Fətəli bəy Axundzadə
Misir Mərdanov, Ədalət Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı). I cild. A hərfi. Bakı: “Təhsil”, 2018, ss. 362-364.
AXUNDZADƏ Fətəli bəy Rəşid bəy oğlu
[03 (16).07.1883-1937]
Atası: Rəşid bəy Mirzə Fətəli oğlu Axundzadə (1854-1909).
Anası: Məlikcahan xanım Hacı Böyük bəy qızı Nurubəyova (1870-1927).
Böyük Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin (1812-1878) nəvəsidir.
Öncə Peterburq Politexnik İnstitutunda oxuyub. Sonra Xarkov Universitetinə dəyişilərək orada hüquq fakültəsini bitirib (1902-1906).
Azərbaycan Cümhuriyyəti (1918-1920) dönəmində Fətəli bəyə mühüm vəzifələr etibar edilib. 22 oktyabr 1919-cu ildə Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Məhkəmə Odasının üzvü olan Fətəli bəy Axundzadə Bakı Dairə Məhkəməsinin sədri təyin edilib. Əlimizdə onun sədr kimi imzaladığı bir çox sənədlər var.
Sovet dövründə Axundzadənin hansı görəvlərdə çalışdığı və ümumən həyatı haqqında bilgimiz, demək olar ki, yoxdur. Ancaq Nərmin xanım Tahirzadənin bildirdiyinə görə, o, Stalin repressiyasının qurbanıdır.
Qaynaqlar: ARDA, f. 100, siy 2, iş 628; Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные акты. Баку: «Азербайджан», 1998, s. 375; Ziyadlı A.Ə. Nurubəyovlar. // ATŞCX, 2-cı buraxılış, ss. 48, 54-55; Tahirzadə Nərmin. Azərbaycan təhsil tarixi oçerkləri və ilk ali təhsillilərimiz. Bakı: “Nurlar”, 2015, s. 208.
Fətəli bəy atası Rəşid bəylə.
1917.
F.b.Axundzadə (sağda) qohumları ilə.