Əliabbas Qədimov

Misir Mərdanov, Ədalət Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı). IV cild. K-L hərfləri. Bakı: “Təhsil”, 2020, ss. 405-422.

QƏDİMOV Əliabbas Əli oğlu

[1887, Şəki-28.09.1937]

Qədimov haqqında ilk bilgi professor Zəkəriyyə Mabudoğlu’nun (Əlizadə’nin) rəhbərliyi altında hazırla­na­raq nəşr edilmiş və onun həmmüəllif olduğu “Şəkidə məhəllə adları, soylar və ləqəblər” kitabında verilib.


Bu məqalə Ə.Tahirzadə və H.Manaflının 2012-ci ildə nəşr olunmuş “Unutdurulmuş azman – Əliabbas Qədimov” kitabından seçmələrdən ibarətdir. Həmin əsər əsasən AR DTX arxivindəki 2687 saylı (indiki PR-128 və PR-23530 saylı) istintaq işindəki materiallar üzərində qurulub. Qədimovun həyatı ilə bağlı başlıca bilgilər oradadır.

***

Şəki Səhiyyə Şöbəsinin müdiri işləyən Əliabbas Qədimov 11 may 1921-ci ildə Azərbaycan Fövqəladə Komissiyasının müvəkkili Potreba’ya öz əli ilə izahat yazıb. Bu sənəd “Əliabbas Qədimov kimdir?” sualına cavab verən ən geniş və ən inanmalı qaynaqdır və onun tərcümeyi-halının, demək olar ki, həbsəqədərki bütün dönəmlərini az-çox əks etdirir:

Atam yetmiş yaşlı qocadır. İndi Şəki Səhiyyə Şöbəsində təchizat agentidir. Mən işçi təbəqəsindənəm.

1896-cı ildən 1905-ci ilədək Asxabad[1] gimnaziyasında oxumuşam. 1904-cü ildə VII sinif şagirdiykən eserlərin[2] şagird təşkilatına girmişəm. Bir il sonra VIII sinifdə oxuyarkən siyasi iş üstündə 7 yoldaşımla birgə gimnaziyadan çıxarılmışam. 1906-da ekstern yolu ilə Gəncə gimnaziyasını bitirərək Qazan Universitetinin tibb fakültəsinə girmişəm. Universitetdə tələbələr arasında 2 ilə yaxın fəal inqilabçı kimi güclü işləmişəm. 1907-nin sonunda Qazandan Asxabada qaçmışam. Burada 2 dəfə vilayət dustaqxanasında həbsdə olmuşam. 1908-də Türküstan diyarından sürgün edilmişəm. Həmin il Bakıda Bibiheybət zavodlarında işləmişəm. Gizli şəkildə Türküstana getmi­şəm və 1908-in sonunda eser partiyasından çıxmışam. As­xa­bad­da 5-6 ay gizli yaşayaraq 1909-da İrana – Məşhədə keç­mişəm və burada 2 ilə yaxın İran inqilabçıları ilə işləmişəm. 1911-də Məşhəddə Rusiya Baş konsulu məni həbs edib. Konsulluqdan qaçmışam və Məşhəddəki İran hakimiyyət dairələrinin yardı­mıy­la oradan Tehrana, Teh­ran­dan Bağdada, Bağdaddan da İstanbula qaçmışam.

İstanbulda 1911-də indi Dağıstan İnqilab Komitəsinin sədri işləyən yol. Qorxmazovun[3] yardımı, tövsiyəsi ilə indi Şərqdə Təbliğat Şurasının üzvü olan yoldaş professor Bəhaəddin[4] məni İstanbul Universitetinin tibb fakültəsinə götürüb və buranı 1916-da bitirmişəm”.[5]

“1917-də Türkiyə sosialistləri məni professorlar Aqil Muxtar,[6] Əli Hüseynzadə[7]Müslih’[8] birgə Stokholmda keçiri­ləcək bütün Avropa sosialistlərinin konfransına[9] gön­dərib”.

Qədi­movun Əli bəy Hüseynzadə kimi dahi bir şəxsiyyətlə, başqa çox görkəmli insanlarla birgə Stokholmda keçirilən sosialistlərin qurultayında iştirak etməsi ciddi öyrənil­məyə layiq mövzudur.


Beləliklə, Qədimo­vun izahatı sayəsində biz bir sıra görkəmli şəxslərin həya­tının önəmli dönəmi haqqında düzgün bilgi əldə edirik. Bu qeyd həm də onu göstərir ki, Qədimovun özü də 1917-ci ildə Türkiyənin siyasi çevrələrində elə yetkin və nüfuzlu şəxsiyyət kimi ad qazanıbmış ki, ona etimad göstərərək bu ölkənin təmsilçisi şəklində görkəmli insanlarla birgə mötəbər beynəlxalq yığıncağa göndəriblər.

İzahatında Qədimov daha sonra yazır:

1918-ci ildə şəkili kimi vətənim Şəkiyə dönmüşəm. Burada öncə Cəfərabad kəndinin, sonra Şəki şəhərininŞəki qəzasının həkimi vəzi­fə­lərində işləmişəm.[10] Xalq səhiyyə komissarı doktor Kazımov[11] bu ilin 17 aprelində məni Şəki Şəhiyyə Şöbəsinin müdiri təyin edənədək son vəzifəmi əsas iş yeri kimi saxla­mışdım.

27 aprel inqilabınadək heç bir partiyada olmamışam. Ancaq Şəki kommunistlərinin gizli təşkilatına çox yaxın olmuşam və kommu­nistlər 28 apreldə məni partiyanın həqiqi üzvləri sırasına qəbul edərək İnqilab Komitəsinə səfərbər ediblər. Mərkəzdən[12] gəlmiş yol­daşlar 2-ci qeydiyyat vaxtı məni Şəki Qəza Kommunist Partiya­sının həqiqi üzvü kimi təsdiqləyiblər. (1-ci qeydiyyat vaxtı mən, deyəsən, Qutqaşen kəndindəydim – ailəm oradaydı). 10-15 gündən sonra mən yol. Şəki Qəza Kommunist Partiyası məsul katibinin yanında oldum və Şəki təşkilatının taktikası ilə razılaşmadığıma görə Şəki Qəza Kommunist Partiyasının sıra­la­rından çıxarılmağımı ondan şifahi xahiş etdim. Bu, cari ilin yanvarında olub. O vaxtdan heç bir partiya yığıncağına get­məmişəm. Ancaq bir neçə dəfə partiya konfranslarında tərcü­məçiliyə, mitinqlərdə natiq kimi çıxış etməyə göndərilmiş, Şəki Qəza Kommunist Partiyası təşviqat şöbəsinin teatrlarda, klublarda təşkil etdiyi mitinqlərdə tez-tez çıxış etmişəm.

Bu yaxınlarda mərkəzdən gəlmiş Qəza Kommunist Parti­yasının məsul katibi seçkilərdən qabaq məndən xahiş etdi ki, partiyadan çıxmağımın səbəbini əsaslı şəkildə izah edim. “Tibbi-Sanitariya Əməyi” Şəki şöbəsinin seçkilərinə bir gün qalmış katib yol. Tokayev’ə əsaslandırılmış izahat verdim və orada aşağıdakı üç səbəbi göstərdim:

1. Şəki Qəza Kommunist Partiyasının kök salmış hesabat sisteminə həddən artıq biganə yanaşması. Bunun nəticəsində qəzamızın əməkçi kəndliləri iş heyvanlarından məhrum olub, şəhər fəhlələri və sovet qulluqçuları isə nəqliy­yatın dağılması üzündən bugünədək yarımac qalıb.

2. Öz hərəkətləri ilə kommunist partiyasını və sovet hakimiyyətini ən kasıb və savadsız kəndlilərin gözündən salmış tamamilə hazırlıqsız və nadan partiya işçilərinin kəndə göndərilməsi. (Yoxsullar komitələri təşkil edilərkən qəzamıza gəlmiş yol. Bakı fəhlələri 3-cü qəza partiya konfransında bütün bunların hamısını incəliklə gördülər).

3. Fəhlələrin məişətini yaxşılaşdırmaq üçün yerli şəraiti nəzərə almadan burjuaziyanın əmlakının müsadirə edilməsi. Bunun nəticəsində fəhlələrin məişəti qətiyyən yaxşılaşmadı və məsələn, adamların icazəsiz axtarılması, müsa­dirə edilmiş bir çox şeylərin protokola salınmaması, onların sayının dəqiq göstərilməməsi kimi çoxlu ədalətsizliklər üzündən kommunist partiyasına ziyan dəydi. (Bu müsadirənin iştirakçısı olan bütün partiyaçılar indi dustaqdırlar və inqilabi tribunala verilib).

Məni Şəki Qəza Kommunist Partiyasından çıxmağa və Şəki Şəhər Fəhlə, Kəndli və Əsgər Deputatları Sovetinə “Tibbi-Sanitariya Əməyi” təşkilatının Şəki şöbəsindən öz namizəd­liyimi bitərəf kimi verməyə vadar edən səbəblər, bax, bunlardır.

Mən bu ilin 25 aprelində yekdilliklə seçildim. 27 apreldə Şəki Qəza Sovetləri qurultayına seçkilər aparıldı. Mən Sovetlərin qəza qurultayına da deputat seçildim. 1 mayda qurultay yığıncağında İcraiyyə Komitəsinə seçkilər zamanı yoldaşlardan[13] biri qışqırdı ki, “biz Abbas həkimin adı olan siyahıya səs verməyəcəyik”. Deputatların çoxu cavab verdi ki, bütün namizədləri ayrı-ayrılıqda səsə qoymaq istəyirik. Bu vaxt yol. xalq komissarı Musabəyov[14] iclası bağladı və 2 maya keçirdi. Deputatlar zaldan çıxarkən məni Siyasi Büro komissarı[15] həbs etdi. 2 mayda İcraiyyə Komitəsinə və Azərbaycan sovetləri qurultayına seçkilər keçirildi, mən isə 3 mayda başqa yoldaşlarımla[16] birgə Az. FK-ya göndərildim.

Həkim Ə.Qədimov. 11.V.1921”.

Bu sənəd Qədimovun ömür yolunun 1921-ci ilədək olan dönəmini ümumi şəkildə yetərincə dolğun işıqlandırır. Ancaq biz bir sıra arxiv bəlgələrindən götürdüyümüz aşağıdakı bilgiləri də əlavə etməyi zəruri sayırıq.


1905-ci ildə Qazan Universitetində tələbələrin ictimai həyatını əlaqələndirən “Mərkəzi Universitet orqanı” (MUO) yaradılıb. Bu tələbə təşkilatında aparıcı rol sol partiyaların nümayəndələrinə məxsus idi. Həmin ilin martında MUO-nun sədri sosial-demokrat F.V.Yaroşeviç, onun müavini isə eser, hüquqşünas tələbə Əliabbas Əli oğlu Qədimov seçilib. Qədimov Rəhim bəy Məlikov[17]Mirhidayət Seyidzadə[18] ilə birgə 18 tələbədən, 4 kursçu qızdan ibarət müsəlman gənclərinin dərnəyini yaratmaq üçün fəal çalışıb. Bu dərnək inqilabçıların kassasını doldur­maq üçün tamaşalar hazırlamağı qarşısına məqsəd qoymuşdu.


Qazan şəhəri valisinin Universitet rektoruna göndər­diyi məlumatdan aydın olur ki, tələbələrin 11 noyabr 1907-ci ildəki yığıncağında yoxsul tələbələrə qarşılıqlı yardım dərnə­yinin yaradılması məsələsi müzakirə edilib, ancaq tələbələrin bir hissəsi, o cümlədən Qədimov Universitetdə qanunazidd tələbə təşkilatının yaradılması üçün xüsusi qızğın­lıqla təşviqat aparıb.


“Əliabbas əfəndi”nin 1918-ci ildəki fəaliyyətini onun Şəkidən 23 iyun 1919-cu ildə Şəki şəhər həkimi kimi Azərbaycan Cümhuriyyətinin Gəncə valisi Xudadad bəy Rəfibəyli’yə yazdığı məktub əyani şəkildə göstərir. Bu sənəd yalnız Qədimovun tərcümeyi-halı üçün deyil, ümumən Azərbaycan səhiyyəsinin tarixi üçün də önəmli olduğuna görə onu ruscadan öz tərcüməmizdə bütövlüklə veririk:

“1918-ci ilin noyabrında Türkiyə Hərbiyyə Nəzarətinin siyasi bölməsi məni Zaqafqaziyadakı türk qoşunlarının Baş komandanı qərargahına göndərib. Türk qoşunları Bakıdan getdikdən sonra Şəki şəhərinin sakini və Gəncə gimnaziyasında orta təhsil almış birisi kimi Vətənimdə qalmaq istədim və bir həkim kimi keçən ilin noyabrında Siz Əlahəzrət nazir olduğunuz zaman Türkiyə qərargahının gerçəkdən həkim olduğum, İstanbul Universitetinin tibb fakültəsini bitirdiyim haqqında arayışı təqdim etməklə Xalq Səhiyyə Nəzarətinə müraciət etdim (bundan başqa, mənim şəxsiyyətimi həkim Həsən bəy Ağayev[19] keçən il İstanbula gəlmiş Heyəti-Mürəxxəsə sədri Məhəmmədəmin bəy Rəsulzadə’dən soruşub), bu məktuba qoşduğum Sizin 17 noyabr 1918-ci il tarixli 467 saylı əmrinizlə Cəfərabad kənd həkimi təyin edildim; həmin vəzifəni bu ilin 20 martınadək tutdum, sonra isə şəhərdə xidmətə keçdim. Gəncə Təbabət İdarəsi Şəki Bələdiyyə İdarəsi vasitəsi ilə mənim diplomumu istəyib. Keçən ilin noyabrında Xalq Səhiyyə Nəzarətinə bildirdiyim kimi, diplom indi üstümdə deyil, ailəmin indi də yaşamaqda olduğu və bura gələ bilmədiyi İstanbulda qalıb. İstanbula sərbəst gediş və oradan sərbəst dönüş üçün əngəllər aradan qalxınca mən ailəmin dalınca gedəcəyəm. Əlbəttə, yalnız İstanbuldan döndüyümdə diplomumu Təbabət İdarəsinə təqdim edə bilərəm.

Türkiyə hökumətinin verdiyi, üstümdə olan sənədləri bu məktuba qoşuram. Onlardan birini Hərbiyyə Nəzarəti müharibəyə görə çağırıldığım hərbi xidmətdən azad edildiyim zaman verib, ikincisi isə Bakıda Mürsəl paşa’nın imzaladığı, İstanbula gedişə ordu qərargahının verdiyi icazədir. İstanbula getmək imkanı yaranınca diplom hökmən təqdim ediləcəyinə görə Gəncə Təbabət İdarəsinin bundan sonra şəxsiyyətimə dair rahatsız olmaması üçün gərəkli göstəriş verməyinizi acizanə xahiş edirəm”.

Bizcə, bu yazılanlara şərh verməyə ehtiyac qalmayıb.


Sovet dönəmində yenə Şəkidə həkimlik edən Qədimovun, görünür, Türkiyə səhiyyə dairələrindəki əlaqələrindən yararlanmaq istənilib. Belə ki, o, “İstanbul Universiteti tibb fakültəsinin keçmiş tələbəsi” olaraq 13 may 1921-ci ildə yəqin ki, Səhiyyə Komissarlığı üçün adıkeçən Universitetin tibb fakültəsində çalışan professor və həkimlər haqqında iki səhifəlik arayış yazıb. Sənədin ruhundan anlaşılır ki, o, Türkiyədən həmin tibb işçilərini seçərək Azərbaycana gətirmək məqsədi ilə tərtib edilib.

***

Qarşımızda 229 vərəqlik, hər vərəqi sanki bir ton ağırlığında, hər səhifəsindən haqsız insanların göz yaşları, hönkürtü və ah-nalələri, yeri gəldikcə üsyan hayqırtıları duyulan çox ciddi bir sənəd durur. Bu, Əliabbas Əli oğlu QədimovMədinə xanım Mehdi qızı Qiyasbəyli’nin (1889-1938) Azərb. SSR Cinayət Məcəlləsinin (CM) 72/73-cü maddə­ləriylə ittiham edildikləri, 7 dekabr 1936-cı ildə başlanıb 5 sentyabr 1937-ci ildə bitmiş 13506 saylı (indi PR-23530 saylı) istintaq işidir.


Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı Dövlət Təhlükəsizlik İdarəsi (XDİK DTİ) Gizli-Siyasi Şöbəsinin əməliyyat müvəkkili, DT kiçik leytenantı S.Sonkin rəsmən dekabrın sonlarından həbsinə hazırlıq görülən Əliabbas Qədimovu 7 yanvar 1937-də Quba şəhərində həbs edərək Bakıya gətirib.


Hər bir istintaq işində dustağın özü haqqında bilgi anketdən başlanır. Onu çox vaxt çekistlər doldursa da bilgilərin hamısı müttəhimin öz sözlərinə əsasən yazılır. Bakıda elə 7 yanvarda tərtib edilmiş 613 saylı dustaq anketindən bunları öyrənirik: Əliabbas Əli oğlu Qədimov Şəki şəhərində 1887-ci ildə doğulub (yuxarıdakı arayışda isə onun doğum tarixi 1902-ci il yazılıb!), Quba şəhərində Telefon küçəsində 81-ci evdə yaşayır, Quba rayon poliklinikasının həkimidir, qulluqçudur, inqilabadək Tür­kiyə Ordusunda həkim işləyib, ali təhsillidir, partiya­sızdır, milliyətcə Türkdür, SSRİ vətəndaşıdır, Quba rayon hərbi komissarlığında qeydiyyatdadır, 1927-ci ildə Azərb. DSİ onu CM-nin 63-cü maddəsi ilə 3 illiyə həbs edib[20], ailə üzvləri bunlardır: arvadı Nazilə – 30 yaş, qızları Ləman – 14 yaş, Ürfan – 10 yaş, oğlu Turqut – 4 yaş yarım.

Xatırladaq ki, istintaq işindəki ən yalansız sənəd elə bu anketdir. Ancaq anketi dolduran çekist burada da bir güllələmə maddəsini göstərməyi unutmayıb – diqqət yetirin: “Türkiyə Ordusunda həkim”. Üstündə bu ittihamı daşıyan adamın sağ qalması mümkün deyildi. Azərbay­can təhlükəsizlik orqanına ağalıq edən ruslar və ermənilər belə soydaşlarımızın qanına yerikləyirdilər!


Qədimovun istintaqı 7 yanvar 1937-ci ildə başlanıb və fasilələrlə avqustun 10-unadək davam edib. İlkin istintaq zamanı o, bir neçə dəfə dindirilib. Müstəntiqin başlıca məqsədi onun əks-inqilabçı olduğunu sübuta yetirmək və bir çox adamları da onun suç ortağı etmək idi. Ancaq bizi istintaq protokollarındakı yalançı ifadələr deyil, Qədimovun həyatına işıq sala biləcək faktlar, bəlgələr maraqlandırır. Onlardan ən önəmlilərdən birini aşağıda veririk. İstintaqların birində müstəntiqlə Qədimov arasında bu sual-cavab gedib:

“...İranda şah rejiminə qarşı yerli azadlıq hərəkatında fəal iştirak etdiyimə görə 1911-ci ildə həbs olunmuşam. Rus baş konsulluğunun nəzarəti altından qaçaraq Türkiyəyə getmişəm, orada 1918-ci ilədək qalaraq tibb fakültəsində oxumuşam. 1916-cı ildə tibb fakültəsini bitirdikdən sonra orduya[21] həkim kimi səfərbər edilmişəm və ordudan tərxis edildikdən sonra 1918-ci ilin sonunda Azərbaycana qayıtmışam.

Sual: İstintaqdakı elə həmin bilgilərə görə, Siz Azər­bay­canda Sovet hakimiyyəti qurulduqdan sonra əksin­qilabi cinayətinizə görə cəza çəkmisiniz. İstintaqa hansı əksinqilabi cinayətə görə, harada və neçənci ildə cəza çəkdiyiniz barədə məlumat verin.

Cavab: 1920-ci il aprel inqilabından sonra 7-ci Qafqaz diviziyasının Xüsusi Şöbəsi məni həbs etdi, əksinqilabi fəaliyyətdə ittiham edildim, ancaq bir ay sonra azad olundum. Elə həmin il Şəki Sovetinin İcraiyyə Komitəsinə seçkilər zamanı keçmiş Az.FK məni əksinqilabi Müsavat təşkilatına mənsub olmaq üstündə həbs etdi və 7-8 gündən sonra Bakıda azad edildim. Özü də məni Şəkidə olduğum zaman tutmuşdular. Buraxıldıqdan sonra Şəkiyə geri dönmək mənə yasaqlandı və Xalq Səhiyyə Komissarlığı işləmək üçün məni Zaqatalaya göndərdi, 1927-ci ilin iyuluna qədər orada oldum. İyul ayında Az.DSİ orqanları Zaqatalada məni bir dəstə adamla birgə Az. SSR CM-nin 64-cü maddəsi üzrə həbs etdi və ilkin istintadan sonra ittiham maddəsi dəyişdirilərək ASSR CM-nin 63-cü maddəsi ilə əvəz olundu və mənimlə birgə tutulmuş şəxslərlə bir yerdə mühakimə olunaraq 3 il iş aldım”.

Qədimovun istintaq sənədləri arasında öz əli ilə yazdığı 9 səhifə yarımlıq başqa bir izahat da var. 26 yanvar 1937-ci ildən sonra yazıldığı şübhə do­ğur­mayan bu sənəddə oxuyuruq:

“Antisovet ifadələrimə görə 1927-ci ildə mən həbs edilərək yaşadığım yerdə 3 il iş aldım. Şəkidə cəzamı çəkərkən Özbə­kistana göndərilmək üçün 3-4 aydan sonra Bakıya sürgün edildim. Üsyan yatırıldıqdan sonra Bakıya gəlmiş şəkililərdən Şabalıdlı Şeyxin[22] və Türkiyədən göndərilmiş 4 nəfərin qaldı­rdığı üsyan haqqında Bakıda eşitdim. Şəkililərin dediyinə görə, Türklər bu 4 nəfər vasitəsiylə silah və pul boyun olmuşdular.

Mən Bakıda mərhum Məhəmməd bəy Hüseynbəyovla görüşdüm. O, deyəsən, Şimali Qafqazdan gələrək Şəkidəki xəstə qardaşının yanına tələsirdi. O, mənə bildirdi ki, mənim məlu­matıma görə, Türklər Azərbaycanın əksinqilabçı partiya­la­rıyla əlbir olaraq ASSR-in müxtəlif bölgələrində üsyan qaldıracaqlar. O, bir keçmiş müsavatçı kimi məndən xahiş etdi ki, Müsavat təşkilatının rəhbərliyindəki şəxslərdən biri vasitəsiylə bu xəbərin gerçək olub-olmadığını yoxlayım.

Mən rəsmi şəxslərdən kimsəni tanımırdım, ancaq “DPZ”-də[23] dustaq olarkən oradakı müsavatçılardan, o cümlədən Kərbəlayı Vəli Mikayılov'dan[24] dəfələrlə Mədinə xanımın Müsavatın mərkəzi simalarından biri olduğunu eşitmişdim. Onun yanına getmək üçün heç bir tanışım, parolum və b. yox idi. Ancaq o, mənim həyat yoldaşımın 1925-ci ildə bitirdiyi seminari­yanın direktoru idi. Qərara gəldim ki, yetirməsinin əri olmasından istifadə edərək onunla görüşüm. Təxminən aprelin 20-ci günlərində onun evinə getdim. Məni hörmətlə Abbas əfəndi kimi qarşıladı və çaya qonaq etdi. Deyəsən, otaqda yalnız ikimiz idik. Soruşdi ki, Şəkidə necə yaşayırlar? Ona dedim ki, mənim bildiyimə görə, Şəkidə üsyan gedir və ondan Müsavat partiyasının buradakı rolunu soruşdum. Mədinə xanım cavab verdi: “Heç bir rolu yoxdur; bu, başdan-ayağa provokasiyadır”. Elə hiss etdim ki, o, mənə inanır.

Mən çıxıb getdim, ancaq bir gün sonra yenə onun yanına qayıdıb sorğumu təkrarladım və “doğrudanmı məhv olan xalqa kömək etmək istəmirsiniz?”- deyə əlavə etdim. O, qəti şəkildə “yox” deyərək imtina etdi.

Mən ondan xariclə əlaqəsinin olub-olmadığını soruşdum. O, müsbət cavab verərək Çəyirtkə təşkilatının[25] bir iştirakçısı vasitə­silə İranla əlaqə saxlayır. O, məni həmin şəxslə calaşdırmağa söz verdi, ancaq o, bu vaxt Bakıda olmadı.

Şəkiyə Türkiyədən gəlmiş 4 şəxsin rolunu aydınlaşdırmaq üçün mən Mədinə xanımdan Türkiyə ilə əlaqələrini soruşdum. O, əlaqələrin olduğunu bildirdi və soruşdu ki, bu, Sizin nəyi­nizə gərəkdir? Cavab verdim ki, oraya getməyim pis olmazdı. Ancaq Şəkidən gələnlərin hamısının dönə-dönə danışdığı 4 nəfər haqqında mən ona heç nə demədim.

Şəkililərdən öyrəndim ki, üsyandan öncəki son ayı Bakıda yaşamış Bəhram bəy Əlicanbəyov aprelin 20-ci günlərində burada, onun qardaşı Mustafa Əlicanbəyov isə Tiflisdə həbs olunublar.

Mən Mədinə xanımın dediklərini rəhmətlik Hüseynbəyova çatdırdım ki, üsyan başdan-ayağa provokasiyadır. Bundan sonra o, Şəkiyə yola düşdü. Həbs edildiyim günədək bir daha Mə­dinə Qiyasbəyovanın yanında olmadım. Yaxşı xatırlamıram, iki, ya üç il sonra Qubada qəbuluma bir qoca kişi gələrək onu Mədinə xanımın göndərdiyini və İranla əlaqə yaradan həmin şəxs olduğunu dedi. Mən ondan xaricdən nə kimi xəbərlər olduğunu soruşdum. O, öz adamını gözləmədən İrandan çıxdığıını və növbəti səfərində məlumat gətirə biləcəyini söylədi. Bu Torpaq Komissarlığı qulluqçusu özünün xidməti işləriylə bağlı gəlmişdi.

1933-cü ildə mən həkim kimi bir evə guya xəstə üstünə çağırılmışdım. Orada keçmiş ağ zabit kimi 1927-1929-cu illərdə “DPZ”-də və Bayıl türməsində yatmış Heydər bəy Məhəm­mədbəyov’la rastlaşdım. O, Qubada Müsavat ideyala­rını təbliğ etməyi mənə “rəsmən” təklif etdi. Onun təklifindən qəti şəkildə imtina edərək bildirdim ki, siyasi əqidəcə müsavatçı deyiləm. 1935-ci ildə mən yenə də həmin Heydər bəy Məhəm­məd­bəyovun yanına dəvət olundum, ancaq bu dəfə o, həqiqətən xəstə idi və aramızda heç bir siyasi söhbət olmadı. Onu bir daha görmədim.

Qubada istər kəndlərdə, istərsə də şəhərdə əhalinin bütün zümrələriylə geniş təmasda olmağıma baxmayaraq əksinqilabi fəaliyyət göstərməmişəm. Nəinki özüm əksinqilabi iş aparma­mışam, hətta onun mövcudluğunu bilməmişəm, indi də bilmirəm.

Əmsar kəndindən milliyyətcə ləzgi, adı deyəsən Xıdır olan müəllimin həbs olunduğunu eşitmişdim. Evimizdə yoldaşımı öyrədən müəllim Rəfizadə’nin də tutulduğunu sonra eşitdim. Onunla əksinqilabi mövzuda heç bir söhbət etməmişəm və onu komsomolçu kimi tanımışam. Yalnız bir dəfə o, yoldaşlarından danışarkən ağzından qaçırdı ki, onlardan biri tutulub və həmin tutulan onun yaxın yoldaşıdır. Həkim Arutyunovun dəfnində yalnız ideoloji baxımdan çiy “Quba bir daha belə yaxşı həkim görməyəcək” ifadəsini işlətmişəm.

Qubada yanıma Mir Müin[26] adlı birisi gəlmişdi. Sürgündən qayıtmışdı. Dediyinə görə, ona Bakını tərk etmək təklif olunub[27], o da əski qubalı kimi Qubanı seçib. Məndən xahiş etdi ki, işləmək üçün onu hər hansı bir təşkilata təqdim edim. Mən də onu Sədulla Məhərrəmov'un yanına göndərdim, ancaq o, iş verməkdən imtina etdi. Tezliklə Mir Müin Qubadan getdi, mən onu bir daha görmədim. Onunla cəmi iki dəfə görüşmüşəm: birinci dəfə evimdə, ikinci dəfə isə küçədə.

Qubada bəzən həkim kimi, bəzən də yaxşı tanış kimi tez-tez Sadulla Məhərrəmovun evində olmuşam. Bu, yeganə ailə idi ki, mən oraya ailəmlə gedirdim. Onunla mən “İzvestiya”, “Pravda” qəzetlərində dərc olunan xarici təhlükə haqqında məqalələrlə bağlı fikir mübadiləsi aparırdım. Dostluğumuzun 7 ilində mən ondan antisovet heç nə eşitməmişəm.

Baba Qəbulov’u 1920-ci ildən tanıyıram. O, Parlamentdə Müsavatı deyil, “Əhrar” partiyasını təmsil edirdi. 1920-ci ildə antisovet ovqatda olsa da onun hansısa gizli təşkilatın üzvü olduğunu bilməmişəm və bu günədək də bilmirəm. Qaxda üsyan başlayarkən o, Sovet hökumətinin mövqeyini mü­dafiə etmişdir. Qulluq işləriylə bağlı Qubaya gəldiyi zaman mən onu nahara dəvət etmişdim. Nahar zamanı əsasən 27-29-cu illərdə yaşadıqlarımızdan[28]söhbət etdik. İş heyvanla­rının, kənd təsərrüfatı alətlərinin və b. lazımınca olmaması ucbatından kolxozlarda yaranan kasıblıqdan danışdıq. Torpaq əldə etmiş kəndlilərin narazılığının səbəblərindən söz açdıq, torpağını itirmiş kəndlilərin (qolçomaqların) isə narazılığından danışmaq artıqdır. Baba Qəbulovun indi hansı əqidədə olmasını bilmirəm. Onun hansısa əksinqilabi təşkilata mənsub olması barədə də heç nə bilmirəm. Ancaq bilirəm ki, keçmişdə Parlament üzvü olduğuna görə Göyçayda (?)[29] işdən çıxarılmışdı. Bunu özündən eşitmişəm.

Fərrux Əfəndiyev'lə lap yeni­yetmə yaşlarımdan tanışam. 1907-ci ildə Bakıda onların dərzi düka­nında gizlənmişdim. Mən Fərruxu müəy­yən əqidəsi olmayan adam kimi, yeyib-içməyi, deyib-gülməyi sevən birisi kimi tanıyıram. Son 7-8 ildə onunla nadir hallarda görüş­müşük və bu vaxt siyasi mövzuda heç bir söhbət etməmişik, şəxsən mən xatırlamıram. Üsyana qədərki bütün 3-4 ayda onu Şəkidə görmə­mişəm.

Qubada mənimlə qonşu olan Məşədi Xalıq haqqında iki kəlmə. Mən onun, demək olar ki, bütün ailəsini müalicə etmişəm. O, AK(b)P-nin birinci katibi Mircəfər Bağırovun ən yaxın qohumlarındandır. O və başqa qohumları bununla xüsusi fəxr edirdilər. O, ayda 1-2 dəfə yanıma gələrək radioya qulaq asırdı və demək olar ki, hər gün mənə bir qulluqda bulunurdu; məsələn, bizə ucuz ərzaq, odun, saman alırdı. Xəstə adam idi. Ailəsinin qayğılarından, sağlamlığından başqa kənar məsələlər­lə az maraqlanırdı.

Şahmərdanov'u tanımıram. (Qusarda Şahmerdinov Bəkir'i tanıyıram).

Sonda ən qəti şəkildə bildirirəm: mən müsavatçılarla birgə fəaliyyət üstündə ifşa olunuram (siyasi əqidəcə mən heç vaxt müsavatçı olmamışam), 1918-ci ilin sonundan 28 aprel 1920-ci ilədək olan dövrdə Şəki müsavatçılar qrupu ilə birlikdə mən də bu fəaliyyətə görə bütün məsuliyyəti daşıyıram. (Müstəntiqin diktəsi altında yazıldığı şübhə doğurmayan bu cümlə artıq Ə.Qədimova güllələnmə hökmü çıxarmaq üçün yetərlidir! Bundan sonra onun özünə bəraət qazandırmaqdan ötrü yazacaqlarının daha heç bir önəmi yoxdur! – Müəlliflər).

1920-ci ildə Sovet hakimiyyəti qurulduqdan sonra heç bir gizli təşkilatın üzvü olmamışam. 1921-1927-ci illərdə tez-tez ümumi yığıncaqlarda, mitinqlərdə çıxışlar etmişəm. Ola bilsin ki, belə çıxışlar zamanı antisovet ifadələr də işlətmişəm. Ancaq Molla Qafarın mənimlə üzləşdirmədə dedikləri, çox güman ki, indi partiyadan çıxarılmış Balacayev Şirin’in, Dibir Nəsi­bov’un və İmaməli Axundov’un dedikləri, əlbəttə, yalandır.

Bu illər ərzində məndə millətçiliyə meyl olubmu? Bəli, olub. Eserlik əsasları üzərində qurulmuş ideologiyadan dərhal ayrılmamışam. Ancaq fəaliyyətimin Quba dönəmində qəti və dönməz şəkildə inqilabçı, yəni marksist baxışlara yiyələnmişəm, Sovet hökumətinə zərər vuracaq heç bir əmələ yol verməmişəm, sovet həkimi kimi əlimdən gələni etmişəm.

Vətəndaş Heydər bəy Məhəmmədbəyov (Səfərəlibəyov) Dəvəçidəndir, əski çar ordusunun zabitidir, 1927-1929-cu illərdə mənimlə birgə “DPZ”-də və Bayılda yatıb.

Ə.Qədimov”.

Qısaltmadan verdiyimiz bu sənəddən göründüyü kimi, Qədimov, hər şeydən öncə, müstəntiqin tələbi ilə adını çəkməyə məcbur olduğu adamları var gücü ilə qorumağa çalışır, ya artıq həbsdə olan adamlarla bağlı elə şeylər deyir ki, həmin mətləbləri həmin məhbus­ların özləri çoxdan boyunlarına alıb, ya artıq dünyasını dəyişmiş və mühakimə olunması mümkünsüz insanların “günahları”nı söyləyir, ya da hələ çöldəki adamlardan danışarkən onların siyasətlə maraqlanmadığı təsəvvü­rünü yaratmağa çalışır.


Ancaq elə bir hədd var ki, oradan o üzə insan cismi və ruhu tab gətirə bilmir, insanın iradəsi sınır. Vampir müstəntiqlər sürüsü Qədimovu yalnız 7 aydan sonra sındıra bildi – 4 gün-4 gecə (hələ rəsmi protokola görə!) ac-susuz, yuxusuz saxlamaqla, normal insan ağlına sığmayacaq cəza üsulları və alətləri ilə işgəncələr verməklə, konveyer üsulu ilə (müstəntiqlər hər 3-4 saatdan bir dəyişir, dindirmə fasiləsiz aparılır) dindirməklə!

Müstəntiq Məmmədov istintaqın bitməsi haqqında 8 sentyabr 1937-ci ildə protokol tərtib edib. 23 sentyabrda Azərb. SSR xalq daxili işlər komissarı, 3-cü dərəcəli dövlət təhlükəsizliyi komissarı Sumbatov’un təsdiq etdiyi ittihamnamə hazırlanıb. Burada Qədimovun “cinayətləri” belə sadalanır:

1927-ci ildə əksinqilabi millətçi müsavatçı “Türk mühibbi” təşkilatını yaratmaq üstündə həbs olunduğu zaman istintaqdan bu təşkilatın mövcudluğunu gizlədib, yalnız əksinqilabi təşviqata görə ittiham olunub.


Cəzasını çəkdikdən sonra sovet hakimiyyəti ilə mübarizə mövqeyində qalmaqda davam edib və 1930-cu ildə Şəkidə əksinqilabi ünsürlərlə əlaqəni bərpa edib, sovet hakimiyyətinə qarşı silahlı çıxışın hazırlanmasında iştirak edib. Bu məqsədlə fəal müsavatçılar Qiyasbəyova Ağayev ilə əlaqəsini bərpa edib, onlar vasitəsi ilə İrandakı mühacir müsavatçılarla əlaqə qurub.


Şəkidə üsyan yatırıldıqdan sonra Qubaya köçüb, orada 1935/36-cı illərdə ətrafına əksinqilabi millətçi ruhlu müəllimləri toplayıb, əksinqilabi müsavatçı qrup və üsyançı kadrlar hazırlayıb ki, müharibə olarsa sovet hakimiyyətinə qarşı silahlı üsyan etsinlər.


Beləliklə, Qədimov Azərb. SSR Cinayət Məcəlləsinin 72 və 73-cü maddələri ilə ittiham olunub. Bu sənəddə onun özünü bütünlüklə təqsirkar bildiyi göstərilib. Bu, rəsmi ittihamdı, ancaq Azərb. SSR XDİK Üçlüyünün 26 sentyabr 1937-ci il tarixli yığıncağının 18 saylı protokolundan çıxarışlara baxanda yeni ittiham da oxuyuruq:

“Silahlı üsyan hazırlamaq yolu ilə sovet hakimiyyətini devirmək mövqe­yində durub, yetkin müsavatçıdır”.

Üçlük həmin iclasda 50 yaşlı Əliabbas Əli oğlu Qədimov haqqında hökm çıxarıb: “GÜLLƏLƏMƏLİ. ƏMLAKINI MÜSADİRƏ ETMƏLİ”. Hökm 28 sentyabr 1937-ci ildə gecə saat 1.25-də yerinə yetirilib. Az sonra görəcəyimiz kimi, 45 yaşlı Mədinə xanım Mehdi qızı Qiyasbəyova da həmin anda güllələnib. Onların “cinayət”i kimi taleləri də eyni oldu...

***

Mədinə xanım Qiyasbəyli həbsdə qaldığı 2 il müddətində – 8 sentyabr 1937-ci ilədək 12 dəfə dindirilib. Mövzumuzla bağlı olmadığına görə həmin dindirmələr üzərindən sükutla keçərək yalnız məşum hökmü təqdim edirik. Azərbaycan SSR XDİK Xüsusi Üçlüyünün 1937-ci il sentyabrın 26-sında keçirilmiş iclasının protokolundan çıxarış:

“Eşidildi: Azərbaycan SSR CM-nin 72 və 73-cü maddələriylə ittiham edilən Qiyasbəyli Mədinə xanım Mehdi qızının 13506 nömrəli cinayət işi.

Qərara alındı: Qiyasbəyli Mədinə xanım Mehdi qızı güllə­lən­sin, əmlakı müsadirə edilsin.

13506 saylı cinayət işinin 202-ci vərəqindəki aktdan çıxarış:

“Azərbaycan SSR XDİK Xüsusi Üçlüyünün 45 yaşlı Qiyasbəyli Mədinə xanım Mehdi qızının güllələnməsi haqqında 1937-ci il 26 sentyabr qərarı 1937-ci il sentyabrın 28-də gecə saat 1.25 dəqiqədə yerinə yetirilib”.

Bəli, kommunistlər Azərbaycan tarixindəki ən şərəfli qadınlarımızdan birinin həyatına beləcə son qoydular!..

İnanmaq istərdik ki, Azərbaycan tarixinə öz imzasını atmağı bacarmış Əliabbas Qədimovun həyat və fəaliyyəti geniş elmi araşdırmaların mövzusu olacaq.

Qaynaqlar: TRMA, f. 977, iş 36412; ARDA, f. 19, siy. 2, iş 34; ARDA, f. 51, siy. 3, iş 410; ARDA, f. 57, siy. 1, iş 21; ARDA, f. 895, siy. 1, iş 16; ARDTXA, PR-128, PR-23530; Mabudoğlu Z., Bəşirqızı U., Adışirinov K. Şəkidə məhəllə adları, soyadlar və ləqəblər. II kitab, Bakı, “Nafta-Press”, 2009; Tahirzadə Ədalət, Manaflı Həbibulla. Unutdurulmuş azman – Əliabbas Qədimov. (Ömür yoluna zindandan baxış). Bakı: “Apostroff”, 2012.



[1] Aşqabad.

[2] Rusca “социалисты-революционеры” (“sosialist inqilabçılar”) sözündəndir. Eser partiyası XX yüzilin başlanğıcında çox güclü bir siyasi təşkilatdı. 1917-ci ildə Rusiyada onun 1 milyon üzvü vardı.

[3] Cəlaləddin Əsildar oğlu Qorxmazov (1877-1937) Rusiya və Dağıstanın sovet dönəmi tarixində mühüm rol oynamış görkəmli dövlət və partiya xadimi, diplo­mat, alim və publisistdir.

[4] Bəhaəddin Şakir (1874-1922) “İtti­had və tərəqqi”nin görkəmli nümayəndələrindəndir. Mudros Müqavilə­sindən sonra savaş suçlusu elan edilincə 2 noyabr 1918-ci ildə Ənvər paşa və Tələt paşa ilə birlikdə Berlinə gedib. 1920-ci ilin sentyabrında Bakıda toplanan Şərq xalqları qurultayına Ənvər paşa ilə birlikdə qatılıb. 1920-ci ildə İslam İnqilab Cəmiyyətləri İttihadının Bakı təmsilçisi olub. 1921-ci ilin yazında bu təşkilatın Moskvadakı qurultayına qatıldıqdan sonra Alma­niyaya dönüb. 17 aprel 1922-ci ildə Berlində erməni terrorçuları onu Camal Əzmi bəy ilə birlikdə şəhid ediblər.

[5] Diplom nömrəsi 2435-dir.

[6] Professor Aqil Muxtar Məhəmməd Muxtar oğlu Özdən (1877-1949). Türkiyədə dənəyli (eksperimental) müalicə və farmakodinamikanın qurucusudur.

[7] Məşhur azərbaycanlı professor Əli bəy Molla Hüseyn oğlu Hüseynzadə (Turan) (1864-1940). 1917-ci ildə o, bu kitabın qəhrəmanı Əliabbas Qədimov, Aqil Muxtar Nəsim Müslih’lə (Nissim Mazliyah Kazez’lə) birlikdə Stokholmda keçirilən sosialistlərin beynəlxalq qurultayına qatılıb və 14 iyul 1917 günü mühüm bir nitq söyləyib.

[8] Milliyyətcə yəhudi olan Nessim (Nissim/Nisim) Masliyah (Mazliyah) Kazez (1864-2.2.1928). Millət vəkili, diplomat.

[9] Bu, konfrans yox, qurultay idi.

[10] Qədimov Azərbaycan Cümhuriyyəti səhiyyə nazirinin 17 noyabr 1918-ci il tarixli 467 saylı əmri ilə Şəki şəhərində oturmaqla Cəfərabad kənd həkimi təyin edilib, 1 yanvar 1919-cu ildən eyni zamanda Şəki qadın gimnaziyasında həkim işləyib, 20 mart 1919-cu ildən Şəki şəhər həkimi və şəhər xəstəxanasının müdiri vəzifəsinin icrasına başlayaraq Cəfərabad kənd həkimliyindən çıxıb, həmin ilin may ayında Şəki qəzasının həkimi təyin edilib.

[11] 1916-da Kiyev Universitetinin tibb fakültəsini bitirmiş Ağahüseyn Kərbəlayı Ələsgər oğlu Kazımov (1882-1937). Bu cilddə onun haqqında ayrıca məqalə var.

[12] Bakıdan.

[13] Kommunistlərdən.

[14] Söhbət Qəzənfər Musabəyov’dan (1888-1938) gedir. Bu zaman o, Azərbaycan SSR-in ərzaq komissarı idi.

[15] O illərdə “Siyasi Büro” FK-nın bölgələrdəki şöbələrinə deyilirdi, onların rəisləri isə “komissar” adlanırdı.

[16] Q.Hüseynbəyov, N.Əlimov, K.Qazızadə, H.Əfəndiyev, Z.İbrahimxəlilzadəM.İsmayılzadə nəzərdə tutulur.

[17] Məlikov Rəhim bəy Mehrəli bəy oğlu (20.4.1886-23.2.1936) Həsən bəy Zərdabi’nin qardaşı oğludur. Bu kitabın 5-ci cildində onun haqqında ayrıca məqalə veriləcək.

[18] Seyidzadə Mirhidayət Miradil oğlu (1887-23.2.1919) Qazan Universitetinin hüquq fakültəsində oxuyub (1906-10). Bu kitabın 6-cı cildində onun haqqında ayrıca məqalə veriləcək.

[19] Bu zaman Həsən bəy AC Məclisi-Məbusanı (Parlamenti) sədrinin birinci müavini idi.

[20] Göründüyü kimi, burada 1920, 1921 və 1923-cü illərdəki həbslər qeyd olunmayıb. Səbəbini indi aydınlaşdırmaq mümkünsüzdür.

[21] Söhbət Osmanlı ordusundan gedir.

[22] Şəkinin Baş Şabalıd kəndindən olan Molla Mustafa Məhəmməd oğlu Şeyxzadə nəzərdə tutulur.

[23] Rusca «дом предварительного заключения» (“ilkin dustaqlıq evi”) sözlərinin qısaltmasıdır. Bu dustaqxana indiki Nizami metrosu ilə üzbəüzdəki 16-mərtəbə bunanın arxasında, Quba yolundakı əski şirniyyat fabrikinin binasında yerləşirdi.

[24] Kərbəlayı Vəli Mikayılov 1877-ci ildə Bakıda doğulub. Görkəmli ictimai-siyasi xadimdir. Müsavat Partiyasının qurucularındandır. Zaqafqaziya Seyminin və Azərbaycan Milli Şurasının üzvü (1918), Azərbaycan Cümhuriyyəti (1918-1920) dönəmində Hökumət mətbəəsinin müdiri olub. Sovet hakimiyyəti zamanı Bakıda 42-ci məktəbdə müəllim, Maarif Komissarlığının nəşriyyat şöbəsində ticarət agenti işləyib. Gizli müsavat təşkilatıyla əlaqəsinə görə 1923-cü ildə həbs edilib, 25.4.1924-cü ildə 3 illiyə Yaroslavla sürgün edilib (ARDTXA, PR-19894). 1928-ci ildə yenidən tutulub və buraxılıb (ARDTXA, PR-41457, 4-cü cild). Güney Azərbaycana mühacirət edib və müharibə zamanı sovet qoşunları buraya girərəkən kommunistlər onu Zəncanda məhv ediblər.

[25] Çəyirtkə ilə mübarizə təşkilatı nəzərdə tutulur.

[26] Mir Müin Niyazi (?, Quba-1967, Bakı) – müəllim. Xalq Maarif komissarlığının Təzəpirdəki azmüddətli pedaqoji kursunda işləyib (8.1.1921-ci ildən). Müsavatçılıq üstündə 1927-ci ildə sürgünə göndərilib, 1937-ci ildə yenidən 10 illiyə sürgün edilib.

[27] O zaman “antisovet ünsürlərə” iri şəhərlərdə yaşamağa icazə verilmirdi.

[28] Dustaqlıq həyatını nəzərdə tutur.

[29] Ə.Qədimov Baba bəyin işdən çıxarıldığı yeri dəqiq bilmədiyinə görə “Göyçay”ın qarşısında sual işarəsi qoyub. B.Qəbulzadə Göyçayda işləməyib; onu Şəkidə işdən çıxarmışdılar.


Nazilə və Əliabbas Qədimovlar. 1918.

Osmanlı Hərbiyyə Nəzarətinin Qədimova verdiyi arayış.

Ə.Qədimovun həyatının son fotosu (həbsdə).

İstanbul Universitetinin tibb fakültəsini bitirmiş Əliabbas Qədimovun (sənəddə: Əliabbas əfəndi Əli əfəndi oğlu) Cəfərabad kəndinin həkimi təyin edilməsi haqqında Azərbaycan səhiyyə naziri Xudadad bəy Rəfibəylinin imzaladığı bəlgə. 17.XI.1918.

Cəfərabad kəndinin həkimi təyin edilməsi haqqında Əliabbas Qədimova (sənəddə: Əliabbas əfəndi) Azərbaycan səhiyyə naziri Xudadad bəy Rəfibəylinin imzalayaraq göndərdiyi bəlgə. 17.XI.1918.

Əliabbas Qədimovun Şəki şəhər həkimi və şəhər müalicəxanasının müdiri vəzifəsinə başladığı haqqında Gəncə Valiliyi Tibb İdarəsinə göndərdiyi məktub. 20.III.1919

Əliabbas Qədimovun 20 mart 1919-dan Cəfərabad kəndinin həkimliyindən azad edilərək Şəki şəhər həkimi təyin edilməsi haqqında Səhiyyə Nazirliyinin 69 saylı əmri. 4.IV.1919

Əliabbas Qədimovunun Şəki qəzasının həkimi işləməsi haqqında bəlgələrdən biri. 5.IX.1919