Rüstəm xan Xoyski
Misir Mərdanov, Ədalət Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı). III cild. F-İ hərflər. Bakı: “Təhsil”, 2019, ss. 382-388.
XOYSKİ Rüstəm xan İsgəndər xan oğlu
[15 (28).11.1888, Şəki-1939, Moskva]
Atası: İsgəndər xan Kəlbəli xan oğlu Xoyski.
Anası: Şəhrəbanu xanım Hacı Molla Zeynal qızı.
Azərbaycan Cümhuriyyətinin qurucularından olan görkəmli dövlət xadimi Fətəli xan Xoyskinin kiçik qardaşıdır.
Rüstəm xan haqqında ilk dəyərli yazını Cümhuriyyət xadimlərinin əksərinin həyatını ilk dəfə öyrənərək topluma təqdim etmiş mərhum fədai araşdırıcı Mövsüm bəy Əliyev yazıb. Onun 1991-ci ilin iyununda “Odlar yurdu” qəzetində dərc etdirdiyi “Rüstəm xan Xoyski” məqaləsi bu görkəmli şəxsiyyət haqqında indiyədək ortaya qoyulmuş ən qiymətli və etibarlı qaynaqlardandır. Xoyski haqqında bugünədək gerçəkləşdirilmiş nəşrlərin, demək olar ki, hamısı bu yazıdan bəhrələnib. Həmin məqalə bizim də başlıca bilgi qaynaqlarımızdandır.
Mövsüm bəy yazır ki, Xoyski Gəncə klassik gimnaziyasında orta təhsilini başa vurub (1906) və həmin il Peterburq Universitetinin hüquq fakültəsinə daxil olub. Burada o, Azərbaycandan getmiş tələbələrin təşkil etdiyi yerdaşlıq cəmiyyətinin üzvü idi. O, 1913-cü ildə hüquq fakültəsini bitirərək Gəncəyə dönüb və ixtisası üzrə çalışıb. Öncə Gəncə Dairə Məhkəməsində andçı müvəkkil müavini vəzifəsində işləyib, eyni zamanda Gəncənin ictimai-mədəni həyatına yaxından qatılıb. 1916-cı ildə Bakıya köçərək Bakı Dairə Məhkəməsində eyni vəzifədə bulunub.
İndi isə rəsmi nəşrlərə və bəlgələrə üz tutaq. Onlardan aydın olur ki, 1917-ci il Fevral inqilabından sonra Rüstəm xan ictimai-siyasi proseslərdə fəallıq göstərib. Bu zaman o, Bakı Dairə Məhkəməsi sistemində Məhəmmədyusif Cəfərov, Əli xan Kantemirov, Qasım Hacı Mahmud oğlu Qasımov, Əbumüslüm bəy İsrafilov, Həmid bəy Şahtaxtinski ilə birgə vəkil köməkçisi işləyirdi.
“Kaspi” qəzeti o dönəmdə yazır ki, 5 sentyabr 1917-ci ildə Ə.b.Topçubaşovun sədrlik etdiyi Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinin iclasında bu quruma yeni seçkilər keçirilib. Seçilənlər arasında Ə.b.Topçubaşov, M.Rəsulzadə, F.x.Xoyski, Ə.b.Əmircanov, M.Əsədullayev, M.b.Rəfiyev, B.x.Cavanşir, A.Kazımzadə, M.x.Təkinski, B.b.Aşurbəyov və b. tanınmış şəxslərlə birgə Rüstəm xan da vardı.
23 sentyabr 1917-ci ildə adıkeçən Komitənin növbəti yığıncağında bölmələrə də seçkilər keçirilib. Siyasi bölmənin 7 nəfərlik bu heyəti seçilərək təsdiqlənib: Qasım Qasımov, Əbülfəz Qarayev, Behbud xan Cavanşir, Rüstəm xan Xoyski, Musa bəy Rəfiyev, Bəhram bəy Axundov, Heybətqulu Məhəmmədbəyov.
1918-ci ilin 28 mayında Azərbaycan Cümhuriyyəti elan edildikdən sonra hökumətin başında durmuş böyük qardaşı Fətəli xanla birgə o da çiyinlərini dövlət işləri yükünün altına qoyub. Öncə Cümhuriyyət Heyəti-Vükəla (Nazirlər Şurası) İdarəsinin müdiri işləyib. Əlbəttə, bədxahlar bunu Fətəli xanın öz doğma qardaşına himayədarlığı kimi dəyərləndirə bilər, ancaq gerçəklik budur ki, o dönəmdə dövlətin ən önəmli bir qurumunu Baş nazir özünün ən inandığı adama etibar edə bilərdi, bu da, təbii ki, onun qardaşı idi.
Fətəli xan Xoyskinin 3-cü hökumət kabinəsində (26.12.1918-14.03.1919) Rüstəm xana ümuri-xeyriyyə (sosial təminat) naziri kürsüsü etibar edilib. O dönəmin rəsmi sənədləri ilə tanışlıq nazirin öz vəzifəsini bacarıqla yerinə yetirdiyini təsdiqləyir. Məsələn, Ermənistandan qovulmuş qaçqın soydaşlarımızın yerləşdirilməsi və onlara maddi yardım göstərilməsi kimi çox çətin bir vəzifənin ağırlığı əsasən onun üzərinə düşüb. Qaçqınlar probleminin nə qədər ağır olduğunu Ümuri-Xeyriyyə Nəzarəti (Sosial Təminat Nazirliyi) nümayəndəsi olan nazir müavini Rüstəm xanın da imzaladığı və Baş nazir Nəsib bəy Yusifbəyliyə göndərilmiş 18 oktyabr 1919-cu il tarixli geniş hesabat da sübut etməkdədir.
1919-cu ilin martında N.b.Yusifbəylinin qurduğu 4-cü hökumət kabinəsində V.Klenevski onu nazir kürsüsündə əvəz edib, o isə nazirin müavini olub. Buna baxmayaraq, işi yaxşı bildiyinə görə dəfələrlə naziri əvəz edib. Məsələn, ümuri-xeyriyyə (sosial təminat) naziri Klenevski 5 iyun 1919-cu ildə 47 saylı bu əmri imzalayıb:
“Bu gündən xidməti işlərlə bağlı olaraq Tiflis şəhərinə gedərək ümuri-xeyriyyə naziri vəzifəsinin müvəqqəti icrasını yoldaşım[1] Rüstəm xan Xoyskiyə həvalə edirəm”.
Xatırladırıq ki, Klenevski 18 oktyabr 1919-cu ildə 83 saylı və 3 dekabr 1919-cu ildə 102 saylı əmrləri ilə də vəzifəsini müvəqqəti olaraq Rüstəm xana tapşırıb.
Mövsüm bəyin yazdığına görə, Xoyski Nəsib bəyin təşkil etdiyi beşinci hökumət kabinəsində ümuri-xeyriyyə və səhiyyə nazirinin (deməli, Musa bəy Rəfiyevin) müavini təyin olunub. Təəssüf ki, əlimizdə bu haqda bəlgələr yoxdur.
Sovet dönəminin ilk illərində Xoyski bir müddət mühüm vəzifədə çalışıb. M.Əliyev onun Azərbaycan Dövlət Plan Komitəsində hüquq məsləhətçisi işlədiyini yazıb.
Mövsüm bəydən sonra Rüstəm xan haqqında ən dəyərli araşdırmanı Cümhuriyyət tariximizin görkəmli tədqiqatçısı prof. Nəsiman Yaqublu aparıb. Onun “Rüstəm xan Xoyski” adlı qiymətli yazısında oxuyuruq:
“Azərbaycanın 1920-ci ilin aprelin 27-də sovet rejimi tərəfindən işğalından sonra R.Xoyski bir müddət sosial təminat komissarının müavini işlədi. O, bu vəzifədə mayın 15-nə, yəni Sosial Təminat Komissarlığı Əmək Komissarlığı ilə birləşənə qədər çalışdı. O, sonradan bu işdən uzaqlaşdırıldı və N.Nərimanova müraciət etsə də işlə təmin olunmadı.
R.Xoyski 1920-ci ilin iyunun 5-də Nardaran kəndində olarkən həbs edildi.
R.Xoyski həbs olunanda anası Şəhrəbanı xanım yeganə sağ qalan oğlunu xilas etmək üçün Hərbi İnqilab Komitəsinin sədri N.Nərimanova xahiş ərizəsi yazdı. O, bu ərizəni yazanda böyük oğlu, Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının sədri F.x.Xoyski öldürülmüş, digər oğlu Hüseynqulu xan isə (o, Gəncənin qubernator müavini olmuşdu) Gəncə üsyanına rəhbərlik edənlər sırasında olduğuna görə Türkiyəyə getmək məcburiyyətində qalmışdır.
Şəhrəbanı xanımın üçüncü oğlunu bolşevik güllələnməsindən xilas etmək üçün N.Nərimanova yazdığı ərizədə çox təsirli sözlər vardı: “Mənim oğlum Rüstəm artıq beş aydır ki, Azərbaycan Fövqəladə Komitəsi tərəfindən həbs edilib və indiyə qədər həbsdədir... [...] Mən əminəm ki, bədbəxt ağbirçək ananın xahişi Sizin tərəfinizdən cavabsız qalmayacaq...”.
N.Nərimanov isə ərizəyə qəti cavab verə bilməyib...
R.Xoyski 1920-ci ilin 31 avqustuna qədər həbsxanada saxlanıldı”.
Xoyskinin FK yanında girov kimi saxlanılması haqqında Azərb. FK-nın 1920-ci il 21 avqust tarixli qərarına işıq salan N.Yaqublu bu cümləni işlədib ki, R.Xoyski həbsdən sürgünə göndərildi və sonradan Moskvaya getdi.
Xoyskinin Moskvaya getməsi və ölümü tarixi mübahisəlidir. Belə ki, M.Əliyev adıkeçən məqaləsində yazıb:
“1920-ci ilin axırında Moskvaya köçən R.Xoyski burada ailə həyatı qurmuş və müxtəlif dövlət idarələrində çalışmışdır”.
Xoyskinin Moskvaya köçməsi və orada işləməsi etiraz doğurmayan gerçəklikdir, ancaq bu tarixin 1920-ci ilin sonu olmadığını deməyə əsasımız var. Bu əsası bizə Xoyskinin əlimizdəki Azərbaycan İctimai Şura Cümhuriyyəti Ali İqtisad Şurası (AİŞ) katibi kimi imzalayaraq Azərbaycan KP MK Rəyasət Heyətinin katibi Pavlova ünvanladığı 25 may 1924-cü il tarixli 23 saylı tam məxfi məktub verir. O, həmin məktubla birgə AİŞ sədrinin müavini D.Bünyadzadənin göstərişinə əsasən Azərbaycan Xalq Komissarları Şurası (XKŞ) Özəl Komissiyasının 1, 2, 3 və 4 saylı iclaslarının protokollarının surətini Pavlova göndərib. Deməli, Rüstəm xan ən azından 1924-cü ildə Bakıda idi və mühüm vəzifədə çalışırdı.
Pavlova məktubda diqqəti çəkən bir də budur ki, XKŞ Özəl Komissiyasının iclaslarında da katibliyi Rüstəm xan edib; deməli, o yalnız AİŞ-da deyil, həm də XKŞ-da katib işləyirmiş.
M.Əliyev “Rüstəm xan Xoyski” məqaləsində qeyd edib ki, o, “1948-ci ildə Moskvada vəfat etmiş və sonralar dövlət tərəfindən fəxri qəbiristanlığa çevrilən Novodeviçye qəbiristanlığında dəfn olunmuşdur”. Bu məqalədən çox razı qalmış Zahid xan Xoylu “Odlar yurdu” qəzetinə məqalə müəllifi üçün Nyu-Yorkdan göndərdiyi məktubda ölüm tarixi məsələsinə də toxunub:
“Nəhayət, Sizdən əmim haqqında həqiqəti öyrəndim, lakin rəhmətlik atamın sağlığında eşitdiyimə görə, əmim Rüstəm xan 1922-25-ci illərdə Bakıda güllələnibdir”.
Prof. Nəsiman Yaqublu isə yazır:
“R.Xoyski... sonradan Moskvaya getdi, 1939-cu ildə orada vəfat etdi. R.Xoyski Novodeviçye monastrının qəbiristanlığında, qaynı – mühəndis İ.İ.Yutkeviçin yanında dəfn olundu”.
Biz ölüm tarixində N.Yaqublunun fikrinə üstünlük veririk, çünki o, Xoyskinin həyatını sənədlər üzrə daha incəliklə araşdırıb.
Qaynaqlar: ARDA, f. 8, siy. 1, işlər 16, 17; ARDA, f. 895, siy. 3, iş 196; ARPİİSSA, f. 1, siy. 74, iş 136; Yaqublu Nəsiman. Rüstəm xan Xoyski. // Cümhuriyyət qurucuları. Bakı: “Nurlar” NPM, 2018, ss. 375-377; Əliyev Mövsüm. Rüstəm xan Xoyski. // “Odlar yurdu”, iyun 1989; Xoylu Zahid xan. Bir nəslin nəsibi. // “Odlar yurdu”, 06.1991, № 12; «Каспий», 07(20).09.1917, № 200; 26.09(09.10).1917, № 214; «Кавказский календарь на 1917 г.». Тифлис, 1916, s. 653.
[1] Müavinim.
Deyilənə görə, bu, R.x.Xoyskidir. Soçi, 1937.
Sankt-Peterburqdakı azərbaycanlı tələbələrdən: 1) Rüstəm xan Xoyski, 3) Nəsrəddin
bəy Səfikürdski, 4) Camo bəy Hacınski. 1910-cu illər.