Məhəmməd Əfəndiyev
Misir Mərdanov, Ədalət Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı). II cild. B-Ə hərflər. Bakı: “Təhsil”, 2019, ss. 227-230
ƏFƏNDİYEV (ƏFƏNDİZADƏ) Məhəmməd[1] bəy Rəşid bəy oğlu
[05 (18).10.1887, Şəki-01.06.1977, Bakı]
Atası: Əfəndizadə (Əbdür)rəşid bəy İsmayıl əfəndi oğlu (1863-1942).
Anası: Zeynəb xanım Teymur bəy qızı.
Tiflis 1-ci kişi gimnaziyasında 1 sentyabr 1898-ci ildən 10 iyun 1908-ci ilədək oxuyaraq orta təhsilini başa vurub.
1908-ci ilin avqustunda İmperator Sankt-Peterburq Universiteti fizika-riyaziyyat fakültəsinin riyaziyyat elmləri bölməsinə qəbul edilib.
1913-cü ilin dekabrında Universiteti bitirib. Müxtəlif məktəblərdə müəllim işləyib.
1919-cu ildən Şəki kişi gimnaziyasının direktoru vəzifəsində çalışıb.
Sovet dönəmində Bakı müəllimlər hazırlayan 1-illik kursun türk bölməsində mühazirəçi (02.03.1921-dən), Xalq Maarif Komissarlığı (XMK) məktəb bölməsinin işçisi (1921), XMK baş peşə təhsili idarəsində əməkdaş (12.1922) olub.
Uzun illər Ali Pedaqoji İnstitutun pedaqoji fənlər müəllimi işləyib.
1934-1936-cı illərdə Azərbaycan Pedaqoji İnstitutu riyaziyyat və təbiiyyat elmləri fakültəsinin dekanı, 1935-1965-ci illərdə Azərbaycan Dövlət Universiteti riyazi analiz kafedrasının müdiri olub.
1943-cü ildə Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adı alıb.
1944-cü ildən professordur.
“Cəbrə aid proqram və tapşırıq”, “Matematik analizdən kontrol tapşırıqlar” (1935), “Adi diferensial tənliklər” (1950) və b. əsərlərin müəllifidir.
Lenin ordeni və 2 Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunub.
Qaynaqlar: SPb.MDTA, f. 14, siy. 3, iş 52499; ARDA, f. 57, siy. 1, iş 7, v. 16; Ali Pedaqoji İnstitutun salnaməsi. Bakı, 1924, s. 18; Rzayev A. Azərbaycanda sovet hakimiyyəti illərində ali pedaqoji təhsilin inkişafı tarixindən. Bakı: Azərnəşr, 1960, ss. 37-39; Məmmədov O.İ. Riyaziyyat elminin yaradıcıları haqqında. Bakı: “Maarif”, 1991, ss. 70-72; ASE, IV, s. 245;
[1] Adı sovet dönəmindəki sənədlərin çoxunda "Məmməd" kimi işlədilib.
Atası R.b.Əfəndiyev.
Anası Zeynəb xanım.
Məhəmməd bəy (arxada ortada) atası, anası (ortada) və əzizləri ilə. Qori,1913.
8. Məhəmməd bəy ahıl yaşlarında.