12-də təcili Bakıya çağırıb.
16 dekabr 1919-cu ildə İdarələrdə Sui-istemala dair Cümlə İşlərin Təftiş və Təhqiqinə aid Xüsusi Heyət keçmiş Quba qəzasının qaimməqamı Xan Xoyskinin indi harada olmasını Bakı Valiliyi İdarəsindən soruşub. Heyətə 20 dekabrda 17454 saylı məktubla bildirilib ki, Xan Xoyski indi Qazax rayonunun hərbi valisidir və iqamətgahı oradadır.
Bakı valisinin böyük köməkçisi Əmir xan Xoyski Azərbaycan Cümhuriyyəti daxiliyyə naziri Mustafa ağa Vəkilov’un 38 saylı əmri ilə 28 fevral 1920-ci ildən müvəqqəti olaraq Qazax hərbi valisi əvəzi təyin edilib.
Cümhuriyyət devrildikdən və əmisi Fətəli xan Tiflisdə şəhid edildikdən sonra Əmiraslan xan Türkiyəyə mühacirət edərək İstanbulda yaşayıb. Siyasətlə məşğul olub. İstanbuldakı Azərbaycan Məlumat Bürosunun katibi Əhməd Cəfəroğlu 17 sentyabr 1921-ci ildə Parisdəki Sülh Nümayəndə Heyətinə göndərdiyi məktubda Büronun bu şəxslərdən ibarət olduğunu yazıb: sədr həkim Musa bəy Rəfiyev, katib Əhməd Cəfəroğlu, üzvlər Şəfi bəy Rüstəmbəyli, Əmir xan Xoyski, Həmdi bəy Qaraağazadə, Əşrəf bəy Tağıyev[10] və Məhəmməd bəy Ağaoğlu.
Əmiraslan xan Maku xanlarından Cəfərqulu xanın qızı Əfşan xanım ilə ailə qurub. Onların Cəfər və Bəyim adlı övladları olub. O, Türkiyəyə getdikdən sonra ailəsi Azərbaycanda qalıb. Bir neçə ay sonra yoldaşı burada vəfat edib. 12 yaşlı qızı Bəyim xanım və 10 yaşlı oğlu Cəfər ata-anasız qalaraq qohumlarının himayəsində yaşayıb. Xoyskilər soyuna mənsub olduqlarına görə uzun illər təqibə uğrayıblar və məcburiyyət nəticəsində soyadlarını “Cahangirli”yə dəyişdiriblər.
Qaynaqlar: ARDA, f. 1046, siy. 2, işlər 14, 32, 54, 77; ARDA, f. 1046, siy. 3, işlər 29, 71; ARTA, f. 290, siy. 2, iş 2361; ARPİİSSA, f. 1, siy. 74, iş 136, v. 162; “Azərbaycan” qəzeti, 13.10.1918, № 13; Топчибаши А.М. Парижский архив. 1919-1940. Книга вторая. 1921-1923. Москва: «Художественная литература», 2016, s. 218.
[1] Bəzi qaynaqlarda onun 1954-cü ildə Ankarada vəfat etdiyi qeyd olunub.
[2] 1917-ci il Fevral inqilabı nəzərdə tutulur.
[3] Anarxiya.
[4] Yerədək baş əyərək.
[5] Ruhən doğruluq.
[6] Adı keçən.
[7] Məktəblər açılması.
[8] Sayını artırsın.
[9] “Böyük köməkçi” o illərdə “birinci müavin” deməkdi.
[10] Qarxunlu Əşrəf bəydir.
Cahangir xan Xoyski.