Abbas Əliyev
Misir Mərdanov, Ədalət Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı). II cild. B-Ə hərflər. Bakı: “Təhsil”, 2019, ss. 336-338.
ƏLİYEV Abbas Zeynal oğlu
[1887, Şəki-?]
Əliyevin Moskva Şəhər Mərkəzi Dövlət Tarix Arxivində saxlanılan və Moskva Kommersiya İnstitutu üçün 1910-cu ildə öz əli ilə yazdığı qısa tərcümeyi-halında oxuyuruq:
“Mən, aşağıda imza edən Abbas Zeynal oğlu Əliyev 1887-ci ildə Gəncə valiliyinin Şəki şəhərində doğulmuşam. On bir yaşım olarkən Bakı edadi (real) məktəbinə girərək Bakı Kommersiya Məktəbi açılan zaman oraya dəyişilmişəm ki, nəhəng ticarət işimizi bacarıqla aparmaq üçün ticarət təhsili alım. Bakı Kommersiya Məktəbində cəmi 4 il oxudum, çünki Qafqazda alovlanmış erməni-türk iğtişaşı nəticəsində təhsilimi bitirmək üçün Moskvaya köçməyə məcbur oldum. Burada Kommersiya Elmləri Təcrübi Akademiyasının 5-ci sinfinə daxil olaraq oranı bu il uğurla bitirdim və şəxsi fəxri vətəndaş adına layiq görüldüm”.
Buradan bəlli olur ki, Əliyev Bakı edadi (real) məktəbinə 1898-ci ildə gedib, Bakı Kommersiya Məktəbində 1901-1905-ci illərdə oxuyub, Moskvada Təcrübi Akademiyada isə 1905-1910-cu illərdə təhsil alıb.
Əliyev 28 avqust 1910-cu ildə Moskva Kommersiya İnstitutu direktoruna ərizə yazaraq İnstitutun Nizamnaməsi və qəbul şərtləri ilə tanış olduğunu bildirib, eyni zamanda iqtisad bölməsinin həqiqi dinləyiciləri sırasına götürülməsini xahiş edib. Ərizədə maddi baxımdan təminatlı olduğu və subaylığı da qeyd edilib. Sənəddə Moskvadakı ünvanını belə göstərib: Pokrovka, Deqtyar döngəsi, Qribovun evi, 10-cu mənzil.
Doğrudur, əlimizdə Əliyevin təhsilinin sonrakı dönəmlərini izləməyə imkan verən sənədlər yoxdur, ancaq onun elə bu bəlgələri XX yüzilin başlarında Azəbaycanda tacirlərin ali təhsil almağa həvəsinin artmasının göstəricisidir.
Qaynaq: MŞMDTA, f. 417, siy. 7, iş 306.