Məmmədəmin Əfəndiyev

Misir Mərdanov, Ədalət Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı). II cild. B-Ə hərflər. Bakı: “Təhsil”, 2019, ss. 215-217.

ƏFƏNDİYEV Məhəmmədəmin Hüseyn əfəndi oğlu

[14 (27).02.1897, İrəvan-?, Türkiyə]



Atası, İstanbulda təhsil almış qazi Hüseyn əfəndi qazi İsmayıl əfəndi (1819-13.06.1892) oğlu Hacı Çələbi oğlu görkəmli Azərbaycan maarifçisi Rəşid bəy Əfəndizadə (1863-1942) və Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü Abdulla bəy Əfəndizadənin (1873-1928) böyük qardaşıdır. Uzun illər qazilik və müəllimlik edib. 15 dekabr 1893-cü ildən İrəvan, Naxçıvan, Novobayazid və Şərur-Dərələgöz qəzalarının sünni qazisi təyin edilib. 27 avqust 1897-ci ildə Zaqafqaziya Sünni Ruhani İdarəsinin üzvü vəzifəsinə keçirilib. 1 yanvar 1904-cü ildə səyinə görə boyundan asmaq üçün Stanislav lentində qızıl medalla təltif edilib. Ailə vəziyyəti ilə bağlı xahişinə görə Qafqaz canişini 20 yanvar 1906-cı ildə 22 saylı əmrlə onu İdarə üzvlüyü vəzifəsindən azad edib. 26 oktyabr 1910-cu ildə Gəncə valisinin əmri ilə Gəncə Valiliyi Sünni Məclisinin sədri və Şəki qəzasının qazisi təyin edilib. 2 cildlik “Zübdətül-əhkamüş-şəriət” kitabının müəllifidir. Fatma (Məsumə) xanım Əbdürrəhim əfəndi qızı (05.06.1870-?) ilə ailə qurub. 3 övladları olub: Məhəmmədəmin (doğ. 14.02.1897), Siddiqə (doğ. 06.01.1905), Şahid (doğ. 10.10.1906).


Atası İrəvan qazisi olduğuna görə Məhəmmədəmin də həmin şəhərdə doğulub.


Tiflis İmperator I Aleksandr kişi gimnaziyasına 1 sentyabr 1907-ci ildə girərək 30 may 1916-cı ilədək orada əla əxlaqla oxuyub, səkkizsiniflik tam kursu bitirib.


Həmin il o, Moskva Universiteti fizika-riyaziyyat fakültəsi riyaziyyat bölümünə daxil olub. Azərbaycan Cümhuriyyəti dönəmində xarici ölkələrə ali təhsil almaq üçün göndəriləcək tələbələr seçilməyə başlayarkən – 14 avqust 1919-cu ildə o, xalq maarif nazirinə ərizə yazaraq İsveçrənin Sürix Politexnikumunda təhsilini davam etdirmək istədiyini bildirib. 10 noyabr 1919-cu ildə xalq maarif nazirinə ünvanladığı ərizədə isə yazıb ki, tələbələrin xaricə göndərilməsi üçün təqaüdlərin bölüşdürülməsi üzrə komissiyanın bəzi üzvlərinin mənə bildirdiyinə görə, yanlış olaraq mənimlə eyni soyadlı başqa tələbələrlə qarışıq salınaraq fizika-riyaziyyat fakültəsinə göndəriləsilər siyahısına düşmüşəm, halbuki komissiya məni Dağ İnstitutuna göndərmək istəyir. Buna görə də Sizin bu yanlışlığı düzəldəcəyinizə umudvaram. Mən təhsilimi Frayberq Dağ-Mədən Akademiyasında davam etdirmək istəyirəm.


1920-ci ilin yanvarında Almaniyaya göndərilən Əfəndiyev öncə Berlində, sonra Darmştadta gedərək orada Ali Texniki İnstituta girib və yol mühəndisliyi ixtisası üzrə ali təhsil alıb. Almaniyadan 1927-ci ildə Azərbaycana qayıdıb. Ancaq xaricdə, özəlliklə Almaniyada oxumuş tələbələrə hakimiyyətdə əsas söz yiyəsi olan erməni-rus qüvvələri əsla inanmır, onları daim izləyir, özləri kimi düşünməyə məcbur edir, bu milli kadrları ləkələmək, onları sıradan çıxarmaq üçün hər fürsətdən yararlanırdılar. Durumun dözülməz həddə çatdığını görən Əfəndiyev onunla eyni vaxtda Almaniyada oxumuş başqa Cümhuriyyət tələbələriylə sözləşərək 1929-cu ilin payızında öncə Güney Azərbaycana qaçıb, oradan da Türkiyəyə keçib. Bu qaçışın incəlikləri tələbə və qaçış yoldaşı Mirismayıl Seyidzadənin (İsmayıl Saryalın) yazdığı “Bakı rüzgarı” kitabında geniş təsvir edilib.

Sonrakı taleyi haqqında Türkiyədəki şəxsi tanışlarımızdan da heç bir bilgi ala bilmədik.


Qaynaqlar: ARDA, f. 51, siy. 3, iş 139; ARTA, f. 291, siy. 1, iş 1354; ARTA, f. 291, siy. 1, iş 2389; ARTA, f. 291, siy. 2, iş 4363; ARTA, f. 291, siy. 2, iş 4535; AR MTN Arxivi, PR-21927, v. 9; Saryal İ. Bakü rüzgarı. Ankara, 1998, ss. 225-226; Şəkidə məhəllə adları, soylar və ləqəblər. I kitab. Bakı, 2004, ss. 276-277; Tahirzadə Ə. Şəkinin tarixi qaynaqlarda. Bakı, 2005, s. 220.


Məhəmmədəmin Əfəndiyev (sağda) akad. Əzəl Sultanovun böyük qardaşı, Şəki üsyanının başçılarından biri Əhəd xan Cəfər bəy oğlu Sultanov (?-1930) ilə.