Mirmusa Ağamirov
Misir Mərdanov, Ədalət Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı). I cild. A hərfi. Bakı: “Təhsil”, 2018, s. 141-142.
AĞAMİROV Mirmusa
[?, Şəki-?]
Təhsili və həyatı haqqında əlimizdə Moskva Şəhər Mərkəzi Dövlət Tarix Arxivində saxlanılan bircə vərəqlik bəlgədən başqa heç nə yoxdur. 1911-ci ilin avqustunda Moskva Kommersiya İnstitutunun (MKİ) direktoruna yazdığı ərizədən ibarət həmin sənəddən öyrənirik ki, MKİ-nun kommersiya-iqtisad bölməsinə sərbəst dinləyici kimi qəbul olunmaq istəyən Ağamirov Şəkidə 1872-ci il əsasnaməsi ilə yaradılmış şəhər məktəbini bitirib, ibtidai sinif müəllimi şəhadətnaməsi alıb və 1906-cı ildən indiyədək müəllimliklə məşğuldur. (Ərizənin sonunda yazdığı qeyddən aydınlaşır ki, o, Şəkidəki 2-sinifli məktəbin baxıcısı, yəni müdiridir). Ərizənin sonunda bildirib ki, qəbul edilməyim mənə xəbər verilən kimi Moskvaya gələrək sənədlərimi təqdim etməyə və təhsilhaqqını köçürməyə hazıram.
Ərizəsinin üstündə sənədlərinin ondan 21 avqustda tələb edilməsi və sərbəst dinləyiciliyi haqqında qeyd var.
Qaynaq: MŞMDTA, f. 417, siy. 7, iş 362.