İsmayıl Əliyev

Misir Mərdanov, Ədalət Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı). II cild. B-Ə hərflər. Bakı: “Təhsil”, 2019, ss. 393-396.

ƏLİYEV İsmayıl Hacı (Məhəmməd)sadıq oğlu

[19.06 (02.07).1887, Şəki-?]

“Şəkidə məhəllə adları, soylar və ləqəblər” adlı kitabda İsmayılın atası Hacı Məhəmmədsadıq Əliyev haqqında geniş bilgi verilib. Orada qeyd olunub ki, Hacı Şəkinin Qullar məhəlləsindəki ata-baba yurdundan çıxaraq yaxınlıqdakı Bazarbaşı məhəlləsində mülk tikdirib və həmin mülkdə indi Şəki Pedaqoji Texnikumu fəaliyyət göstərir. Yoxsul bir kişinin övladı olan Məhəmmədsadıq öz ağlı və bacarığı sayəsində Şəkinin ən dövlətli adamlarından biri olub. O, qardaşları ilə birgə dünyanın bir çox ölkələri ilə ticarət əlaqələri qurubmuş. Onun Hacı Zeynaləbdin Tağıyev, Musa Nağıyev və Şəmsi Əsadullayevlə yaxın əlaqələri vardı, bir-birinə qonaq gedib-gələrdilər.

Deyilənə görə, Hacı Nəcəfi-əşrəfdə həzrət Əlinin məqbərəsi üstündəki bir cüt qızıl günbəzdən birini öz xərci ilə düzəltdirib. Ancaq o, vəsiyyət edib ki, mənim qəbrim fəqirin qəbrindən seçilməsin.

Adı çəkilən kitabda Hacı Məhəmmədsadığın xeyirxah işlərindən, qardaşı uşaqlarından geniş söhbət açılsa da, təəssüf ki, öz ailəsi və övladları, o sıradan İsmayıl haqqında heç bir bilgi verilməyib. Bu boşluğu arxiv materialları ilə doldurmağa çalışacağıq.

İsmayıl Əliyevin Moskva Şəhər Mərkəzi Dövlət Tarix Arxivində saxlanılan şəxsi işində 23 iyul 1909-cu ildə Moskvada yazdığı “Qısa yaşam öyküsü”ndə oxuyuruq:

“Mən, aşağıda imza edən Şəki şəhərinin sakini, tacir oğlu İsmayıl Sadıq oğlu Əliyev 1887-ci ildə anadan olmuşam. İlk təhsilimi həmişə 1-ci şagird olduğum, 1-ci sinifdən 5-ciyədək oxuduğum Bakı Kommersiya Məktəbində almışam. 5-ci sinifdə 6 ay oxuduqdan sonra erməni-türk qırğını nəticəsində Bakını bütünlüklə tərk etməli oldum, çünki məktəb şəhərin erməni hissəsində yerləşdiyindən, məktəbə getməyim ağlasığmaz idi, hər dəqiqə həyatımla risk edirdim. Bu səbəbdən Moskvaya köçməyə məcbur oldum, orada Kommersiya Elmləri Təcrübi Akademiyasının 5-ci sinfinə daxil oldum. Burada da çox qalmadım – yenə də birinci şagird kimi 6-cı sinfə keçib Akademiyanı tərk etməli oldum və Moskva II Kadet Korpusunda ekstern imtahan verdim. Orada keçən il imtahanla 7-ci sinfi bitirdim.

Bu cür tələskənliyin səbəbi ailə durumumuz idi – bizim Rusiyanın başlıca şəhərlərində iri ticarət işlərimiz var. Valideynlərim artıq qocaldığına, qardaşlarım isə savadsız olduğuna görə o işləri idarə edəcək adam yoxdur; buna görə də valideynlərim və qardaşlarım səbirsizliklə mənim işlərin başına keçməyimi gözləyirlər. Buna görə də mən təhsilimi davam etdirməyi qərara aldım və Kommersiya İnstitutuna daxil oluram ki, ticarət işləri üzrə ixtisaslaşım və firmamızın başında durum”.

Maraqlıdır ki, təxminən eyni məzmunlu bu cür tərcümeyi-halı Şəkidən olan başqa 2 Əliyevin də şəxsi işində görürük. Başqa sözlə, Əliyev Abbas Zeynal oğlu və Əliyev Əli Məşədi Hacı oğlu da məhz geniş ticarət işlərini idarə etmək məqsədi ilə Kommersiya İnstitutuna üz tutduqlarını bildiriblər. Biz bu 3 Əliyevin əmiuşaqları olduğunu düşünürük.

Moskva Kommersiya İnstitutu 5 avqust 1909-cu ildə Moskva Kommersiya Elmləri Təcrübi Akademiyasının direktoruna müraciət edərək Əliyevin orada oxuduğu zaman aldığı qiymətlər haqqında arayış istəyib. Direktor 10 avqustda İnstituta göndərdiyi 815 saylı məktubda bildirib ki, keçmiş müdavimimiz İsmayıl Hacı Məhəmmədsadıq oğlu Əliyev 1906-cı ilin avqustunda Akademiyanın 5-ci sinfinə girib və 1907-ci ilin noyabrında 6-cı sinifdən çıxıb. Bu sənəddən görünür ki, Əliyev 5-ci sinifdən 6-cıya keçərkən 9 fənnin altısından ”5”, cəmi üçündən “4” alıb.

Moskva 2-ci İmperator I Nikolay Kadet Korpusundan 1 iyun 1908-ci ildə verilmiş şəhadətnamə Əliyevin yuxarıda yazdıqlarını təsdiqləyir. Həmin sənəddən görünür ki, o, bu məktəbdə 1908-ci ilin aprel və may aylarında imtahan verməklə kadet korpusları təhsil kursunu tam həcmdə mənimsəyib. Onun bu məktəbdəki bütün qiymətlərinin orta balı 8,06-dır. Belə yüksək balla hər hansı bir ali məktəbə qəbul olunması şübhə doğurmur.

Təəssüf ki, Əliyevin Moskva Kommersiya İnstitutunda sonrakı təhsili haqqında bəlgələr yoxdur.

Qaynaqlar: MŞMDTA, f. 417, siy. 7, iş 235; Şəkidə məhəllə adları, soylar və ləqəblər. I kitab (Qoruq ərazisi). Hazırlayanlar: Zəkəriyyə Mabud oğlu, Sevinc Bəharəddin qızı. Bakı: “Nafta-Press”, 2004, ss. 184-189.


Hacı Məhəmmədsadıq Əliyev