Əbdüləli bəy Əmircanov
Misir Mərdanov, Ədalət Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı). II cild. B-Ə hərflər. Bakı: “Təhsil”, 2019, ss. 455-463.
ƏMİRCANOV Əbdüləli bəy Şirəli bəy oğlu
[18 (31).05.1874, Şəki-1948, İstanbul]
Əbdüləli bəy haqqında ilk yazını Cümhuriyyət tariximizin görkəmli araşdırıcısı mərhum Mövsüm bəy Əliyev (1939-1997) yazıb. Onun hələ arxivlərin açılmadığı sovet dönəmində dərc olunmuş çox dəyərli məqaləsindəki bir başlıca yanlışlıq sonrakı bütün araşdırmalarda da özünü göstərməkdədir. Belə ki, Mövsüm bəy Tiflisdə Müəllimlər İnstitutunu bitirmiş Abdulla bəy Əmircanovla Əbdüləli bəyi qarışıq salıb.
1860-cı ildə tərtib edilmiş Şəki şəhərinin müsəlman məmur və bəylərinin siyahısından aydın olur ki, Əmircanovlar Abdulla bəy Əmircan bəy oğlu’nun törəmələridir. Onun 5 oğlu olub: praporşik Əliəşrəf bəy (37 yaş), Əliəkbər bəy (34 yaş), kollej qeydiyyatçısı Süleyman bəy (32 yaş), Əliəsgər bəy (30 yaş), Qafar bəy (27 yaş). Onun böyük oğlu Əliəşrəf bəyin isə 4 oğlu vardı: Şirəli bəy (17 yaş), Lütfəli bəy (ölüb), Cavad bəy (10 yaş), Vahid bəy (2 yaş).
Əbdüləli bəyin atası Şirəli bəydir (1847-1922).
29 may 1884-cü ildə İmperatorun fərmanı ilə Gəncə Valilik İdarəsindən vali general-mayor knyaz Nakaşidzenin imzası ilə verilmiş attestatdan öyrənirik ki, Cavanşir qəzasının rəisi, kollej katibi[1] Şirəli bəy Əliəşrəf bəy oğlu Əmircanovun 41 yaşı var; qeyri-xristianlar üçün 3-cü dərəcəli Müq. Anna və 3-cü dərəcəli Müq. Stanislav ordenləri var; bəydir; dədə-baba mülkü var: Şəki şəhərində 2 evi, Suçma kəndinin yarısı, əkin, biçin və otlaq yerləri, Şəki qəzasında abad mülkü, əkin və otlaq yerləri var; Şəki qəza məktəbinin tam kursunu bitirib; Bakı Valilik İdarəsinin 10 mart 1864-cü il qərarı ilə kiçik dəftərxana işçisi kimi Şəki Qəza İdarəsində qulluğa başlayıb; 29 sentyabr 1868-ci ildən orada tərcüməçi vəzifəsinə təyin edilib; 13 iyul 1875-ci ildən Şəki şəhər 2-ci hissəsinin pristavı, 14 oktyabr 1877-ci ildən Şəki qəzasının polis pristavı, 6 fevral 1879-cu ildən Gəncə valisinin tərcüməçisi, 7 noyabr 1880-ci ildən Şəki qəzasının polis pristavı, 28 sentyabr 1881-ci ildən Cavanşir qəzasının rəis müavini əvəzi, 13 aprel 1883-cü ildən Cavanşir qəzası rəisinin əvəzi təyin edilib; yürüş və döyüşlərdə olmayıb; kornet Mustafa ağa Şəkixanovun qızı Fatma xanım’la evlənib; oğulları: Əbdüləli bəy (doğ. 18.05.1874), Lütfəli bəy (23.11.1875-1942, İstanbul) və Haşım bəy (doğ. 25.06.1879). [Başqa bir sənəddə bu qızları da göstərilib: Bilqeyis xanım (doğ. 1889), Dilaram xanım (doğ. 1892), Xanım xanım (doğ. 1896)].
İki məsələni xatırlatmağı faydalı bilirik. Birincisi, bu sənəddə adı çəkilən Mustafa ağa Şəkixanov Şəkinin son xanlarından Kərim ağa Fateh’in (1788-13.01.1859) oğlu, məşhur şair Mustafa ağa Şuxidir (?-10.1895). İkincisi, əlimizdəki bir sənəddə Şirəli bəyin doğum tarixi (15.03.1847), 1895-ci ilədək Cavanşir qəzasının rəisi, 1895-ci ildən Şəki şəhərinin başçısı, 1917-ci ilin yanvarından Şəki qəzası 1-ci sahəsinin sülh araçısı, Azərbaycan Cümhuriyyəti dönəmində isə 14 sentyabr 1918-ci ildən Şəki Sülh Bölməsinin sülh hakimi işlədiyi göstərilib.
Əmircanov orta təhsilini Gəncə gimnaziyasında alıb. Ali məktəbə girmək üçün zəruri olan əlavə 8-ci sinfi də burada bitirib (06.06.1895).
22 iyul 1895-ci ildə “zadəgan Əbdüləli bəy Şirəli bəy oğlu Əmircanov” Şəkidən Moskva İmperator Universitetinin rektoruna ərizə yazaraq göndərib ki, keçən ilin 27 iyununda təbiiyyat fakültəsinə girməyim haqqında verdiyim ərizəyə baxmayın, ikinci ərizəmi nəzərə alaraq məni hüquq fakültəsinə qəbul edin. Bütün sənədləri yerində olan Əmircanov Universitetə götürülüb və burada çox yaxşı qiymətlərlə oxuyub.
Universitet Hüquq İmtahan Komissiyasının 31 may 1899-cu il qərarı ilə o, 1-ci dərəcəli diploma layiq görülüb. 17438 saylı diplom 2 avqust 1899-cu ildə hazır olub.
Moskva Şəhər Mərkəzi Dövlət Tarix Arxivində saxlanılan tələbə şəxsi işində onun mülki hüquq fənnindən dövlət imtahanı verərkən yazdığı 4 səhifəlik iş qalmaqdadır.
Əmircanov 24 mart 1900-cü ildə Universitetin tələbələr müfəttişinə ərizə yazaraq diplomunun ona göndərilməsini xahiş edib. Moskva Universiteti 31 mart 1900-cü ildə ona çatdırmaq üçün diplomu Şəki Şəhər Polis İdarəsinə göndərib və o da 14 apreldə alıb.
O, 1 iyul 1899-cu ildə Universitetin yenə tələbələr müfəttişinə ərizə yollayaraq işə girməsi üçün gərək olan siyasi etibarlılıq haqqında arayış istəyib.
15 sentyabr 1899-cu ildə Bakı Dairə Məhkəməsində məhkəmə vəzifələrinə kiçik namizəd təyin edilən Əmircanov 18 yanvar 1900-cü ildən 16 iyun 1902-ci ilədək Bakı Xəzinə Odasında masa rəisi işləyib, eyni zamanda Bakı valiliyi və Dağıstan vilayətinin vergi müfəttişi vəzifəsini icra edib.
O, 16 iyun 1902-ci ildə Lənkəran sahəsinin vergi müfəttişi təyin edilib. 1905-ci ilin fevralında Bakı şəhərinə eyni vəzifəyə dəyişdirilib və 16 iyun 1918-ci ilədək həmin vəzifədə çalışıb.
Bakıya gəlincə ictimai işlərdə fəallıq göstərməyə başlayıb. Məsələn, rusca “Baku” qəzeti 1906-cı ilin yanvarında xəbər verir ki, təşəbbüskarlar Əbdüləli bəy Əmircanov və Lütfəli bəy Behbudov “Nicat” adlı müsəlman qiraətxanası açmaq üçün general-qubernatora müraciət ediblər. Həmin qəzetin mart ayındakı başqa bir xəbərdə isə bildirilib ki, Quberniya küçəsində, Əjdər bəy Aşurbəyovun evində “Nicat” (qəzetdə yanlış olaraq: “Edjavat”) müsəlman kitabxanası açılıb.
“Həyat” qəzetinin 1906-cı il 75-ci sayında Əmircanovun müsəlmanlar arasında faydalı kitabların satılmamasından gileylənən bir məqaləsi dərc edilib. Burada o, Əbdürrəhim Talıbzadə, Mirzə Həsən əfəndi Əlqədari kimi dəyərli müəlliflərin əsərlərinin satılmadığını təəssüflə qeyd edib.
Müsəlmanlar arasında maarif yayan “Nəşri-maarif” Cəmiyyətinin 24 noyabr 1906-cı ildə keçirilmiş yığıncağında Əbdüləli bəy təftiş komissiyasının üzvü seçilib.
1907-ci ildə “İrşad” qəzetinin bağlanmasına etiraz edən müsəlman ziyalılarının etiraznaməsini Əmircanov da imzalamışdı.
Bakı Şəhər Dumasına 1907-ci ildə keçirilmiş 9-cu seçkidə seçilən 46 müsəlman deputat içərisində Əmircanovun da adını oxuyuruq. O, 4 il Duma üzvü, eyni zamanda Bakı Şəhər İdarəsi Məktəblər Komissiyasının üzvü olub. Adıkeçən Komissiyaya seçilməsi heç də təsadüfi deyildi, çünki o, maarif məsələləri ilə yaxından maraqlanırdı.
1908-ci ildə Bakı Şəhər İdarəsində müzakirə olunan məsələlərdən biri də sünni “Tərəqqi” məktəbinin şəhər himayəsinə götürülməsi idi. Bu məsələ ilə məşğul olmağı İdarə Komissiya üzvləri Əhməd bəy Ağayev və Əbdüləli bəy Əmircanova tapşırmışdı. Sonuncu bu problemi incəliklə araşdırmış və İdarənin 15 sentyabr 1908-ci ildəki iclasında özünün müsbət rəyini vermişdi. Buna əsasən İdarə 4 noyabr 1908-ci ildə həmin məktəbi şəhər himayəsinə götürmək, onun hər illik 4300 manatlıq məsrəflərini ödəmək haqqında qərar çıxarmışdı.
Milli burjuaziyanın görkəmli nümayəndələrindən İsa bəy Əlibəyov öz evini boşaldaraq “Nicat” cəmiyyətinə vermək istəyirdi. Bu məqsədlə o, Cəmiyyətin təftiş komissiyasının üzvü və yaxın qohumu Əmircanovu vəkil etmişdi.
Bakı Şəhər Duması 1 aprel 1914-cü il tarixli iclasında Məktəblər Komissiyasının təqdimatı ilə kollej müşaviri, Bakı şəhəri 2-ci sahəsinin vergi müfəttişi Əmircanovu 4 illiyə Bakı Kommersiya Məktəbinin Hamilər Şurasına üzv seçib.
1917-ci ilin oktyabrında Bakı Dumasına keçirilmiş 12-ci seçkidə Bakı Müsəlman İctimai və Siyasi Təşkilatları Komitəsindən seçilmiş 15 deputatdan biri də Əmircanov idi. O, Dumanın torpaq komissiyasının üzvü idi.
Azərbaycan Cümhuriyyəti hökuməti 16 iyun 1918-ci ildə Gəncəyə köçdükdən sonra Məhəmmədəmin Rəsulzadənin dəvəti və tövsiyəsi ilə bitərəf Əmircanova Fətəli xan Xoyskinin 2-ci kabinəsində maliyyə naziri kürsüsü tapşırılıb. O, 6 oktyabr 1918-ci ildə bu kürsünü xələfi Məhəmmədhəsən Hacınskiyə təhvil verib, özü isə həmin tarixdən dövlət nəzarətçisi (bu da nazirə bərabər vəzifə idi) təyin edilib. Xoyskinin 2-ci kabinəsi 7 dekabr 1918-ci ildə istefa verdikdə Əmircanov da vəzifəsi ilə vidalaşmalı olub.
Əmircanov Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanına (Parlamentinə) da üzv seçilmişdi. Parlamentdə bitərəflər qrupuna daxil olaraq maliyyə-büdcə və sorğu komissiyalarının üzvü idi. Məclisdə maliyyə məsələləri üzrə ən mühüm məruzələrin bir çoxunu Əmircanov deputatlara təqdim etməklə yanaşı, onlara ciddi şərh də verirdi.
Mülki müşavir Əmircanov ədliyyə naziri Teymur bəy Makinskinin 18 mart 1919-cu il tarixli əmri ilə 1 yanvardan Bakı Dairə Məhkəməsinin fəxri sülh hakimi vəzifəsinə təyin edilib.
O, xarici ölkələrlə ticarət əlaqələri yaratmaq üçün 1919-cu ilin ortalarda Bakıda "Dəyanət" şirkətinin təsis olunmasında iştirak etmişdi.
Həm Parlamentdə, həm də hökumətdə ciddi fəaliyyəti Əmircanovun görkəmli bir dövlət xadimi kimi yetişdiyini göstərir. Onun adı Azərbaycan Cümhuriyyətinin qurucuları içərisində ehtiramla çəkilməkdədir.
1920-ci ilin aprelində Azərbaycan Cümhuriyyəti işğalçı XI ordunun süngüləri ilə devrildikdən sonra bir çox dövlət xadimləri kimi Əmircanov da Türkiyəyə mühacirət etməyə məcbur olmuşdu. O, burada da siyasi fəaliyyətini dayandırmayıb, Azərbaycanın istiqlalı uğrunda çarpışıb, Azərbaycan Milli Mərkəzinin üzvü olub.
Əmircanov Keşlənin məşhur zadəganlarından olan Bala bəy Əlibəyovun qızı Səltənət xanım’la (təx. 1884-1974) ailə qurmuşdu. Bu övladları vardı: Rüstəm bəy, Fuad bəy, Məhəmməd (Mehmet) bəy, Valiyə xanım, Məryəm xanım. V.Həbiboğlu Əmircanovun Rəşid və Murad adlı iki oğlunun Türkiyəyə getməyərək Bakıda qaldığını və anaları Səltənət xanımın sonralar Bakıya gələrək onlarla görüşdüyünü qeyd edib.
Onların böyük oğlu Rüstəm Əmircan (1908-1939) haqqında bilgi olduqca qıtdır.
Fuad Əmircan (1910-1995) Türkiyənin görkəmli mətbuat işçilərindən biri, Azərbaycan Milli Mərkəzi İcra Heyətinin üzvü idi. O, Parisdə siyasi elmlər, Berlində isə hüquq təhsili almışdı.
Məhəmməd (Mehmet) Əmircan (1912-1979) görkəmli jurnalist və Məhəmmədəmin Rəsulzadənin silahdaşlarından idi. Sovetlər Birliyini Öyrənmə İnstitutunun çıxardığı “Dərgi” dərgisinin yazı işləri müdiri idi.
Maraqlıdır ki, Əmircanov Cümhuriyyətin görkəmli nümayəndələrindən olan Tağı bəy Səfərəliyev (1881-1936), Məhəmməd bəy Səfərəliyev və Mirmövsüm xan Talışınski ilə bacanaq idi. Xatırladaq ki, Tağı bəyin qızı Leyla xanım Azərbaycanın xalq artisti Şəmsi Bədəlbəylinin həyat yoldaşı və xalq artisti Fərhad Bədəlbəylinin anasıdır.
Əmircanov 1948-ci ildə vəfat edib və İstanbulun Fəriköy məzarlığında ailə üzvləri ilə bir yerdə dəfn olunub.
Qaynaqlar: MŞMDTA, f. 415, siy. 309, iş 27; MŞMDTA, f. 418, siy. 77, iş 2658; MŞMDTA, f. 418, siy. 309, iş 27; ARDA, f. 100, siy. 2, işlər 381, 546; ARTA, f. 10, siy 1, iş 79; ARTA, f. 43, siy. 4, iş 86; ARTA, f. 389, siy. 6, iş 402, v. 46; Nərmin Tahirzadənin özəl arxivi, 84-cü dəftər, v. 46; Həbiboğlu Vəli. Keşlə və keşləlilər. Bakı: “Örnək”, 1995, ss. 54-60; Əliyev Mövsüm. “Ulduz”un məlumat guşəsi. // “Ulduz”, 1986, № 2; Əliyev Mövsüm. Əmircanov Əbdüləli bəy. // “Odlar yurdu” qəzeti, dekabr 1989; Dr. M.Kengerli. Fuat Emircan (1911-08.05.1995). // “Azerbaycan” Dergisi, 1995, № 304, s. 24; Tahirzadə Ədalət. Şəkinin xan, bəy və ruhani ailələri haqqında qiymətli bəlgə. // ATŞCX, 9-cu buraxılış. Bakı: “Apostroff”, 2014, ss. 144-169; “İqbal”, 1912, № 56; Aghalarova Shahla. Une toile de Pénélope. // 1(10), Hiver 2017/2018, ss. 10-13; Yaqublu Nəsiman. Əbdüləli bəy Əmircanov. // Cümhuriyyət qurucuları. Bakı: “Nurlar”, 2018, ss. 231-240; Известия Бакинской Городской Думы. Июнь 1914, № 1, с. 162; Исмаилов Э.Э. Генеалогия Талышинских-Талышхановых. Баку: «Абилов, Зейналов и сыновья», 2001, s. 36; «Баку», 18.01.1906, № 17; 08.03.1906, № 52; «Баку», 26.11.1906, № 259.
[1] Sonralar valilik katibi rütbəsi də alıb.
Doğum şəhadətnaməsi.
Ə.b.Əmircanov (N.Yaqublunun arxivindən).
Əmircanovun qocalığı.
Səltənət xanım.
Fuad Əmircan.
Mehmet Əmircan.
Fəriköy məzarlığında.