Salman Mümtaz
(sənədlər və s.)
SALMAN MÜMTAZIN ƏSƏRLƏRİ:
Molla Qasım və Yunis İmrə. – «İnqilab və mədəniyyət», 1929, №1, ss.43-44.
Nəsimi. – «Maarif və mədəniyyət», 1923, №1, ss.26-30.
Azəri Çələbi. – «Maarif və mədəniyyət», 1923, №2, ss.22-24.
Şah Xətayi. – «Maarif və mədəniyyət», 1923, №3, ss.30-33; №4-5, ss.30-33; №8-9, ss.10-17; №10, ss.9-17; №11, ss.11-14.
Türkmən şairləri. – «Maarif və mədəniyyət», 1923, №8-9, ss.9-10.
Şahbeyt və bərcəstə misralar. – «Maarif və mədəniyyət», 1923, №10, ss.17-19.
Əski ədəbiyyatımızdan. «Nəsihətnamə» (Xətayinin – Ə.T.) – «Maarif və mədəniyyət», 1924, №4, ss.36-38.
Azərbaycan şairləri. Səfi. – «Maarif və mədəniyyət», 1925, №1, ss.30-33.
Şahi. – «Maarif və mədəniyyət», 1925, №3, ss.20-22.
Məhəmmədəmin oğlu Salman MÜMTAZ[1]
Öyün, millət
İşbu abdar şer Qafqasiya İslam Ordusu baş komandanı dövlətli fəriq (general) Nuru paşa əfəndimiz həzrətlərinin Şəkiyə vürudu (gəlməsi) münasibətilə Qafqasiya şüərasından möhtərəm Məhəmmədəmin oğlu Salman Mümtaz əfəndi tərəfindən bədahətən söylənmiş və paşa həzrətlərinin nami-namilərinə (məşhur adlarına) ithafən təb və nəşr edilmişdir.
O gün millət ki əltafı[2] olub şövkətli sultanın,
Hilalın haləsi qılsın əhatə türk övtanın[3].
Təfaxür eylə, ey millət, muradın hasil olmuşdur,
Daha əflakə yüksəlməz əninü ahü əfğanın.
Ziyasız rus zülmündən o yüksək ruhun ölmüşdü,
Dökürdü şişəyə hər dəm şərabi-nab tək qanın.
Qızılgül tək açıl, gül, gör ki, türkün şanlı ordusu
Rivaqi-ərşə nəsb etmiş[4] böyük Osmanlı ünvanın.
Səmayə doğru toğrul tək sən, ey türk oğlu, uç, yüksəl
Ki, sənsən şanlı övladı şərəfli əski Turanın.
Bulud altında qalmışdı əgərçi kövkəbi-bəxtin[5],
Gör imdi nəcmi-zahir tək hilalın, nəcmi-tabanın[6].
Gərək taği-müqərnəsdən[7] asılsın türkün tuğrası[8],
Mələklər zibi-duş etsin livasın Ali-Osmanın[9].
Bütün, Mümtaz, ellərdən olar türk milləti mümtaz[10],
Sürər bundan sora türklük şərəfli-şanlı dövranın.
[«Azərbaycan» qəzeti, 30 təşrini-əvvəl (oktyabr) 1918, №26].
[1] Şəkinin Gəncəli məhəlləsində doğulmuş, çağdaşlarının həm də müqtədir bir şair kimi tanıdığı Salman Məşədi Məhəmmədəmin oğlu Əsgərzadə (Mümtaz) (1884-1941) 1.500-dən artıq Azərbaycan şairinin irsini min müsibətlə əldə edərək onların adını yaşadan BÖYÜK TOPLAYICI, 100-dən çox Azərbaycan yazarını ilk yol üzə çıxararaq yaradıcılıqlarını bolşevizmin ölümsaçan ağır senzurası altında da doğru-düzgün təhlil edən, onların əsərlərini tarix boyunca ilk dəfə nəşrə hazırlayan BÖYÜK ARAŞDIRICI, misilsiz söz xəzinəmizi 20 adda kitabında, yüzədək məqaləsində el malı edən BÖYÜK YAYICI, Azərbaycan ədəbiyyatşünaslığının ÖZÜLÜNÜ QOYAN'lardan biri, kommunistlərin “vətən xaini” kimi həbs edərək ölüm düşərgəsində güllələdiyi BÖYÜK VƏTƏNDAŞ'dır.
[2] Lütfləri.
[3] Vətənlərini.
[4] Göyün tavanına sancmış.
[5] Bəxtinin ulduzu.
[6] Ayını, parlaq ulduzunu (Osmanlı bayrağındakı ay-ulduz nəzərdə tutulur).
[7] Göy qübbəsinin tağından.
[8] Gerb, dövlət nişanı.
[9] Mələklər Osmanlı bayrağını çiyin bəzəyi etsin.
[10] Seçilmiş, üstün.
Məhəmmədəmin oğlu Salman MÜMTAZ
Ənvəriyyə[1]
Yaşa, ey qaziyi-əzəm, yaşa, ey möhtəşəm Ənvər!
Səninlə fəxr edir şimdi böyük sultan, ulu qeysər
Ki, sənsən dahiyi-dövran, sənsən fatehi-kişvər,
Sana şayistədir əlhəqq tila ovrəngü zər əfsər[2].
Doğarmı madəri-giyti[3] sənin tək bir də bir nər ər –
Xəyalı ay kimi aydın, məramı gün kimi ənvər?!
Səhabi-küfrü[4] tən böldün, qılınc zərbiylə etdin şəqq,
Çıxartdın milləti yeksər işıqlı günlərə əlhəqq,
Ayıltdın türkləri, verdin dəmadəm türklüyə rövnəq,
Sana bu işdə yardımcı yəqin oldu cənabi-Həqq,
Sən oldun həzrəti-Həqqin səfayi-lütfünə məzhər.
Yaşa, ey qaziyi-əzəm, yaşa, ey möhtəşəm Ənvər!
Müsəlman qeyrətin çəkdin, gözətdin türkün namusun,
Dağıtdın xavəri-islamdən küffar kabusun.
Məsaciddən dilərdi rus asa öz nəhs naqusun[5],
Gəbərdib, toprağə sərdin həyasız niyyətin rusun.
Günəşdən parlaq amalın olub Şərq əhlinə əzhər,
Yaşa, ey qaziyi-əzəm, yaşa, ey möhtəşəm Ənvər!
Münzəm[6] ordunu birdən səri-ədüvvanə saldırdın,
«Kral»lar rişəsin qırdın, «karol»lar tacın aldırdın,
Edib məğlub küffarı, nəvayi-suru çaldırdın,
«Hilal»ı ərşə yüksəltdin, «gün»ü əflakə qaldırdın.
Nihali-məqsədi-fikrin gətirdi datlı bin növbər,
Yaşa, ey qaziyi-əzəm, yaşa, ey möhtəşəm Ənvər!
Ziyayi-fikrətin ilə ziyasızdıq, ziyalandıq,
Cəfavü cövr çəkmişdik, fütuhunla səfalandıq,
Livayi-nüsrətin ilə[7], bihəmdüllah, livalandıq,
Həqirü pəst olmuşduq, ucaldıq, etilalandıq.
Təmamən Qafqazın əhli könüldəndir sana əsgər,
Yaşa, ey qaziyi-əzəm, yaşa, ey möhtəşəm Ənvər!
Səadət dövrü, söz yoq kim, yetirmiş şanlı cahidlər,
İgitlər, qəhrəman ərlər, şücaətli mücahidlər,
Buna tarixdə vardır dəxi binlərcə şahidlər,
Tikibdir onlara şəhlər neçə yerdə müşahidlər.
Yapar millət sana layiq tiladən heykəli-əkbər.
Yaşa, ey qaziyi-əzəm, yaşa, ey möhtəşəm Ənvər!
Səmada yıldırım tək parlayan dəm tiğinin bərqi
İşıqlandırdı şəmsasa sərasər aləmi-Şərqi,
Nisari-xaki-payınçün düzüldü bin gözəl şərqi[8];
Bənim naçiz şeirimlə vəli var onların fərqi –
Mübarək vəchini görcək tapar əşarımız zivər,
Yaşa, ey qaziyi-əzəm, yaşa, ey möhtəşəm Ənvər!
Şəki.
(Əlyazmalar İnstitutu, fond 20, saxlama vahidi 216)
[1] 1918-də yazılmış bu şeir Osmanlı imperatorluğunun hərbiyyə naziri, Başkomandan vəkili, birinci fəriq (tam general) Damad İsmət Ənvər paşa’ya (23.11.1881 – 4.8.1922; nazirliyi: 3.1.1914 –14.10.1918) həsr edilib. 1918-də Bakını rus-erməni işğalçılarından təmizləmiş IX ordunun komandanı, fəriq (general-leytenant) Nuru paşa’nın (1889-2.3.1949) böyük qardaşıdır.
[2] Qızıl taxt və qızıl tac sənə yaraşır.
[3] Kainatın anası.
[4] Küfr buludunu, zülmətini.
[5] Rus məscidlər(imiz)dən öz nəhs (kilsə) zəngini asmağı dilərdi.
[6] Birləşmiş.
[7] Qələbə bayrağınla.
[8] Ayaqlarına atmaqçün min gözəl mahnı qoşuldu.