Mehdi bəy İsmayılov

Misir Mərdanov, Ədalət Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı). III cild. F-İ hərflər. Bakı: “Təhsil”, 2019, ss. 424-427.

İSMAYILOV Mehdi bəy Əsəd bəy oğlu

[1887, Şəki-1951, Bakı]

Atası: titulyar müşavir Əsəd bəy. Bəzi qaynaqlarda adı yanlış olaraq “Ağasəf” göstərilib.

Anası: Şərəbanı xanım Məhəmməd qızı.


İsmayılov Şəkidə zadəgan ailəsində doğulub. “Azərbaycan tarixi” adlı məşhur əsərin müəllifi Rəşid bəy İsmayılov’un (1877-1942) kiçik qardaşıdır.


Öz əli ilə 29 iyul 1910-cu ildə yazdığı qısa tərcümeyi-halında göstərib ki, mən 1887-ci ildə Şəkidə doğulmuşam. 8 yaşım olarkən məni Şəki şəhər məktəbinə qoyublar və orada 6 il oxumuş, sonra Bakı Kommersiya Məktəbinin birinci sinfinə getmişəm.


Qeyd etməliyik ki, İsmayılov Bakı Kommersiya Məktəbində “əla” və “yaxşı” qiymətlərlə oxuyaraq oranı uğurla bitirib (15.10.1901-29.05.1910).


29 iyul 1910-cu ildə Moskva Kommersiya İnstitutu rektoruna ərizə yazaraq iqtisad bölməsi tələbələri sırasına götürülməsini xahiş edib və arzusu yerinə yetirilib.


İnstitutda böyük qardaşı Rəşid bəyin yardımı ilə oxuyub. Ancaq, görünür, bu yardım 1914-cü ildə hansı səbəbdənsə kəsilib və İsmayılov həmin ilin aprelində İnstitut rektoruna ərizə yazaraq, oxuduğu 8 semestrdən sonra ona bir il möhlət verilməsini xahiş edib. Bundan sonra o, çox güman ki, ticarətlə bağlı olaraq Tehrana gedib. Tehrandakı Rusiya Baş Konsulluğunun 1914-cü ilin 28 dekabrında verdiyi vəsiqədə bildirilir ki, İsmayılov 1914-cü il mayından noyabrınadək Tehranda olarkən heç bir arzuolunmaz siyasi işə qarışmayıb və kimsədən onun adına Baş Konsulluğa şikayət və irad gəlməyib. Tehranda işləri uğurlu alındığına görə o, 27 may 1914-cü ildə Tehrandakı rus progimnaziyasından İnstitut rektoruna yeni ərizə göndərərək apreldəki ərizəsinin nəzərə alınmamasını, artıq təhsilhaqqını ödəmək imkanında olduğunu və İnstitutda təhsilini davam etdirmək istədiyini bildirib.


Sonrakı illərdə o, İnstitutda oxumağa davam edib və 1917-ci ildə buranı başa vurub.


1917-ci ilin oktyabr çevrilişində İsmayılov Moskvada idi. 1918-ci ilin başlanğıcında Moskvada bolşeviklər partiyasına qəbul olunaraq orada müxtəlif müəssisələrdə partiya işi aparıb.


1918-ci ilin yazında o, Nərimanovun dəvəti ilə Şaumyanın hakimiyyəti altındakı Bakıya gəlib, sonra “Bakı Soveti” hökuməti onu Quba qəzasına göndərib.


Nuru paşanın başçılığı altında Qafqaz İslam Ordusu Bakını düşmənlərdən azad etdikdən sonra o, 1 oktyabr 1919-cu ildən Bakı Kommersiya Məktəbinin müfəttişi işləyib.


Cümhuriyyət devrildikdən sonra İsmayılov 1920-ci ildə Bakı Qəzası Torpaq Komitəssinin sədri təyin edilib. Həmin ilin sonundan 1921-ci ilin sonunadək Azərbaycan SSR Baş Siyasi-Maarif İdarəsinin sədri, 1923-1925-ci illərdə AK(b)P MK təşviqat-təbliğat şöbəsinin müdiri, eyni zamanda AK(b)P MK yanında Partiya Məktəbinin direktoru işləyib. 1925-1928-ci illərdə o, Ümumittifaq K(b)P Zaqafqaziya Ölkə Komitəssinin təlimatçısı, 1928-1930-cu illərdə Zaqafqaziya Kommunist Universitetinin mühazirəçisi vəzifələrində çalışıb. Sonralar K.Marks adına Azərbaycan İctimai-İqtisad İnstitutunun direktoru olub.


1951-ci ildə ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Qaynaqlar: MŞMDTA, f. 417, siy. 15, iş 128; ARDA, f. 51, siy. 3, iş 8, v. 176; Azərbaycanda Sovet hakimiyyəti uğrunda fəal mübariz­lər. Bakı: Azərnəşr, 1958, ss. 406-407.


Doğum şəhadətnaməsi.

Böyük qardaşı Rəşid bəy İsmayılov.