Süleyman bəy Əbdürrəhmanbəyzadə
Misir Mərdanov, Ədalət Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı). II cild. B-Ə hərflər. Bakı: “Təhsil”, 2019, ss. 172-178.
ƏBDÜRRƏHMANBƏYZADƏ (HACIƏBDÜRRƏHMANBƏYZADƏ) Süleyman bəy Səlim bəy oğlu
[20 məhərrəm 1277 / 27.07 (09.08).1860, Qarabaldır k. / Şəki q.[1]-?]
Atası: Səlim bəy Hacı Əbdürrəhman bəy oğlu.
Anası: Fatma xanım Hacı Əbdürrəhim bəy qızı.
Orta təhsilini Şəkidə alıb. 1878-ci ildə Şəki şəhər 3-sinifli şəhər məktəbinə gedib və 1883-cü ildə oranı bitirib. 15 iyun 1883-cü ildə verilmiş attestatda göstərilir ki, 23 yaşlı Süleyman bəy 1878-ci ildən 1883-cü ilədək Şəki şəhər məktəbində oxuyub. Attestatdakı 10 fənnin 5-dən qiymətləri “5+”, 5-dən isə “5”-dir. Açığı, ali məktəbə sənəd vermiş heç bir orta məktəb məzununun bu cür yüksək qiymətlər aldığını görmürük. Onu da qeyd edək ki, bu məktəbdə ona dərs keçənlər arasında “müsəlmani” dərsini müəllim Molla Mustafa Molla Çələbi oğlu da vardı.
Həmin ilin 26 avqustunda Tiflis Aleksandr Müəllimlər İnstitutunun direktoruna ərizə yazaraq qəbul imtahanlarına buraxılmasını xahiş edib. O, imtahanlardan uğurla keçərək həmin İnstituta qəbul edilib. İnstitutda tələbə yoldaşları Sultanməcid Qənizadə və Həbib bəy Mahmudbəyov idi. Sonralar Qənizadə onun haqqında belə yazacaqdı:
“Hacıəbdürrəhmanbəyov Süleyman bəy yaş cəhətcə məndən və Həbib bəydən 5-6 yaş böyük və dərslərdə bizdən güclü idi... Bu yoldaş nəsəbcə kənd mülkədar-bəy sinfindən idi. Din və savad cəhətcə Nuxa sufiləri kimi fanatiklik dərəcəsində pəhrizkar bir vücud olduğundan, pansion mühitində mümkün olan qədəri şəriət şərtlərini mülahizə edirdi. İçkidən o payədə nifrətli idi ki, çaxır şişəsi olan süfrəyə əl uzatmazdı. Pasxa bayramlarında kuxnyamız üçün üç gün tətil olduğuna görə süfrəmizdə kolbasa, qaxac və bu qisim qızartma, sovutmalı yeyintilər düzülürdü. Əbdürrəhmanbəyov bunlardan elə gen qaçardı ki, hətta boyalı yumurtalar donuz yağına bulaşdıqlarına ehtimal etdiyindən, onlardan da etiraz edərdi. Demək olurdu ki, məktəb pansionuna gəlib düşmüş bu adam həyat yolunda azıxıb öz zamanəsində yüz il sonra dünyaya gəlmişdi. Yemək-içmək, seyrü səfa, hətta teatr tamaşası onun maraqlandırmazdı, əmin-amanlıq kölgəsində ciddi səylə öz dərsinə məşğul olduğundan, dərs kitablarından savayı özgə kitabları mütaliə etməzdi. Dörd ilin müddətində müxtəlif millətlərdən ibarət yüz nəfərlik pansion ailəsində nə bir dənə yeganə dostu, nə də bir nəfər müxalif düşməni yox idi. Heç kəsin də onunla çəkişməsi olmazdı... Bu acizanə Allah bəndəsinin xəmrəsində şeytan sifətindən bilmərrə birisi də yox idi. Kin, küdurət, ədavət, söyüş, savaş Abdurraxmançikə də yaraşmazdı”.
Qənizadə onun haqqında daha sonra bunları bildirir:
“Süleyman bəy uşaqlığını Ərəş uyezdi “Qarabaldır” adlı xüsusi bir kəndində keçirdikdən sonra Nuxa şəhərində altıklaslı ali xalq məktəbində parlaq surətdə kurs qurtarıb İnstituta imtahan vermişdi. Zahirdə aciz və zəif görünən Qarabaldır həqiqət aləmində davamlıca səhhətə malik idi. Dörd il pansion həyatında bir dəfə də olsa azar-bezar nə olduğunu bilməmişdir. Məcaz və səciyyəsi düzgün olduqları ilə belə təhsilində nəhayətcə istedadlı idi. Pedaqoji ətrafında on iki fəqərə dərslərin doqquzundan həmişə “beş” rəqəmi ilə qiymətlənirdi. İnstitut ənənəsincə, hər il baş sırada qurtaran tələbələrə bir qızıl və iki gümüş medal ənam olunurdu. O ilki mürəxxəslər cümləsində qızıl medal Abdurraxmançikə veriləcəyi gözlənirdi”.
Sonrakı qeydlərdən bəlli olur ki, “tatar” (türk) olduğuna görə Süleyman bəyə qızıl deyil, gümüş medal verilib. Ədəbiyyat müəlllimləri, şovinist və başqa dinlərə, özəlliklə islama nifrət bəsləyən İvan Qorodenski ilə onun mübahisəsi düşüb və ona etirazını bildirib: “Bəli, biz də dinimizdən dönüb xristian olsaydıq yəqin ki, bizə də qızıl medal verirlərdi!..”.
İnstitut tələbələrinə evlənmək yasaqdı. Ancaq Süleyman bəy Sultanməcidə və Həbib bəyə evli olduğunu gizlicə etiraf edir və “Firuzə adlı bir göyçəkcə qızım da var” deyir.
4 il ali məktəbdə təhsil alan Hacıəbdürrəhmanbəyzadəyə 14 iyun 1887-ci ildə Tiflis Aleksandr Müəllimlər İnstitutundan verilmiş attestat onun bu İnstitutu bitirdiyini və şəhər məktəbi müəllimi rütbəsi aldığını təsdiqləyir. Sənəddən görürük ki, o, burada “3” aldığı nəğmədən başqa, bütün fənləri “4” qiymətlə oxuyub.
Ali təhsilini başa vuran Süleyman bəy 1887-ci ildən Şuşa qəzasının Tuğ kəndinə müəllim təyin edilib.
1888-ci ildən 1899-cu ilədək olan 11 müddətində Xaçmaz (indiki Oğuzda), Bum (indiki Qəbələdə), Gülablı (Ağdamda) və Padar (indiki Oğuzda) kənd məktəblərində nazir (müdir) işləyib.
1899-cu ildə Şəki şəhərinə 1-ci ictimai rus-türk məktəbinə müəllim keçirilib.
1901-ci ildən Bakı şəhər məktəbində ştatlı müəllim vəzifəsində işləməyə başlayanadək 6 məktəbdə çalışmışdı.
Əbdürrəhmanbəyzadə bir müəllim kimi xalq arasında geniş nüfuz qazanmışdı. Maraqlıdır ki, sonralar məşhur müəllim və uşaq yazıçısı olmuş Süleyman bəy Axundov özünü fərqləndirməkdən ötrü “Süleyman Sani” (“ikinci Süleyman”) adı götürmüş və özünün məhz Süleyman bəy Əbdürrəhmanbəyzadədən sonra ikinci olduğunu nəzərə çarpdırmışdı.
1906-cı ildə Azərbaycan müəllimlərinin birinci qurultayı keçirilərkən burada ən fəallıq göstərən müəllimlərdən biri də Əbdürrəhmanbəyzadə idi. “Həyat” qəzetində həmin qurultay haqqında getmiş yazıda onun da fəaliyyəti işıqlandırılıb.
O dönəmin ən məşhur pedaqoji nəşrlərindən biri “Dəbistan” dərgisi idi. Süleyman bəy bu dərgi ilə də əməkdaşlıq edirdi. Dərginin 26 aprel 1907-ci il tarixli 7-ci sayında “Qüreyş tərlanı” adlı məqaləsi, 10 mart 1908-ci ildə isə “Dil millətin həyatına vasitədir” məqaləsi dərc edilib.
“Kaspi” qəzeti 19 sentyabr 1910-cu ildə yazırdı: “Bu gün səhər saat 11-də Bakı Şəhər Dümasının məktəb komissiyasının zalında rus-müsəlman qadın məktəblərində müəllimə və müdir vəzifələrini tutmaq üçün ərizə verənlərin türk dilində müsabiqə imtahanı keçiriləcək. İmtahanı şəhər idarəsinin seçdiyi özəl komissiya götürəcək; oraya məşhur müəllimlər: Ə.b.Hüseynzadə, Əhməd Kamal bəy və Əbdürrəhmanbəyov daxildir”.
“Kaspi” qəzetinin 12 oktyabr 1910-cu il tarixli nömrəsində başqa bir maraqlı məlumat oxuyuruq: “Bazar günü “Nicat” Müsəlman Maarif Cəmiyyətinin binasında Cəmiyyətin qəzetini nəşr etmək üçün redaksiya heyətinin seçkisi oldu. Böyük maraq doğuran məsələ ətrafında 45 üzv cəmlənmişdi. Komissiyaya Əbdürrəhmanbəyov, M.b.Hacınski, M.b.Mahmudbəyov, A.b.Limasov, Ə[liisgəndər] Cəfərov, S.b.Acaliyev və B.b.Şahtaxtinski seçiliblər. Elə dünən qəzetin redaktoru İ.b.Aşurbəyovun sədrliyi altında komissiyanın ilk iclası olub və bugünlərdə nəşrə başlanılacaq. Cəmiyyət hələlik həftəlik nəşrin smetasını maliyyələşdirib, sonra onu həftədə 3 dəfə, daha sonra isə gündəlik buraxmaq düşünülür”.
Süleyman bəy “Nicat” qəzetində yalnız redaksiya heyətinin üzvü olmaqla qalmayaraq özü də buraya yazılar verirdi. Məsələn, qəzetin 1911-ci il 12-ci sayında onun hekayəsini, 56-cı sayında isə Mirzə Fətəli Axundzadənin yubileyi haqqında yazısını oxuyuruq.
14 dekabr 1917-ci ildə Bakı 3-cü ali ibtidai məktəbinin müəllimi Əbdürrəhmanbəyzadə Bakı Şəhər İdarəsi məktəblər komissiyasının sədrinə yazdığı ərizədə bu ilin dekabrından onu xidmətdən çıxmış saymağı və Şəhər Duması qarşısında ona 16 illik şəhər xidmətinə görə təqaüd təyin edilməsi haqqında vəsatət qaldırmağı xahiş edib və görünür, elə o zamandan təqaüdə çıxıb.
Xalq Maarif Komissarlığı Məktəb Şöbəsinin müdiri əvəzi Azad bəy Əmirov Komissarlığın Kollegiyasına 9 iyun 1920-ci ildə 39 saylı məktub göndərərək başqa 5 müəllimlə birgə keçmiş Xalq Müəllimi, 33 il qulluq etmiş, 70 yaşlı və az qala kor olan Süleyman bəyə də ayda 6.000 manat yardım göstərilməsini xahiş edib. Komissarlığın Kollegiyası 12 iyun 1920-ci ildə həmin müəllimlərə yardım göstərilməsini təxirə salıb və istənilən məbləğin hansı maliyyə qaynağından götürülə biləcəyini aydınlaşdırmağı təklif edib. 21 iyul 1921-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığının Kollegiya iclası keçirilib. Gündəlikdəki 24-cü məsələ Maarif və Sosialist Mədəniyyəti İşçiləri Birliyinin 35 il xidmət etmiş, indi iflic olmuş və hədsiz ağır maddi duruma düşmüş müəllim Əbdürrəhmanbəyova birdəfəlik 1.000.000 manat həcmində yardım verilməsi və ona özəl sosial təminat kəsilməsi haqqında xahişinə baxılmasıdır. Kollegiya həmin məbləği ödəməyi qərara alıb və Xalq Komissarları Şurası qarşısında ona müəllimlərin orta əməkhaqqı hesabı ilə aylıq sosial yardım göstərilməsi haqqında vəsatət qaldırıb.
Qaynaqlar: GMTA, f. 436, siy. 1, iş 355, vv. 67-70; ARDA, f. 57, siy. 1, iş 177, v. 204a; ARDA, f. 57, siy. 1, iş 23, vv. 138-139a; ARTA, f. 389, siy. 8, iş 1416; Nərmin Tahirzadənin özəl arxivi, 16-cı dəftər, vv. 37-39a; “Həyat” qəzeti, 24.08.1906, № 189; “Каспий”, 19.09.1910, № 212; “Каспий”, 12.10.1910, № 230; Zamanov A. Sabir və müasirləri. Bakı: Azərnəşr, 1973, s. 255; Qənizadə S. Gəlinlər həmayili. Bakı: “Yazıçı”, 1986, ss. 163-176; Mustafayev Əliməmməd. Xatirələri, hekayə və felyetonları. Bakı: “Yazıçı”, 1985, s. 90.
[1] İndiki Oğuz rayonu ərazisindədir.
Aleksandr Müəllimlər İnstitutunun buraxılışı. 1886-1887.
Soldan. Yuxarıdan 3-cü sırada: 3) Qənizadə Sultanməcid, 7) Mahmudbəyov Həbib bəy, 9) Əbdürrəhmanbəyzadə Süleyman bəy.
Müəllim yoldaşları ilə (ortada soldan 2-ci). 1914.
Doğum şəhadətnaməsi.
Dil insanın həyatına vasitədir (Dəbistan, 10.03.1908, № 9).