Əliyar bəy Əmircanov
Misir Mərdanov, Ədalət Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı). II cild. B-Ə hərflər. Bakı: “Təhsil”, 2019, ss. 464-472.
ƏMİRCANOV Əliyar bəy Hacı bəy oğlu
[17 (30).05.1897, Şəki-1945-dən sonra, Zaporojye]
Atası Hacı bəy kollej qeydiyyatçısı Süleyman bəyin oğludur. Süleyman bəy Abdulla bəy oğlu isə Cümhuriyyətin görkəmli dövlət xadimi Əbdüləli bəy Əmircanovun babası olan praporşik Əliəşrəf bəyin qardaşıdır. Hacı bəy Əmircanov Bakıda 4-cü rus-türk məktəbinin müdiri işləyib.
Əliyar bəy 9 fevral 1935-ci ildə sovet zindanında müstəntiqə izahatında tərcümeyi-halını bu cür təqdim edib:
“1897-ci ildə Azərbaycanın Şəki şəhərində ozamankı rus-türk şəhər ibtidai məktəbinin müəllimi ailəsində doğulmuşam. Atam Bakı şəhərində 1907, ya da 1908-ci ildə müəllimlik edib. Bundan sonra o, qulluq yerini dəyişib və doğma qardaşı Əmircanov Musa Süleyman oğluna məxsus özəl komisyon kontorda hesabdar işləməyə başlayıb. Orada təxminən 1920-ci ildə Azərbaycan sovetləşənədək çalışıb. Mən də bütün bu vaxt 1919-cu ilədək atamın himayəsində yaşamışam.
1906-1907-ci ildən Bakı real məktəbinə girərək 1915-ci ildə oranı bitirmişəm. Bundan sonra Moskva Ali Texniki Məktəbinə girmişəm. Oranı qurtara bilmədim, çünki 1917-ci ildəki oktyabr çevrilişi mənim üçün o qədər gözlənilməz oldu ki, Vətənə dönməyi qərara aldım. Vətəndən – Bakıdan Moskvaya yenidən təhsil almağa qayıda bilmədim, çünki vətəndaş müharibəsi başlandı. Bakıda qalaraq, xatırladığım qədər, bütün 1918-ci ildə heç nə ilə məşğul olmayaraq atamın himayəsində yaşamışam. Mən də, bir sıra başqa tələbə yoldaşlarım da bu umudla yaşayırdıq ki, tezliklə vətəndaş müharibəsi qurtaracaq və yenidən Moskvaya oxumağa qayıdacağıq.
1919-cu ildə Bakıda təcrübəçi tələbə kimi öncə 2 ay dəmiryol emalatxanasında, sonra isə avtomobil təmiri emalatxanasında işləmişəm. 1920-ci ildə Azərbaycan [Cümhuriyyəti] hökumətinin Xariciyyə Nəzarətində işə düzəlmiş və ümumi şöbədə kargüzar kimi çalışmışam. Azərbaycan sovetləşdikdən sonra Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığının Şərq şöbəsində kargüzar olmuş və orada eyni vəzifədə 1921-ci ilədək işləmişəm. 1922-ci ilin fevral ayında RSFSR XXİK-dan ali təhsilimi davam etdirmək məqsədilə xaricə getmək haqqında rəsmi icazə almışam.
Həmin ildə və ayda mən Berlinə getmiş, Berlin Ali Texniki Məktəbinə girmiş və oranı 1927-ci ilin iyun ayında bitirmişəm. Məktəbi bitirdikdən sonra 1927-ci ilin dekabr ayınadək “Yunkers”in zavodunda sürətli daxiliyanma mühərrikləri üzrə təcrübəçi mühəndis kimi işləmişəm. Həmin ilin dekabr ayında mən SSRİ-yə – Bakı şəhərinə getmiş, orada 08.01.1928-ci ildən XTŞ Azərdövlətmetalsənaye 5-ci zavodunda mühəndis-konstruktor kimi işə başlamış və orada həmin ilin sentyabrınadək işləmişəm. Mən bu işdən getdim, çünki birbaşa ixtisasımla düz gəlmirdi. Həmin ilin oktyabr ayında Azərneftin avtomobil təmiri zavoduna mühəndis-konstruktor kimi işə girmişəm. 1932-ci ilin noyabr ayında Elmi-Tədqiqat Dizel İnstitutunun dəvəti ilə Leninqrad şəhərinə köçərək həmin İnstitutda bugünkü günədək avtomobil dizellərinin layihələndirilməsi mühəndisi kimi çalışmaqdayam”.
Buradan göründüyü kimi, Əmircanov Cümhuriyyət hökumətində işləməsini mümkün qədər gizləməyə çalışıb. Doğrudur, o, Cümhuriyyətin Xariciyyə Nəzarətində çalışdığını deyib, ancaq bunu eyni işi sovet dönəmində də davam etdirdiyinə görə qeyd edib. Sənədlər isə başqa faktları üzə çıxarır. Ticarət və sənaye naziri Tağı bəy Səfərəliyev’in 3 mart 1919-cu il tarixli 57 saylı əmri ilə Moskva Texniki Məktəbinin tələbəsi Əliyar Əmircanov 26 fevraldan nazirlik dəftərxanasının sənaye şöbəsinə götürülüb. Başqa sözlə, Əmircanov həmin tarixdən bu nazirliyin rəsmi işçisi olub. Yeni ticarət və sənaye naziri Mirzə Əsədullayev’in 12 aprel 1919-cu il tarixli 74 saylı əmri ilə iqtisad elmləri namizədi Məhəmmədhəsən bəy Vəlili nazirlik dəftərxanası ümumi şöbəsinin kargüzarı, Əliyar Əmircanov və Səməd Məhəmmədyarov isə onun müavinləri təyin edilib. O daha sonra Xariciyyə Nəzarətində işə dəyişilib.
Moskva Ali Texniki Məktəbi mexanika bölümünün üçüncü kurs tələbəsi Əliyar Əmircanov 2 avqust 1919-cu ildə Bakıda Zabit döngəsi[1], 5-ci ev ünvanından AC xalq maarif nazirinə ərizə yazıb ki, mən 1915-ci ildə Bakı 1-ci edadi (real) məktəbini bitirmiş və attestat müsabiqəsi üzrə Petroqrad Politexnik İnstitutunun elektromexanika bölümünə qəbul olunmuşam. Ancaq arzum Moskva Ali Texniki Məktəbinin mexanika bölümünə girməkdi, oraya isə qəbul müsabiqə imtahanı üzrə idi. Texniki Məktəbdə iki dərs ilində (1915-1916 və 1916-1917-ci illərdə) olmuşam və bu müddətdə 18 imtahan vermişəm. 1917-1918-ci il bolşevik çevrilişi ilə əlamətdar oldu, biz qafqazlıları evə qayıtmağa məcbur etdi və payız yarımili üçün 4 zaçot fənn kitabçama yazılmamış qaldı.
Buradakı izahatı genişləndirməyə ehtiyac duyduq; belə ki, Əmircanov Petroqradda ali məktəbə girdiyini, ancaq Moskvada oxuduğunu bildirib. Əslində o, sənədlərini iki ali məktəbə verib, onların hər ikisinə götürülüb, ancaq Moskva Ali Texniki Məktəbinə imtahan yolu ilə girərək orada oxuyub.
Maarif nazirinə ərizəsinin davamında qeyd edib:
“Mən Qafqazdakı hadisələrdən danışmayacağam. Təkcə onu deyim ki, türklərin 1918-ci ilin ortasında [Azərbaycana] gəlməsi ilə [Rusiyada oxuyan, ancaq vətənə qayıtmağa məcbur olmuş] müsəlman tələbələr təhsili başa çatdırmaq üçün xaricə getməyi arzulamağa başladılar. Bu fikir hökumət dairələrində də rəğbətlə qarşılandı. Biz, deyəsən, xoşbəxtlik qapısının ağzında idik – xarici pasport və Türk komandanlığının İstanbula gedişə yardım göstərmək haqqında verdiyi məktublar məndə indi də durur. Ancaq avqust-sentyabr ayları və sonrası Almaniyanın Qərb cəbhəsində böyük məğlubiyyətləri ilə yadda qaldı. Türkiyənin durumu da laxladı və biz tələbələrin əl-ayağı yenə hər yerdən üzüldü. Getmək fikri ertələndi.
Vaxtı boşuna keçirməmək üçün mən türklərin yanında sürücü işlədim. Onlar gedəndən sonra Azərbaycan dəmiryoluna təcrübəçiliyə girdim və nəhayət, səfərbərlik elan olunduğu zaman könüllü şəkildə orduya hərbi avtomobillərin təmiri üzrə çilingər kimi getdim, halbuki ailənin yeganə oğlu kimi hərbi mükəlləfiyyətli deyildim.
İndi hökumət yenə müsəlman tələbələri xaricə göndərməyi qərara alıb. Mən Siz alihəzrətdən acizanə xahiş etməklə şərəflənirəm ki, ali təhsilimi İsveçrədə məşhur Sürix Politexnikumunun mexanika bölməsində bitirməyə mənə imkan yaradasınız. Oraya Moskvada verdiyim imtahanlara görə öncədən imtahan vermədən qəbul olunacağam. Ailə vəziyyətimə gəlincə, deyə bilərəm ki, atamın 5 uşağı var və o, nə qədər istəsə də hökumətin göndəriləsi tələbələrə verdiyi yardımı vermək imkanında deyil”.
Əmircanov 5 noyabr 1919-cu ildə maarif nazirinə yazdığı növbəti ərizədə qeyd edib ki, 1915-ci ildə Moskva Ali Texniki Məktəbinə girərək 5 semestr oxumuş və uğurla 20-yə yaxın imtahan vermişəm. Hələ türklər zamanında Politexnikuma girməkdən ötrü Almaniyaya ezamiyyət almışdım, ancaq sonrakı hadisələr planlarımı pozdu. Xahiş edirəm məni İsveçrənin Sürix şəhərindəki Politexnikumun mexanika bölməsinə göndərəsiniz. 25 noyabr 1919-cu il tarixli ərizəsində isə o, təhsilini Xarkov şəhərində davam etdirməkdən ötrü Rusiyaya getmək üçün ona çatası pulların verilməsini xahiş edib. Xalq Maarif Nəzarəti 29 noyabr 1919-cu ildə 13654 saylı sənədlə ona 21 min manat ödəyib. Bu məbləğdən 18 min manat 6 aylıq dolanışıq üçün və 3 min manat yolpulu idi.
Əmircanov, Rusiyaya gedəsi başqa tələbələr kimi, pulu alsa da həmin vaxt oxumağa getmədi və Bakıda qaldı.
AR DTX Arxivində Əmircanovun 4591 saylı (indi: PR-2423) istintaq işi saxlanılır.
6 fevral 1935-ci ildə Leninqrad Vilayət XDİK İdarəsi Gizli Siyasi Bölümü (GSB) 2-ci bölməsinin müvəkkili Fyodorov, Əliyar Hacı oğlu Əmircanovun tutulması və ona qarşı ittiham irəli sürülməsi haqqında qərar verib, çünki onun əks-inqilabçı Qafqaz-Türk Xalq Partiyasının üzvü olması “yetərincə ifşa edilib”. Bu qərara əsasən o, 7 fevral 1935-ci ildə 1855 saylı orderlə Leninqrad şəhərində həbs edilib. 23 fevral 1935-ci ildə Azərbaycan XDİK DTİ 2-ci bölümünün qərarına əsasən Əmircanov Bakı şəhərinə Az. XDİK DTİ-yə baxılmaq üçün gətirilib və Bakıda həbsdə saxlanılıb.
Məhbus anketində onun haqqında bu bilgilər var: Əmircanov Əliyar Hacı oğlu – 17 may 1897 (37 yaş); Qafqaz, Şəki şəhəri; Leninqrad şəhəri, Bolşaya Posadskaya ev № 1, mənzil 24. İş yeri və vəzifəsi – Leninqrad Elmi-Tədqiqat Dizel İnstitutu, mühəndis-konstruktor, 1932-ci ildən işləyir; mənşəcə şəhər sakinidir; heç bir partiyada olmayıb; SSRİ türküdür; partiyasız; ali təhsilli, Berlində Ali Texniki Məktəbi bitirib (1927-ci ildə); xəstəliyinə görə hərbi uçotdan çıxarılıb. Sağlıq durumu – ciyəri xəstədir, mədəsində xora var. Ailə tərkibi: subay. Bacıları – Ağahüseynova Hüsniyyə, 40 yaş, evdar, Bakı şəhəri; Əmircanova Hökumə, 33 yaş, Bakı şəhəri, XMK, katibə; Dadanova Zivər, 29 yaş, evdar, Bakı şəhəri; İbrahimova Cavahir, 27 yaş, Bakı, Azərneft, kimyaçı mühəndis; Əmircanova İsmət, 24 yaş, Bakı, teleqrafçı; Əmircanova Şövkət, 21 yaş, makinaçı, Bakı. Bütün bacıları partiyasızdır.
İstintaq sənədləri içərisində Əmircanovun özü və qohum-əqrəbası haqqında maraqlı bilgilərlə üzləşirik. Məsələn, o, 8 fevral 1935-ci ildə Leninqradda müstəntiq Fyodorova izahatında bildirib ki, Berlin şəhərində dayım İsmayıl Əlizadə yaşayır. O, Bakıdan 1921-ci ildə Azərbaycan sovetləşəndən sonra gedib. Keçmişdə o, Şəki şəhərində iri tacirlərdəndi. İndi İran təbəəsidir. Paris şəhərində dayım oğlu Heydər Əlizadə olur. O, Bakıdan 1920-ci ildə Azərbaycan sovetləşəndən sonra gedib. Tacirdir. Türkiyə təbəəsidir. Əlizadə Moskvaya tez-tez qanuni yolla gəlir. Sonuncu dəfə o, Moskvaya 1934-cü ildə gəlib və mən onunla Kislovodskda görüşmüşəm. Dayım İsmayıl Əlizadə ilə bacım Hökumə yazışır.
Almaniyaya mən Moskvadan 1922-ci ilin fevralında getmişəm. Berlinə oxumağa göndərilməmişəm, oraya hər hansı göndəriş olmadan öz xərcimlə getmişəm, Xarici İşlər Komissarlığından gərəkli viza almışam. Berlinə gedərkən umudvar idim ki, dayım İsmayıl Əlizadə mənə maddi dəstək verəcək. İlk iki ili mən orada İsmayıl Əlizadənin hesabına yaşadım və oxudum, sonra Azərb. SSR Xalq Maarif Komissarlığından təqaüd aldım. Berlində Ali Texniki Məktəbi bitirdikdən sonra Berlindəki Türkiyə səfirliyinə ərizə verdim ki, yaşamaq üçün Türkiyəyə getməkdən ötrü mənə viza versin. Səfirlik bundan imtina etdi və mən SSRİ-yə gəldim.
Yaxud 11 mart 1935-ci ildə müstəntiqlə onun arasındakı söhbəti gözdən keçirək:
“Sual: Albomunuzda bir fotoşəkil var; orada Siz Moskvadakı Türkiyə səfirliyinin bir neçə əməkdaşı ilə çəkilmisiniz. Deyin görək bu şəkil hansı dövrə aiddir və xarici dövlətin əməkdaşları ilə nəyə görə şəkil çəkdirmisiniz?
Cavab: Bu şəkillər 1921-ci ilə aiddir. O zaman mən ASSR-in keçmiş Xarici İşlər Komissarlığının sərəncamı ilə Moskvadakı Türkiyə diplomatik missiyasının sərəncamına göndərilmişdim və 1922-ci ilin fevralında Almaniyaya gedənədək orada işləmişəm. Moskvadakı konsulluqda məndən başlıca olaraq tərcüməçi kimi yararlanıblar. Konsulluq əməkdaşları ilə onların xahişi ilə şəkil çəkdirmişəm. Yalnız indi başa düşürəm ki, konsulluqda işə rəsmən göndərilmiş olsam da bu, sovet vətəndaşı üçün yolverilməzdir. Əlbəttə, mən bu gün o axmaqlığa yol verməzdim...
Sual: Siz ASSR XXİK-də işə necə girmisiniz və nə işləmisiniz?
Cavab: Mən xaricdə təhsil almağı arzulayaraq hələ Müsavat hökuməti dönəmində, təxminən 1920-ci ilin martında Xariciyyə Nəzarətində kargüzar işinə düzəlmiş, sovetləşmədən sonra orada qalmış və XXİK-nın Şərq şöbəsində də kargüzar işləmişdim. Komissarlıqda məni xalq komissarı Hüseynov Mirzədavud şəxsən tanıyırdı – onunla bir yerdə oxuduğumuz real məktəbdən tanış idik...
Almaniyada oxuduğum vaxt və “Yunkers”in zavodunda staj keçərkən orada Türk mühəndislərlə görüşmüşdüm; onlar da “Yunkers”də staj keçirdilər. Onlar mənə təklif etmişdilər ki, təhsili başa vurandan sonra işləməyə Türkiyəyə gəl. Deyirdilər ki, türklər Kayseri şəhərində aviasiya zavodu tikməyi nəzərdə tuturlar. Mən onlara qəti cavab vermədim, çünki əvvəlcə özüm də tərəddüd edirdim ki, təhsili qurtarandan sonra işləməyə haraya gedəcəyəm”.
Azərb. XDİK DTİ müvəkkili S.Sonkinin 19 may 1935-ci ildə tərtib etdiyi və 21 mayda ZSFSR XDİK Azərbaycan İdarəsinin rəisi Sumbatovun təsdiqlədiyi qərara əsasən, istintaq zamanı Ə.Əmircanovun əks-inqilabi təşkilata mənsubluğu sübut olunmadığına görə işinə xitam verilib və o, həbsdən azad edilib.
O, dayısı oğlu Heydər Əlizadənin bacısı Səkinə ilə ailə qurmuşdu.
4 may 2010-cu ildə Əliyar bəyin bacısı Hüsniyə’nin (1895) oğulları: general-polkovnik Tofiq Ağahüseynov’un (1923) qızı Elmira Ağahüseynova və Rəhim Ağahüseynov’un qızı Leyla Ağahüseynova ilə görüşümüz zamanı onlar bildirdilər ki, Əliyar bəyin Fərid (1935-17.8.1986) adlı oğlu vardı. Təəssüf ki, bu görüşdə həmin xanımlar əlavə heç bir bilgi verə bilmədilər.
29 may 2014-cü ildə Leyla xanımla bir daha söhbətləşdik. O dedi ki, Fəridin 3 yaşı olanda (deməli, ya 1937-ci ilin sonunda, ya da 1938-ci ildə) Əliyar bəyi yenə həbs ediblər. O, həbsdən çıxandan sonra yenə Leninqradda işləməyə başlayıb və Zaporojyeyə ezamiyyətə gedib. Elə orada xəstələnib, ölüb və basdırılıb. Dəfninə heç kəs gedə bilməyib. Bu, müharibədən sonra olub. Onun oğlu Fərid çox gec – 49 yaşında ikən həkim Zemfira xanımla ailə qurub. Uşaqları olmayıb.
Qaynaqlar: ARDA, f. 24, siy. 1, işlər 22, 203, 208; ARDA, f. 51, siy. 3, işlər 44, 108; ARDTXA, PR-2423; ARDTXA, PR-22247.
[1] İndiki Məmməd Əfəndiyev döngəsi.
Hacı bəy Əmircanov.
Fərid Əmircanov.
Ə.b.Əmircanovun yaxın qohumları: Elmira Tofiq qızı Ağahüseynova (solda) və Leyla Rəhim qızı Ağahüseynova qonağımız olarkən. Şəkli Ə.Tahirzadə çəkib.