Möhsün bəy Əmircanov
Misir Mərdanov, Ədalət Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı). II cild. B-Ə hərflər. Bakı: “Təhsil”, 2019, ss. 477-482.
ƏMİRCANOV Möhsün bəy Süleyman bəy oğlu
[02 (15).12.1859, Şəki - ?]
Atası: kollej assesoru Süleyman bəy Əmircanov.
Anası: Dostuxanım xanım Hacı Məhəmmədağa qızı.
“İlk Azərbaycan şərqşünasları” deyilərkən soydaşlarımız hamıdan öncə Mirzə Cəfər Topşubaşovu və Mirzə Kazım bəyi göz önünə gətirirlər. Əlbəttə, bunlar dünya şöhrətli azərbaycanlı şərqşünas professorlardır, ancaq Avropa təhsili görmüş bir çox şərqşünaslarımızın adlarını belə bilmirik. Onlardan biri də Sankt-Peterburq İmperator Universitetinin yetirməsi Möhsün bəy Əmircanov’dur.
Əmircanovun atası Süleyman bəy görkəmli ictimai-siyasi xadim, ilk Azərbaycan Cümhuriyyətinin (1918-1920) qurucularından biri olmuş Əbdüləli bəy Əmircanov’un (1874-1948) babası Əliəşrəf bəy’in qardaşıdır. 1860-cı ildə tərtib edilmiş “Şəki şəhərinin müsəlman məmur və bəylərinin siyahısı”nda Möhsün bəyin 1 yaşlı körpə olduğu göstərilib.
Bu başdan bildiririk ki, arxiv sənədlərində soydaşlarımızın ad-soyadı bəzən elə yanlış yazılır ki, onların gerçək şəklini müəyyənləşdirmək mümkün olmur. Hətta bəzən bu da kömək etmir. Məsələn, Əmircanovun adı şəxsi işindəki sənədlərdə rusca “Massum”, “Mosxun”, “Movsum” , “Muxsun” , “Muqsun” kimi yazılıb. Belə olduqda, bizcə, bircə yol qalır – ən etibarlı sənədə güvənmək. Əmircanovun işindəki belə bir sənədi isə Sankt-Peterburq Universitetinin ona 1885-ci ildə verdiyi attestatı sayaraq oradakı “Muqsun” (Möhsün) yazılışını əsas götürürük.
Sankt-Peterburq Mərkəzi Dövlət Tarix Arxivində saxlanılan tələbə şəxsi işindəki sənədlər içərisində “Mosxun” bəy Əmircanova verilmiş kamal attestatı önəmli bəlgələrdəndir. Burada göstərilir ki, müsəlman, Gəncə vilayəti bəylərindən olan, Şəki şəhərində 2 dekabr 1859-cu ildə doğulmuş “Mosxun” bəy 4 il özəl gimnaziyada və 6 il Tiflis gimnaziyasında oxuyub. Qiymətləri o qədər də yüksək deyil – “3 və 4”-dür. Gimnaziyanı 1881-ci ildə bitirib.
Orta təhsilini başa vuran kimi Əmircanov sənədlərini Sankt-Peterburq İmperator Universitetinə təqdim edib. Əlbəttə, həmin sənədlərin hamısı bu gün bizim üçün maraqlıdır, ancaq onların içərisindəki Süleyman bəyin əmək dəftərinin surəti daha önəmlidir.
Tələbələrin sinfi mənşəyini, sosial durumunu müəyyənləşdirmək ali məktəb rəhbərliyi üçün çox əhəmiyyətli idi. Valideynin cəmiyyətdə, yaxud dövlət həyatında tutduğu yer tələbənin ali məktəb həyatında və məktəbi bitirdikdən sonrakı dönəmində də öz izini buraxırdı. Valideynin çini və aldığı mükafatlar nə qədər böyük olardısa tələbəyə “yuxarıdan” inam da o qədər güclü olurdu. Buna görə də ali məktəb rəhbərliyi dövlət qulluğunda bulunan valideynlərin sənədlərini tələb edirdi.
Kollej assesoru Süleyman bəy Əmircanovun xidməti haqqında 15 oktyabr 1877-ci ildə tərtib edilmiş əmək dəftərində oxuyuruq ki, Süleyman bəy Abdulla bəy oğlu Əmircanov 51 yaşındadır (deməli, 1826-cı ildə doğulub), müsəlmandır, xaçpərəst olmayanlara verilən 3-cü dərəcəli Müq. Stanislav ordeni alıb. Bəy rütbəsi var. Şəki şəhərində qardaşları ilə birlikdə daş evi və torpaq sahəsi var. O, müsəlman Dostuxanımla evlənib. Bu övladları var: oğulları “Mövsüm” – 17 yaş, Yusif – 15 yaş, Abdulla – 10 yaş və Musa – 7 yaş; qızları Sitarə – 20 yaş, Əzizə – 5 yaş. Böyük oğlu Tiflisdə oxuyur, qalanları onun yanındadır; hamısı müsəlmandır.
Möhsün bəy 31 mart 1881-ci ildə Sankt-Peterburq Universiteti Şərq dilləri fakültəsinin türk-ərəb bölməsinə qəbul olunub.
Düzdür, onun atası Şəkinin köklü bəylərindən idi, ancaq, görünür, hansı səbəbdənsə təhsil haqqını ödəməkdə problem yaranıb. I kurs tələbəsi “Muqsun” bəy Əmircanov 7 oktyabr 1881-ci ildə rektora ərizə yazaraq xahiş edib ki, mühazirələri dinləmək üçün ödəməyə vəsaitim olmadığına görə məni ödənişdən azad etmək haqqında sərəncam verəsiniz.
Möhsün bəyin gerçəkdən yoxsul durumda olduğunu Sankt-Peterburq ober-polismeyster dəftərxanasından 2 iyun 1882-ci ildə verilmiş 91679 saylı arayış da təsdiqləyir. Universitet rektoruna ünvanlanmış bu bəlgədən oxuyuruq ki, Universitetin Drovyan döngəsi 9 saylı evdə yaşayan tələbəsi “Muqsun” bəy Əmircanov Universitetdən təqaüd almaq üçün ona kasıblığı haqqında arayış verməyimizi xahiş edib. Polisin toplayaraq əldə etdiyi bilgilərdən görünür ki, ərizəçi 22 yaşındadır, əxlaqı və həyat tərzi yaxşıdır, durumu yoxsuldur, əynindəki paltardan başqa heç bir əşyası yoxdur, xəzinədən təqaüd və daimi heç bir yardım almır, Gəncə vilayətinin Şəki şəhərində öz evində yaşayan valideynləri var, qardaşları: Yusif – 17 yaş, Qori Müəllimlər Seminariyasında xəzinə hesabına oxuyur, Abdulla – 14 yaş, Musa – 10 yaş, bacıları: Sitarə – 20 yaş, Əzizə – 9 yaş, hamısı valideynlərinin yanındadır. Düzdür, ərizəçi valideynlərindən yardım alır, ancaq bu, çox nadir hallarda, hədsiz məhdud miqdarda olur və özünü saxlamağa ehtiyac duyur.
14 may 1884-cü ildə Universitet dəftərxanasının şəhər polis idarəsinə göndərdiyi təliqədə bildirilir ki, “Muxsun” Əmircanov Şərq dilləri fakültəsinin III kurs tələbəsidir və Neva prospektindəki 88 saylı evin 66-cı mənzilində yaşayır.
Əmircanovun şəxsi işindəki son sənəd 11 sentyabr 1885-ci ildə verilmiş attestatdır. Əslində diplomu əvəz edən bu bəlgədə Sankt-Peterburq Universitetinin Şurası bəyan edir ki, 25 yaşlı, müsəlman Möhsün bəy Əmircanov 31 avqust 1881-ci ildə Universitet tələbələri sırasına qəbul edilib, Şərq dilləri fakültəsi ərəb-fars-türk-tatar bölməsi üzrə elmlərin bütün kursunu dinləyib və imtahanlarda bu nəticələri göstərib: fars dili, fars ədəbiyyatı tarixi, Osmanlı dili, Şərq tarixi, İran tarixi, Türkiyə tarixi, rus dövlət hüququ, siyasi iqtisad, fransız dili – “əla”, türk-tatar dili, Türk qəbilələrinin təsviri, Şərq numizmatikası, müsəlman şəriəti, maliyyə hüququ – “yaxşı”, ərəb dili, ərəb ədəbiyyatı tarixi və polis hüququ – “kafi”, buna görə də Şərq dilləri fakültəsi onu həqiqi tələbə rütbəsinə layiq görüb... S.-Peterburq İmperator Universitetinin Şurası 2 sentyabr 1885-ci ildə bu rütbəni təsdiqləyib. Bu sənədlə Əmircanova Rusiya İmperiyası qanunları ilə həqiqi tələbə rütbəsinə aid edilən bütün hüquq və üstünlüklər verilir. Attestatı Universitetin rektoru Andreyevski, fakültə dekanı Vasilyev imzalayıblar.
Qaynaqlar: SPb.MDTA, f. 14, siy. 3, iş 21576; ARTA, f. 10, siy. 1, iş 79; Tahirzadə Ədalət. Peterburqda oxumuş tələbələrimiz. // Azərbaycan müəllimi. 02.03.2012.
Doğum şəhadətnaməsi.