Fətəli xan Xoyski

Misir Mərdanov, Ədalət Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı). III cild. F-İ hərflər. Bakı: “Təhsil”, 2019, ss. 368-381.

XOYSKİ Fətəli xan İsgəndər xan oğlu

[25.11 (08.12).1875, Şəki-19.06.1920, Tiflis]


Fətəli xanın Moskva arxivində saxlanılan tələbə şəxsi işində atası general-leytenant İsgəndər xan Xoyski’yə (25.05.1820-16.07.1894) İmperator Aleksandr Aleksandroviçin fərmanı ilə 14 iyun 1893-cü ildə verilmiş 8 səhifəlik bir sənəd var. Burada öncə İsgəndər xanın aldığı orden, medal və nişanlar sadalanıb, sonra isə bunlar qeyd olunub: 25 may 1820-ci ildə doğulub; mərhum general-mayor Kəlbəli xan Xoyskinin oğludur;[1] keçmiş Xoy ailələrindən və Şəkinin nüfuzlu xanlarındandır; valideynlərindən təlim-tərbiyə görüb; qulluğa 19 noyabr 1841-ci ildə Zaqafqaziya atlı müsəlman alayında naibliklə başlayıb (bundan sonra onun qulluq etdiyi və döyüşdüyü yerlər, tarixlər, vəzifələr ardıcıllıqla sadalanıb); 3-cü nikahla Şəki ruhanilərindən Hacı Molla Zeynalın qızı Şəhrəbanu xanım’la evlənib; bu oğulları var: 2-ci nikahdan: Cahangir xan (doğ. 09.09.1849), 3-cü nikahdan: Hüseynqulu xan (doğ. 22.09.1869), Fətəli xan (doğ. 25.11.1875), Rüstəm xan (doğ. 15.11.1888), qızı Tuba bəyim (doğ. 10.11.1871); arvadı və uşaqları şiə müsəlmandır; bacısı ilə birgə Gəncə şəhərində həyəti olan kərpic evdə yaşayır; 16 dekabr 1889-cu ildə general-leytenant rütbəsi alıb; dövlətdən ildə üst-üstə 2.648 manat alır.


Fətəli xan 10 il Gəncə gimnaziyasında və 1 il əlavə 8-ci sinifdə oxuyaraq 4 iyun 1893-cü ildə orta təhsilini başa vurub. 9 fənnin yalnız birindən (riyaziyyatdan) “3”, yerdə qalanların hamısından “4” alıb.


21 iyul 1893-cü ildə Moskva İmperator Universitetinin rektoruna ərizə yazaraq hüquq fakültəsinə götürülməsini xahiş edib və elə o ayda həmin fakültəyə qəbul olunub. Azərbaycandan getmiş bir çox tələbələrdən fərqli olaraq o, imkanlı ailədən çıxdığı üçün təhsilhaqqı problemi yaşamadan təhsilini müntəzəm davam etdirib.


25 aprel 1897-ci ildə Fətəli xana Universiteti bitirməsi haqqında 247 saylı müvəqqəti şəhadətnamə verilib. 31 may 1897-ci ildə isə birinci dərəcəli diploma layiq görülüb.


Hüquq fakültəsini bitirmiş Xoyski 26 iyunda rektora yazdığı ərizəsində ona siyasi etibarlılığı haqqında şəhadətnamə verilməsini xahiş edib.


25 noyabrda Gəncə Dairə Məhkəməsinin sədri Moskva İmperator Universitetinin rektoruna yazdığı 1979 saylı məktubda hüquq elmləri kursunu bitirmiş Xoyskinin 22006 saylı diplomunu aldığını, buna görə də 13048 saylı müvəqqəti şəhadətnaməni geri göndərdiyini bildirib.


Diplomuna baxdıqda Fətəli xanın bütün fənlər üzrə imtahanlardan yalnız “əla” qiymət aldığını görürük.


Universitet məzunu Tiflis Məhkəmə Odasının sərəncamına göndərilib və 26 avqust 1897-ci ildə Gəncə Dairə Məhkəməsində kiçik məhkəmə məmuru vəzifəsində işə başlayıb.


27 fevral 1898-ci ildə kollej katibi rütbəsi alıb.


24 mart 1899-cu ildə böyük məhkəmə məmuru vəzifəsinə keçirilib.


Məhkəmə Odasının 16 iyul tarixli əmri ilə Kutais Dairə Məhkəməsində böyük məhkəmə məmurluğuna başlayıb.


Kutais Dairə Məhkəməsi ümumi iclasının 4 sentyabr tarixli qərarı ilə Ozurket istintaq sahəsinin, 8 mart 1900-cü ildə isə Kutais qəza istintaq sahəsinin müdiri təyin olunub. Həmin ilin 4 aprelindən 3 aylığına Kutais qəza məhkəməsi prokurorunun müavinini əvəz edib. 27 iyunda Zuqdidi barışıq məhkəməsinin köməkçisi vəzifəsinə təyinat alıb.


9 iyun 1901-ci ildə ona titulyar müşavir rütbəsi verilib.


18 sentyabr 1901-ci ildə Suxum barışıq məhkəməsi sədrinin köməkçisi, 22 aprel 1903-cü ildə Yekaterinodar Dairə Məhkəməsi Yekaterinodar şəhəri 1-ci sahəsinin məhkəmə müstəntiqi, 29 sentyabr 1903-cü ildə həmin şəhərdə 3-cü sahəsinin müdiri vəzifələrinə təyin edilib.


11 sentyabr 1904-cü ildə kollej assesoru rütbəsi verilib.


Həmin ilin 25 oktyabrında Yekaterinodar Dairə Məhkəməsi prokurorunun müavini vəzifəsinə keçirilib və 20 fevral 1907-ci ilədək, yəni Gəncə valiliyindən Rusiya II Dövlət Dumasına deputat seçilənədək bu vəzifədə çalışıb.


Xoyski Dumanın müsəlman fraksiyasında fəaliyyət göstərib.


18 may 1907-ci ildə özü də daxil 173 deputatın imzaladığı Rusiyada milli və dini fərqlərə görə vətəndaşların siyasi və mülki hüquqlarını məhdudlaşdıran qanunların ləğv olunması haqqında qanun layihəsi Dövlət Dumasına təqdim edilib, ancaq 3 iyunda çar Dumanı buraxdığına görə, təbii ki, layihə də qanuna çevrilə bilməyib.


Duma buraxıldıqdan sonra Fətəli xan Gəncəyə dönüb.


21 iyul 1907-ci ildə o, Tiflis Məhkəmə Odası Gəncə Dairə Məhkəməsinin andlı iclasçıları sırasına qəbul edilib, 17 sentyabrda isə Gəncə şəhərində andlı iclasçı kimi Qur’ana əl basmaqla and içib.


“Qafqaz təqvimi”nin 1910-cu il nəşrində Fətəli xanı Bakı Şəhər İdarəsinin hüquq bürosunda hüquqşünas işləyən görürük. Bu fakt indiyədək bir çox qaynaqlarda onun 1913-cü ilədək Gəncədə andlı iclasçı işləməsi haqqında yazılanları təkzib edir. Deməli, o, Bakıya 1913-cü deyil, 1910-cu ildə köçüb.


1917-ci il Rusiya Fevral inqilabı bütün ölkənin həyatında olduğu kimi, Xoyskinin də həyatında kəskin dönüş yaradıb. Fəal siyasətə qoşulan gənc hüquqşünas qısa vaxt içində Azərbaycanın ən görkəmli siyasi xadimlərindən birinə çevrilib. O, öncə Bakıda Müsəlman Milli Şurası müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilib, həmin ilin aprelində Bakıda çağırılmış Ümumqafqaz Müsəlmanları qurultayının təşkilatçılarından biri və fəal iştirakçısı olub. O, Zaqafqaziya Mərkəzi Müsəlman Komitəsinin sədri seçilib.


1917-ci ilin oktyabrında Bakı Şəhər Dumasına seçkilər keçirilib. Bakı Müsəlman İctimai və Siyasi Təşkilatlar Komitəsinin 12 saylı siyahısı üzrə buraya seçilmiş 15 deputatdan biri keçmiş II Dövlət Dumasının üzvü, vəkil Xoyski idi. O həm də Bakı Dumasının sədri seçilib və 10 aprel 1918-ci ilədək bu vəzifəni daşıyıb.


1917-ci ilin noyabrında Tiflisdə Rusiya Müvəqqəti hökumətinə tabe “Zaqafqaziya Komissarlığı” adlı yerli hakimiyyət orqanı yaradılıb.


15 (28) noyabr 1917-ci ildəki ilk hökumət kabinəsində Azərbaycandan olan Fətəli xan Xoyski xalq maarif komissarı (naziri), Məhəmmədyusif Cəfərov ticarət və sənaye komissarı, Xudadad bəy Məlikaslanov yollar komissarı və Xəlil bəy Xasməhəmmədli dövlət nəzarəti komissarı təyin ediliblər.


Zaqafqaziya Komissarlığı 12 (25) yanvar 1918-ci ildə diyarda siyasi vəziyyət haqqında məsələ müzakirə edərək qanunverici orqan olan Zaqafqaziya Seyminin çağırılması haqqında qərar qəbul edib. Tiflisdə Seymin ilk iclası 10 (23) fevralda, sonuncu – 28-ci iclası 20 may 1918-ci ildə keçirilib.


Fevralın sonlarında Zaqafqaziya Mərkəzi Müsəlman Komitəsinin sədri Xoyski və Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavatın Mərkəzi Komitəsi sədri Məhəmmədəmin Rəsulzadə 10-cu siyahı üzrə üzvlərinin sayını 30-a çatdıraraq Zaqafqaziya Seymində güclü bir Müsəlman fraksiyası yaradıblar.


Xoyski Seymdə Sülh bağlanması üzrə komissiyanın və Parlamentin fövqəladə istintaq komissiyasının üzvü idi. O, Seym müzakirələrində 4 dəfə geniş məruzə edib.


1 (14) fevral 1918-ci ildə Zaqafqaziya Komissarlığının növbəti yığıncağında bir sıra məsələlərlə yanaşı, Qafqaz cəbhəsində Türkiyə ordularının komandanı fəriq (general) Vəhib Mehmet paşanın Zaqafqaziya hökumətini Brest-Litovsk konfransına dəvət etməsi haqqında radioteleqramı müzakirə edilib. Həmin müzakirəyə Xoyski də fəal qatılıb.


13 (26) mart 1918-ci ildə Seymin iclasında Zaqafqaziya Komissarlığının yeni hökumət kabinəsi təsdiqlənib. Azərbaycan deputatlarından Fətəli xan Xoyski ədliyyə komissarı (naziri), Nəsib bəy Yusifbəyli maarif komissarı, Xudadad bəy Məlikaslanov yollar komissarı, Məhəmmədhəsən Hacınski ticarət və sənaye komissarı, Lütfəli bəy Behbudov poçt və teleqraf komissarı və İbrahim bəy Heydərov dövlət nəzarəti komissarı təyin ediliblər.


13 (26) aprel 1918-ci ildə Komissarlığın növbəti hökumət kabinəsində Fətəli xan Xoyski yenə ədliyyə, Nəsib bəy Yusifbəyli maarif, Xudadad bəy Məlikaslanov rabitə, Məhəmmədhəsən Hacınski ticarət və sənaye, İbrahim bəy Heydərov dövlət nəzarəti komissarları təyin ediliblər.


26 may 1918-ci ildə Gürcüstan Zaqafqaziya Federativ Demokratik Cümhuriyyətindən çıxaraq özünün müstəqilliyini elan edib. Bununla həm adıkeçən Cümhuriyyət, həm də Seym həmin tarixdən öz fəaliyyətini dayandırmalı olub.


Seymin Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurasına çevirdi və 28 mayda Azərbaycanın müstəqilliyi haqqında Bəyannamə (Əqdnamə) qəbul etdi. Sədri Məhəmmədəmin Rəsulzadə seçilmiş Milli Şura Azərbaycanın idarəsini öz üzərinə götürdü. Həmin gün Azərbaycan Cümhuriyyətinin ilk hökumət kabinəsi yaradıldı və hökumətə rəhbərlik Heyəti-Vükəla sədri (Nazirlər Şurası sədri; Baş nazir) Fətəli xan Xoyskiyə tapşırıldı, ancaq o, Baş nazirliklə yanaşı, həm də daxiliyyə naziri vəzifəsi daşıdı.


Milli Şura və hökumət 16 iyunda Tiflisdən Gəncəyə köçdü. Ertəsi gün Xoyski vəzifəsindən istefa verdi. Qafqaz İslam Ordusunun Gəncədəki komandanı Nuru paşa’nın təzyiqi altında Milli Şura özünü buraxdı, bütün qanunverici və icraedici hakimiyyət hökumətə verildi. Gərgin müzakirələrdən sonra yeni hökumət kabinəsinin təşkili də Xoyskiyə həvalə olundu. O, bu ağır yükü üzərinə götürməyə razılaşdı, eyni zamanda ədliyyə naziri vəzifəsini də daşıdı. Geniş proqramla çıxış edən Xoyski həmin yığıncaqda bildirdi ki, onun hökumətinin başlıca vəzifəsi Azərbaycanın azadlıq və istiqlaliyyəti uğrunda çarpışma olacaq. O, verdiyi sözün üstündə son anadək mərdliklə durdu.


Qeyd etmək gərəkdir ki, Xoyskinin başçılıq etdiyi 2-ci (17.06-07.12.1918) və 3-cü (26.12.1918-14.03.1919) hökumət kabinələri təsəvvürəgəlməz çətinliklər içərisində fəaliyyət göstərib. Əslində o, sıfırdan qurulan yeni Azərbaycan Cümhuriyyəti dövlətinin baş memarlarından biri idi. İlk milli dövlət qurumlarımız onun rəhbərliyi altında yaradıldı. İş burasındadır ki, bu zaman ölkədə çarizmin devrilməsindən sonra hakimiyyətsizlik üzündən yaranmış və ölkənin hər güşəsini bürümüş dəhşətli anarxiya və xaos hökm sürür, bir yandan da az öncə Azərbaycanın xilaskarı olmuş Nuru paşa və sonra onu əvəz etmiş general Tomson hökumətin işinə yetərincə müdaxilə edirdilər. Maliyyə sisteminin yoxluğu, milli kadrların çatışmazlığı, Ermənistan və Gürcüstanla sərhəd münaqişələri, ermənilərin arasıkəsilməz fitnə və xəyanətləri, Lenin bolşeviklərinin və general Denikin ağqvardiyaçılarının təxribatları və b. saysız-hesabsız əngəllər Xoyski hökumətinin qarşısında dağ kimi dayanmışdı.


1918-ci ilin iyun-oktyabr aylarında öncə Azərbaycan nümayəndə heyətinin başçısı Məhəmmədəmin Rəsulzadə, sonra isə Əlimərdan bəy Topçubaşov İstanbuldan Baş nazir Fətəli xana məktublar göndərərək dövlət həyatının ən önəmli məqamları ilə bağlı ona bilgilər verərək bəzən yardım istəmiş, bəzən müxtəlif tövsiyələrdə bulunmuşlar.


7 dekabr 1918-ci ildə açılmış Azərbaycan Məclisi-Məbusanı (Parlamenti) yaradılmasında da Xoyskinin böyük zəhməti vardır.


Baş nazir Xoyski 29 yanvar 1919-cu ildə daxiliyyə nazirinə göndərdiyi 756 saylı məktubda son vaxtlar yerli mətbuatın çoxalmaqda olan oğurluq, quldurluq, qətl və b. hadisələrə xüsusi diqqət yetirdiyini nəzərə çatdıraraq ondan əhalinin can və mal güvənliyini ixtiyarındakı bütün vasitələrdən yararlanmaqla təmin etmək üçün təcili şəkildə ən qəti və təsirli tədbirlər görməyi tələb edirdi.


Məclisi-Məbusanda hökuməti “İttihad”, “Əhrar” və “Sosial-demokrat” fraksiyaları amansız və ədalətsiz şəkildə tənqid edirdi. Hökumətə qarşı yerli-yersiz təzyiq və tənqidlər, nəhayət, Baş nazir Xoyskini bezdirdi və hövsələdən çıxardı. Onun hökumətin istefası haqqında məktubu 25 fevral 1919-cu ildə Parlamentdə oxundu. Məclisi-Məbusan istefanı qəbul etsə də yeni hökumət qurulanadək fəaliyyətini davam etdirməyi xahiş etdi. 14 apreldə Nəsib bəy Yusifbəylinin sədrliyi altında 4-cü hökumət kabinəsi (14.03-22.12.1919) təşkil olundu. Bu kabinədə o, vəzifə tutmadı. Ancaq 5-ci kabinədə (24.12.1919-01.04.1920) isə xariciyyə naziri vəzifəsindən imtina etmədi və həmin vəzifəni Cümhuriyyətin sonunadək ləyaqətlə daşıdı.


Xariciyyə naziri Xoyskinin fəaliyyəti sovet Rusiyasının xarici işlər naziri Çiçerin’lə nota savaşlarında keçdi. Belə ki, Azərbaycanı işğal etməyə hazırlaşan Lenin Rusiyası Çiçerinin dili ilə hökumətimizi Denikin orduları ilə mübarizədə Rusiyaya qoşulmağa çağırır, Xoyski isə bu mübarizəni rus xalqının daxili işi hesab edərək ona qarışmağı yolverilməz sayırdı. Çiçerinin 4-cü notasına onun cavabı 27 aprel 1920-ci il axşamı Parlamentdə oxunarkən artıq Rusiyanın işğalçı XI ordusu Azərbaycan sərhədlərini keçmişdi.


Cümhuriyyətin devrilməsindən sonra, görünür, Türkiyəyə keçməyə hazırlaşan Xoyski Tiflis şəhərində muzdlu erməni qatillərinin əli ilə şəhadətə yetirildi. Bu terror gürcü polisləri Nikolay Kabadze, Porfiri Ramfopulo və İlya Kançavelinin gözləri qarşısında baş verdi və onlar hadisəyə müdaxilə etmədilər. Cinayətin sifarişçisi, şübhəsiz ki, Moskvadan əmr almış Azərbaycan Fövqəladə Komissiyası (“ÇK”) idi. Bu faktı təsdiqləyən amil budur ki, “ÇK” Fətəli xanın ölümü haqqında yalan şayiələr yaymışdı. Məsələn, Bakıda rusca çıxan “Kommunist” qəzeti 30 iyun 1920-ci il tarixli sayında yazırdı:

“Tiflisdə güclü şayiələr dolaşır ki, Xan Xoyskini Gəncə üsyanının uğursuz təşkilinə görə müsavatçıların özləri öldürüblər”.

Yeri gəlmişkən, elə həmin yazıda artıq qətlə yetirilmiş Nəsib bəy Yusifbəylinin İstanbula getməsi haqqında ağ yalan da dərc edilib.

Fətəli xanın məzarı Tiflisdə keçmiş müsəlman qəbiristanlığındakı M.F.Axundzadə və başqa Azərbaycan ziyalılarının əbədi uyuduğu kiçik kompleks daxilində şəhid dövlət xadimimiz Həsən bəy Ağayev’in məzarı ilə yanaşıdır.


Fətəli xan Xoyski Yevqeniya Vasilyevna ilə ailə qurmuşdu. Xanımı milliyyətcə rus olmasına baxmayaraq islamı qəbul edib və “Ceyran” adı götürüb. Üç övladları olub: Tamara (1902-1990), Murad (1910-1973) və Ənvər (1914-1935). Tamara xanım Cümhuriyyətin düşməni Mirzədavud Hüseynov’da (haqqında bu kitabda oxu) ərdə idi. Murad Bakıda nəqliyyat idarəsində çalışıb. Ənvər Moskvada cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib.


Fətəli xanın böyük qardaşı Hüseynqulu xan və kiçik qardaşı Rüstəm xan da Azərbaycan Cümhuriyyətinin görkəmli dövlət xadimlərindən olub. Onlar haqqında da bu kitabda ayrıca məqalələr verilib.



Qaynaqlar: MŞMDTA, f. 417, siy. 77, iş 2329; MŞMDTA, f. 418, siy. 307, iş 871; ARDA, f. 894, siy. 1, iş 7; f. 894, siy. 10, işlər 34, 66; ARPİİSSA, f. 277, siy. 2, iş 7; Azərbaycan Cümhuriyyəti (1918-1920). Bakı: “Elm”, 1998, s. 320; Fətəli xan Xoyski. Həyat və fəaliyyəti. (Sənəd və materiallar). Bakı: “Azərbaycan”, 1998; Ənbiya oğlu Əbdülhüseyn. XX əsrin 100 görkəmli azərbaycanlısı. Bakı: “Sumqayıt”, 2002, ss. 72-73; Qasımlı Musa, Hüseynova Elmira. Azərbaycanın xarici işlər nazirləri. Bakı: “Adiloğlu”, 2003, ss. 24-35; Tahirzadə Ədalət, Əhməd Dilqəm. Zahid xan Xoyskinin xatirələri və bəzi gerçəklər. // Azərbaycan Cümhuriyyəti: Tarixi, siyasi və ədəbi-kulturoloji müstəvidə. Bakı: “Nurlar” NPM, 2018, ss. 70-88; Yaqublu Nəsiman. Fətəli xan Xoyski. // Cümhuriyyət qurucuları. Bakı: “Nurlar” NPM, 2018, ss. 37-54; “Odlu Yurd”, 1929, № 3; Has-Mehmetli Halil. 28 Mayısın Büyük Kurbanı Feth-Ali Han. // “Azerbaycan Yurt Bilgisi”, Yıl: 2, 1933, № 17, ss. 196-198; Əliyev Mövsüm. Fətəli xan Xoyski. // “Odlar yurdu”, yanvar 1989, № 1; Xoylu Zahid xan. Bir nəslin nəsibi. // “Odlar yurdu”, 06.1991, № 12; Quluyev V. Mayısın böyük qurbanı – Fətəli xan. // “Millət”, 17.06.1992; Quluyev Vilayət. Baş nazirin xanımı. // “525-ci qəzet”, 11.12.2010; «Кавказский календарь на 1910 год». LXV год, часть II Тифлис. 1910, с. 233; Закавказский Сейм. Стенографический отчет. Сессия первая. Заседание седьмое. Тифлис, 19-го февраля 1918 года; Документы и материалы по внешней политике Закавказья и Грузии. Тифлис, 1919; «Каспий», 03(16).09.1917, № 197; 07(20).09.1917, № 200; 14(27).09.1917, № 205; 21.09(04.10).1917, № 210; 22.09 (05.10).1917, № 211; 29.09(12.10).1917, № 217; 04(17).10.1917, № 221; 19.10(01.11).1917, № 234; 21.10(03.11)1917, № 236; 31.10(13.11).1917, № 244; «Кавказское слово», 18.05.1918, № 98; 09.05.1918, № 90; 22.05.1918, № 127; 29.05.1918, № 132; 30.06.1918, № 133; «Грузия», 26.06.1920, № 70; «Коммунист», 30.06.1920, № 49.



[1] Onların soyu “Batmanqılınc-Dünbüli” adlanırdı.

Doğum şəhadətnaməsinin surəti.

Diplom.

Fətəli xan Xoyski, 1906.

Rusiya II Dövlət Dumasının türk-müsəlman üzvləri Tavriya sarayının sütunlu salonunda. SPb., 1907.

Soldan. Ön cərgəдə oturanlar: 1) Rəşid Mehdiyev (Tavriya valiliyi); 2) Şahheydər Sırtlanov (Ufa valiliyi); 3) Fətəli xan Xoyski (Gəncə valiliyi); 4) Taştəmir Eldarxanov (Qafqaz, Ter valiliyi).

Arxa cərgədə ayaq üstə: 1) Xəlil bəy Xasməhəmmədov (Bakı, Gəncə, İrəvan valilikləri); 2) Şahbal Seyfəddinov (Orenburq valiliyi); 3) Hadi Atlasi (Atlasov) (Samara valiliyi).

Azerbaydjan, 24.12.1918.

9. Xoyskinin Baş nazir kimi imzaladığı sənədlərdən biri.

Tiflisdəki məzarüstü abidəsi (foto Ə.Tahirzadənindir).

10. F.x.Xoyski (öndə sağdan 4-cü) Gürcüstanın dövlət adamları ilə.

Azəri Türk, 1928, №10.