Rəşid bəy Əfəndizadə
Misir Mərdanov, Ədalət Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı). II cild. B-Ə hərflər. Bakı: “Təhsil”, 2019, ss. 245-252.
ƏFƏNDİZADƏ (Əbdür)rəşid bəy İsmayıl əfəndi oğlu
[1863, Şəki-31.08.1942, Şəki]
Atası: İsmayıl əfəndi Hacı Çələbi əfəndi oğlu (1819, Şəki-13.06.1892, Şəki).[1]
Anası: Fəxrənnisa (Şirin) xanım Hacı Mahmud əfəndi qızı.
AMEA Əlyazmalar İnstitutunda saxlanılan, öz əli ilə yazdığı tərcümeyi-halından öyrənirik ki, Əfəndizadələr Şəkinin “mötəbər xanədana mənsub” bir nəslidir.
Rəşid bəy ilk təhsilini 7 yaşında ikən Şəkidə Cümə məscidinin həyətindəki öz əmizadəsi Mirzə Əbdürrəzaq Qafarağazadənin mədrəsəsində almağa başlayıb. Burada ərəb və fars dillərini öyrənib. Yazdığına görə, bu əsərlər onun mənimsədiyi başlıca kitablar olub: “Pəndi-Əttar”, “Lüğəti-farsi”, “Lüğəti-farsi-ərəbi və türki” (mənzum), “Elmi-hal”, “Nəzmi-Allahi”, “Külliyati-Hafiz”, Sədinin “Gülüstan” və “Bustan”ı, Füzulinin “Divan”ı və “Leyli və Məcnun”u, Mirzə Mehdi xanın “Tarixi-Nadir”i, Mollayi Ruminin “Məsnəvi”si və b. Buradakı təhsili ona Şərq ədəbiyyatının incəliklərini və gözəlliklərini dərindən aşılayıb. Özü də “Şaki” təxəllüsü ilə şeirlər yazmağa həvəs göstərib. Babası, “Nafe” təxəllüsü ilə şeirlər yazan Hacı Mahmud əfəndigilə getdiyi zaman ondan tərifli sözlər eşidib.
1875-ci ildə Şəkidə hökumətin açdığı rus məktəbinin (qəza məktəbinin) əlifba sinfinə daxil olub. Əfəndi oğlunun rus məktəbinə getməsi və başını qıxdırmayıb saç saxlaması guya islam dininə müğayir sayıldığından camaat arasında böyük dedi-qodu yaransa da atası fəqih alim olduğuna görə şəriətcə heç bir günah olmadığına xalqı inandıra bilib. O, hər gün günortayadək rus məktəbinə gedər, günortadan sonra Cümə məscidində ərəb dili dərsinə davam edərdi.
1878-ci ildə Tiflisdə həmyerlisi M.F.Axundzadə ilə görüşüb və onun məsləhəti ilə 1879-cu ildə Qori darülmüəlliminində (müəllimlər seminariyasında) açılmış türk şöbəsinə daxil olub və oranı 1882-ci ildə uğurla bitirib. Bu seminariyaya hər qəzadan əsasən nüfuzlu şəxslərin övladları götürülürdü.
Özü yazır ki, darülmüəlliminində yeni üsulla dərs vermək üçün əlifba kitabı yox idi. Onu yazmaga ehtiyac vardı. “Şöbənin müdiri Çernyayevski türk dilini bilir idisə də bisavad idi. Yüksək sinfin müqtədir şagirdləri ilə birlikdə “Vətən dili” kitabının düzüb-qoşmasına Çernyayevski böyük əməklər sərf etmişdir. Həm özü türk yazısını öyrənirdi, həm də ərəb əlifbası üzrə nümunə məktəbində üsuli-sövti qanununa müvafiq dərs verərdi. Cavan Rəşidi özünə bu işdə müavin əxs eləmişdi. “Vətən dili” kitabının mənzumələri Rəşid bəyin təbiəti-şeiriyyəsinin birinci meyvələridir. İşbu kitabın birimci təbi Rəşid bəyin xətti ilə yazılmışdır”.
O dönəmdə Bakıda çıxan “Əkinçi” və Tiflisdə çıxan “Ziya” qəzetlərini atası Şəkidə alırdı. İstanbulda oxuyan qardaşı Məhəmmədqasım da hər evə gələndə bir sandıq osmanlıca kitab gətirərdi. Rəşid bəy Azərbaycan ədiblərindən Hacı Seyid Əzim, Asi, Zakir, Mirzə Fətəli və başqalarının əsərlərini toplayıb yığar, adı çəkilən qəzet və kitabları oxuyardı.
Tərcümeyi-halında qeyd edir: “1882-mci ildə Azərbaycan toprağında üsuli-sövti üzrə tədris olunmaq üçün iki ədəd türk məktəbi açılmışdı: biri Nuxa qəzasında Qutqaşın kəndində və obiri Ərəş uyezdində Ağdaş qəsəbəsində idi. Bu iki qəza camaatının arasında Rəşidin müəllim göndərilmək məsələsi üstündə rəqabət zühur etmişdi. Hər kəs kəndi məktəbinə təyin olunmasını hökumətdən tələb edirdi”. Rəşid bəy ata-anasının məsləhəti ilə 1882-ci ilin martında Qutqaşına getməyi qərara alır. Bu zaman o, hələ seminariyada oxuyurdu.
Qori seminariyasını bitirənlər 10 il kənd məktəblərində müəllim işləməli idilər, əks halda onlar məktəbdə oxuduqları zaman onlara çəkilmiş bütün xərcləri geri qaytarmalı idilər və təbii ki, bunu heç kəs, o sıradan Rəşid bəy də arzulamırdı.
1 avqust 1882-ci ildən Qutqaşın kənd ibtidai məktəbinə baxıcı (müdir) göndərilən Rəşid bəy həmin ikisinifli məktəbdə 1883-cü ildən yeni üsulla dərs deməyə başlayıb. Maraqlıdır ki, onun 1889-cu ildə nəşr etdirdiyi “Uşaq bağçası” kitabı Qafqazda yeni üsulu öyrədən ilk dərslik idi. Özü bu kitabı “Çernyayevskinin “Vətən dili” əlifbasının doğma oğlu” adlandırıb. O dönəmdə maddi sıxıntı çəkən Rəşid bəy “varlı ailədən olan arvadının verdiyi pulla İstanbulda çap etdirdiyi” bu kitabın ilk nəşri 3 min, ikinci nəşri 10 min, üçüncü nəşri 40 min və dördüncü nəşri 50 min nüsxə buraxılmışdı. Bu əsər 1914-cü ildə “Ana dili” adlı altında Qaraçay türkcəsində Tiflisdə nəşr olunmuşdu.
Qutqaşın məktəbində 8 il işlədikdən sonra 15 avqust 1890-cı ildə Şəki qəzasının Xaçmaz kəndində yeni məktəb açaraq orada 2 il müəllimlik edib. 1 avqust 1892-ci ildə Qoxmux kənd məktəbinə müdir göndərilib.
11 avqust 1892-ci ildə Qoxmux kən məktəbinin müdiri Rəşid bəy Şəki şəhərindən Zaqafqaziya müftisinə ərizə yazaraq Müəllimlər Seminariyasını bitirdiyini və 10 ildən artıq Şəki qəzasının kənd məktəblərində müəllimlik etdiyini bildirib, indi isə öz övladlarını tərbiyə etmək üçün Tiflisdə ona münasib bir vəzifə verilməsini xahiş edib. Bu zaman xatırladıb ki, Zaqafqaziya Sünni Ruhani İdarəsində katib köməkçisi yeri boşdur və o, həmin vəzifədə çalışmaq istəyir. 27 dekabr 1892-ci ildə “Əbdürrəşid bəy Əfəndizadə” artıq Zaqafqaziya Sünni Ruhani İdarəsinin katib köməkçisi vəzifəsini müvəqqəti icra edirdi. 7 iyul 1893-cü ildən kollej qeydiyyatçısı Əfəndizadə katib köməkçisi vəzifəsinə təyin edildi, çünki ruhani məktəbinin müəllimi attestatı vardı.
Qori seminariyasını bitirənlərə şəhər məktəblərində dərs demək hüququ verilmirdi. Rəşid bəy isə məhz şəhərdə çalışmağı arzulayırdı. Buna görə də o, 1892-ci ildə Tiflisdə Aleksandr Müəllimlər İnstitutunun birbaşa 4-cü sinfinə daxil olub və 1893-cü ildə oranı bitirib.
1893-1899-cu illərdə həm də Tiflisdə şəhər məktəbində müəllim işləyib. O, burada müsəlman qadınlar üçün məktəb açmaq üçün 1895-1896-cı illərdə vəsait toplayıb.
1 avqust 1895-ci ildə valilik (quberniya) katibi rütbəsi alıb.
Ali təhsil alması ilə bağlı Ə.Abdullayev göstərir ki, Rəşid bəy “1896-1899-cu illərdə Tiflis Aleksandrovski Müəllimlər İnstitutunda qiyabi oxuyaraq I, II və III kursların imtahanını verir... 1899-cu ildə Tiflis Aleksandrovski Müəllimlər İnstitutunun IV kursunda əyani oxuyub, 1900-cu ildə oranı bitirərək Zaqafqaziya Müəllimlər seminariyasına ana dili və şəriət qanunları müəllimi təyin olunur”. Ancaq tərcümeyi-halında isə İnstitutla bağlı yalnız bu yazılıb ki, Rəşid bəy “Lapatinskinin vəsatəti ilə hala Tiflisdə ikən şəhər məktəbi müəllimliyi hüququnu ələ keçirmək üçün bir sənə mürurunda 1896-mcı sənədə Тиф. Алек. Уч. Инст.[2] axırımcı sinfinə daxil olub, nəhari[3] olaraq bəzi dərslərə davam etmiş. Bu münval şəhər məktəbi müəllimliyi əhliyyəti qazanmışdır”.
16 yanvar 1898-ci ildə imperator III Aleksandrın çarlığı şərəfinə gümüş medalla təltif edilib.
24 yanvar 1899-cu ildə kollej katibi rütbəsi alıb.
1900-cü ildə Qori müəllimlər seminariyasında şəriət və türk dili müəllimi kimi işə başlayan Rəşid bəy ömrünün 17 ilini burada soydaşlarına təlim-tərbiyə verməklə keçirib.
Qori seminariyasında çalışarkən o, uşaqların ana dilində oxumaq üçün heç bir vəsait tapmadığını görərək bu boşluğu doldurmaq üçün 2 dərslik yazaraq nəşr etdirib: “Uşaq bağçası” (1889), “Bəsirətül-ətfal” (1901). Sonuncu əsər 1912-ci ilə kimi çoxlu tirajla dəfələrlə nəşr edilib.
1916-1917-ci tədris ilində Qafqaz Tədris Dairəsinin İrəvan valiliyi 2-ci rayonunda xalq məktəblərinin müfəttişi təyin edilən Əfəndizadə 1917-ci ildə Naxçıvana göndərilib və orada 3 aylıq müəllimlər kursu yaradıb.
1918-ci ildə Bakıda 2 əsas və 2 hazırlıq sinfi olan darülmüəllimin (müəllimlər seminariyası) təşkil edib və ona müdir olub.
3 mart 1920-ci ildə Azərbaycan Cümhuriyyəti Ədliyyə Nəzarəti (Nazirliyi) üzrə 18 saylı əmrlə Bakı Darülmüəllimininin keçmiş direktoru Əfəndizadə Nəzarətin tərcüməçisi (draqomanı) təyin edilib. Əmri Xəlil bəy Xasməhəmmədov imzalayıb.
Sovet rejimi qurulduqdan sonra o, Şəkiyə 3 aylıq müəllimlər kursu açmağa göndərilib və burada həm qadınlar, həm də kişilər üçün 2 seminariya yaradıb, 1926-cı ildə onları birləşdirərək Şəki Pedaqoji Texnikumunu təşkil edib.
Əfəndizadə görkəmli etnoqraf idi. Onun 1926-cı ildə yazdığı “Şəki vilayətində kümdarlıq peşəsinin tarixi, ipəkçilik sənayesi və ticarəti haqqında”əsəri Azərbaycanda ipəkçilik tarixi ilə bağlı ən dəyərli qaynaqlardan biridir. Təsadüfi deyil ki, 1933-cü ildə ipəkçilərin Şəki qurultayında o, Şəki qəzasında ipəkçilik tarixindən məruzə etmişdi. Maraqlıdır ki, həmin məruzənin bir surəti Moskvaya ipəkçilik stansiyasına, ikincisi Xarkov muzeyinə, üçüncüsü isə Bakıya SSRİ EA Azərbaycan Filialına göndərilib.
Rəşid bəy həm də yazıçı idi. Onun “Qan ocağı”, “Saqqalın kəraməti”, “Qonşu qonşu olsa kor qız ərə gedər”, “Bir saç telinin qiyməti”, “Tiflis səfəri”, “Qızılgül”, “Diş ağrısı”, “Pul dəlisi” və b. səhnə əsərləri var. “Elmi şərafəti”, “Nəsihət”, “Məktəbə dəvət”, “Vətən məhəbbəti”, “Qələm”, “Cəhalətdən şikayət”, “Ana kimdir”, “Bir qızın sualı”, “Qadın kimdir”, “Yonca çiçəyi”, “Arsız uşaq və qarışqa”, “Alma ağacının əhvalatı”, “Tahir və Nəbi” və b. şeir və hekayələri qadın azadlığı və təhsilinə, ailə tərbiyəsinə həsr edilmiş tərbiyəvi əsərlərdir.
Azərbaycan ictimaiyyəti Əfəndizadənin xidmətlərini yüksək qiymətləndirib. 4 sentyabr 1925-ci ildə onun elmi, pedaqoji və ədəbi fəaliyyətinin 45 illik yubileyi keçirilib, 1935-ci ildə doğumunun 62 və müəllimliyinin 43 illiyi, 1945-ci ildə doğumunun 72 və müəllimliyinin 53 illiyi təntənə ilə qeyd edilib. 1963-cü ildə isə onun 100 illiyi ümumən Azərbaycan müəllimlərinin bayramına çevrilib.
1960-cı ildə Şəki şəhərində Rəşid bəyin ev-muzeyi açılıb. Şəkidə bir küçə onun adını daşıyır. Şəki diyarşünaslıq muzeyinə də onun adı verilib.
Rəşid bəy Zeynəb xanım Teymur bəy qızı ilə ailə qurmuşdu. Bu övladları olub: Məhəmməd bəy (05.10.1887), Maral xanım (04.03.1889), Nadir (16.04.1894).
Qaynaqlar: Müəllim Rəşid bəy Əfəndizadənin tərcümeyi-halı, şeirləri. // AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, f. 8, siy. 1, iş 49; R.b.Əfəndizadənin Şəkidə 23 fevral 1933-cü ildə keçirilən ipəkçilik qurultayındakı türkcə məruzəsinin mətni. // AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, D-409; ARDA, f. 100, siy. 2, iş 630, v. 18; ARTA, f. 291, siy. 1, iş 1318; ARTA, f. 291, siy. 1, iş 1369; ARTA, f. 291, siy. 1, iş 2389, vv. 39-40; Abdullayev Əbdürrəhman. Maarif pərvanəsi. Bakı: “Maarif”, 1982; Seyidov F.Ə. Qori seminariyası və onun məzunları. Bakı: “Maarif”, 1988, ss. 201-207; Əfəndizadə Rəşid bəy. Şəki vilayətində kümdarlıq peşəsinin tarixi, ipəkçilik sənayesi və ticarəti haqqında. Tərtibçi və ön sözün müəllifi prof. Ə.Tahirzadə. Bakı: “Nafta-Press” 2006.
[1] Bu nəsil haqqında geniş bilgi “Abdulla bəy Əfəndizadə” məqaləsində verilib.
[2] Тифлисский Александровский Учительский Институт – Tiflis Aleksandr Müəllimlər İnstitutu.
[3] Əyani.
Anası Fəxrənnisa xanım.
Öz əli ilə yazdığı tərcümeyi-halının başlanğıcı.
Ortada 2) Rəşid bəy, 4) Firidun bəy Köçərli. Qori.
Şəki qızlar seminariyasının direktoru R.b.Əfəndizadə. 1920-ci illər.
Rəşid bəy müəllim yoldaşları və şagirdləri ilə. Şəki, 19.12.1924.
Rəşid bəy Əfəbdiyev, 1937.
Rəşid bəy Əfəndiyevin məzarı.