Məhəmməd İmamov

Misir Mərdanov, Ədalət Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı). III cild. F-İ hərflər. Bakı: “Təhsil”, 2019, ss. 421-423.

İMAMOV Məhəmməd Hacı Əbdüləziz oğlu

[10 (23).04.1890, Şəki-?]

Atası: Hacı Əbdüləziz İmam Mustafa oğlu. Tiflisdə 2-ci gildiya tacir idi.

Anası: Fatma Hüseyn bəy qızı.Haqqında bilgi çox azdır.


Bu yazını Moskva arxivində saxlanılan tələbə şəxsi işindəki bəlgələrə əsasən hazırlamışıq.


İmamov 17 sentyabr 1900-cü ildə Tiflis Kommersiya Məktəbinə daxil olaraq 30 may 1910-cu ildə orada orta təhsilini başa vurub. Attestatındakı 22 qiymətdən 1-i (şəriətdən) “5”, 13-ü “4”, qalanları “3”-dür. Bu, müqayisədə yaxşı nəticə sayılır.


28 iyun 1910-cu ildə Moskva Kommersiya İnstitutuna verilməsi üçün nəzərdə tutduğu qısa özkeçmişini yazıb. Bu sənədlə birgə, İnstitutun tələb etdiyi başqa bəlgələri də oraya təqdim edib. Onların arasında müfti Hacı Hüseyn əfəndi Qayıbzadənin imzaladığı doğum haqqında şəhadətnamə, Tiflis Şəhər İdarəsinin onun atası “Hacı Əziz İmam Mustafa oğlu İmamov”a 1899-cu ildə verdiyi 5313 saylı 2-ci gildiya tacirlik şəhadətnaməsi də var.


Maraqlı burasıdır ki, adıkeçən tələbə şəxsi işində İmamovun Moskva Kommersiya İnstitutunda oxumasına dair heç bir sənəd olmasa da bu ali məktəbin iqtisad bölməsinin sənaye yarımbölməsini uğurla bitirməsi haqqında ona verilmiş 30 may 1915-ci il tarixli 634 saylı diplomu əvəz edən müvəqqəti məzun şəhadətnaməsi saxlanılır. Bu, ona dəlalət edir ki, İmamovun təhsili ilə bağlı başqa sənədlərin də Moskva arxivində mövcudluğu mümkündür.

Qaynaq: MŞMDTA, f. 417, siy. 15, iş 127.


Doğum şəhadətnaməsi.

Diplomu əvəz edən müvəqqəti şəhadətnamə.