Abdulla bəy Əfəndizadə

Misir Mərdanov, Ədalət Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı). II cild. B-Ə hərflər. Bakı: “Təhsil”, 2019, ss. 253-263.

ƏFƏNDİZADƏ (AZAQBƏYLİ) Abdulla bəy İsmayıl əfəndi oğlu[1]

[03 (16).03.1873,[2] Şəki-1928, Bakı]


Atası İsmayıl əfəndi Hacı Çələbi əfəndi oğlu (1819, Şəki-13.06.1892, Şəki) Türkiyədə təhsil almış bir maarifçi idi. O, Gəncə Valiliyi Sünni Ruhani Məclisinin üzvü, 35 il İrəvan, Naxçıvan, Yeni Bəyazid və Şərur-Dərələyəz qəzalarının qazisi olub. Onun ölümündən sonra qazi vəzifəsinə oğlu Hüseyn əfəndi layiq görülüb. İsmayıl əfəndinin atası Hacı Çələbi əfəndi (?-25 şəvval 1257 / 09.12.1841) Şəkinin ən hörmətli adamlarındandı. Şəki xanı Fətəli xan ona yazıb: “Hörmətli cənab, xeyirxah insan, atam yerinə hesab etdiyim Hacı Çələbi əfəndi. ... Məktubunuzda Taxta Körpü qışlağı haqqında yazırsınız. ...Mənim bütün mülklərim Sizindir. Sizdən heç nəyi əsirgəmirəm. Siz Taxta Körpü qışlağı istəyirsiniz və mən onu Sizə əbədi olaraq bağışlayıram və heç kəs ona toxunmağa cürət edə bilməz”. Hacı Çələbi əfəndi 1246-cı ilin rəcəb ayında həccə gedib.


Anası: Fəxrənnisa (Şirin) xanım Hacı Mahmud əfəndi qızı.


Böyük qardaşı Hüseyn əfəndi Əfəndizadə (1862, Şəki-?) Zaqafqaziya Ruhani İdarəsindən rəsmən “əfəndi” rütbəsi alıb (20.09.1889, № 857). 2 oktyabr 1892-ci ildən pedaqoji sahədə çalışıb. 1917-ci ildə Şəkidə oturmaqla Gəncə Valiliyi Sünni Ruhani Məclisinin sədri işləyib. 30 oktyabr 1919-cu ildən Şəki qadın gimnaziyasının direktorunu əvəz edib.


İkinci böyük qardaşı görkəmli yazıçı və müəllim (Əbdür)rəşid bəy Əfəndizadənin (1863-1942) Azərbaycanın maarif sistemində böyük xidmətləri var. Qori darülmüəlliminini (müəllimlər seminariyasını) (1882) və Aleksandr Müəllimlər İnstitutunu (1893) bitirən Rəşid bəy uzun illər Qutqaşen (indiki Qəbələ), Şəki, Qori və Bakıda müəllimlik edib. O, məktəblilər və böyüklər üçün yazaraq nəşr etdirdiyi bir çox bədii və elmi əsərlərin müəllifidir.


AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda “Abdulla Əfəndizadə-Azaqbəylinin müxtəsər tərcümeyi-halı” saxlanmaqdadır. Karandaşla yazılmış bu əlyazma Abdulla bəyin həyat və fəaliyyətini, özəlliklə onun yeni əlifba uğrunda çalışmalarını əks etdirən mötəbər qaynaqdır. İkinci şəxsin dilindən yazılmış bu sənəddə oxuyuruq:


“Yoldaş A[bdulla] Nuxa əhalisindən olub, 1875-nci tarixdə təvəllüd etmişdir. Bunun atası İsmayıl əfəndi bütün cavanlığını müəllimlik və müdərrislik ilə keçirmişdir. Bağçılıq və əkinçilik işlərinə bu adamda fövqəladə bir həvəs mövcud idi, böylə ki, Nuxa dağlarından birinin üzərində iki desyatin xali[3] və susuz yer yalnız bu adamın çalışqanlığı və məhz bunun əməyi sayəsində şəhərin meyvəli, güllü-çiçəkli bağlarının ən gözəli olmuşdur. Demək olur ki, yoldaş Abdullaya müəllimlik, çalışqanlıq və təbiətə məhəbbət kəndi atasından intiqal etmiş bir irsi-pedəri[4] oluyor.


15 yaşına doluncaya qədər A. Nuxada yaşamış, türk və ruscanın yalnız ibtidai qiraətinə və yazısına bələd olmuşdur. 1889-ncu tarixdə Gəncənin sənaye məktəbinə daxil olmuş və 7 il burada okuyub işlədikdən sonra 1875-nci tarixdə hər türlü[5] bağçılıq, əkinçilik və ipəkçilik işlərində mütəxəssis olmaq üzərə məktəbin kənd təsərrüfatı şöbəsini bitirmişdir. Eyni sənə ərzində A. Tiflis Pedaqoji İnstitutuna daxil olmuş və 1899-ncu sənədə təhsilini tamam etmişdir, yəni istibdadın ən dəhşətli bir mövsümündə tələbə həyatından ayrılmış və müəllimlik həyatına daxil olmuşdur. İstibdadın təzyiqat və təqibatına hədəf olmaq istəməyən şəxs ya çar hökumətinin təklifincə keçinməli idi, yəni ruslaşdırma və avamlaşdırma mütəxəssislərinə yardım etməli idi və yaxud heç bir kəs ilə əlaqəyə girişməməli və heç bir kəsə zərər və xeyir verməyəcək bir vəziyyətdə yaşamalı idi. 3-cü bir yol daha var idi ki, o da xalq fədakarları dutduğu yol idi. İki əvvəlinci cərəyanlardan nifrətlə yüz çevirərək və ancaq fədakarlıq caddəsini intixab edən[6] yoldaş A. həmişə savuq bir mühakimə və dərin bir düşüncə sayəsində iş gördüyü üçün iş görə bilmək imkanını əldən buraxmamışdır. Bu adam müəllimliyindən bir an əl çəkmədiyi ilə bərabər, həmişə xalq maarifi işlərində çalışmışdır. 12 sənəlik vəqt zərfində[7] Nuxa şəhərində burakdığı əsərlər (ibtidai ünas tərbiyəsinin hər yerdən əvvəl Nuxada başlaması, zükur və ünas edadiyəsinin[8] binası, cəmiyyəti-xeyriyyə, nəşri-maarif və fəqir tələbələrin məktəblərdə 50-60%-ə qədər artması və həkəza) burasını isbat üçün birər dəlillərdir.


A. yoldaşın müəllim və maarifçiliyinin yarısı Bakıda və yarısı Nuxada keçmişdir. Bu anın üzərində Bakı Ali Darülmüəlliminində məntiq tədrisi ilə məşğuldur.


[...] ...Təbliğat sayəsində 1905-nci sənə inqilabından istifadə edərək Nuxa şəhəri mədrəsələrində okuyan nuxalı, zaqatalalı və qazaqlı tələbələrdən A. yoldaş 27 kişi toplamağa və bunlardan yalnız kəndi zəhməti və əməyi sayəsində bir ay yarım zərfində 17 müəllim hazırlamağa müvəffəq oldu.


Bütün ömrünü tərbiyə və tədris ilə keçirmiş bir adam meydana gətirdiyi fənni əsərlər də aşkar şeydir ki, tərbiyə və tədrisə aid olacaqdır.


A. yoldaşın fənni-tərbiyədən bəhs edən böyük bir əsəri fənn mütəxəssisləri tərəfindən qəbul edilmiş və bu halda çap edilmək üzərədir. Bundan masəva,[9] “Fənni-tədris” və “Məntiq” nam[10] əsərləri dəxi yazılıb tamam edilmişsə də çap edilmək üçün hənuz hazırlanmamışdır. “Əkinçi” jurnalında dəxi bu adamın ipəkçilik xüsusunda böyük bir fənni əsəri çap edilməkdədir. Bunlardan masəva, A. yoldaşın bir neçə mənzum və mənsur əsərləri vardır ki, bunlardan da bəzisi keçmiş jurnallarda və qəzetələrdə çap edilmişlər”.


Bir sıra başqa sənədlərdə də Abdulla bəy Əfəndizadənin ilk təhsili haqqında bilgilərlə rastlaşırıq. Özü yazır ki, 8 yaşında olarkən evdə atam mənə türkcə yazmaq-oxumaq öyrədib. Sonra 16 yaşımda dərzilik peşəsini öyrənməyə verilmişəm. 17 yaşımda rusca oxumağa başlamışam. Sonra Gəncə Mixail peşə məktəbini kənd təsərrüfatı ixtisası üzrə bitirmişəm.


Abdulla bəyin Gürcüstan Mərkəzi Tarix Arxivindəki şəxsi işində də çox maraqlı bəlgələr saxlanılır.


Zaqafqaziya şeyxülislamı Axund Əbdüssalam Axundzadə 9 avqust 1895-ci ildə Aleksandr Müəllimlər İnstitutunun direktoru Sergey Nikolayeviçə yazdığı məktubda bildirib ki, Zaqafqaziya müəllimlər seminasiyasının türk bölməsinin keçmiş məzunlarından, 10 ildən artıq kənd müəllimi işləmiş Rəşid bəy Əfəndiyev mənə müraciətlə Gəncə Mixail peşə məktəbini bu il bitirmiş qardaşı Abdullanın Sizin İnstituta xəzinə hesabına götürülməsinə yardım göstərməyimi xahiş edib. Abdulla Gəncədə kənd təsərrüfatı ixtisasına yiyələnib və bu da xalq müəllimi üçün olduqca önəmli müsbət haldır. Həm də Siz mənimlə görüşərkən təəssüflə demişdiniz ki, İnstitutda bir nəfər də müsəlman uşağı oxumur. Buna görə Abdullanı imtahan verdikdən sonra İnstituta dövlət hesabına götürməyinizi xahiş edirəm.


Zaqafqaziya müftisi Hüseyn əfəndi Qayıbovun da 19 avqust 1895-ci ildə Müəllimlər İnstitutunun direktoruna göndərdiyi məktubda təxminən eyni məzmunu görürük. Müfti yazır ki, Gəncə Valiliyi Sünni Ruhani Məclisinin üzvü İsmayıl əfəndi Əfəndiyev Zaqafqaziya Müsəlman Ruhani İdarəsində uzun illər və qüsursuz xidmət etdikdən sonra 3 il bundan öncə arvadına və azyaşlı oğlu, Gəncə Mixail peşə məktəbini bitirmiş Abdullaya yaşayış üçün heç bir vəsait buraxmadan dünyasını dəyişib. Mərhum Əfəndiyevin 2 böyük oğlu olsa da İrəvan valiliyinin sünni qazisi vəzifəsində çalışan Hüseyn əfəndi və mənim başçılıq etdiyim Ruhani İdarəsi katibinin köməkçisi Rəşid bəy ailəli adamlardır, çox məhdud maaşları ilə öz ailələrini və analarını güclə saxlayırlar. İndi mərhum İsmayıl əfəndinin dul xanımı mənə müraciət edərək ərinin 30 ildən artıq qüsursuz xidmətlərini və oğlanları Hüseyn əfəndi ilə Rəşid bəyi dövlət məktəblərində oxutduğunu nəzərə alaraq adıkeçən Abdullanı Sizin İnstituta xəzinə hesabına götürmək üçün vəsatət qaldırmağımı xahiş edib. Xanımın maddi durumunun ağırlığını və Sizin mənə müsəlman uşaqlarını məktəbə götürmək istədiyiniz haqqında dediklərinizi nəzərə alaraq Abdullanı sınaq imtahanlarına buraxmağınızı və onu dövlət hesabına olan yerlərdən birinə götürməyinizi rica edirəm.


Böyük qardaşı – Zaqafqaziya Sünni Ruhani İdarəsi katibinin köməkçisi, kollej qeydiyyatçısı Rəşid bəy Əfəndizadə 25 avqust 1895-ci ildə Tiflisdən Müəllimlər İnstitutu direktoruna ərizə yazaraq bildirib ki, qardaşım bu il Gəncə peşə məktəbinin kənd təsərrüfatı bölməsini bitirib, ancaq attestat ona məktəbin bütün müəllimləri avqustun sonunda tətildən qayıtdıqda veriləcək. Ərizəyə ataları İsmayıl əfəndinin qulluq dəftərinin surətini də əlavə edən Rəşid bəy Abdulla bəyin sınaq imtahanlarına buraxılmasını xahiş edib.


Bütün bu nüfuzlu şəxslərin müraciəti yerdə qala bilməzdi. Sınaq imtahanlarını uğurla verən Abdulla artıq 1 sentyabr 1895-ci ildə Tiflis Aleksandr Müəllimlər İnstitutunun tələbəsi idi. Ancaq onun pansionda qalmağa ehtiyacı vardı. Bu məsələyə qardaşı Rəşid bəyin 14 sentyabr 1895-ci ildə İnstitut direktoruna ünvanladığı ikinci məktub aydınlıq gətirir. Rəşid bəy həmin məktubda qeyd edib ki, Zaqafqaziya şeyxülislamının xahişi ilə Bakı neft sənayeçisi Şəmsi Əsədullayev qardaşım Abdulla Əfəndizadəyə bu il İnstitutunuzun pansionunda yaşaması üçün 180 manat həcmində təqaüd kəsib. Həmin məbləği mən tezliklə Tiflis Kommersiya Bankından götürərək Sizə təqdim edəcəyəm. Buna görə də Abdullanı İnstitutun pansionunda yerləşdirməyinizi rica edirəm.


Beləliklə, Abdullanın dövlət hesabına oxuması tam təmin edilib və o, Müəllimlər İnstitutunu 9 iyun 1899-cu ildə uğurla bitirərək şəhər məktəbi müəllimi rütbəsi alıb. Hacı Zeynalabdin Tağıyevin himayəsi altında fəaliyyət göstərən və S.Qənizadənin müdir olduğu məktəbdə işə başlayıb.


Özünün qeydlərindən aydın olur ki, o, Bakıda 1902-ci ildən başlayaraq “Nicat” Cəmiyyətində və başqa milli təşkilatlarda işləməklə “hökumət indində[11] şöhrətli adamlar siyahısına daxil olubdur”.


O, müəllim kimi Qazax, Ağdaş, Şəki və Pyatiqorskda fəaliyyət göstərib. 1906-cı ildə Şəkidə pulsuz müəllim kursları açaraq yurddaşlarının maariflənməsində mühüm rol oynayıb. Ümumən o, Şəkidə şəhər edadi (real) məktəbi, 5 ünas (qadın) və 10-a qədər zükur (kişi) ibtidai məktəbləri açdırıb. Kişi gimnaziyası açılmasının səbəbkarıdır. Şəki bankının, Şəhər Dumasının sədri olub.


“Kaspi” qəzetinin 1913-cü il iyun tarixli bir sayında oxuyuruq:

“Şəkidən verilən xəbərə görə, şəhər məktəbinin müfəttişi Abdulla bəy Əfəndizadənin təşəbbüsü ilə şəhərdə 2-ci rus-türk qadın məktəbi açılır. Məktəb 1-ci rus-türk məktəbinin yanında, “Otaq eşiyi” məhəlləsində yerləşəcək”.

Ə.Mustafayev yazır:

“Beşinci rus-tatar məktəbinin müdiri Abdulla bəy Əfəndiyevdir. Tiflisdə Müəllimlər İnstitutunu qurtarmışdı. Vaxtı ilə Gəncədə Şəhər Xalq Məktəbləri inspektoru vəzifəsində işləmişdir. Buna görə də böyük təcrübə toplayıb, kamil pedaqoq və rəhbərdir. Abdulla bəy mətbuat işlərində də çalışır. “Əhrar”[12] qəzetinin lideridir. “El” adlı bir qəzet də çıxartmışdır. Müsavat hökuməti bu adamı qarabaqara izləyir, Abdulla bəy öz familiyasını dəyişməyə məcbur olmuşdur”.[13]

1918-ci ildə tərtib edilmiş anketdə özünün fəaliyyətini bu cür göstərib:

1899-1908-ci illərdə Bakı 2-ci şəhər məktəbində müəllim və 4-cü ibtidai məktəbdə nazir (direktor).[14]


1907-1917-ci illərdə Şəki ali ibtidai məktəbinin naziri.


1917-1919-cu illərdə Şəki və Ərəş məntəqələrinin maarif müfəttişi.


1918-ci ildə Azərbaycan Parlamanına üzv seçilib. “İnqilab dövründə Nuxa İcraiyyə və Milli Komitələrinin sədri vəzifələrini daşıyıbdır”.


Parlamentdə “Əhrar” partiyasını təmsil edən Əfəndizadə bu partiyanın Şəki özəyini də özü yaratmışdı. O, 1920-ci ilin başlanğıcında “Əhrar”dan çıxaraq “İttihad və Tərəqqi” partiyasına keçib.


1919-cu ilin martında Azərbaycan hökumətinin qərarı ilə latın əlifbasına keçidi təmin edəcək komissiya yaradılıb. Əfəndizadə həmin il “Son türk əlifbası” kitabını latın əlifbası ilə hazırlayaraq nəşr etdirib.


1919-cu ildə Əfəndizadə Şəkidə “Mədəniyyət” mətbəəsində “Ya ölüm, ya Türkiyə!” adlı kitabını az tirajla nəşr etdirib. Kitabın girişindəki “Bir neçə söz”də müəllif məramını belə açıqlayıb:

“İslam aləmində yaşayan diri millət yalnız Osmanlı olub, məbaqisi ölümcül bir halda imrari-həyat etməkdədir. ...Buna görə türk və islam aləmi xüləfayi-ali-Osman bayrağı altında birləşib şanlı Türkiyəyə ilhaq olmazsa artıq yaşamasına umud yoxdur”.

Əsərdə 19-cu yüzilin sonu – 20-ci yüzilin başlanğıcında Türkiyənin düşmən dövlətlərlə savaşı başlıca mövzudur.


Cümhuriyyət devrildikdən sonra Əfəndizadə kütləvi həbslərdən yayınmaq üçün Şamaxıda dostu İsgəndər bəyin evində gizlənib. Ara sakitləşəndən sonra öncə Şəkiyə gedib, sonra isə ailəsi ilə birgə Bakıya köçüb. Burada Azərbaycan Pedaqoji İnstitutunda dərs deyib. Həmin il ali məktəb tələbələri üçün “Fənni-tərbiyə” adlı kitabını nəşr etdirib.


Azərb. SSR Xalq Maarif Komissarlığının 20 yanvar 1921-ci il tarixli 97 saylı əmri ilə “Abdulla Əfəndiyev” 10 yanvardan Bakı Birillik Pedaqoji Kurslarının müəllimi təyin edilib. Maraqlıdır ki, əmri xalq komissarı əvəzinə kollegiya üzvü Hənəfi Zeynallı imzalayıb. 25 yanvar 1921-ci ildə 99 saylı əmrlə Abdulla bəy 2 yanvardan adıkeçən kursların türk bölməsinin mühazirəçisi təyin edilib. 1921-ci ildə həmin kursların mühazirəçisi A.b.Əfəndiyevə çoxillik müəllimlik fəaliyyəti nəzərə alınmaqla müalicədən ötrü 500.000 manat yardım edilib.


1921-ci ilin 17 aprelində Bakı Ali Pedaqoji Kursların mühazirəçisi Abdulla Əfəndizadənin həmin kursların müdirinə göndərdiyi ərizə o dönəmdə bütün Azərbaycan müəllimlərinin iqtisadi durumunu səciyyələndirmək baxımından çox maraqlıdır. Abdulla bəy yazır ki, 3 ay bundan öncə Xalq Maarif Komissarlığı qarşısında bu əşyaların mənə verilməsi haqqında vəsatət qaldırmağınızı xahiş etmişdim: 1) qış paltosu,[15] 2) qış kostyumu,[16] 3) çəkmə, 4) qaloş,[17] 5) alt paltar üçün parça, 6) ailə üçün parça. Ancaq indiyədək bir xəbər çıxmayıb. Sizə bəllidir ki, sadaladığım bu əşyalara hədsiz ehtiyacım var. Onların yoxluğu üzündən xəstələnmişəm. Bu kurslardan başqa heç yerdə işləmirəm, halbuki kollektiv yoldaşlarımın hər biri başqa yerdə də çalışaraq həmin təsərrüfat əşyalarından əldə edə bilir. Mən isə Bakıda olduğum 4 ay müddətində əsla heç nə almamışam və ehtiyac özünü saatbasaat göstərməkdədir. Bütün bunlara əsasən Sizdən ikinci dəfə xahiş edirəm ki, xalq maarif komissarı yoldaş Bünyadzadə qarşısında yuxarıda adını çəkdiyim əşyaların (palto və kostyum uyğun miqdarda parça ilə əvəz edilə bilər) mənə möhkəm dövlət qiymətləri ilə birdəfəlik, yaxud qismən verilməsi haqqında vəsatət qaldırasınız.


Xalq maarif komissarı 19 may 1921-ci ildə Xalq Ərzaq Komissarlığına 4640 saylı məktub göndərib:

“Bakı Ali Pedaqoji Kursların mühazirəçisi Abdulla Əfəndiyevin paltarı tamamilə nimdaşlaşıb və demək olar ki, paltarı və alt geyimi yoxdur, halbuki o, xalq təhsili sahəsində, başlıca olaraq Azərbaycanın yerli əhalisi arasında iyirmi ildən artıq çalışmış xalq müəllimidir. Bu deyiləni nəzərə alaraq Xalq Ərzaq Komissarlığının yoldaş Abdulla Əfəndizadəyə kostyum, ayaqqabı, alt paltarı üçün bez və parça buraxmasını, bununla da ona faydalı mədəni-maarif işini davam etdirməyə imkan verməsini xahiş edirəm”.

1924-cü ildə Azərbaycan Ali Kişi Pedaqoji İnstitutunun müəllimləri içərisində Məhəmməd Əfəndizadə, Həbib Mahmudbəyli, Xəlil Fikrət, İsmayıl Hikmət, Abdulla Şaiq, Mustafa Quluyev, Cəlil Məhəmmədzadə, Sadıq Hüseynov, Rəhim Məlikov, Fətulla Rzabəyli, Mirəsədulla Mirqasımov, Fətulla Əlizadə, Süleyman Səlim və başqaları ilə yanaşı, Aleksandr Müəllimlər İnstitutunun məzunu, məntiq müəlllimi Abdulla Azaqbəylinin də adını görürük.


Abdulla bəyin oğlu Ziya Əfəndizadə Qori seminariyasını bitirmiş görkəmli Azərbaycan ziyalısı idi. Sonralar APİ-də riyaziyyatdan dərs deyib. Onun oğlu, şair Hikmət Ziya isə daha çox öz təmsilləri ilə məşhurdu. Abdulla bəyin ikinci oğlu Bahadur Əfəndizadə Gəncədə aqronom təhsili alıb.


Qaynaqlar: GMTA, f. 436, siy. 1, iş 869; ARDA, f. 1, siy. 3, iş 410, vv. 1, 3, 4, 5, 7, 9; ARDA, f. 51, siy. 3, iş 12, v. 175; ARDA, f. 51, siy. 3, iş 418, v. 5a; ARDA, f. 57, siy. 1, iş 7, vv. 62, 65, 66-66a, 70; ARDA, f. 57, siy. 1, iş 177, v. 138; ARTA, f. 291, siy. 1, iş 1354, vv. 10-11; ARTA, f. 389, siy. 8, iş 1416, v. 11; Əlyazmalar İnstitutu, Fr-1042; Кавказский календарь на 1917 год, 2-я книга, s. 777; “Каспий”, 14.06.1913, № 131; Ali Pedaqoji İnstitutun salnaməsi. Bakı, 1924, s. 18; Mustafayev Əlməmməd. Xatirələri, hekayə və felyetonları. Bakı: “Yazıçı”, 1985, s. 8; Əfəndizadə Əbdü. Ya ölüm, ya Türkiyə! Hazırlayanlar və ön sözün müəllifləri: Mais Əmrahov, Həbibulla Manaflı. Bakı: “Mütərcim”, 2005; Əfəndizadə Azaqbəyli Abdulla bəy. Son türk əlifbası. Transfoneliterasiya, tərtib, ön söz və qeydlərin müəllifi: Şəlalə Ana Hümmətli. Bakı: “Elm və təhsil”, 2018; Əliyev Mövsüm. Abdulla bəy Əfəndizadə. / “Ulduz” jurnalı, 1983, № 4, s. 55; Əliyev Mövsüm. Abdulla bəy Əfəndiyev. / “Odlar Yurdu” qəzeti, oktyabr 1990, № 19.




[1] Ad-soyadı Müəllimlər İnstitutunun verdiyi attestatda “Abdulla İsmayıl-Əfəndizadə” kimi yazılıb.

[2] Öz əli ilə yazdığı tərcümeyi-halda və Parlament üzvlüyü haqqında anketdə doğum tarixini 1875-ci il göstərib.

[3] Boş, yiyəsiz.

[4] Ata irsi.

[5] Cür, növ.

[6] Yolunu seçən.

[7] 12 ildə.

[8] Kişi və qadın real məktəblərinin.

[9] Başqa.

[10] Adlı.

[11] Yanında.

[12] Mətndə yanlış olaraq: “İsrar”.

[13] “Müsavat hökuməti”nin Abdulla bəyi izləməsi və bunun nəticəsində onun soyadını dəyişməyə məcbur olması fikri kökündən yanlışdır. Əksinə, Cümhuriyyət hökuməti ona yaşamı və fəaliyyəti üçün hər cür şərait yaradıb.

[14] Abdulla bəy Bakıda daha çox 5-ci rus-türk məktəbində müdirlik edib.

[15] Üstündən xətt çəkilərək pozulub.

[16] “Qış” sözünün üstündən xətt çəkilərək pozulub.

[17] Üstündən xətt çəkilərək pozulub.


Abdulla bəy şagirdləri ilə.

6. 11.09.1925.