Məhəmməd Hacıyev

Misir Mərdanov, Ədalət Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı). III cild. F-İ hərflər. Bakı: “Təhsil”, 2019, ss. 149-152.

HACIYEV Məhəmməd Cəbrayıl oğlu

[26.04 (09.05).1890, Şəki-1955]


Atası: Cəbrayıl Hacı (Əbdül)cabbar oğlu (doğ. 1855). 2-ci gildiya tacirdir (bu rütbəni ona 30 dekabr 1910-cu ildə Kerç Şəhər İdarəsi verib).

Anası: Tutu Usta Lətif qızı.


1903-cü ilin avqustunda Kerç Aleksandr gimnaziyasına daxil olaraq 14 iyun 1911-ci ildə orada 8-illik tam orta təhsili bitirib.


20 iyul 1911-ci ildə yazıb göndərdiyi (ünvan: Tavriya valiliyi Kerç şəhəri Vorontsov küçəsi) ərizədə Novorossiya İmperator Universitetinin rektorundan tibb fakültəsi 1-ci kursunun həqiqi tələbələri sırasına götürülməsini xahiş edib. Ərizəsinə zəruri olan əsas 6 sənədi və 25 manat təhsilhaqqını da əlavə edib. Ərizənin üstündə onun 29 iyul 1911-ci ildə Universitetə qəbul edildiyi qeyd olunub, ancaq bu zaman o, bəzi gərəkli sənədləri hələ təqdim etməmişdi. Onları da 10 avqust 1911-ci ildə Kerç şəhərindən göndərib. Bu sənədlər onun Kerç şəhərində yaşaması, ancaq Şəki şəhəri sakini olduğu haqqında Şəki Qəza İdarəsinin verdiyi arayışdan (02.08.1911), Şəki şəhərində yaşadığı müddətdə məhkəmə və istintaqda olmadığı və Novorossiya Universitetinə qəbul edilməsi üçün heç bir əngəl görülmədiyi haqqında yenə Şəki Qəza İdarəsinin verdiyi bəlgədən (02.08.1911) ibarətdir.


Beləliklə, Hacıyev Odessa şəhərində yerləşən Novorossiya Universitetinə qəbul olunaraq tibb fakültəsində oxumağa başlayıb. Odessa Vilayəti Dövlət Arxivində saxlanılan tələbə şəxsi işində təhsilindəki fasilələr, yaxud problemlər haqqında heç bir sənədə rast gəlmirik.


1914-cü ilin yay tətilində o, Kerç, Simferopol və Peterburq şəhərlərinə səyahət edib. 1915-ci ilin yay tətilini isə Kerç şəhərində keçirib.


1916-cı ildə o, tibb fakültəsinin kursunu bitirib.


Universitetin “məzun şəhadətnaməsi almış tibb fakültəsinin tələbəsi” Hacıyev tibb fakültəsi Dövlət İmtahan Komissiyasına vermək üçün Universitetdə oxuduğu müddətdəki davranışları haqqında 3 sentyabr 1916-cı ildə prorektordan arayış istəyib.


6 sentyabr 1916-cı ildə Universitetin Tibb İmtahan Komissiyası prorektora müraciət edərək başqa tələbələrlə birlikdə Məhəmməd Hacıyevin də davranışları haqqında arayış istəyib. Prorektorun 10 sentyabrda imzaladığı 2897 saylı arayışda onun Universitetdə oxuduğu müddətdə heç bir yaramaz hərəkətdə bulunmadığı təsdiqlənib.


“1916-cı ilin yazında məzun şəhadətnaməsi almış” Hacıyev 8 dekabr 1916-cı ildə Novorossiya İmperator Universitetinin prorektoruna müraciətlə Universitet dəftərxanasındakı sənədlərinin ona qaytarılmasını rica edib. Bu, o deməkdir ki, məzun artıq Universiteti başa vurub, ancaq ona diplomu müvəqqəti əvəz edən şəhadətnamə verilib.


Hacıyev Universiteti bitirdiyi zaman I Dünya müharibəsinin artıq 3-cü ili gedirdi. Rusiya imperiyasında tibb fakültələrində oxuyan IV-V kurs tələbələri həkim kimi cəbhəyə cəlb edilir, hərbi xəstəxanalarda çalışırdılar. Hacıyevin 1916-cı ildə tərtib edildiyi şübhə doğurmayan qulluq dəftərinin üstündə “azad edilib” sözləri yazılıb. Bu, onun hərbçilərə xidmətdən azad olunduğunu bildirir.


Həkim kimi fəaliyyəti və sonrakı ömür yolu haqqında bilgi yoxdur.

Qaynaq: OVDA, f. 45, siy. 5, iş 2726.