Mustafa Quluyev
Misir Mərdanov, Ədalət Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı). III cild. F-İ hərflər. Bakı: “Təhsil”, 2019, ss. 486-493.
QULUYEV Mustafa Zəkəriyyə oğlu
[12 rəcəb 1310 / 18.01 (01.02).1893, Şəki-03.07.1938]
Atası: Zəkəriyyə Mustafa xəlfə oğlu.
Anası: Fatma Hacı Əbdürrəhman qızı Nəbiyeva.
Şəki qəza rəisinin 8 iyul 1913-cü ildə verdiyi 125 saylı arayışdan aydın olur ki, Quluyev vergiödəyən təbəqəyə mənsubdur (tacir idi).
Tiflisdə İmperator I Aleksandr gimnaziyasında 6 il oxuyaraq (01.09.1907-07.06.1913) 8-siniflik tam orta təhsilini bitirib. 970 saylı kamal attestatında qiymətləri yalnız şəriətdən “5”, qanunşünaslıq, alman və fransız dillərindən “4”, qalan 8 fənnin hamısından “3”-dür.
O, 22 iyun 1913-cü ildə Şəkidən Kiyev Müq. Vladimir Universitetinin rektoruna ərizə göndərərək fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsinə götürülməsini istəyib. Ərizənin üstündə ünvanını belə göstərib: Gəncə valiliyinin Şəki şəhəri, Yuxarı Karvansara, Hacı Əbdürrəhman Nəbiyevin mağazası.
Həmin ilin sentyabrında attestatına əsasən istədiyi Universitetin istədiyi fakültəsinin istədiyi bölməsinə qəbul edilib və orada oxumağa başlayıb.
28 iyul 1914-cü ildə 3-cü semestr tələbəsi ikən Tiflisin Hərbi küçəsindəki 11 saylı evdən Universitetin rektoruna ərizə yazıb ki, Moskva şəhərində yaxın qohumlarım olduğuna görə Moskva Universitetinin 3-cü semestr tələbələri sırasına dəyişdirilməyimi xahiş edirəm. Bu ərizəni nəzərə alan Kiyev Universitetinin rektoru 16 avqust 1914-cü ildə Moskva Universitetinin rektoruna 12843 saylı məktub göndərərək Quluyevin arzusunu bildirib və tələbənin dəyişilməsinə etirazı olmadığını qeyd edib. İndi bizə bəlli olmayan hansı səbəbdənsə bu dəyişilmə baş tutmayıb.
Quluyev az sonra rəsmən Xarkov Universitetinə keçmək istəyib, ancaq 3 sentyabr 1915-ci ildə Xarkov Universitetinə dəyişilməsi haqqında ərizəsinə baxılmamasını öz rektorundan rica edib, halbuki bu vaxt – 10 sentyabr 1915-ci ildə Kiyev Universitetinin rektoru Xarkovdakı mənsəbdaşına Quluyevin dəyişilməsi haqqında məktubu artıq yazmış və onun dəyişilməsinə razılıq almışdı. Quluyevin ərizəsindən sonra bu məktubun icrası dayandırılıb.
Kiyev Universiteti fizika-riyaziyyat fakültəsinin 21 may 1918-ci il tarixli iclasında 8-ci semestr tələbəsi Quluyevə diplomu müvəqqəti əvəz edən buraxılış şəhadətnaməsinin verilməsi qərara alınıb.
1918-ci ilin yanvarında Kiyevdə bolşeviklər partiyasına girən Quluyev həmin şəhərdə qalaraq çox keçmədən RK(b)P Kiyev Komitəsi tatar (türk) bölməsinin sədri olub və bu vəzifədə 1919-cu ilədək çalışıb.
1919-cu ildə Bakıya gələrək bolşevik fəaliyyətini davam etdirib. Çox keçmədən Lənkərana göndərilərək orada partiya özəkləri yaradıb və Azərbaycan Cümhuriyyətinə qarşı fəaliyyətdə bulunub.
1920-ci ilin aprelində Cümhuriyyət rus süngüləri ilə devrildikdən sonra o, Lənkəran İcraiyyə Komitəsinin sədri təyin edilib və bu vəzifəni 1921-ci ilədək daşıyıb.
1921-1922-ci illərdə Bakıda AK(b)P Qaraşəhər rayon komitəsinin katibi işləyib.
21 iyun 1922-ci ildə Azərbaycan Xalq Komissarları Şurası (XKŞ) onu xalq maarif komissarı və Komissarlıq kollegiyasının üzvü kimi təsdiqləyib. Ancaq işinə 1 həftə sonra – 27 iyunda başlayıb. Xatırladırıq ki, o dönəmdə Maarif Komissarlığının fəaliyyət dairəsi olduqca geniş idi – o yalnız orta, ali və ixtisas təhsili ilə məşğul olmur, əslində indiki Yazıçılar Birliyi, Mədəniyyət, Mətbuat və İnformasiya Nazirliklərinin də vəzifələrini yerinə yetirirdi. Komissar Quluyev eyni zamanda “Maarif və mədəniyyət” jurnalının da redaktoru idi (1923-1926).
Xalq maarif komissarı Quluyev ölkədə maarif və mədəniyyətin inkişafı üçün bir sıra önəmli işlər görüb. O, Xalq Komissarları Şurası qarşısında bu sahələrlə bağlı bir çox vacib məsələlər irəli sürüb. Məsələn, 9 iyul 1922-ci ildə o, BDU-nun tarix-filologiya fakültəsinin Şərq bölməsi əsasında Şərq fakültəsinin yaradılması haqqında XKŞ-nin iclasında məruzə edib və məsələni müsbət həll etdirə bilib. Həmin ilin 25 oktyabrında isə Quluyevin XKŞ-nin iclasında qaldırdığı və məruzə etdiyi 6 məsələ özünün müsbət həllini tapıb. Onlardan ən önəmliləri. Azərbaycan Qadın Məktəbəqədər Tərbiyə İnstitutunun Azərbaycan Qadın Pedaqoji İnstitutuna çevrilməsi kimi mühüm təklif müsbət qarşılanıb və Maarif Komissarlığına tapşırılıb ki, bu məsələ ilə bağlı geniş smeta hazırlasın. (XKŞ-nin 21 noyabr 1922-ci ildəki iclasında bu məsələ haqqında yenidən məruzə edən Quluyev nəinki, yeni İnstitutun yaradılmasına, hətta ona 5 milyard 895 milyon manat ayrılmasına nail olub). Şəkidə məktəblərin təmiri məsələsinin müzakirəsi həmin məktəblərin təsərrüfat xərclərinin iri müəssisələrin hesabına ödənməsi qərarı ilə nəticələnib. Komissar Türk Konservatoriyasının dövlət təchizatına keçirilməsi məsələsini də qaldırıb. Bundan sonra XKŞ qərara alıb ki, Türk Konservatoriyası təsərrüfat hesabına keçirilsin və maliyyə vəsaiti çatmazsa onları dövlət ödəsin.
14 noyabr 1925-ci ildə Azərbaycan K(b)P MK Katibliyinin iclasının 56 saylı protokolunda 29-cu məsələ xaricdə oxuyan azərbaycanlı tələbələrin siyahısına baxan komissiyanın yaradılması olub. Sədr Ruhulla Axundov, üzvlər Əliheydər Qarayev və Mustafa Quluyev olmaqla komissiya yaradılıb.
Bu dövrdə Quluyev özünü fəal maarif xadimi, ədəbiyyat tənqidçisi, teatrşünas və sənət nəzəriyyəçisi kimi tanıda bilib.
1927-ci ilədək xalq maarif komissarı vəzifəsində çalışan Quluyev 1924-cü ildən eyni zamanda Ali Pedaqoji İnstitutda siyasi iqtisad müəllimi də işləyib. Ancaq sənədlər onun başqa işlərdə də çalışdığını və bu dönəm həyatında sarsıntılar olduğunu da özündə əks etdirir. Dediyimizə sübut olaraq Quluyevin tərcümeyi-halına düşməmiş bir önəmli faktı burada oxucularımızla paylaşırıq. Belə ki, 13 oktyabr 1924-cü ildə AK(b)P Nəzarət Komissiyası Partiya Kollegiyasının İkinci Partiya Üçlüyünün iclasında (41 saylı protokol) bəlli olub ki, Mustafa Quluyev üç dəfə töhmət almasına baxmayaraq özək iclaslarına ardıcıl gəlmədiyinə görə AK(b)P Şəhər Rayon Komitəsi Rəyasət Heyətinin 21 avqust 1924-cü ildəki iclasının qərarı ilə partiyadan çıxarılıb. Bundan başqa, Nəzarət Komissiyasına onun əleyhinə son vaxtlar kassir işlədiyi XDİK-dan da material gəlib. Nəzarət Komissiyasının 13 oktyabr iclası keçirilən zaman Quluyev Azərbaycan “ÇK”-sında həbsdə imiş və Komissiyanın bu iclası da onun partiyadan çıxarılma qərarını təsdiqləyib.
Quluyev 1927-1928-ci illərədə AK(b)P Bakı Komitəsində təşviqat və təbliğat şöbəsinin müdiri idi.
1928-1929-cu illərdə yenidən Azərbaycan xalq maarif komissarı vəzifəsinə qaytarılıb.
O, Azərbaycan və Zaqafqaziya Mərkəzi İcraiyyə Komitələrinin, AK(b)P Mərkəzi Komitəsi və Bakı Komitəsinin üzvü seçilmişdi.
1929-cu ildə Qazaxıstana göndərilən Quluyev orada xalq maarif komissarı, sonra isə ÜK(b)P Çimkənd şəhər komitəsinin katibi işləyib.
Moskvada Qırmızı Professorlar İnstitutunu bitirdikdən sonra Qarayazı Maşın-Traktor Stansiyası siyasi şöbəsinin rəisi olub.
Ən son iş yeri və vəzifəsi Ukrayna K(b)P Odessa Vilayət Komitəsində məktəb və elm şöbəsinin müdirliyidir.
ARPİİSSA-də saxlanılan 331 saylı işdə Quluyev əleyhinə erməni M.Arutyunov’dan tutmuş Şaumyan adına İnstitutun böyük elmi işçisi B.Əsgərov’adək neçə-neçə adamın ittihamnamələri toplanıb. Bu bəlgələr az sonra onun güllələnməsinə əsas oldu.
“İndi Moskvada olan” Quluyevin həbs edilməsinə 1937-ci ilin 2 avqustunda Azərbaycan çekistlərinin başçısı Sumbatov icazə verib. Halbuki hələ 5 iyulda Ukrayna XDİK Odessa Vilayət İdarəsi onu həbs edərək Odessa zindanında saxlayırdı. Tutulduğu zaman Ukrayna K(b)P Odessa Vilayət Komitəsinin məktəb və elm şöbəsinin müdiri idi. O, 4 avqustda Bakıya gətirilib.
Dustaq anketində ailə tərkibi belə göstərilib: arvadı Yelizaveta İvanovna (32 yaş), oğlu Saləddin (15 yaş), qızı Səltənət (12 yaş), oğlu Boris (6 yaş). Ailəsi Odessada yaşayır.
Bakıda onun istintaqını dövlət təhlükəsizliyi baş leytenantı Qvozdev aparıb. Müstəntiqin savadının və Azərbaycan xalqına bələdliyinin dərəcəsi Quluyevin dustaq anketində ölkəmizin adını “Azelbadjan” yazmasından bəlli olur.
Quluyev 1 dekabr 1937-ci ildə xalq düşməni kimi partiyadan da çıxarılıb.
O, 1918-ci ildən həyatının 19 ilini kommunist partiyasına vermişdi. Bu partiyanın onun da fəal iştirakı ilə yaratdığı allahsız və qaniçən rejim milyonlarca partiyadaşı kimi Quluyevi də öz qurbanına çevirdi. Kommunistlər onu “xalq düşməni” və “vətən xaini” elan edərək 3 iyul 1938-ci ildə mərhəmətsizcəsinə güllələdilər.
19 avqust 1955-ci ildə Bakıda Çkalov küçəsində[1] 1-ci döngənin 4-cü evində yaşayan və Quluyevin Mariya Vladimirovna’dan olan qızı Səltənət Quluyeva xüsusi işlər üzrə hərbi prokurorun müavini Çesnokov’a ərizə yazaraq atasının günahsız olduğunu bildirib və ona bəraət verilməsini xahiş edib. Quluyevə 1956-cı ildə bəraət verilib.
Qaynaqlar: KŞDA, f. 16, siy. 464, iş 5705; ARDA, f. 57, siy. 1, iş 231; ARDTXA, PR-23215; ARPİİSSA, f. 1, siy. 74, iş 655, v. 68b; ARPİİSSA, f. 1, siy. 122, iş 331; Ali Pedaqoji İnstitutun salnaməsi. Bakı, 1924, s.18; Azərbaycanda Sovet hakimiyyəti uğrunda fəal mübarizlər. Bakı: Azərnəşr, 1958, ss. 245-246; Salmanov Şamil. Mustafa Quluyev. // Fikrin karvanı. Bakı: “Yazıçı”, 1984, ss. 135-148; Babayeva Qızqayıt. Mustafa Quluyev. (Taleyi və irsi). Bakı: “Ozan”, 1999; Azərbaycan İnqilab Komitəsi və Xalq Komissarları Soveti iclaslarının protokolları (1920-1922-ci illər). Bakı: “Çaşıoğlu”, 2009, s. 539; Керимова Тaмилла. Из истории Национальной Академии Наук Азербайджана. Баку: «Тахсил», 2005, ss. 421-422.
[1] İndiki Niyazi küçəsi.
1. Zəkəriyyə Quluyev Qori şəhərində. Foto: Rəşid bəy Əfəndizadəgildə. 1902.
Doğum şəhadətnaməsinin tərcüməsi.
4. Xalq maarif komissarı M.Quluyev. 1925.
8. Mustafa Quluyevin həyatının son fotosu. 1937.