Haşım bəy Əmircanov
Misir Mərdanov, Ədalət Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı). II cild. B-Ə hərflər. Bakı: “Təhsil”, 2019, ss. 473-476.
ƏMİRCANOV Haşım bəy Şirəli bəy oğlu
[25.06 (08.07).1879, Şəki-1918]
Atası: Şirəli bəy Əliəşrəf bəy oğlu (1847-1922).
Anası: Fatma xanım Mustafa ağa Şəkixanov (“Şuxi”) qızı.
Görkəmli dövlət xadimi Əbdüləli bəy Əmircanovun kiçik qardaşıdır.
Tiflis gimnaziyasını bitirib (13.06.1900).
1900-cü ilin avqustunda Kiyev Müq. Vladimir Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul edilib. Burada təbiiyyat elmləri bölməsində 1900-1901-ci dərs ilində 2 semestr oxuyub, ancaq 2-ci kursa keçirilməyib.
28 avqust 1901-ci ildə Kiyev Universitetinin rektoru Peterburq Universitetindəki mənsəbdaşına məktub göndərib ki, fizika-riyaziyyat fakültəsi 2-ci semestrinin tələbəsi Əmircanov sizin Universitetə köçürülmək istəyir, çünki onun atası uzun müddət üçün Peterburqa gedib və orada yaşlı atasına oğul kimi qulluq etmək istəyir.
Bu məktuba əsasən Əmircanov 1901-ci ilin avqustunda Sankt-Peterburq Universitetinin hüquq fakültəsinə dəyişilib.
28 may 1908-ci ildə 4 kursu başa vurub, Universitet hüquq üzrə proqramını tam yerinə yetirərək məzun olub.
1908-ci ildə hüquq fakültəsinin tələbəsi Rüstəm xan Xoyski tələbə yoldaşı Əmircanovun xahişi ilə rektora belə bir ərizə yazıb ki, Haşım bəyin hüquq fakültəsində 8 semestr oxuması, bu müddətdə təhsilhaqqını tam ödəməsi və Universiteti bitirməsi haqqında Xarkov Universitetinə arayış göndərilsin.
Bundan sonra müxtəlif yerlərdə öz ixtisası üzrə çalışıb.
Əmircanov ictimai işlərdə də fəallıq göstərirdi. Məsələn, “Kaspi” qəzetinin 27 mart 1910-cu il tarixli sayında oxuyuruq ki, 26 martda müsəlman maarifçi “Nicat” Cəmiyyətinin yeni İdarə Heyətinə və teatr komissiyasına seçkilər keçirilən zaman Haşım bəy də İdarə Heyətinə üzv seçilənlər arasında olub.
1919-cu ilin mayında – Azərbaycan Cümhuriyyətinin ildönümü ərəfəsində rusca “Azerbaycan” qəzeti bir çox dövlət adamlarından Azərbaycanın müstəqilliyi haqqında fikirlərini soruşub. Heyəti-Vükəla rəisi (Baş nazir) Nəsib bəy Yusifbəyli, Məclisi-Məbusan (Parlament) rəisi Həsən bəy Ağayev, Azərbaycan şeyxülislamı Axund Ağaəlizadə, Müsavat Firqəsi Mərkəzi Komitəsinin sədri Məhəmmədəmin Rəsulzadə, “Hümmət” Firqəsinin nümayəndəsi, Məclisi-Məbusan üzvü Əhməd Pepinov, məsai və ədliyyə naziri, sosialist blokunun lideri Aslan bəy Səfikürdski, Bakı Şəhər Dumasının sədri Qasım Qasımov Azərbaycan istiqlalı haqqında düşündüklərini yazılı şəkildə redaksiyaya təqdim ediblər və bu fikirlər qəzetin 28 may tarixli yubiley nömrəsində dərc edilib.
A.b.Səfikürdski qeyd edib:
“Hələ 1915-ci ildə Petroqrad Universitetinin professoru Boduen de Kurtenenin sədrliyi altında bütün qeyri-rus millətlərin qurultayı çağırılmışdı. Qurultayda velikoruslardan başqa bütün xalqların nümayəndələri iştirak edirdi, ancaq sonra qurultay xalqların federasiyası və muxtariyyəti görüşlərini bölüşən velikorusları da dəvət etməyi qərara aldı. Bu qurultayda Azərbaycan türklərinin nümayəndələri olaraq mən və mərhum Haşım bəy Əmircanov[1] iştirak edirdik. Hələ onda bəyan edilmişdi ki, Azərbaycanda sakin olan bütün xalqlar tam muxtariyyət almalıdır. Qurultayda iştirak edən Gürcüstan və Ermənistan nümayəndələri də eyni fikirdə idilər. Hələ onda Qafqaz xalqları arasında hətta sərhədlərlə də bağlı indiki qədər toqquşma və ziddiyyət yox idi. Azərbaycanın bütün Bakı və Gəncə valiliklərini, Zaqatala dairəsini, İrəvan və Tiflis valiliklərinin Azərbaycan türkləri yaşayan hissələrini əhatə edəcəyini bəyan etdikdə Gürcüstan və Ermənistan nümayəndələri etiraz etməmişdilər. İndi isə, təəssüf ki, bununla bağlı razılaşma yoxdur”.
Bu fakt Haşım bəyin siyasətlə də məşğul olduğunu təsdiqləyir.
“Qafqaz təqvimi”ndən öyrənirik ki, Əmircanov 1916-cı ildə Dəvəçi sülh bölməsində müstəntiq işləyirmiş.
Aslan bəy Səfikürdskinin də qeyd etdiyi kimi, Haşım bəy 1919-cu ildə sağ deyildi – o, 1918-ci ildə 39 yaşında dünyasını dəyişib.
Qaynaqlar: SPb.MDTA, f. 14, siy. 3, iş 39278; Nərmin Tahirzadənin özəl arxivi, 14-cü dəftər, vv. 44-44a; Кавказский календарь на 1917 год. Тифлис, 1916, s. 649; Азербайджанская Республика. Документы и материалы. 1918-1920 гг. Баку: «Элм», 1998, s. 238; «Каспий», 27.III.1910, № 69.
[1] Mətndə yanlış olaraq “Qasım bəy Əmircanov” gedib.
Sankt-Peterburqun ali məktəblərində oxuyan azərbaycanlı tələbələrdən bir qrup. 1898;
Soldan. Ön cərgə: 1) Behbud ağa Cavanşir, 3) Haşım bəy Əmircanov, 4) Yusif xan Şəkinski.
Orta cərgə: 3) Firuz bəy Ordubadski, 4) Lütfəli bəy Behbudov, 5) Xudadad bəy Məlikaslanov, 7) Aslan bəy Səfikürdski.
Arxa cərgə: 4) Dadaş Həmzəyev (?), 5) Mirzə Lətif Mirzəyev, 7) Mahaç Daxadayev.