Unutdurulmuş azman - Əliabbas Qədimov
Elmi redaktoru:
prof. Şirməmməd HÜSEYNOV
Ədalət TAHİRZADƏ, Həbibulla MANAFLI. Unutdurulmuş azman – Əliabbas Qədimov. (Ömür yoluna zindandan baxış). Bakı, “Apostroff”, 2012, 204 səh.
Bu əsər Şəkidə doğulmuş, Qazanda və Türkiyədə ali təhsil almış həkim, Türkiyənin ən tanınmış təbibləriylə, o sıradan yurddaşımız Əli bəy Hüseynzadə (1864-1940) ilə birgə çalışmış, vətənə döndükdən sonra yurdumuzun müxtəlif bölgələrində insanlara şəfa vermiş və Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mücadilə aparmış, bu üzdən də dəfələrlə kommunist zindanına atılaraq dözülməz işgəncələrə uğradılaraq sonunda güllələnmiş, adı da millətimizə unutdurulmuş görkəmli ziyalımız Əliabbas Əli oğlu Qədimov’un (1887-1937) ömür yolu haqqında ilk kitabdır. Başlıca olaraq AP Milli Təhlükəsizlik Nazirliyi arxivinin materialları əsasında yazılmış bu sənədli əsərdə Ə.Qədimovun yaşamı haqqında tarixşünaslığımızda ilk dəfə geniş bilgi verilir.
Kitab bütün təbəqələrdən olan oxucular üçündür.
© Ədalət Tahirzadə, Həbibulla Manaflı
İÇİNDƏKİLƏR
Prof. Zəkəriyyə ƏLİZADƏ. Var millətimin xətti bu imzalar içində! ............................................................................
Başlanğıc ...................................................................
B İ R İ N C İ B Ö L Ü M. İLK HƏBSLƏR
Şəxsiyyət və istibdad ............................................................
“Antantaçı” və “müsavatçı” Qədimov ....................................
Bəs əslində nə baş vermişdi? ..................................................
Rüstəmovun əməlləri ..............................................................
Potrebaya izahat .....................................................
Cin Bəxtiyarın kişiliyi .............................................................
İ K İ N C İ B Ö L Ü M. SONUNCU HƏBS
Stalin zindanında ......................................................................
PR-23530 saylı istintaq işi .......................................................
“Gizli Müsavat MK-sı 4-cü heyətinin üzvü” ..........................
Sənədə sözardı .........................................................................
Mədinə xanım Qiyasbəylinin istintaqı ....................................
İlk dindirmə ...........................................................................
Deyilənə sözardı .........................................................................
Solovetsk ölüm düşərgəsi ...........................................................
“Müsavatçı Qədimov Abbas bəyi tanıyırsınızmı?” ...................
Əliabbas Qədimovun istintaqı .............................................
Birinci dindirmə .....................................................................
İkinci dindirmə .......................................................................
Üçüncü dindirmə ......................................................................
Baba bəy Qəbulzadə kimdir? ..................................................
Üçüncü dindirmənin sonu ..........................................................
Akt .........................................................................................
Şahid axtarışında ....................................................................
Məhəmmədiyyə Əfəndiyevin ifadəsi .....................................
Qərəzli İsay Rolnikov .............................................................
“Həkim Qədimov həmişə Baba Qəbulovla gəzirdi” ...............
Əbdülmabud Əfəndiyevin ifadəsi ............................................
Deyilənə sözardı .......................................................................
Ə.Əfəndiyevin ifadəsinin ardı .......................................................
Əliəşrəf Kərimovun ifadəsi ..........................................................
Əliabbas Qədimovun izahatı .....................................................
“Yeni şərait yarandığına görə...” ...............................................
7-8-9 avqust dindirməsi .............................................................
Şəmkir və Şəki üsyanları haqqında bir neçə söz .......................
7-8-9 avqust dindirməsinin ardı .............................................
Sonuncu dindirmə (10 avqust 1937) ........................................
Hökm .........................................................................................
Son söz .......................................................................................
Qaynaqlar .................................................................................
Ədalət Tahirzadə.
Həbibulla Manaflı.
Zəkəriyyə ƏLİZADƏ,
geologiya-mineralogiya elmləri doktoru, professor
VAR MİLLƏTİMİN XƏTTİ BU İMZALAR İÇİNDƏ!
“Tarixi şəxsiyyətlər yaradır” deyənlərlə tam şərikəm. İstənilən tarix kitabını açaraq hansı ən mühüm ictimai hadisə ilə tanış olmaq istəsək həmin hadisənin başında müsbət-mənfiliyindən asılı olmayaraq hökmən hansısa qüvvətli bir şəxsin dayandığını, baş verənləri onun və ətrafındakıların idarə etdiyini görəcəyik. Min illər öncə də belə olub, indi də belədir, gələcəkdə də belə olacaq.
Burası da var ki, tarixşünaslıq elmi çox “riyakar”dır – həmişə siyasətə tabe olmağa meyillidir, buna görə də çox vaxt biz əslində gerçək tarixi deyil, onun yanlış yozumlarını öyrənir və heç özümüz də bilmədən bu yanlışları həqiqət kimi qəbul edirik.
Təzada baxaq – Qərb dünyasının tarix əsərlərini oxuduqca ağız dolusu təriflənən, “dahi rəhbər”, “görkəmli sərkərdə”, “əvəzsiz alim”, “mütərəqqi ruhani”... adlandırılan saysız-hesabsız insanların həyatı ilə tanış olursan, ancaq həmin şəxsiyyətlərlə təxminən eyni çəkili ictimai yükü daşımış Şərq adamlarına gəldikdə onlar “qaniçən”, “cəllad”, “cahil”, “mürtəce-xurafatçı”... adlandırılaraq lənətlənir və mənsub olduqları millətdə onlara qarşı nifrət yaradılır. Məsələn, on minlərcə gənc fransız əsgərini öz bacarıqsız sərkərdəliyi ucundan həlak etdirmiş Napoleon, yaxud hələ şah olmamış Nadirin qarşısından qaçmış Pyotr dahi şəxsiyyətlər kimi ən yüksək zirvəyə qaldırılaraq təbliğ edilir, ancaq onlarla eyni vaxtda yaşamış, öz dövləti və milləti üçün çox böyük işlər görmüş Nadir şah Əfşar, Ağaməhəmməd şah Qacar kimi nəhəng şəxsiyyətlər aşağılanır, lənətlənir. Şərqin Çingiz xan’ı, Sultan Mahmud Qəznəli’si, Əmir Teymur’u... ən müxtəlif yalanlarla bəşəriyyətin gözündən salınır...
Tarixşünaslıqdakı belə açıq-aşkar ədalətsizlik yüzillər boyunca davam edib və indi də etməkdədir. İstər ərəblərin, istər farsların, istərsə də rusların ağalığı dönəmində biz Azərbaycan Türklərinin də tarixi ən qəddar təhriflərlə, yalanlarla doldurulub, xalqın gerçək tarixi onun yaddaşından silinib, ona uydurma qəhrəmanlar təqdim olunub, həqiqi qəhrəmanların isə özləri məhv edilərək adları zorakılıqla unutdurulub. Xüsusən ruslar Azərbaycanı işğal etdikdən sonra həm çar dönəmində, həm də kommunistlərin 70 illik ağalığı zamanında ölkəmizdə müstəmləkə siyasəti yeridildiyi kimi, tarixşünaslığımızda da əsl aparteid siyasəti hökm sürüb. Çarizmin Azərbaycana ayaq basdığı ilk gündən milli-mənəvi dəyərlərimiz ayaq altına salınıb, tariximiz təhrif edilib. Çar vaxtında Gəncənin adının dəyişdirilərək ona pornoqrafik lətifələr qəhrəmanı Yekaterinanın, kommunistlər zamanında isə millətimizin düşməni Kirovun adının verilməsi, “Gəncə” adını çəkənlərin cərimələnməsi, xan və bəylərimizin, ruhani, ziyalı və sahibkarlarımızın, azad düşüncəli bütün soydaşlarımızın kütləvi məhv edilməsi, onların adını çəkməyin belə qadağan edilməsi çoxlarımızın nəinki bildiyi, hətta şahidi olduğu yeni tariximizdir. Ancaq bu tarix bizə dünənədək tamamilə baş-ayaq öyrədilib – düşmənlərimiz bizə xilaskar qardaş kimi, doğma qardaşımız isə ən qəddar düşmənimiz kimi tanıdılıb. Nəticəsi də hakimiyyətin istədiyi kimi olub – yurddaşlarımız şərəfli tarixinin olmadığını, millətimizin görkəmli şəxsiyyətlər yetirmədiyini düşünərək bədbinliyə qapılıb, öz soyuna, keçmişinə həqarətlə yanaşıb. Buna ən gözəl nümunə dahi şairimiz Məhəmməd Hadinin böyük kədər içində yazdığı misralardır:
Atmış miləl[1] imzasını övraqi-həyatə[2],
Yox millətimin xətti bu imzalar içində.
Allaha şükürlər olsun ki, xalqımız azadlıq uğrunda axıtdığı qanlar sayəsində müstəqil dövlətini qurduqdan sonra tariximizə baxış da köklü şəkildə dəyişdi. Doğrudur, hələ hər şeyin qaydaya düşdüyünü deyə bilməsək də milli tariximizin öyrənilməsindəki irəliləyişlər göz qabağındadır. Ən əhəmiyyətlisi budur ki, indi gerçək tarixi yazmaqda, milli qəhrəmanlarımızı öyrənib təbliğ etməkdə yasaq yoxdur.
Elmi quruma uzun illər rəhbərlik edən bir şəxs kimi məni ən çox sevindirən amil tariximizi öyrənmək işində Şəki Regional Elmi Mərkəzinin (ŞREM) də əlindən gələni etməsidir. İndiyədək gördüyümüz işlər haqqında burada hesabat vermək fikrindən uzağam. Ancaq fəxrlə bildirirəm ki, doğma Azərbaycanımızın bir parçası olan Şəkinin tarixini öyrənmək sahəsindəki danılmaz işlərimizlə eyni zamanda ümumən Azərbaycan tarixinə də müəyyən xidmət göstərmişik. Nəşr etdirdiyimiz çoxsaylı kitablarla bütövlükdə milli genofondumuzun mühüm hissəsini təşkil edən çoxsaylı yurddaşımızın həyat və yaradıcılığını ilk dəfə xalqımıza təqdim etmişik. Təkcə Şəki miqyasındakı araşdırmaların nəticəsini gözdən keçirdikdə cəsarətlə deyə bilərik: “Var millətimin xətti bu imzalar içində!”.
ŞREM-nin Azərbaycan ictimaiyyətinə ilk dəfə olaraq təqdim etdiyi onlarca görkəmli şəxsiyyətimizdən biri də həkim və ictimai xadim Əliabbas Qədimov’dur. “Şəkidə məhəllə adları, soylar və ləqəblər” adlı kitabımızın ikinci cildində onun haqqında ilk dəfə geniş məlumat verilsə də ondan ayrıca kitab yazmağın zəruriliyini dilə gətirdim. MTN arxivindən sənədləri üzə çıxarmış prof. Ədalət Tahirzadə və yerli araşdırıcı, Şəki tarixi üzrə bir çox qiymətli kitabların müəllifi Həbibulla Manaflı bu işi boyunlarına götürdülər. Çox sevinirəm ki, onların əməkdaşlığının bəhrəsi olan dəyərli bir əsər artıq nəşrə hazırdır.
Əliabbas Qədimovun şəxsiyyətinə gəlincə, ortaya qoyulmuş sənədlər əyani şəkildə onun ömür yolunu və fəaliyyət xətlərini işıqlandırır. Həmin sənədlərdən olduqca vətənpərvər, azadlıqsevər, cəsarətli və namuslu bir soydaşımızın portreti boylanır. Onun şəxsi keyfiyyətləri ilə yaxından tanış olduqca o cür yüksək bir şəxsiyyətlə eyni torpaqda doğulmağınla, onunla eyni millətə mənsubluğunla fəxr edir, özün də eləcə mübariz olmaq istəyirsən.
Etiraf etməliyik ki, qələmə alınmış mövzu asanlardan deyil. Ən böyük çətinlik aradan xeyli illər ötdüyünə görə həqiqəti olduğu kimi üzə çıxarmaqdır. Mənim fikrimcə, bu əsərin üstünlüklərindən biri məhz müəlliflərin əsl həqiqəti başa düşməkdə oxucuya yardım etməsidir. Belə ki, müstəntiqlər bir çox hallarda saxta sənədlər tərtib edib, yaxud müttəhimin fikirlərini özünün istədiyi şəkildə yazaraq protokolu ən müxtəlif yollarla ona imzalatdırıb. Aradan 70 il keçdikdən sonra oxucu üçün həqiqətin harada, yalanın harada olduğunu müəyyənləşdirmək ya hədsiz çətinləşir, ya da, sadəcə, mümkünsüz olur. Bu zaman müəlliflərin peşəkar tarixçi izahları yalanla gerçəyin sərhədlərini seçməkdə ona yardım edir.
Əsərin müsbət keyfiyyətlərindən biri də müəlliflərin yalnız Ə.Qədimovun həyatını işıqlandırmaqla qalmaması, yeri gəldikcə onun fəaliyyət göstərdiyi mühiti, çevrəsini də oxucuya tanıtmasıdır. Boynumuza alaq ki, Ə.Qədimovla istər Türkiyədə, istərsə də Azərbaycanda çiyin-çiyinə çalışmış, eyni ictimai-siyasi mühitdə bulunmuş, yaxud onunla eyni “cinayət”də ittiham edilmiş şəxslər haqqında bu kitabda verilən məlumatların həlledici qismi tam yenidir və Azərbaycanın elm tarixində onlara ilk dəfə rast gəlirik. Bu da, təbii ki, əsərin elmi dəyərini daha da artırır.
Ə.Qədimov haqqındakı bu kitabda ən xoşuma gələn cəhətlərdən biri də onun ütülənməmiş, ancaq cilalı və hamıya anlaşıqlı, cazibəli bir dildə yazılması, tez-tez keçidlər edilməsi nəticəsində oxucunun yorulmasına imkan verilməməsidir.
Mən müəllifləri bu dəyərli əsər münasibətilə təbrik edir, onlara yeni yaradıcılıq uğurları diləyirəm. İnanıram ki, kitab elmi ictimaiyyətimizdə böyük maraq doğuracaq. Eyni zamanda, bunu da arzu edirəm ki, Əliabbas Qədimov haqqında elmi araşdırmalar yalnız bu kitabla məhdudlaşmasın, onun həyat və yaradıcılığı bundan sonra da neçə-neçə monoqrafiyanın mövzusu olsun.
BAŞLANĞIC
Rusiya imperiyasını “xalqlar həbsxanası” adlandıran, xalqların bu imperiyadan ayrılmağadək öz müqəddəratını təyin etmək hüququ olduğunu bildirən və bu müddəanı mənsub olduqları Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (RSDFP) məramnaməsinə hələ 1903-də daxil edən əqidəli iskraçı-kommunistlər 1917-də hakimiyyəti ələ aldıqdan sonra “xalqların xilaskarı” maskasını bir kənara atdılar. Onlar Rusiyanın hakim dairələrinin yüz illərcə sürdürdüyü imperiya siyasətini daha məkrli üsullarla, xüsusi hərisliklə davam etdirdilər.
Əqidəyə dönüklüyün, sözlə iş arasında kəskin təzadın bu heyrətamiz örnəyinə münasibətini rus tarixçisi belə ifadə edib: “1917-ci il oktyabr inqilabı rus müstəmləkəçiliyinə son qoymaq əvəzinə, ona yeni təkan verdi” (20, 54).
İçində Azərbaycanımızın da bulunduğu, başında bütün zəmanələrin ən qaniçən diktatorlarından biri Stalin’in durduğu “Sovet Sosialist Respublikaları İttifaqı” (SSRİ) adlı ucsuz-bucaqsız xalqlar həbsxanasında kommunistlərin qurduğu nəhəng repressiya dəyirmanı 20 milyondan artıq insanı öz dənliyində üyütdü. Bu, bəşər tarixindəki ən böyük cinayətlərdəndi.
Sovet repressiyasının alovu Azərbaycanı da bürüdü. Düzünü deməli olsaq, bu repressiya 28 aprel 1920-dən – “Azərbaycan Cümhuriyyəti” adlı ilk müstəqil dövlətimiz XI ordunun süngüləriylə yıxıldığı gündən başlanıb. Azərbaycanda kütləvi terror aparmaq üçün XI ordu Bakıya ayaq basar-basmaz özünün Xüsusi Şöbəsi’ni işə saldı, əslində ona, ancaq formal baxımdan Azərbaycan hakimiyyətinə tabe olan “müstəqil” Azərbaycan Fövqəladə Komissiyası’nı və Azərbaycan Ali İnqilabi Tribunalı’nı yaratdı, iki ayın içində 20-dən artıq generalımızı, xeyli Parlaman və hökumət üzvümüzü, sayagəlməz milli düşüncəli soydaşımızı şəhid etdi. Bu qurumlar Azərbaycanda (Gəncə, Zaqatala, Şəki, Şəmkir və b. yerlərdə) müxtəlif illərdə baş qaldırmış xalq üsyanlarını da qan dənizində boğdular.
Onların üçünün də başında ilk vaxtlar Rusiyadan gəlmiş Türk-müsəlman düşmənləri dururdu. Rusların Azərbaycan hakimiyyətində yerləşdirdiyi bir çox yaltaq rəhbərlərsə onların xalqa qan uddurmasını alqışlayırdı. Məsələn, guya Azərbaycanın qanuni başçısı olan Azərbaycan İnqilab Komitəsinin (AİK) sədri Nəriman Nərimanov XI ordunun rəhbəri Levandovskiyə çox bahalı brilyantlarla bəzədilmiş və üstündə “Minnətdar Azərbaycan xalqından hədiyyə” yazılmış qılınc bağışlamışdı, AİK sədrinin müavini Mirzədavud Hüseynov’sa Gəncə üsyanı yatırıldıqdan bir həftə sonra şəhərin küçələrinin yerli sakinlərin meyitləriylə dolu olduğunu desə də XI ordunun buradakı əməliyyatının yüksək səviyyədə keçirildiyini və alqışa layiq olduğunu bildirirdi. Tribunalın sədri qeyri-müsəlman (Baltikyanı xalqlardan birinin nümayəndəsi), ancaq azərbaycanlılara “Hacı İlyas” kimi tanıdılmış, adı heç bir sənəddə açıqlanmamış M.Hacilias soyadlı birisi əsl qaniçən manyakdı. Azərbaycanda rəhbər vəzifədə bulunan kimsəni vecinə almayan Hacilias başının dəstəsiylə gecələr səhərədək evləri gəzir, soyğunçuluq edir, adamları məhkəməsiz güllələyir, bəzən də kefi istəyənlərə məhkəmə qururmuş. Azərbaycana ən yüksək vəzifələrdən birinə göndərilmiş bu adam, sən demə, Odessalı bir tələbə və adi quldurmuş. Moskvaya edilən çoxlu şikayətlərdən sonra həbs edildiyi zaman evindəki seyfindən öldürdüyü adamların ağzından sökdüyü qızıl dişlər, barmaqlarından qopardığı almaz üzüklər, qızıl bəzək əşyaları və çoxlu ləl-cəvahirat çıxmışdı. Kommunistlər öz günahlarını ört-basdır etməkdən, xalqı sakitləşdirməkdən ötrü həbsindən bir neçə gündən sonra onu edam etmişdilər. Ancaq bu vaxt o, artıq Bakıda 5-10 min adam öldürmüşdü[3].
Öz hakimiyyətləri üçün ən qorxulu olan başlıca siyasi düşmənlərini təmizlədikdən sonra ruslar daha ağıllı siyasət yürütməyə başlayaraq cəza orqanlarına (məsələn, Fövqəladə Komissiyaya) rəhbərliyi Mircəfər Bağırov kimilərinə tapşırdılar və onlar da sədaqətlərini sübuta yetirmək üçün qaniçənlikdə Haciliasdan heç də geri qalmadılar. Azərbaycanda 1923, 1927-1928-ci illərdə kütləvi “müsavatçı ovu” keçirildi, 1930-cu illərin başlanğıcında ölkəni bürümüş üsyan alovları kütləvi qırğınlarla sakitləşdirildi.
Beləliklə, 1920-ci illərin hamısı və 1930-cu illərin ilk yarısı on minlərcə mübariz övladımızın şəhid edilməsiylə tarixə düşdü. Ancaq burası da danılmazdır ki, repressiyanın ən şiddətli çağı 1934-də Kirovun öldürülməsiylə 1939-cu illər arasında olub. Hesablamalara görə, 1934-cü il yanvarın 1-dən 1939-cu il yanvarın 1-dək Azərbaycanda 27.458 insan güllələnib (10, 127). 1937-1938-ci illərdə nə az, nə çox – 40.000 yurddaşəmız həbs edilib. Ümumiyyətlə, 1930-1950-ci illərdə Azərbaycanda 70.000 adam repressiyaya məruz qalıb. Onların 29.000 nəfəri ziyalı idi (10, 141).
1937-ci il iyunun 27-də Azərbaycanda “millətçiliyi təbliğ edən” əsərlərin siyahısı elan edildi. Bu siyahıya 44 şair, yazıçı və ədəbiyyatşünas müəllifin adı salınmışdı. Hüseyn Cavid, Mikayıl Müşfiq, Seyid Hüseyn, Əhməd Cavad, Salman Mümtaz, Böyükağa Talıblı, Qafur Əfəndiyev (Qantəmir), Əli Nazim, Bəkir Çobanzadə, Əziz Qubaydullin və b. adları bu ölüm siyahısının başında yazılmışdı. Stalinin Azərbaycana təhkim etdiyi cəllad Mircəfər Bağırov AK(b)P-nin XIII qurultayında barmaını silkələyərək demişdi: “Bir baxın, Yazıçılar İttifaqında kimlər əyləşmişdir: hazırda ifşa edilmiş Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Əli Nazim, Böyükağa Talıblı, Tağı Şahbazi, Əhməd Triniç və başqa əclaflar” (13, 179). Onun mənfur dodaqlarından qopan bu mənhus cümlə təkcə həmin görkəmli oğullarımızın deyil, yüzlərcə başqalarının da ölüm hökmünə çevrildi.
Yalnız insanlar yox, milli-mənəvi dəyərlər, o sıradan şifahi xalq ədəbiyyatı örnəkləri də repressiyaya uğradıldı. “Kitabi-Dədə Qorqud”un taleyi ən üzdəki örnəklərdəndir. Mircəllad Bağırov 1951-ci ildə Azərbaycan K(b)P XIII qurultayına hesabat məruzəsində nökərlik etdiyi Stalin və Beriyanın tələbiylə şərəfli oğuz babalarımızı şərəfsizcəsinə “qatil və soyğunçu” adlandırmış, ağız ədəbiyyatımızın bu ölməz şah əsərinə də ölüm hökmü çıxarmışdı: “Bəzi ədəbiyyatşünaslar və yazıçılar siyasi sayıqlıq və məsuliyyət hisslərini itirərək uzun müddət ərzində bu təhlükəli, xalqa zidd olan kitabı Azərbaycan dastanı adı altında təbliğ etmişlər. “Dədə Qorqud” xalq dastanı deyil. O, əvvəldən axıra kimi Azərbaycan torpaqlarına qatil və soyğunçu kimi gəlmiş oğuz köçəri tayfalarını idarə edən yuxarı təbəqənin tərifinə həsr olunmuşdur. Kitab büsbütün millətçilik zəhərinə hopdurulmuşdur. O, müsəlmanlara qarşı deyil, başqa dinə mənsub olan, əsasən də qardaş gürcü və erməni xalqına qarşı yönəldilmişdir” (13, 224-225).
SSRİ-nin başqa Türk cümhuriyyətlərində olduğu kimi, Azərbaycanda da milli aydınlar əsasən “pantürkist”, “panislamist”, “millətçi” ittihamlarıyla tutuqlanır, ya ölümə, ya da ölümdən daha betər olan Sibir, Orta Asiya sürgünlərinə göndərilirdi.
Avropalıların və kommunistlərin nifrət və qorxu ilə “pantürkizm”, “panislamizm” adlandırdığı ideologiyanın yaradıcısı Cənubi Azərbaycandan olan soydaşımız, böyük alim Şeyx Cəmaləddin Əfqani (1836-1897) idi. O, “Milli vəhdət fəlsəfəsi və dil birliyinin həqiqi mahiyyəti” adlı məşhur əsərində tərəqqiyə nail olmağın yolundan bəhs edərək yazırdı ki, millət özünü tanımalıdır, soyuna-kökünə bağlanmalıdır, dilinə, dininə sarılmalıdır. Ş.C.Əfqani xalqın fəlsəfi ruhlu olması gərəkliliyini önə çəkərək yazırdı: “Bir millətin fəlsəfəsi yoxdursa o millətin hamısı alim olsa da o millətdə elmlər inkişaf edə bilməz və həmin millət ayrı-ayrı elmlərdən lazımi nəticə çıxarmaqda çətinlik çəkər... Fəlsəfi ruhu olan bir millətdə ayrı-ayrı elmlər olmasa da, şübhəsiz, həmin fəlsəfi ruh milləti başqa elmlərə yiyələnməyə vadar edəcək” (11, 172).
Ş.C.Əfqani Şərq xalqlarının bir çoxunun Avropanın yem bazasına çevrilməsini, müstəmləkə əsarətinə düşməsini onların elmsizliyi ilə əlaqələndirirdi. O yazırdı: “Dünya elm üzərində bərqərar olur, elmi bəşəriyyətin əlindən alsan daha dünyada insan qalmaz. Elm bir nəfərin gücünü on nəfərə, yüz nəfərə, min və on min nəfərə bərabər edir... İndi bütün dünyanı öz təsiri altında saxlayan Avropanı, Əfqanıstanı tutan ingilisi, Tunisi işğal edən Fransanı götürün. Bunlar nə ingilisin, nə də fransızların hünəridir, bunlar yalnız onların elminin gücünədir. Gerilik və nadanlıq isə hər yerdə başını zəlillik torpağına qoymaqdan başqa bir çarə tapmamışdır” (11, 183).
Avropalıların da “böyük müsəlman” adlandırdıqları S.C.Əfqani həmin əsərində Şərq xalqlarına müraciətlə yazırdı ki, ölkələrini müstəmləkə əsarəti kimi bir rəzalətdən qurtarmaq istəyirlərsə dirçəlişə nail olmalıdırlar. Dirçəliş üçünsə o, iki məsələnin həllini olduqca vacib sayırdı: “...Bunlardan biri dil birliyidir. Buna milli vəhdət də deyirlər. Alimlər millətin mahiyyətini və ariflər onun məziyyətlərini o zaman yaxşı aşkar və zahir edərlər ki, təhsil, təlim, tədris, milli təbəqələrin fənlərdən və sənətlərdən istifadəsi o millətin öz dilində olsun. Onda millət möhkəm, sabit və əbədi ömür sürə bilər, millətin əsas gözə görünən səadət və xoşbəxtliyi kimi əlamətlər onun bütün üzvlərinə nəsib olar... Əksinə, elmlər və fənlər yad bir dildə tədris olunarsa xalqın dili az bir zaman ərzində dəyişib başqası ilə əvəz olunar, cüzi bir təbəddülat nəticəsində məhv olub sıradan çıxar... Millətin öz dilində faydalı elmlər mövcud olmasa o millət daim yaşaya bilməz” (11, 184).
Ş.C.Əfqani islam dinini milli vəhdət üçün ikinci ən mühüm şərt hesab edirdi. O yazırdı ki, dinlər hansı adları daşıyırsa daşısın, hamısı bir-birinə bənzəyir, “insana inam və inanc təlqin edir. Elmə və mədəniyyətə ən yaxın və ən doğma din islam dinidir, elm və maarifin inkişafı ilə islam qanunları arasında heç bir ziddiyyət yoxdur... Qərb dünyası azadlıq maskası taxaraq müsəlman Şərqindəki dini təəssübü pisləyir, çünki avropalılar müsəlmanların dini etiqadlarını onların arasında ən möhkəm peyvənd kimi tanıyırlar, ona görə də dini təəssübə qarşı müxtəlif ad altında bu peyvəndi və bağı süstləşdirməyə çalışırlar, halbuki avropalılar özləri... dini təəssübə daha çox mübtəla olublar. İslam elm dinidir, cihad və mübarizə dinidir, yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmək dinidir, izzət dini və zilləti qəbul etməyən dindir, məsuliyyət dinidir” (11, 184).
Göründüyü kimi, qərblilərin bütün vasitələrlə məhv etməyə, qarşısını almağa çalışdığı, burada ən ümumi xətlərini bəlirlədiyimiz ideologiya əslində bəşəri dəyərlərə əsaslanan, Şərq xalqlarına müstəmləkə əsarətindən qurtuluş yolunu göstərən mütərəqqi bir düşüncə sistemi idi. Buna görə də başqa sümürgəçilər kimi kommunistlər də həmin sistemin ən qatı düşməni olaraq onu kökündən qazıb məhv etmək üçün bütün güclərini sərf edirdilər. Onlar Sovetlər Birliyində cəsarətlə “Türkəm” və “müsəlmanam” deyən hər kəsi özlərinin sümürücü hakimiyyətinə düşmən sayır və gedərgəlməzə göndərirdi.
Çıxışlarının birində Stalin demişdi ki, xarici imperialist dövlətlərin tərkibindən qopub ayrılmaq uğrunda aparılan mübarizə inqilabdırsa SSRİ-nin tərkibindən ayrılmaq üçün edilən hər hansı bir cəhd əksinqilabdır.
SSRİ-də Türk xalqlarının yaşadığı ərazilərdə pantürkizmin güclənməsindən rahatsız olan Bağırov da öz ağasının dediklərini daha da konkretləşdirərək bildirmişdi:
“Kamalçı Türkiyə yeganə müstəqil Türk dövləti olduğundan burjua-millətçi ünsürlər əksinqilabi təbliğat apararaq SSRİ-də yaşayan Şərq, Türk-tatar xalqlarını Türkiyədən nümunə götürərək Sovet İttifaqından ayrılmağa və Türkiyənin rəhbərliyi altında qüdrətli Türk-tatar dövləti yaratmağa çağırırlar. Pantürkist və panislamist əhval-ruhiyyəsi yaradılması ilə bağlı bütün işlər SSRİ əleyhinə müharibəyə hazırlaşmaq vəzifəsinə tabe edilmişdir” (29, 90).
Bu ittihamla hər bir şəxsi əksinqilabi fəaliyyətdə suçlayaraq məhv etmək mümkündü. Məsələn, Xalq Daxili İşlər Komissarlığının böyük şairimiz Hüseyn Cavid haqqında topladığı məlumatlarda bildirilirdi: “...İranda, Dağıstanda, Ermənistanda, Gürcüstanda olan bütün Azərbaycan torpaqlarını birləşdirib, burjua təmayüllü müstəqil Azərbaycan dövləti yaratmaq uğrunda gizli fəaliyyət göstərən pantürkist əksinqilabçı təşkilatın üzvləri arasında 9-cu adam Hüseyn Caviddir...” (10, 138).
Artıq bu gün məktəblilərə də bəllidir ki, kommunistlərin qanlı qırğınlarının ən dəhşətli dönəmi 1937-1938-ci illərə düşür. ÜİK(b)P MK-nın 28 fevral 1937-ci il plenumunda Bağırovun çıxışı Azərbaycanda hakimiyyətin cəza orqanlarının tam gücüylə işə düşməsinə çağırış oldu. Yarandığı gündən milyonlarca insanı məkv etmiş Fövqəladə Komissiya (“ÇK”) və Dövlət Siyasi İdarəsinin (“QPU”) övladı olan Xalq Daxili İşlər Komissarlığı (XDİK/”NKVD”) milli ziyalılara qarşı “pantürkist” və “panislamist” ittihamlarını kütləvi tətbiqə başladı. Doğrudur, bəzi hallarda “millətçi”, “müsavatçı” kimi “xırda” ittihamlar da irəli sürülürdü, ancaq son nəticədə məhbusların hamısı sovet hakimiyyətini silahlı yolla devirmək məqsədiylə yaradılmış gizli əksinqilabçı təşkilatın üzvü olmaqda suçlanır və üçnəfərlik “troyka”nın keçirdiyi 15 dəqiqəlik qapalı, vəkilsiz “məhkəmə”də ölümə (eyni zamanda əmlakının müsadirə edilməsinə), yaxud bütün vətəndaş hüquqları alınmaqla çoxillik gedərgəlməz sürgünə (katorqaya) məhkum edilir, bundan sonra onların ailə üzvləri də tarixdə görünməmiş vəhşiliklə küçələrə atılır, körpə uşaqlarının hərəsi bir yetim evinə verilir, ailənin işləyənləri işdən, oxuyanları məktəbdən qovulur, onlara nəinki maddi-mənəvi yardım etmək istəyənlər, hətta salam verənlər də “xalq düşməni” adlandırılaraq cəzalandırılırdı...
Stalinin tezliklə ehkama çevrilən saxta tezisləri sovet-kommunist imperiyasının hər yerində olduğu kimi Azərbaycanda da cəmiyyətin böyük bir savadsız kəsimini inandırmışdı. Ancaq ağıl, düşüncə, məntiq yiyəsi olan aydınlarımız bu saxta “ellər atası”nın əslində amansız ellər cəlladı olduğunu görür və onun fəzilət kimi qələmə verdiyi rəzalətlərə qarşı ciddi mübarizə aparırdılar. Əlinizdəki bu kitabın baş qəhrəmanı olan həkim Əliabbas Əli oğlu Qədimov (1883-28.9.1937) da həmin minlərcə dəyərli ziyalımızdan biridir.
B İ R İ N C İ B Ö L Ü M .
İ L K H Ə B S L Ə R
Əliabbas Qədimovun adı ilk dəfə professor Zəkəriyyə Mabudoğlu’nun (Əlizadə’nin) rəhbərliyi altında hazırlanaraq nəşr edilmiş və onun həmmüəllif olduğu “Şəkidə məhəllə adları, soylar və ləqəblər” kitabında (14) çəkilib. Ümumiyyətlə, çoxillik gərgin axtarışların nəticəsində ortaya qoyulmuş və Şəkinin, adları artıq unudulmuş xeyli görkəmli övladları haqqında ilk dəfə ətraflı bilgi verən həmin çox dəyərli əsərin 278-287-ci səhifələrində Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq Ə.Qədimovun da kimliyi xalqımıza tanıdılıb. Hörmətli professor kitabda onu Vətən, xalq qeyrəti çəkdiyinə görə şər qüvvələr tərəfindən qətlə yetirilən və beləliklə, şəhidlik məqamına çatan bir vətənpərvər ziyalı kimi dəyərləndirib.
“Şəkidə məhəllə adları, soylar və ləqəblər” kitabındakı məlumat AR Milli Təhlükəsizlik Nazirliyinin arxivindən götürülmüş istintaq sənədləri əsasında hazırlanıb. Bu sənədləri isə həmin arxivdən prof. Ədalət Tahirzadə üzə çıxarıb.
Əliabbas Qədimovun şəxsiyyətiylə yaxından tanış olduqda ona dərin sayğı yaranır. Onun mübariz həyatı ŞƏXSİYYƏT’in İSTİBDAD üzərində qələbəsinə gözəl örnəkdir.
1937-1938-ci illərin qurbanlarını bir daha rəhmətlə anır və inanırıq ki, bu kitab o qanlı dönəmin gerçəkliklərini sənədli şəkildə ortaya qoyacaq, hələ də Stalin, Bağırov, kommunizm xiffəti çəkənlərin nə qədər yanıldığını əyani göstərəcək. Keçmişin gerçəkliyini bilmək yeni Stalinlərin, Mircəfərlərin bir daha meydana gəlməməsi üçün olduqca vacibdir.
“ANTANTAÇI” VƏ “MÜSAVATÇI” QƏDİMOV
Bu başdan bildirək ki, Əliabbas Qədimov sovet dönəmində bir neçə dəfə tutularaq dindirilib və həmin dindirmələrin bəzi protokolları indi AR MTN arxivində saxlanılır. İstintaq işlərində Ə.Qədimovun həyat və fəaliyyətinin ən müxtəlif yönlərinə işıq salan bilgilər öz əksini tapıb. Əlinizdəki bu kitab MTN arxivindəki sənədlər əsasında hazırlanıb. Müəlliflər Ə.Qədimovla bağlı, demək olar ki, bütün mövcud sənədləri əldə edib və onların hamısını ruscadan ana dilimizə çevirərək ilk dəfə bütöv şəkildə oxucuların malı edib.
Öncə 1921-dəki ikinci dustaqlığının sənədlərindən başlayacağıq, çünki 1920-dəki həbsinə dair protokol əldə deyil.
AR MTN arxivindəki 2687 saylı (indiki PR-128 saylı) istintaq işi indiyədək başqa heç bir qaynaqda üzləşmədiyimiz çox qiymətli faktarla zəngindir. Bir qismini ilk dəfə prof. Zəkəriyyə Əlizadə’gilin yuxarıda adı keçən əsərində verdiyimiz həmin faktlar təkcə Əliabbas Qədimovun həyatını öyrənmək baxımından deyil, həm də ümumən o dönəmin ictimai-siyasi durumuna yaxından bələd olmaq üçün çox dəyərlidir.
Əliabbas Qədimovun və bir çox şəkilinin 1921-in martında həbs edilməsinə əsas yaradan sənəd 25 mart 1921-də verilmiş əməliyyat hesabatından çıxarışdır. Orada oxuyuruq:
“Müvəkkilin[4] verdiyi məlumatdan bəlli olmuşdur ki, Gəncə vilayətinin Şəki şəhərində bir qrup ziyalının yaratdığı gizli təşkilat Antantanın, xüsusən İngiltərənin xeyrinə fəaliyyət göstərir. Bu təşkilatın başlıca məqsədi Zaqafqaziyada İngiltərə təmayülünü formalaşdırmağa nail olmaqdır. Təşkilat təmiz ağqvardiyaçı mahiyyətdədir.
Bu təşkilata aşağıdakı şəxslər daxildir:
1. Məhəmmədəli Əfəndiyev (Şəki ali real məktəbinin direktor müavini)
2. Abbas[5] əfəndi (Şəki şəhərində həkim)
3. Süleyman əfəndi Şirinbəyov (sabiq zabit)
4. Zahid İbrahimxəlil oğlu (Qışlaq məktəbinin direktoru).
Sonuncuların Şəki şəhərində böyük nüfuzu var.
Təşkilatın mövcudluğu belə aşkarlanıb: Şəkidən gələn Türk yol[daş] Həsən Çələbi Bakıda mənim məlumat qaynağım olan şəxsin mənzilinə düşüb. Partiya mənsubiyyətimi bilmədiyi halda söhbət etdiyimiz zaman Şəkidə qonağı olduğu adamlar arasında baş verən bir müzakirə barəsində siyasət adamı kimi mənə məlumat verdi. Müzakirədə iştirak edən adamların adlarını gizli saxlamaq şərtiylə bildirdi ki, onların hamısı İngiltərənin Zaqafqaziyaya müdaxiləsinə tərəfdar olmaqda həmrəylik göstərdikləri halda yalnız o, İngiltərənin Şərqdə, o sıradan Türkiyədə ələ keçirdiyi mülklərin qeyri-qanuni olduğunu bildirərək etiraz etmişdir. Yol. Həsən Çələbi bir daha söhbət iştirakçılarından bu məlumatı gizli saxlamağı xahiş edib. Məhz bu səbəbdən yığıncağın keçirildiyi yeri və ümumiyyətlə, yuxarıda qeyd olunan təşkilatın gizlilik qaydalarını aydınlaşdırmaq mümkün olmadı.
Hazırda yol. Həsən Çələbi XI ordunun Tiflisdəki Türklərdən ibarət kommunist dəstəsinə ezam edilmişdir.
İmza: Xüsusi Şöbənin rəisi Mixaylov.
İnformasiya şöbəsinin rəisi Slavitski”.
Əslində heç bir bir təşkilat-zad yoxdu. O zaman çekistlər özlərinin “iş gördüyünü” gözə soxmaq üçün hətta iki-üç adamın bir yerə yığışıb nə haqdasa adicə müzakirə, mübahisə aparmasını təşkilat kimi qələmə verirdilər. Bu, Fövqəladə Komissiya[6] orqanlarına çox sərfəliydi, çünki onlar bir ildə neçə əksinqilabi, antisovet təşkilatı aşkarlayıb zərərsizləşdirmək haqqında hesabat verirdilər. Təbii ki, nə qədər çox belə təşkilat üzə çıxarılsa çekistlərə o qədər çox “sağ ol” deyilirdi. Mixaylovun da yeni bir əksinqilabi təşkilatın mövcudluğunu “aşkarlaması” bu baxımdan istisna deyil. O, evdə adi ünsiyyət şəraitində bir neçə tanışın apardığı sıradan siyasi diskussiyaya siyasi rəng verərək onları təşkilat mənsubları kimi tanıdır. Ən pisi də odur ki, Xüsusi Şöbə rəisinin rəisləri bu yalanlara çox həvəslə inanır və həmin “təşkilatın üzvləri”ni böyük şövqlə güllələməyə məhkum edirdilər. Belə kiçik həcmli bir hesabatlar az sonra neçə-neçə ailənin başçısız qalmasıyla nəticələnirdi.
Maraqlı burasıdır ki, həmin sənəddə adı keçən “antantaçılar”dan yalnız ikisi (Əliabbas Qədimov və Zahid İbrahimxəlil oğlu) mart ayında artıq “müsavatçı” kimi tutulub və onlara beş nəfər “müsavatçı” da qoşublar.
Beləliklə, 1921-in martında “ÇK” artıq “antantaçılar”ı deyil, “Müsavat Partiyasının gizli təşkilatının” aşağıdakı “üzv”lərini tutaraq onlara 2687 saylı (indiki PR-128 saylı) ortaq cinayət işi açdı:
1) Hüseynbəyov Qasım (36 yaş),
2) Əminov Nurməhəmməd (29 yaş),
3) Qazızadə Kərim (19 yaş),
4) Qədimov Əliabbas (34 yaş),
5) Əfəndiyev Həmid (32 yaş),
6) Zahid İbrahimxəlil oğlu (30 yaş),
7) İmanzadə Mürsəl (35 yaş).
Bu şəxslərin həbsini FK Müsavat Partiyasına mənsubluqla pərdələməyə çalışsa da bu qərar əslində Ə.Qədimovun Şəki Rayon Fəhlə, Kəndli və Əsgər Deputatları Sovetlinə deputat, daha sonra Şəki qəza sovetləri qurultayına nümayəndə seçilməsiylə, yerdə qalanların da Şəkidəki seçkilərdə fəallıq göstərmələriylə bağlıydı. Axı növbəti seçki Şəki İcraiyyə Komitəsinin tərkibini müəyyənləşdirməliydi və hakimiyyət orqanları Əliabbas Qədimov kimi sərbəst, müstəqil düşüncəli bir şəxsin İcraiyyə Komitəsinə üzv seçilməsinə əsla yol vermək istəmirdilər. Onun deputatlar arasında nüfuz və hörmətinin olması İcraiyyə Komitəsinin tərkibinə seçilməsinin qarşısını qanuni yolla almağı mümkünsüz edirdi. Elə bu səbəbdən də Fövqəladə Komissiya onu saxta ittihamla həbs edib seçki prosesindən uzaqlaşdırmaq qərarına gəldi. Qanunsuzluqla üzləşən başqa narazılar da onunla birgə tutuldular.
Şəki Şəhər Siyasi Bürosunun rəisi Rüstəmov Azərbaycan Fövqəladə Komissiyasının sədri Mircəfər Bağırov’a dalbadal gizli raportlar göndərərək bu adamların qatı müsavatçı olduqlarını, kommunist partiyasını xalqın gözündən salmaq istədiklərini, Şəkidə camaatı bir-birinə qatdıqlarını... ən tünd boyalarla bildirirdi.
BƏS ƏSLİNDƏ NƏ BAŞ VERMİŞDİ?
Həbsin gerçək səbəbini gün kimi aydınlaşdıran sənədlə tanış olaq. Bu, “yeddilər”dən birincisi Qasım Hüseynbəyov’un istintaqa verdiyi ifadədir. O, 7 may 1921-də müstəntiqə bildirib ki, 29 aprel 1921-də Şəkidə Şəhər Sovetinə seçkilər keçirildi. Hərbi klubda təşkil olunan iclasa Cəlil Zeynalov sədrlik edirdi. Əliabbas Qədimovun namizədliyi irəli sürüldükdə iclasda iştirak edən Rəsul Teymur oğlu onun əleyhinə çıxış edərək bu sözləri söylədi: “Bu keçmiş müsavatçı Müsavat hökuməti dövründə bizi məscidə toplayaraq dedi ki, gəlin Zəngəzurda ermənilərlə döyüşən hökumətimizə kömək edək”.
Atalar deyib ki, hər pis şeydə bir yaxşı şey var. Diqqət yetirək – 1921-də əslində düşmənçiliklə, ifşa məqsədiylə irəli atılmış bu fikir bu gün Əliabbas Qədimovu gözümüzdə ucaldır, onu ittiham edənlərin nə qədər mənəviyyatsız olduğunu göstərir. Vətənpərvərliyi, xalqsevərliyi nəinki qəbahət, hətta cinayət sayan, torpaqlarını yağıdan təmizləməyə çalışan soydaşını Mixaylovların, Slavitskilərin güllələriylə susdurmağa çalışan belə insancığazlara nə ad vermək olar?!
Bolşevizmin ən iyrənc əməllərindən biri də xalqından, vətənindən və hətta milliyyətindən imtina etməyə hazır olan, bax, belə manqurtlar zümrəsi yetişdirməsiydi. O zaman qədim Azərbaycan torpağı Zəngəzurda xalqımıza qarşı erməni daşnaklarının törətdiyi etnik terror nəticəsində 7.729 soydaşımız qətlə yetirilmiş, 50.000 soydaşımızsa yurd-yuvasından didərgin düşmüşdü. Azərbaycanın ilk milli dövləti Zəngəzurda erməni təcavüzünün qarşısını almaq üçün gərgin mübarizə aparırdı. Öz yurddaşlarını hakimiyyətin bu siyasətini dəstəkləməyə çağıran Əliabbas həkimi həmin manqurtlar “cinayətkar” adlandırırdılar. Xalqı, vətəni sevmək nə vaxtdan cinayət sayılıb?!
Qasım Hüseynbəyov verdiyi ifadəni davam etdirir:
“Milisioner Yusif, Qədimovun əleyhinə çıxaraq “keçmiş müsavatçı bizə lazım deyil” deyə öz etirazını bildirdi, ancaq əks fikirdə olanlar daha çox idi. Onlardan biri də Ə.Qədimovla birgə həbs edilən Mürsəl İmanzadə idi. O dedi ki, Əliabbas Qədimov çox yaxşı insandır, mənim bir xəstəm var idi, gəlib onu müalicə etdi. İclasın sədri “bu, fakt deyil” desə də Ə.Qədimovun adını Şəhər Sovetinə namizəd olaraq səsverməyə çıxardı. Əliabbas həkim 20 və ya 21 səslə Şəki Şəhər Sovetinin üzvü seçildi.
Bir gün sonra deputatlar Şəki qəza sovetləri qurultayına nümayəndələr və Şəki Rayon Sovetinin İcraiyyə Komitəsinə üzvlər seçmək üçün yenidən bir araya gəldilər. Ə.Qədimov iclasın sədri seçildi. Qurultay nümayəndələrinin seçkisi başlandı. Bu zaman üçlüyün (troykanın) nümayəndəsi Əzimzadə iclas iştirakçılarına üz tutaraq ucadan dedi: “Yaxşı adamları seçin, pisləri seçsəniz BIZIM TOPLARIMIZ sizin Şəkiyə doğru tuşlanacaqdır”.
Əsgər və İsabala adlı şəxslər də “bizə Abbas lazım deyil” deyə çığırdılar”.
AYDINLATMA. Burada adı çəkilən Əzimzadə kim olsa yaxşıdır?! Xalq rəssamı Əzim Əzimzadə! O, hələ Bakı Soveti dönəmindən Rusiya hakimiyyəti, daha düzgünü, Bakı Sovetinin Daxili İşlər Komissarlığı ilə çiddi əməkdaşlıqdaydı. Komissar Alyoşa Caparidze onu şəxsən özü “sovet hakimiyyətini yerində təşkil etmək, Salyan şəhərində və ətrafında həyatın düzgün axınını bərpa etmək üçün” komissar təyin etmiş, 15 may 1918-ci ildə ona öz imzasıyla 3 saylı mandat vermişdi[7]. Təbii ki, Azərbaycan Cümhuriyyəti illərində o, milli hakimiyyətimizə qarşı oldu və Azərbaycanda sovet hakimiyyəti yenidən qurulan kimi özünün çekist fəaliyyətinə başladı. 1921-də biz onu artıq “troyka” üzvü kimi Şəkidə görürük...
Ancaq Əzimzadənin “öz toplarıyla” hədələməsi də, öyrədilmiş adamların qara-qışqırığı da Əliabbas Qədimovun qəza sovetlər qurultayına nümayəndə seçilməsinin qarşısını ala bilmədi. Əlabbas həkimin nüfuzundan qorxan bolşeviklər anladılar ki, onun seçilməməsinin bircə yolu qalıb – həbs etmək. Bu işisə onlar çox gözəl bacarırdılar. Bu dəfə də öz işlərini “təmiz” gördülər – o və tərəfdarları dustaq edildi.
Kiş kəndindən Şəki Rayon Sovetinə deputat seçilmiş Həmid Əfəndizadə’nin müttəhim kimi Azərbaycan Fövqəladə Komissiyasının müstəntiqi Şahverdiyev’ə verdiyi ifadə də Qasım Hüseynbəyovun yuxarıda dediklərini bir daha təsdiqləyir. Onunla müstəntiq arasında dindirmə bu sayaq gedib:
“Sual: Nə vaxt, nə üçün və harada həbs olunmağınız barədə ətraflı danışın.
Cavab: Mən Şəki Şəhər İcraiyyə Komitəsinə seçkilərin keçirildiyi Fəhlə klubunda, may ayının 1-də həbs olunmuşam. Bu seçkilərdə namizəd olaraq iştirak etmək üçün Kiş kəndindən seçilmişdim. Ümumiyyətlə, rayon İcraiyyə Komitəsinin tərkibini seçki yolu ilə müəyyən etmək üçün rayonun kəndlərindən 130, rayon mərkəzinin özündən isə 35 deputat Şəki Sovetinin bu yığıncağında iştirak edirdi. Nümayəndələr deputatların sırasından İcraiyyə Komitəsinin üzvlüyünə 15, namizədliyinə isə 5 deputat seçməli idilər. İclasda iştirak edən deputatların ümumi razılığı əsasında 15 nəfərin adının salındığı bir siyahı tərtib olundu. Burada mənim də adım var idi. Adları siyahıya salınmış deputatlardan 8 nəfəri Şəkinin kəndlərini, 7 nəfəri isə şəhəri təmsil edirdi. Siyahı seçkini keçirməyə məsul edilmiş Musabəyov, Əzimzadə və Tokayevdən ibarət üçlüyə təqdim edildi. Onlar siyahını nəzərdən keçirib bəyan etdilər ki, İcraiyyə Komitəsinə seçkilərdə Şəki şəhərini 9, kəndləri isə 6 deputat təmsil etməlidir. Nümayəndələr bununla razılaşmayıb əvvəlki variantın üzərində israrla dayandılar. Belə olduqda üçlük iclası bağlı elan etdi. Beləliklə, seçki prosesi dayandırıldı. Elə həmin anda mən də daxil olmaqla 10 deputat həbs olundu. Onlardan 4 nəfəri azad edilsə də qalan 6 deputat Bakıya Az. FK-ya gətirildi.
Sual: Şəki İcraiyyə Komitəsinə seçkilər ərəfəsində çıxış etmisinizmi, etmisinizsə hansı mövzuda?
Cavab: Çıxış edib demişəm ki, kəndlərdən seçilən deputatlar çoxluq təşkil etdiyindən İcraiyyə Komitəsində də onların daha çox yeri olmalıdır.
Sual: Siz ictimai həyatla nə vaxtdan maraqlanmağa başlamısınız?
Cavab: İctimai həyatla Sovet hakimiyyəti qurulduqdan sonra maraqlanmağa başlamışam. Buna qədər isə uşaqlara savad verməklə kifayətlənmişəm”.
RÜSTƏMOVUN ƏMƏLLƏRİ
Bəs hakimiyyət orqanları el-oba içərisində nüfuz və hörməti olan şəxslərin tutulmasının səbəbini necə izah etdilər? Onlar yalana əl atdılar. Şəki Siyasi Büronun rəisi Rüstəmov’un Azərbaycan Fövqəladə Komissiyasının sədri Mircəfər Bağırov’a 2 may 1921-ci il tarixdə yazdığı 476 saylı raport başdan-ayağa iftira və böhtandan ibarətdir. Orada deyilir: həkim Əliabbas Qədimov, Nurməhəmməd Əlimov, Qasım Hüseynbəyov, Kərim Qazızadə, Həmid Əfəndiyev və Mürsəl İmanzadə məzara gömülmüş Müsavat hökumətinin tərəfdarları, Müsavat ideologiyasının daşıyıcılarıdır. Əhalini silahlandıraraq (?! – müəl.) Sovet hökumətinə qarşı qaldırmaq və onu yıxıb əvəzinə despotik kapitalist rejimi yaratmaq onların başlıca məqsədidir. Bu adamların özbaşınalığı o həddə çatıb ki, Şəki İcraiyyə Komitəsinə seçkilər keçirilən zaman qızışdırıcı sözlərlə nümayəndələri bolşevizmin qatı əleyhdarı olan adamlara, yəni özlərinə səs verdirməyə çalışıblar (öz tərəfdarlarını seçdirməyə çalışmaq haçandan özbaşınalıq olub?! – müəl.).
Bu gün Bakıya yola düşmüş fövqəladə üçlüyün nümayəndələri Musabəyov, Əzimzadə və Tokayev[8] onların fəaliyyəti barədə geniş məlumatı sizə təqdim edəcəklər. Mən vəzifə borcunu yerinə yetirən bir kommunist kimi, verdiyim hesabata əlavə olaraq bildirirəm ki, əksinqilabçıların bu nümayəndələri Şəki rayonuna geri dönəcəkləri təqdirdə fəaliyyət imkanları xeyli genişlənəcək, öz axtarış və təbliğatlarında daha da cəsarətli olacaqlar. (Həyasızlığın, vicdansızlığın həddi-hüdudu olmazmış! Günahsız insanları şərləyib həbsxana küncünə atmaları bəs deyilmiş, onları orada saxlamağa, doğma yurddan didərgin salmağa da çalışıblar).
Rüstəmov Azərbaycan FK-nın sədri Mircəfər Bağırova 2 may 1921-də yazdığı 482 saylı raportunda şərlənib həbs olunan daha bir seçki qurbanının, ixtisasca müəllim olan Zahid İbrahimxəlil oğlu’nun adını çəkir. Rüstəmov onu gizli Müsavat təşkilatının ən qatı üzvü kimi təqdim edərək bildirir: Zahid İbrahimxəlil oğlu zəhmətkeşlər və yoxsullar arasında kommunist partiyasını nüfuzdan salmağı qarşısına məqsəd qoymuşdur. O, Şəkidə İcraiyyə Komitəsinə seçkilər zamanı Müsavat Partiyasının xeyrinə güclü təbliğat aparmışdır. Zahid İbrahimxəlil oğlu 476 saylı raportumda haqqında sizə məlumat verdiyim həkim Qədimovun məsləkdaşlarındandır. Zahid İbrahimxəlil oğlu özünün məsuliyyətsiz davranışı ilə Şəki qəzasında ictimai həyatı daim qarışdırır.
Bir qədər də Rüstəmovun özü haqqında. Azərbaycan çekistləri içərisində o, öz amansızlığı ilə daha çox seçilirdi. Onun inzibati-ərazi baxımdan Şəkiyə tabe olan Xaçmaz kəndində[9] apardığı kütləvi həbslər 1921-ci ilin yazında üsyana səbəb oldu. Kənddəki milis işçilərinin bir hissəsi öldürüldü, qalanları isə canlarını birtəhər qurtararaq Vartaşen (indiki Oğuz) kəndinə sığındılar. Xaçmaz kəndinə tərkibində topçu birliyinin də olduğu hərbi hissə yeridildi. Ancaq üsyançılar bu hücumu dəf etdilər. Xaçmaz kəndinə ikinci hücum 26 may 1921-ci ildə gecə vaxtı başlandı. Əməliyyata 2-ci topçu alayının komandiri Dobrexetov rəhbərlik edirdi. Bu hücuma Atakişiyev’in başçılıq etdiyi Zaqatala alayı da qatılmışdı. Döyüşdə üsyançıların rəhbəri Hüseyn əfəndi həlak oldu. Bolşeviklərin xeyli üstün hərbi qüvvəsi qarşısında duruş gətirə bilməyən üsyançılar Xaçmazı tərk edərək dağ kəndlərinə, o sıradan Filfilli’yə toplandılar.
Xaçmaz üsyanının başlıca səbəbi kimi Rüstəmovun amansızlığı, qəddar əməlləri göstərilir. Şəki şəhərində başda Əliabbas Qədimov olmaqla yerli sovetin deputatlarının həbs olunması haqqında göstərişi də məhz Rüstəmov vermişdi. Bununla da o, Xaçmaz kəndində olduğu kimi Şəkidə də gərginlik yaratmışdı.
***
Bu həbsin yalnız Əliabbas Qədimov və başqa fəal insanları seçkidən uzaqlaşdırmaq üçün qurulmuş oyun olduğunu əslində Fövqəladə Komissiyanın özü təsdiqlədi. Belə ki, dustaqları dindirərək onlardan izahat almış Azərb. FK-nın məsul müstəntiqi, müvəkkil Potreba Müsavat Partiyasına mənsubluğa görə açılmış 2687 saylı cinayət işini gözdən keçirərək 12 may 1921-də özünün rəsmi rəyini verdi. Məhbusların ad-soyadlarını və yaşlarını sadaladıqdan sonra o bildirdi: “... onların Müsavat Partiyasının gizli təşkilatına mənsubluğu haqqında heç nə sübut olunmayıb. İşdəki məlumatlar, əksinqilabda ittiham edən materiallar yalnız gümanlardan ibarətdir, ona görə də təklif edərdim ki, adıkeçən yeddi vətəndaş zindandan buraxılsın, ASSR-dən çıxmamaq haqqında dillərindən iltizam alınsın, həbs edildikləri zaman götürülmüş pulları geri qaytarılsın”.
Azərb. FK Rəyasət Heyəti bu rəyə əsaslanaraq elə həmin gün – 12 may 1921-də hökm verdi: “İşi xətm etməli və arxivə verməli. İttiham edilənləri ASSR-dən çıxmamaq haqqında iltizam almaqla həbsdən azad etməli. Həbs zamanı götürülmüş pulları geri qaytarmalı”.
Adamdan soruşarlar ki, bu kişilərin suçu yoxdusa onları niyə martdan mayadək zindanda saxlayırdınız? Deməli, bu qanunsuzluq kommunistlərə seçkiləri onlarsız keçirmək üçün lazımmış, çünki bolşeviklər savad və ağılca özlərindən üstün adamlara bütün hakimiyyətləri boyunca yalnız belə cinayətlərlə “üstün gələ” biliblər.
POTREBAYA İZAHAT
O zaman Şəki Səhiyyə Şöbəsinin müdiri işləyən Əliabbas Qədimov da yerdə qalan altı dustaq yoldaşı kimi 11 may 1921-də Azərbaycan Fövqəladə Komissiyasının müvəkkili Potreba’ya izahat yazmışdı. Bu sənəd “Əliabbas Qədimov kimdir?” sualına cavab verən ən geniş və ən inanmalı qaynaqdır.
Sənəd belə başlanır: “Babam Şəkidə nalbənd idi”. Ancaq sonrakı bilgilər bu fikrin doğru olmadığını, Əliabbas həkimin zəngin ailədən çıxdığını göstərir. Bəs onu “tarixi saxtalaşdırmağa” vadar edən nəydi?
Nəzərə alınmalıdır ki, həm çar, həm də sovet dönəmlərində insanlara sinfi mənsubiyyətinə görə dəyər verilirdi. Çar hakimiyyəti yalnız zadəganları və dövlətliləri, kommunistlərsə yalnız fəhlə və kəndliləri, onlardan törəyənləri dövlətin tamhüquqlu vətəndaşı sayırdı. Allahsızlıqlarına görə çar məmurlarından qat-qat ədalətsiz olan kommunistlər “istismarçı sinifləri”: xan-bəy, sahibkar-tacir, ruhani və yüksək savadlı ziyalıları, onların övladlarını rəsmən “sinfi düşmən” adlandıraraq onları bütün vətəndaş hüquqlarından (səsvermə, işləmə, oxuma və b.) məhrum edir və güllələmə, Sibirə sürgünə göndərmə, yaxud uzunmüddətli həbs yoluyla cismən məhv edilirdilər. Buna görə də vaxtilə ali təbəqədən çıxmış insanlar (o sıradan Ə.Qədimov) öz sinfi mənsubluğunu gizlətməyə, “proletar” – fəhlə-kəndli övladı olduğunu deməyə məcburdu.
İzahatda daha sonra oxuyuruq: “Atam yetmiş yaşlı qocadır. İndi Şəki Səhiyyə Şöbəsində təchizat agentidir. Mən işçi təbəqəsindənəm.
1896-cı ildən 1905-ci ilədək Asxabad[10]gimnaziyasında oxumuşam. 1904-cü ildə VII sinif şagirdiykən eserlərin[11] şagird təşkilatına girmişəm. Bir il sonra VIII sinifdə oxuyarkən siyasi iş üstündə 7 yoldaşımla birgə gimnaziyadan çıxarılmışam. 1906-da ekstern yolu ilə Gəncə gimnaziyasını bitirərək Qazan Universitetinin tibb fakültəsinə girmişəm. Universitetdə tələbələr arasında 2 ilə yaxın fəal inqilabçı kimi güclü işləmişəm. 1907-nin sonunda Qazandan Asxabada qaçmışam. Burada 2 dəfə vilayət dustaqxanasında həbsdə olmuşam. 1908-də Türküstan diyarından sürgün edilmişəm. Həmin il Bakıda Bibi-Heybət zavodlarında işləmişəm. Gizli şəkildə Türküstana getmişəm və 1908-in sonunda eser partiyasından çıxmışam. Asxabadda 5-6 ay gizli yaşayaraq 1909-da İrana – Məşhədə keçmişəm və burada 2 ilə yaxın İran inqilabçıları ilə işləmişəm. 1911-də Məşhəddə Rusiya Baş konsulu məni həbs edib. Konsulluqdan qaçmışam və Məşhəddəki İran hakimiyyət dairələrinin yardımıyla oradan Tehrana, Tehrandan Bağdada, Bağdaddan da İstanbula qaçmışam.
İstanbulda 1911-də indi Dağıstan İnqilab Komitəsinin sədri işləyən yol. Qorxmazov’un yardımı, tövsiyəsi ilə indi Şərqdə Təbliğat Şurasının üzvü olan yoldaş professor Bəhaəddin məni İstanbul Universitetinin tibb fakültəsinə götürüb və buranı 1916-da bitirmişəm”.
(Cəlaləddin Qorxmazovun fotosu)
AYDINLATMA. Son cümlədə adı keçən Cəlaləddin Əsildar oğlu Qorxmazov (1877-1937) Rusiya və Dağıstanın sovet dönəmi tarixində mühüm rol oynamış görkəmli dövlət və partiya xadimi, diplomat, alim və publisistdir. Milliyyətcə Türk (Qumuq) olan C.Qorxmazov 1877-ci ildə Dağıstanda ata-babalarının Kurtomqala kəndində doğulub. Onun ata babası Şeyx Şamil’in tərəfində çara qarşı vuruşduğuna görə sonra Sibirə göndərilmiş və edam edilmiş, ana babası isə Şamillə bir yerdə oxumuşdu. Atası Əsildar öncə çar zabiti olmuş, sonra hərbi işdən çəkilərək öz mülkünü dolandırmaqla məşğul olmuşdu.
Cəlaləddin gənc yaşlarından inqilabi fəaliyyətə qoşulub. 1906-cı ildə Sibirə sürgün edilib. 1907-ci ildə qaçaraq xaricə gedib. 1907-1912-ci illərdə Parisdə Sorbon Universitetində oxuyub. 1907-1917-ci illərdə müəyyən aralarla Fransa, Türkiyə və yenə Fransada mühacirətdə olub. 1917-ci il inqilabından sonra Rusiyaya qayıdıb. 1918-ci ildə Dağıstan Vilayət Hərbi-İnqilab Komitəsinin və Dağıstan Vilayət İcraiyyə Komitəsinin sədri, 1919-1920-ci illərdə RK(b)P Dağıstan Vilayət Müvəqqəti Komitəsinin sədri, RK(b)P Dağıstan Vilayət Müvəqqəti Bürosunun sədri, Dağıstan Müdafiə Şurasının sədri, 1920-1921-ci illərdə Dağıstan Vilayət İnqilab Komitəsinin sədri, 1921-1931-ci illərdə Dağıstan Xalq Komissarları Şurasının sədri (Baş naziri), 1932-1937-ci illərdə SSRİ Yeni Əlifba Mərkəzi Komitəsi sədrinin (S.Ağamalıoğlunun) müavini işləyən C.Qorxmazov 22 iyul 1937-də həbs edilərək 27 sentyabr 1937-ci ildə güllələnib.
(Bəhaəddin Şakirin fotosu)
Doktor Bəhaəddin Şakir (1874-1922) İstanbulda doğulub. Hərbi Tibb İnstitutunu 1896-cı ildə hərbi həkim (yüzbaşı/kapitan) olaraq bitirib. 1900-cü ildə həmin məktəbin tibb müəllimi müavinliyinə təyin edilib. Eyni zamanda şahzadə Yusuf İzzəddin əfəndi’nin özəl həkimi olub. Bu arada Əhməd Cəlaləddin paşa’nın məiyyətinə girib. Əhməd Rza və «İttihad və tərəqqi” Cəmiyyətinin başçılarıyla əlaqə qurub. Əhməd Cəlaləddin paşanın müxalifətə qatılmasından sonra Ərzincana sürgünə göndərilib. Cəmiyyətə göndərdiği yardım ortaya çıxdığına görə tutulub, sonra da Trabzona sürgün edilib. 1905-ci ildə Misirə, oradan da Parisə qaçıb.
Parisdə və bir ara gizlicə gəldiyi İstanbulda “İttihad və tərəqqi” Cəmiyyətinin çalışmalarının canlandırılmasında Əhməd Rza ilə birlikdə mühüm rol oynayıb. 1908-ci ildə II Məşrutiyyətin elanından sonra İstanbula və Hərbi Tibb İnstitutundakı keçmiş vəzifəsinə dönüb. Daha öncə Qahirə və Parisdə çıxan “Şurayi-ümmət” qəzetinin yayımını İstanbulda sürdürüb. 1909-cu ildə hərbi və mülki həkimlərin birləşdirilməsi ilə qurulan Heydərpaşa tibb fakültəsində tibb müəllimi olub. Ertəsi il tibb fakültəsinin ikinci rəisliyinə seçilib. Balkan savaşında Ədirnədəki xəstəxanada baş həkim olaraq çalışıb (1912). Ədirnəni bolqarlar işğal edərkən dustaq düşübsə də az sonra buraxılıb.
1913-cü ildə Təşkilati-Məxsusənin (Türkiyə Təhlükəsizlik Təşkilatının) siyasi bölüm rəhbəri təyin edilib. Həmin il Səhiyyə Müdiriyyəti-ümumiyyəsinə bağlı olaraq qurulan Təbabəti-Ədliyyə müdirliyinə və Təbabəti-Ədliyyə Əncüməni rəisliyinə gətirilib.
Birinci Dünya savaşı illərində Ərzincan və yörəsində Təşkilati-Məxsusə idarəçisi olub və ermənilərin köçürülməsində mühüm rol oynayıb. Mudros Müqaviləsindən sonra savaş suçlusu elan edilincə 2 noyabr 1918-ci ildə Ənvər paşa və Tələt paşa ilə birlikdə bir alman hərb gəmisiylə Sevastopol üzərindən Berlinə gedib.
1920-ci ilin sentyabrında Bakıda toplanan Şərq xalqları qurultayına Ənvər paşa ilə birlikdə qatılıb. 1920-ci ildə İslam İnqilab Cəmiyyətləri İttihadı’nın Bakı təmsilçisi olub. 1921-ci ilin yazında bu təşkilatın Moskvadakı qurultayına qatıldıqdan sonra Almaniyaya dönüb. 17 aprel 1922-ci ildə Berlində erməni terrorçuları onu Camal Əzmi bəy ilə birlikdə şəhid ediblər.
“1917-də Türkiyə sosialistləri məni professorlar Aqil Muxtar, Əli Hüseynzadə və Müslihlə birgə Stokholmda keçiriləcək bütün Avropa sosialistlərinin konfransına[12] göndərib”.
(Aqil Muxtar Özdənin fotosu)
AYDINLATMA. Son 60 ildə Türkiyənin 5 ən dəyərli həkimindən biri olaraq mükafata layiq görülmüş (ölümündən sonra; 1982) professor Aqil Muxtar Məhəmməd Muxtar oğlu Özdən (1877-1949) İstanbulda dünyaya gəlib. Hərbi tibb məktəbində oxuyub. 19 yaşındaykən Sultan Əbdülhəmid rejiminə qarşı çarpışan gənc tələbə məktəbi bitirmədən 1896-da İsveçrəyə qaçıb. 1897-ci ildə Cenevrə tibb fakültəsinə girərək 6 il orada oxuyub. Bu müddətdə tez-tez Fransaya gedərək Paris xəstəxanalarında ünlü tibb müəllimlərinin də dərslərinə qatılıb. 1902-ci ildə təhsilini bitirincə Parisə, Paster İnstitutuna gedərək orada məşhur professorların dərslərini dinləyib. 1903-də yenidən Cenevrəyə dönən Aqil Muxtar burada dissertasiya müdafiə edərək tibb doktoru adı alıb. 1906-da privat dosent olub, 1907-1908-də praktik farmakologiya və tibb müfrədatı fənlərindən dərs deyib.
1914-də İstanbul Universitetinin Heydərpaşa tibb fakültəsində müəllimliyə başlayıb, 1916-cı ildə fakültə dekanı olub. 1919-da ikinci dəfə dekan seçilib. İstanbulu işğal edən müttəfiq güclərin tibb fakültəsini bağlamasının qarşısını alıb.
1908-ci ildən 1943-cü ilin iyulunadək (2 ili də Avropada olmaqla) 37 il fasiləsiz müalicə klinikası və farmakologiyadan dərs deyən Aqil Muxtar Özdən 1943-cü ildə təqaüdə çıxıb. Bundan sonra Alman xəstəxanasında baş həkim və iç xəstəlikləri uzmanı olaraq çalışıb. 1946-da CHP-dən İstanbul millət vəkili seçilib.
1947-də İsveçrəyə gedib və orada xəstələnib. 12 mart 1949-da İstanbulda Çəmbərlitaşdakı evində 72 yaşında vəfat edib. Möhtəşəm cənazə törəninə bütün tələbələri və xalq qatılıb.
Aqil Muxtar Türkiyədə dənəyli (eksperimental) müalicə və farmakodinamikanın qurucusudur. Türk tibb kodeksinin hazırlanmasındakı (1930) rolu da önəmlidir. Türk Tibb Tarixi Qurumunun qurucularındandır; 1940-1949-cu illərdə onun başqanı olub.
264 elmi əsərin müəllifidir. “Elm baxımından əxlaq” adlı 200 səhifəlik kitabı yüksək dəyərləndirilir. Türkiyədə və dünyada bir çox elmi cəmiyyətlərin üzvü və başçısı olub [məsələn, Türkiyə Tibb Akademiyasının başçısı, Hilali-Əhmər (Qırmızı Aypara) Cəmiyyətinin qurucularından və ikinci başçısı, BMT Uşaqlara Yardım Türk Komitəsinin başçısı, Paris Tibb Akademiyasının müxbir üzvü, Balkan Tibb Birliyinin qurucu üzvü və başçısı…].
Rəssamlığa böyük həvəsi olub. 775 əsəri durur. Yazıb: “Rəsm çəkməyin təbabət üçün nə qədər mühüm olduğunu bilsəniz hamınız rəssam olarsınız. Rəsm çəkməyi bilməyən həkim olmaz; bu, bir qanundur”.
Aqil Muxtar Ulu Öndər Mustafa Kamal Atatürk xəstələnən zaman onun müalicəsiylə məşğul olaraq sürəkli qeydlər aparıb və son günlərin hadisələrini həkim gözüylə sistemli bir şəkildə yazıb. Dolmabağça Sarayında Atatürkün rəsmini onun ölümündən 12 saat 35 dəqiqə öncə karandaşla çəkib və şəklin altında Ulu Öndərin dəqiq ölüm tarixini yazıb.
Tibb aləminə Aqil Muxtarın gətirdiyi bir sıra yeniliklər bu gün də tətbiq edilməkdədir.
(Əli bəy Hüseynzadənin fotosu)
Məşhur azərbaycanlı professor Əli bəy Molla Hüseyn oğlu Hüseynzadə (Turan) (1864-1940) şeyxülislam Axund Əhməd Salyani’nin qız nəvəsidir. Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsini (1889) və İstanbulda ali hərbi tibb məktəbini (“Məktəbi-Tibbiyyeyi-Əsgəriyyə”ni) (1894) bitirib. 1897-də başlayan Osmanlı – yunan savaşına həkim yüzbaşı olaraq qatılıb, Türk hərbçilərinə xidmət edib. Savaşdan sonra dəri və zöhrəvi xəstəlikləri müdərris (müəllim) yardımçısı işləməyə başlayıb. Ancaq Rusiya təbəəsi olduğuna görə polis onu təqib edib və Azərbaycana dönmək zorunda qalıb (1903). Ərəb, fars, rus, alman, ingilis, fransız və yunan dillərini kamil bilib. Azərbaycanda həkimlikdən çox jurnalistliklə məşğul olub və türkçü-turançı fikirlər yayıb. Əhməd bəy Ağaoğlu ilə birgə “Həyat” qəzetini (1905-06) çıxarıb.
Rus-yapon müharibəsindən sonra durumdan yararlanmaq istəyən Türk dünyası öndərlərinin 8 aprel 1905-də Peterburqda Rəşid İbrahim’in evində keçirilən toplantıda yer alanlardan biri də Əli bəydir. Xatırladaq ki, Azərbaycandan oraya 11 nəfərlik xüsusi heyət (Əhməd bəy Ağaoğlu, Adil xan Ziyadxan, Əlimərdan bəy Topçubaşov, Fərrux bəy Vəzirov və b.) göndərilmişdi. Həmin heyət Rusiya baş naziri Vitte ilə görüşərək fikir və diləklərini ona qəbul etdirə bilmişdi.
1-ci Rusiya Müsəlmanları qurultayına (avqust 1905, Nijni Novqorod) qatılan 15 Azərbaycan nümayəndəsindən də biri də o olub.
“Füyuzat” dərgisini nəşr edib (1906-07). Həmin dərgidə özəlliklə məzhəb baxımından irançılığa və güclənməyə başlayan ruslaşdırmaya qarşı Türklüyü, Türklüğün saflığı və birliyi düşüncələrini irəli sürüb. Ə.b.Topçubaşov Rusiya 1-ci Dövlət Duması dağıdıldıqdan, bir çox başqa deputatlarla birgə Finlandiyada “Vıborq bəyannaməsi”nə imza etdikdən sonra həbsə atılaraq qəzetçilik hüququndan məhrum edildiyinə görə rusca “Kaspi” qəzetinə onun yerinə Əli bəy redaktorluq edib (1907).
Bakıdakı “Səadət” məktəbində “nazir” (baxıcı, indiki direktor) və Türk dili müəllimi işləyib (1908-10). Həm rusların təqiblərinə görə, həm də Türkiyədə 2-ci Məşrutiyyət elan edildikdən sonra Bəhaəddin Şakir və başqa ittihadçı dostlarının dəvətiylə “İttihad və tərəqqi” Partiyasının işlərinə qatılmaq üçün Türkiyəyə dönüb (1910). Bakıdan ayrılarkən bütün ev əşyasını “Səadət” məktəbinə bağışlayıb.
Türkçülük idealının bir dövlət fəlsəfəsi olmasında mühüm işlər görən Əli bəy “İttihad və tərəqqi” Partiyasının qurucularından, onun Mərkəzi Komitəsinin üzvlərindəndir (1910-18). İlk dəfə onun irəli sürdüyü “Türkləşmək, islamlaşmaq, avropalılaşmaq” şüarını daha sonra Ziya Gökalp “Türkləşmək, islamlaşmaq, müasirləşmək” şəklində inkişaf etdirib.
O, Türkiyədə İstanbul Universitetində çalışmağa başlayıb. Buradakı “Türk Ocağı”nda, “Türk Yurdu” dərgisində fəal iş aparıb. Yusif Akçura’nın başçılığı altında İstanbulda qurulan “Rusiya Məhkumu Müsəlman Türk-Tatarların Hüququnu Müdafiə Komitəsi (Cəmiyyəti)” önəmli işlər görüb. Bu cəmiyyətdə fəal çalışanlardan biri də Əli bəydi.
1917-ci ildə o, bu kitabın qəhrəmanı Əliabbas Qədimov, Aqil Muxtar və Nəsim Müslih’lə (Nissim Mazliyah Kazez’lə) birlikdə Stokholmda keçirilən sosialistlərin beynəlxalq qurultayına qatılıb və 14 iyul 1917 günü mühüm bir nitq söyləyib[13]. Həmin nitqində Avropadakı sosialistlərin “sosialistlik iddiasına rəğmən kapitalist zehniyyət içində qaldığını” bəyan edərək imperializmin Türkiyəyə yönəlik hücumlarını dilə gətirib. Qurultayla bağlı özü yazır: “Stokholmda məzkur Dünya savaşının önünə keçib müharibələri bir an əvvəl ümumi bir sülhə qovuşdurmağa bir yol tapmaq üçün toplanmaq istəyən beynəlmiləl sosialist konfransına Türk işçisi adından prof. Aqil Muxtar və mərhum Nəsim Masliyuh (Məclisi-Məbusan üzvü) ilə birlikdə mürəxxəs olaraq getdik... İngilis və fransız sosialistləri gələ bilmədiklərindən (hökumətləri mane olmuşdu) məzkur konfransdan bir nəticə çıxmadı isə də, biz məzkur qayə ilə orada çalışan sosialist Hollandiya-Skandinav komitəsinə haqqımızı müdafiə yollu bir muxtıra[14] verdik və sosialist aləminə Türk diləklərinin haqlı olduğunu anlatmağa çalışdıq. Bundan başqa, İsveç paytaxtına gələn rus sosialist mürəxxəsləriylə[15] faydalı təmaslarda bulunduq... Stokholmda bulunduğumuz müddətdə... ermənilərin əleyhimizdəki propaqandalarına qarşı antipropaqanda yapmaq məcburiyyətində qalmışdıq”[16].
1918-ci ildə Əli bəy Hüseynzadə Batumda Zaqafqaziya Federasiyası hökumətiylə sülh bağlamaq istəyən Osmanlı nümayəndə heyətinin başçısı, xarici işlər naziri Xəlil paşa’nın yanına xüsusi vəzifəylə gedərək (Əhməd bəy Ağaoğlu ilə birlikdə) onunla görüşüb.
28 may 1918-də Azərbaycan Cümhuriyyəti elan edildikdən sonra o, Məhəmmədəmin Rəsulzadə’nin qurduğu yeni dövlətə yardım üçün yenidən doğma məmləkətinə dönüb, yenə Əhməd bəylə birgə Cümhuriyyətimizin ilk paytaxtı Gəncəyə, Nuru paşa’nın yanına gedib. Bu cümhuriyyəti ruslar işğal etdikdən sonra Azərbaycandan təkrar ayrılmalı olub.
Türkiyəyə dönərək yenidən həkimliyə başlayıb, İstanbul Universiteti tibb fakültəsində işləyib. 1925-də müəllim olub, 1926-da professor adı alıb, 1931-də təqaüdə çıxıb, ancaq sonra 1933-ədək müəllimliyə davam edib. 17 mart 1940-da İstanbulda dünyasını dəyişib.
Göründüyü kimi, Əli bəy Stokholma gedən nümayəndələr arasında Əliabbas Qədimovun adını çəkmir. Ancaq Ə.Qədimovun yazdığı izahat Türkiyədən gedən heyət üzvlərinin adlarını dəqiqləşdirməkdə əvəzsiz qaynaq rolu oynayır.
(Nessim Mazliyah Kazezin fotosu)
Əliabbas Qədimovun izahatında adı Müslih kimi keçən növbəti şəxs milliyyətcə yəhudi olan Nessim (Nissim/Nisim) Masliyah (Mazliyah) Kazez (1864-2.2.1928) adlı millət vəkili, diplomatdır. Bir sıra çağdaş Türkiyə müəllifləri onu Gənc Türklər hərəkatını başladanlardan və bu hərəkatın ən fəal üzvlərindən biri, «İttihad və tərəqqi” Cəmiyyətini quraraq Osmanlı dövlətini yıxan masonların öncüllərindən sayırlar[17]. Onun haqqında Türkiyə ədəbiyyatında bilgi o qədər də geniş deyil.
Beləliklə, Əliabbas Qədimovun yazısı sayəsində biz bir sıra görkəmli şəxslərin həyatının önəmli bir dönəmi haqqında düzgün bilgi əldə edirik. Bu qeyd həm də onu göstərir ki, Ə.Qədimovun özü də 1917-ci ildə Türkiyənin siyasi çevrələrində elə yetkin və nüfuzlu bir şəxsiyyət kimi ad qazanıbmış ki, ona etimad göstərərək bu ölkənin təmsilçisi şəklində ən görkəmli insanlarla birgə mötəbər beynəlxalq yığıncağa göndəriblər.
(Ağahüseyn Kazımovun fotosu)
İzahatında Ə.Qədimov daha sonra yazır: “1918-ci ildə şəkili kimi vətənim Şəkiyə dönmüşəm. Burada öncə Cəfərabad kəndinin, sonra Şəki şəhərinin və Şəki qəzasının həkimi vəzifələrində işləmişəm. Xalq səhiyyə komissarı doktor Kazımov[18] bu ilin 17 aprelində məni Şəki Şəhiyyə Şöbəsinin müdiri təyin edənədək son vəzifəmi əsas iş yeri kimi saxlamışdım.
27 aprel inqilabınadək heç bir partiyada olmamışam. Ancaq Şəki kommunistlərinin gizli təşkilatına çox yaxın olmuşam və kommunistlər 28 apreldə məni partiyanın həqiqi üzvləri sırasına qəbul edərək İnqilab Komitəsinə səfərbər ediblər. Mərkəzdən[19] gəlmiş yoldaşlar 2-ci qeydiyyat vaxtı məni Şəki Qəza Kommunist Partiyasının həqiqi üzvü kimi təsdiqləyiblər. (1-ci qeydiyyat vaxtı mən, deyəsən, Qutqaşen kəndindəydim – ailəm oradaydı). 10-15 gündən sonra mən yol. Şəki Qəza Kommunist Partiyası məsul katibinin yanında oldum və Şəki təşkilatının taktikası ilə razılaşmadığıma görə Şəki Qəza Kommunist Partiyasının sıralarından çıxarılmağımı ondan şifahi xahiş etdim. Bu, cari ilin yanvarında olub. O vaxtdan heç bir partiya yığıncağına getməmişəm. Ancaq bir neçə dəfə partiya konfranslarında tərcüməçiliyə, mitinqlərdə natiq kimi çıxış etməyə göndərilmiş, Şəki Qəza Kommunist Partiyası təşviqat şöbəsinin teatrlarda, klublarda təşkil etdiyi mitinqlərdə tez-tez çıxış etmişəm.
Bu yaxınlarda mərkəzdən gəlmiş Qəza Kommunist Partiyasının məsul katibi seçkilərdən qabaq məndən xahiş etdi ki, partiyadan çıxmağımın səbəbini əsaslı şəkildə izah edim. “Tibbi-Sanitariya Əməyi” Şəki şöbəsinin seçkilərinə bir gün qalmış katib yol. Tokayevə əsaslandırılmış izahat verdim və orada aşağıdakı üç səbəbi göstərdim:
1. Şəki Qəza Kommunist Partiyasının kök salmış hesabat sisteminə həddən artıq biganə yanaşması. Bunun nəticəsində qəzamızın əməkçi kəndliləri iş heyvanlarından məhrum olub, şəhər fəhlələri və sovet qulluqçuları isə nəqliyyatın dağılması üzündən bugünədək yarımac qalıb.
2. Öz hərəkətləri ilə kommunist partiyasını və sovet hakimiyyətini ən kasıb və savadsız kəndlilərin gözündən salmış tamamilə hazırlıqsız və nadan partiya işçilərinin kəndə göndərilməsi. (Yoxsullar komitələri təşkil edilərkən qəzamıza gəlmiş yol. Bakı fəhlələri 3-cü qəza partiya konfransında bütün bunların hamısını incəliklə gördülər).
3. Fəhlələrin məişətini yaxşılaşdırmaq üçün yerli şəraiti nəzərə almadan burjuaziyanın əmlakının müsadirə edilməsi. Bunun nəticəsində fəhlələrin məişəti qətiyyən yaxşılaşmadı və məsələn, adamların icazəsiz axtarılması, müsadirə edilmiş bir çox şeylərin protokola salınmaması, onların sayının dəqiq göstərilməməsi kimi çoxlu ədalətsizliklər üzündən kommunist partiyasına ziyan dəydi. (Bu müsadirənin iştirakçısı olan bütün partiyaçılar indi dustaqdırlar və inqilabi tribunala verilib).
Məni Şəki Qəza Kommunist Partiyasından çıxmağa və Şəki Şəhər Fəhlə, Kəndli və Əsgər Deputatları Sovetinə “Tibbi-Sanitariya Əməyi” təşkilatının Şəki şöbəsindən öz namizədliyimi bitərəf kimi verməyə vadar edən səbəblər, bax, bunlardır.
Mən bu ilin 25 aprelində yekdilliklə seçildim. 27 apreldə Şəki Qəza Sovetləri qurultayına seçkilər aparıldı. Mən Sovetlərin qəza qurultayına da deputat seçildim. 1 mayda qurultay yığıncağında İcraiyyə Komitəsinə seçkilər zamanı yoldaşlardan[20] biri qışqırdı ki, “biz Abbas həkimin adı olan siyahıya səs verməyəcəyik”. Deputatların çoxu cavab verdi ki, bütün namizədləri ayrı-ayrılıqda səsə qoymaq istəyirik. Bu vaxt yol. xalq komissarı Musabəyov[21] iclası bağladı və 2 maya keçirdi. Deputatlar zaldan çıxarkən məni Siyasi Büro komissarı[22] həbs etdi. 2 mayda İcraiyyə Komitəsinə və Azərbaycan sovetləri qurultayına seçkilər keçirildi, mən isə 3 mayda başqa yoldaşlarımla[23] birgə Az. FK-ya göndərildim.
Həkim Ə.Qədimov.
11.V.1921”.
Bu sənəd Əliabbas Qədimovun ömür yolunun 1921-ci ilədək olan dönəmini yetərincə dəqiq işıqlandırır. Ə.Qədimovun Əli bəy Hüseynzadə kimi dahi bir şəxsiyyətlə, başqa çox görkəmli insanlarla birgə Stokholmda keçirilən sosialistlərin qurultayında iştirak etməsi ciddi öyrənilməyə layiq mövzudur.
Ə.Qədimovun kommunist partiyasının Şəkidə törətdiyi əməllər haqqında yazdığı həqiqətlər əslində bütün Azərbaycandakı durumu çox gözəl əks etdirirdi. Sovet hökumətinin 1920-ci ilin mayından dekabrınadək olan qısa müddətdə Şəkidə əhalinin rəğbətini qazanmış milli burjua nümayəndələri Məhəmmədağa Qədimbəyov, Hacı Səlim oğlu, Mehdiqulu Zülfüqarov, Məşədi Zülfüqarov, Yaqub Səfərəli oğlu, Mehdi Hüseynov, Süleyman Mustafa oğlu, Həmzə Əsədullayev, Məşədi Əsədullah Qafarov, Azaq Mustafayev, Məcid Mustafa oğlu və başqalarının nəinki bütün əmlakları müsadirə olunmuş, özləri də cismən məhv edilmişdilər. Məhz bu amil, Ə.Qədimovun yazdığı kimi, fəhlələrin durumunu xeyli çətinləşdirmişdi.
1921-ci ilin əvvəlində “Qafqaz kommunası” qəzetində dərc olunmuş bir məlumat Əliabbas həkimin Azərbaycan kəndinin vəziyyəti haqqında yazdıqlarını təsdiq edir. Orada deyilir: “Şəki Qəza Revkomunun[24] sədri Abid Əfəndiyev və kommunist firqəsinin idarə heyətinin üzvü Əbdürrəşid İnçə, Zunut, Aşağı Göynük, Baş Göynük və Aşağı Layıskı kəndlərində olarkən əhali şikayətlənib bildirmişdi ki, sizin dediyinizə görə, qızıl ordu nümayəndələrinin vəzifəsi füqəra hökumətinin müdafiəsidir. Fəqət onlar əhalidən zor və hədə ilə qoşqu heyvanları, araba, ərzaq alır, nalayiq hərəkətlər edirlər” (17, 31).
Qırmızı ordu və Xalq Ərzaq Komissarlığı (XƏK) əhalini soyub-talayırdı. XƏK-nın xəttiylə Azərbaycan əhalisindən 4.480.000 pud buğda və arpa, 13.200 baş heyvan, 380.000 pud meyvə-tərəvəz, ordunun vasitəsiylə isə 700.000 pud buğda və arpa, 20.600 baş heyvan müsadirə edilmişdi (15, 43). Azərbaycanın Moskvadakı səlahiyyətli nümayəndəsi Behbud Şahtaxtinski müsadirə kampaniyasında iştirak edən bolşevik məmurların bəd əməlləri haqqında Lenin’ə verdiyi məlumatda bildirirdi: “Azərbaycan kəndliləri bir şeyi xahiş edir və yalvarırlar: “Nə varsa hamısını birdəfəlik alın və ailə ocaqlarımızı gündəlik qeyri-mütəşəkkil və təhqiredici basqınlardan xilas edin” (6, 14).
Əliabbas Qədimov kommunist partiyasından çıxmaq üçün yazdığı ərizədə elə bu rəzalətlərdən bəhs edirdi. O, bununla da özünü bolşevik rejiminin daimi zərbəsi altına salmış oldu, 1920-ci ildən 1936-cı ilin dekabrınadək qədər dörd dəfə həbs edildi. Onlardan yalnız ikisinin istintaq protokolu əlimizdədir.
CİN BƏXTİYARIN KİŞİLİYİ VƏ...
Əliabbas Qədimovun həyatına dair məlumatların xeyli hissəsini sovet xüsusi xidmət orqanları qıfıl altında saxlamış, bir hissəsinin üzərinə isə zaman öz pərdəsini çəkmişdir. Belə məlumatların sorağı ilə axtarışda olarkən dildən-dilə keçərək indiyədək yaşayan bir xatirə tapıntı kimi üzə çıxdı.
Eşitdiyimə görə, ötən əsrin iyirminci illərində Şəkidə hələ türmə olmadığından, dustaq Əliabbas həkimi Gəncə həbsxanasına göndərmək qərarına gəlirlər. Çekistlər onun yolda qaça biləcəyindən ehtiyatlanaraq Şəkidə Cin Bəxtiyar ləqəbilə tanınan, olduqca cəsarətli və qoçaq bir adamı ona nəzarətçi qoyurlar. Əslində bu adama gizli tapşırıq verilibmiş ki, o, bir neçə günlük səfər zamanı münasib bir yerdə dustağı öldürüb cəsədini dərələrin birinə atsın və cinayətin izini itirsin.
Yolun uzunluğu, vaxtın çoxluğu dustaqla nəzarətçini istər-istəməz həmsöhbətə çevirir. Əliabbas həkimin sözü-söhbəti, ədəb-ərkanı Cin Bəxtiyara elə güclü təsir bağışlayır ki, onu öldürmək nədir, hətta qaçmasına şərait yaratmaq istəyir.
Araba Xanabad kəndinə çatdıqda Cin Bəxtiyar üzünü Əliabbas həkimə tutub deyir :
– Mən özümü pis hiss edirəm, burada bir qədər qalıb dincəlməliyəm. İki gündən sonra səhər saat 9-da məni arabaçı ilə birlikdə Gəncə türməsinin yanında gözləyin.
Bununla Cin Bəxtiyar əslində açıq-aşkar qaçmağa tam şərait yaradırdı və əmin idi ki, dustaq ona verilən bu imkandan yararlanıb hökmən qaçacaq. Ancaq dediyi vaxtda Gəncə həbsxanasına yaxınlaşan nəzarətçi yerində donub qalır – Əliabbas həkim dustaqxananın yanında arabada oturaraq onu gözləyir! Bəxtiyar kişinin dustağı türməyə təhvil verib Şəkiyə dönməkdən özgə çarəsi qalmır.
Bu əhvalat gerçək də ola bilər, uydurma da. Aradan neçə-neçə illər ötüb. Ortada bunu təsdiqləyəcək, yaxud danacaq heç bir sənəd, tutarqa qalmayıb. Ancaq bu rəvayət Ə.Qədimovun iç dünyasını, xasiyyət və mənəviyyatını olduqca dəqiq əks etdirir. Əlimizdəki maddi sübutlar – çoxlu sənədlər bu gerçəkliyi dönə-dönə təsdiqləyir.
İ K İ N C İ B Ö L Ü M .
S O N U N C U H Ə B S .
(Əliabbas Qədimovun dustaq fotosu)
STALİN ZİNDANINDA
Əliabbas Qədimov 1920 və 1921-də tutularkən hələ SSRİ mövcud deyildi. Doğrudur, formal baxımdan Azərbaycanın müstəqil olduğu bəyan edilir və hətta İnqilab Komitəsinin sədri, sonra Xalq Komissarları Şurasının da sədri, gerçəkdən müstəqil olmuş və Avropanın de-fakto tanıdığı ilk milli dövlətimizi – Azərbaycan Cümhuriyyətini yıxmaq üçün Rusiyaya əlindən gələn hər cür yardımı etmiş Nəriman Nərimanov onun rəhbəri sayılırdı, ancaq ölkənin gerçək ağası çar dönəmindəki kimi yenə ruslardı və Nərimanovun səlahiyyətləri FK-nın adi məmurlarının, yaxud Azərneftin rəhbəri Serebrovski’nin katibəsinin səlahiyyətlərindən də azdı. Təkcə bunu demək yetər ki, Nərimanovun ən çalçağırlı vaxtında – 1920-nin iyulunda “ÇK”-nın iki əməkdaşı onu və Azərbaycan nazirlərini “İslam” gəmisində iki saat həbsdə saxlamışdı![25]
Bu dönəmin səciyyəvi cəhəti ondaydı ki, çar zamanında olduğu kimi indi də Azərbaycanın təbii sərvətlərini heç kəsə gənəşmədən sümürən və burada da kadr siyasətini istədiyi kimi yürüdən Rusiyanın özündə hakimiyyət hələ tək əldə cəmləşməmişdi – Lenin hamıdan öndə olsa da Trotski, Zinovyev, Kamenev, Rıkov da hakimiyyətdə gerçək söz sahibləriydi və Stalin onların çiyinləri arxasından boylanan bir fiqurdu (partiyaya başçılıq etməsinə və komissar olmasına baxmayaraq). Dövlət idarəçiliyi çoxqütblü olduğuna görə Rusiyadakı kimi Azərbaycanda da məhbuslar ədalətə müəyyən dərəcədə umud bəsləyə bilirdilər. Dzerjinski cəlladları keçmiş qeyri-kommunistlərə amansız işgəncələr versə də iş bir çox hallarda güllələməyədək gedib çıxmır, dustaqlar bəzən bir neçə ildən, hətta bir neçə aydan sonra buraxıla da bilirdi.
Ancaq 1937-də Azərbaycan artıq “SSRİ” adlı vahid dövlətin bölünməz parçasıydı, SSRİ-dən ayrılmağı dilə gətirən istənilən şəxsi güllələmə gözləyirdi və bu dövlətdə bütün hakimiyyət 1934-də Kirov’un öldürülərək sıradan çıxarılmasından sonra təkcə Stalinin əlində cəmləşmişdi, o isə ölkəni mövcud iqtisadi-siyasi böhrandan, aclıqdan çıxarmağın yeganə yolunu kütləvi terrorda görürdü. Qalın buzlaqlar altındakı xam qızılı və başqa strateji məhsulları dövlətin malı etmək üçün o, milyonlarca dustağı havayı işlətməyi ən münasib yol seçmişdi. Düzdür, milyonlarca dustağı əhatə edəcək həbs düşərgələrinin yaradılması ideyasını Lenin irəli sürmüşdü, ancaq Rusiyanın ölüm-dirim məsələsini həll edəcək bu dövlət siyasətini gerçəkləşdirmək Stalinin üzərinə düşmüşdü. Bununla o həm ölkənin iqtisadi, sosial, siyasi problemlərinə çarə tapmağı, həm də bütün siyasi rəqiblərini aradan götürməyü düşünürdü.
Bildirmək yerinə düşər ki, 1937-də dərc edilmiş QULAQ[26] arxipelaqı düşərgələrinin siyasında hər birində 200 düşərgə olmaqla 35 qrup (üst-üstə 7.000 düşərgə!) göstərilib. 1935-1937-ci illərdə bu şəbəkə məhbuslarının (kişi və qadınlar) ümumi sayı 5-6 milyon nəfər arasında dəyişib. Onların çoxu məhv olub.
Bu düşərgələr şəbəkəsinin iki ən böyük mərkəzindən biri Komidə, biri isə Lena çayıyla Şelixov körfəzindən quzeydəki Kolıma dağ zənciri arasında yerləşirdi. Onların nə qədər geniş sahəni tutduğunu göz önünə gətirməkçün təkcə bunu demək yetər ki, Kolımadakı düşərgələrin ərazisi Fransanın ərazisindən iki dəfə böyükdü! Amerika tarixçisi Alan Bullok yazır:
“Nə qədər adam tutulub, güllələnib və ölüm düşərgəsinə göndərilib? Bu suala yəqin ki, heç vaxt qəti cavab almayacağıq. Robert Konvest’in 1991-də dərc etdirdiyi yeni faktlara əsasən, 1930-un başlanğıcıyla 1939-un başlanğıcı arasındakı dövrdə həlak olanların ümumi sayı 18 milyondan az olmadığını güman etmək mümkündür. Volkoqonov 16 milyona yaxın rəqəm göstərir, başqa qaynaqlar 20 milyondan söz açır.
Öncədən qırılmış 11 milyonu çıxsaq 1937-nin başlanğıcında dustaqxana və düşərgələrdə, Konvest’in fikrincə, yeddi milyona yaxın adam saxlanırdı. Yeddi milyon da 1937-38-ci illərdə həbs edilib”[27].
Şübhəsiz ki, əslində mütəşəkkil dövlət cinayəti olan bu kütləvi terroru nisbətən demokratik mövcud qanunlarla və məhkəmə sistemiylə həyata keçirmək mümkün deyildi. Milyonları zindanlara göndərməyi asanlaşdırmaq və dövlət cinayətinə hüquqi don geydirmək üçün o, saxta Baş prokuror (Vışinski) və cinayətin izini itirmək üçün tez-tez dəyişərək cismən məhv etdiyi, bir-birindən amansız daxili işlər komissarları/nazirləri (Yaqoda, Yejov, Beriya[28]) və gerçək məhkəməni əvəz edən oyuncaq “troyka” (“üçlük”) yaradaraq onların əliylə istədiyini etdi. Baş prokuror Vışinski onun əmriylə dünya hüquq sistemi tarixində bənzəri çox az görünən ən cəfəng müddəaları (məsələn, cinayəti boynuna götürməsi haqqında məhbusun imzasının onun cinayətinin sübuta yetirilməsi kimi) qanun şəklinə saldı. Ölüm hökmləri gecikdirilmədən həmin gecə yerinə yetirilirdi. “NKVD” zindanına hətta təsadüfi yanlışlıq (məsələn, ad-soyadın eyniliyi) üzündən düşmüş şəxsin oradan iş almadan çıxması möcüzə sayılardı.
Ölkədə o qədər işlək çuğulçuluq sistemi yaradılaraq hay-küylə təbliğ edilirdi ki, valideynlər övladlarından, ər-arvad bir-birindən, övladlar ata və bacı-qardaşlarından “NKVD”-yə xəbərçilik edərək məhbuslar şəbəkəsini sürətlə genişləndirirdilər. Xalq Pavlik Morozov xəstəliyinə yoluxdurulmuşdu. İstənilən şəxs haqqında kiminsə yalandan “o, hökumət haqqında xoşagəlməz söz söylədi” deməsi həbs üçün yetərliydi. Artıq 1937-1938-ci illərdə “Stalin dustağı”nın ədalətin ən zəif işartısına belə umud bəsləməsi imkan xaricindəydi.
Əliabbas Qədimovun dördüncü həbsi bu dönəmə düşdü və sonuncu oldu.
PR-23530 SAYLI İSTİNTAQ İŞİ
Qarşımızda 229 vərəqlik, hər vərəqi sanki bir ton ağırlığında, hər səhifəsindən haqsız insanların göz yaşları, hönkürtü və ah-nalələri, yeri gəldikcə üsyan hayqırtıları duyulan çox ciddi bir sənəd var. Bu, Əliabbas Əli oğlu Qədimov və Mədinə xanım Mehdi qızı Qiyasbəyla’nin Azərb. SSR Cinayət Məcəlləsinin (CM) 72/73-cü maddələriylə ittiham edildikləri, 7 dekabr 1936-cı ildə başlanıb 5 sentyabr 1937-ci ildə bitmiş 13506 saylı (indi PR-23530 saylı) istintaq işidir.
Dilsiz-ağızsız vərəqlərdə Azərbaycanın iki ən qeyrətli övladının güllələnməsinə çalışan allahsız çekistlərin bütün saxtakarlıqları, ozamankı hüquq sisteminin heç bir əndazəyə sığmayan ədalətsizliyi, kommunistlərin öz siyasi rəqibləri olan dustaqlara düşməncəsinə münasibəti gerçək əksini tapıb. Bu sənəddə yazılanlar yalnız adı çəkilən iki görkəmli şəxsiyyətin deyil, bütövlükdə kommunist ağalığı illərindəki bütün ziyalılarımızın, millətsevər, yurdsevər insanlarımızın bir-birinə hədsiz bənzəyən talelərini əks etdirdiyinə görə oradakı bəlgələrdən maksimum yararlanmaqla ən önəmlilərini oxuculara çatdıracağıq.
“GİZLİ MÜSAVAT MK-sı 4-cü HEYƏTİNİN ÜZVÜ”
Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı (XDİK) Dövlət Təhlükəsizlik İdarəsi (DTİ) Gizli-Siyasi Şöbəsi (GSŞ) əməkdaşlarının 29 dekabr 1936-da tərtib etdiyi, həmin şöbənin rəisi, dövlət təhlükəsizliyi kapitanı Gerasimov’un 30 dekabrda təsdiqlədiyi arayışda Əliabbas Qədimovun həbs edilməsinin motivləri belə “əsaslandırılır”:
Arayış
12288 saylı istintaq işinə əsasən həbs olunan gizli Müsavatın Mərkəzi Komitəsinin 4-cü heyətinin fəal üzvlərindən biri də 1902-ci ildə (?! – müəl.) anadan olmuş Şəki şəhər sakini, Quba rayon xəstəxanasının həkimi Qədimov Abbasdır.
İndi həbsdə olan fəal müsavatçı Mədinə xanım Qiyasbəylinin ifadəsinə görə, Abbas Qədimov Müsavat təşkilatının üzvüdür. Qədimov Abbas 1930-cu ildə Şəkidən Bakıya, Mədinə xanımın yanına gəlmiş və gizli üsyan təşkilatının adından bildirmişdir ki, Şəki rayonunda baş vermiş üsyan hərəkatına kömək əldə etmək üçün onun vasitəsiylə müsavatçılarla əlaqə yaratmaq istəyir.
Hesab edirik ki, bu ifadə əsasında Qədimov Əliabbasın həbs edilməsi və Azərbaycan SSR CM-nin 72/73-cü maddələriylə məsuliyyətə cəlb olunması zəruridir.
2-ci gizli-siyasi şöbənin əməliyyat müvəkkili, dövlət təhlükəsizliyi kiçik leytenantı Sonkin S.
2-ci gizli-siyasi şöbənin rəisi, dövlət təhlükəsizliyi baş leytenantı Atakişiyev.
29 dekabr 1936-cı il.
Sənədin aşağısında sağ küncdə Sonkinin öz əliylə yazaraq qolladığı bu qeydi oxuyuruq: “Həbs ASSR xalq səhiyyə komissarı y. Pantsxava ilə razılaşdırılıb. 3/I-37”.
SƏNƏDƏ SÖZARDI
1920-ci il aprelin 28-də bolşevik Rusiyasının işğal etdiyi Azərbaycanda Müsavat Partiyası gizli fəaliyyətə keçməyə məcbur oldu. Məhz gizli iş şəraitində partiyanın Mərkəzi Komitəsinin (MK) yeni heyəti seçildi. MK-nın 15 nəfərdən ibarət bu heyətinin tərkibinə Mirzəbala Məhəmmədzadə (sədr), Məhəmmədsadıq Quluyev (təşkilat katibi), Əbdülvahab Məhəmmədzadə (müavin), Cəfər Cabbarlı (katib), Məhəmmədhəsən Baharlı (maliyyə katibi) və b. daxil oldular.
1923-cü ilin sentyabrında Fövqəladə Komissiya Müsavatın gizli mətbəəsini aşkarladı. Yenidən həbslər dalğası başlandı. Repressiya nəticəsində gizli Müsavatın ali orqanı olaraq fəaliyyət göstərən MK-nın ilk heyəti də sıradan çıxdı.
Daim ölüm və həbs təhlükəsi altında yaşamalarına baxmayaraq müsavatçılar MK-nın ikinci heyətini formalaşdıra bildilər. Ancaq 1926-cı ilin martında FK Mərkəzi Komitə üzvləri Dadaş Həsənov, Əhməd Hacınski, Əli Yusifzadə və 34 nəfər başqa müsavatçını həbs etdi. Həmin ilin oktyabrında partiyanın daha 31 üzvü həbsxanaya atıldı. Bununla da MK-nın ikinci heyətinin fəaliyyəti başa çatdı.
1926-cı ildə Sovet İttifaqının beynəlxalq durumunun pisləşməsi Müsavatın yenidən fəallaşmasına səbəb oldu. Bu mərhələ 1931-ci ilədək davam etdi. Həmin dövrdə partiya daha çox ideoloji mübarizəyə və gənclərlə aparılan işə önəm verirdi.
1927-ci ildə Həsənağa Axundzadə (məsul katib), Haşım Aslanov (təşkilat şöbəsinin müdiri) və Əliağa Aslanov (xəzinədar) tərəfindən “Gənc Azər” təşkilatı yaradıldı. Bu təşkilatın müxtəlif təhsil ocaqlarında və sənaye müəssisələrində özəkləri meydana gəldi. Müsavatdakı bu canlanma yeni repressiyaya səbəb oldu. 1929-cu ildə 1.142 nəfər Müsavat tərəfdarı tutuldu. Həbslər, sürgünlər 1930-1931-ci illərdə də davam etdi. Tutulan müsavatçıların və Müsavat tərəfdarlarının bir hissəsi güllələndi, başqa hissəsi isə sovet imperiyasının uzaq şimal vilayətlərinə gedərgəlməz sürgünlərə göndərildi.
Beləliklə, 1931-ci ildə gizli Müsavat təşkilatına başçılıq edən MK-nın 3-cü heyətinin fəaliyyəti başa çatdı.
1931-1937-ci illərdə sovet xüsusi xidmət orqanlarının qəddarlığıyla üzləşən müsavatçılar mütəşəkkil təşkilat halında fəaliyyət göstərə bilməsələr də mütərəqqi fikirli ziyalılarla gizli təşkilat və qruplar halında birləşərək milli dəyərlərimizi, azadlıq ideyasını təbliğ edir və yayırdılar.
Çekistlər həmin dövrdə həbs olunaraq istintaqa cəlb edilən şəxslərə “müsavatçı” ittihamı irəli sürür, onların sırasında daha fəal olanları isə Müsavatın Mərkəzi Komitəsinin 4-cü heyətinə mənsub olmaqda suçlayırdılar (8, 155-158). Əliabbas Qədimov belə ittihama məruz qalanlardandı.
Yeri gəlmişkən, oxucularımız Mədinə xanımı “satqın” adlandırmağa qətiyyən tələsməsinlər. Bu məsələnin kökünü aşağıda geniş açıqlayacağıq və həqiqət öz yerini tutacaq.
MƏDİNƏ XANIM QİYASBƏYLİNİN İSTİNTAQI
(Mədinə xanım Qiyasbəylinin dustaq fotosu)
13506 saylı (indi PR-23530 saylı) istintaq işi, yuxarıda dediyimiz kimi, Əliabbas Qədimovla Mədinə xanım Qiyasbəylinin ortaq “cinayət”i üzrə açılıb.
Onların “cinayət”i kimi taleləri də eyni oldu. Bu gün onların müstəntiqə nələr söylədiyini heç bir tarixçi və hüquqşünas təsdiqləyə bilməz, çünki “NKVD” müstəntiqləri, adətən, müttəhimlərin on cümləsindən yalnız birini – müttəhimin özünə qarşı olanı seçir, yaxud adi bir cümləyə siyasi don geydirərək yazır və ən müxtəlif vadaretmə üsullarıyla müttəhimə bu uydurmaların altından qol çəkdirirdi. Bir çox hallarda işgəncədən bayılmaq dərəcəsinə çatmış, ağlı üstündə olmayan məhbusa istənilən sənədi imzaladırdılar. Hər şeydən əl çıxdıqda istintaq protokoluna saxta imza da atırdılar – kim yoxlayacaqdı ki?! Çox təəssüf ki, bu gerçəkliyi bilməyən bugünkü soydaşımız istintaq sənədlərində üzləşdiyi ifadələrə tam inanaraq işdə adı keçən məhbusu lənətləyir, “satqın” adlandırır, yaxud ən yumşaq ifadəylə desək, qınayır. Bu vacib girişi ona görə veririk ki, Əliabbas Qədimovla Mədinə xanım Qiyasbəylinin ifadələrini də oxucumuz tam gerçəklik kimi qəbul etməsin, onların dediklərini özünün məntiq süzgəcindən keçirsin.
Öncə baxaq görək Mədinə xanım kimdir? Onun haqqında aşağıda ən qısa bilgi veririk.
(Mədinə xanım Qiyasbəylinin direktor fotosu)
Mədinə xanım Qiyasbəyli (1889-1938) Azərbaycanın ən qabaqcıl maarif xadimlərindən biri, görkəmli müəllim, jurnalist və tərcüməçidir. 1889-cu ilin aprelində Qazax qəzasının Salahlı kəndində maarifpərvər Mehdi ağa Vəkilov’un ailəsində dоğulub. İlk dini-dünyəvi təhsilini valideynlərindən alıb, sоnralar Tiflisdə “Müqəddəs Nina” məktəbində oxuyub. Daha sonra birillik pedaqoji kursu bitirərək müəllimlik şəhadətnaməsi alıb (1905). Təhsilini başa vurduqdan sоnra – 17 yaşındaykən Salahlıda öz evində birsinifli ilk kənd qız məktəbi açaraq (1906) оrada dərs deyib. Ömrü boyu maarif və mədəniyyətin inkişafına çalışıb.
Qazax və Gədəbəy bölgələrində məktəb təşkil edib, Qazax qəzasında xalq məktəbləri müfəttişi olub (1918). 1919-da ailə qurub (iki qzı, bir oğlu olub). Bakıya köçəndən sonra burada yaşadığı mənzildə kurslar təşkil edib. Sonra Türk qızlarımız üçün açılmış Darülmüəllimata – qız pedaqoji məktəbləri üçün ibtidai sinif müəllimləri hazırlayan ilk pedaqoji texnikuma başçılıq edib (1920-1926). Bakının orta məktəblərində, Tibb İnstitutunda, Kənd Təsərrüfatı İnstitutunda və b. ali məktəblərdə dərs deyib.
“Şərq qadını” jurnalının yaradıcılarından biri kimi savadsızlığa qarşı mübarizə aparıb.
Tərcüməçilik fəaliyyətiylə də ardıcıl məşğul olub. Səməd Vurğun A.S.Puşkinin “Yevgeni Onegin” poemasının tərcüməsi üzərində çalışarkən qohumu Mədinə xanımın tövsiyələrindən faydalanıb. Rusdilli oxucular M.S.Ordubadi’nin “Dumanlı Təbriz”, Əbülhəsən’in “Yoxuşlar” romanıyla onun tərcüməsində tanış olublar.
Mədinə xanım Qiyasbəyli Əliabbas Qədimovdan bir gün sonra – 8 dekabr 1936-da 1747 saylı orderlə həbs edilib.
İLK DİNDİRMƏ
Həbsdə qaldığı 2 il müddətində – 8 sentyabr 1937-ci ilədək Mədinə xanım 12 dəfə dindirilib.
Öncə müstəntiq Platonov’un tərtib etdiyi 10 dekabr 1936-cı il tarixli ilk istintaq protokolunu gözdən keçirək.
“Sual: Sizin gizli əksinqilabi Müsavat təşkilatının üzvü olmağınız istintaqa bəllidir. Bunu boynunuza alırsınızmı?
Cavab: Yox, almıram.
Sual: Müsavatçılardan şəxsən kimləri tanıyırdınız?
Cavab: Mən müsavatçılardan şəxsən aşağıdakı şəxsləri tanıyırdım:
1) Vəkilov Rəhim, Müsavat Parlamentinin keçmiş üzvü. Müsavatçı kimi fəaliyyət göstərdiyinə görə sürgün edilib. Mənim qohumum, əmioğlumdur. Solovetsk adasından sürgündən qayıtdıqdan sonra Tiflisdə yaşayırdı. Özünü öldürdü. 2) Vəkilov İsfəndiyar, atamın əmisi oğludur, sürgündə olub. 1936-cı ildə sürgündən qayıdıb, hazırda Gəncədə yaşayır. 3) Vəkilov Zəkəriyyə, atamın əmisi oğludur. Sürgündə olub, oradan təxminən 1938-ci ildə qayıdıb. İndi Bakıda yaşayır. 4) Baharlı (Vəkilov) Məhəmmədhəsən sürgündə olub. Bakıda yaşayır. 5) Rəhimov Əbdülhəsən, müəllimdir. Mən onunla bir yerdə, eyni məktəbdə dərs demişəm. Hazırda sürgündədir”.
Oxucu, diqqət! Müstəntiqin saxtakarlığına baxın: “əksinqilabçı Vəkilovlar”ın sayını artırmaqçün o, Məhəmmədhəsən Baharlını da (soyadı: Vəliyev) “Vəkilov” edib.
“Sual: Bu şəxslərin müsavatçılığı Sizə necə bəlli olub?
Cavab: Rəhim Vəkilov müsavatçı kimi baxışlarını gizlətmirdi. Digərlərinin isə müsavatçı olmasını məhz müsavatçı ittihamı ilə sürgünə göndərildiklərinə görə bilirəm. Şəxsən mənim yanımda onlar heç vaxt müsavatçı baxışları haqqında danışmayıblar.
Sual: Yuxarıda adlarını çəkdiyiniz şəxslərdən kiminlə sürgündən sonra görüşmüsünüz?
Cavab: Hazırda sürgündə olan Əbdülhəsəndən başqa hamısı ilə görüşmüşəm.
Sual: Sürgündən qayıtdıqdan sonra Baharlı ilə nə vaxt və harada görüşmüsünüz?
Cavab: Sürgündən qayıtdıqdan sonra mən Baharlını bir dəfə görmüşəm. Bu, 1934-cü ilin birinci yarısında olub. Mən onunla bacısıgildə görüşmüşəm. Məqsədim isə sürgündə olan Rəhim Vəkilovdan hal-əhval tutmaqdı.
Sual: Baharlı sürgün haqqında Sizə nə danışıb?
Cavab: Baharlı mənə dedi ki, Rəhim Vəkilov çoxdan adadan sahilə köçürülüb və mənim onun haqqında məlumatım yoxdur.
Sual: Baharlı sürgün haqqında daha nələr danışıb?
Cavab: O, bir də sürgündə xəstələnməsindən danışıb. O, gerçəkdən, qoltuq ağaclarıyla gəzir.
Sual: Baharlının dedikləri elə bunlardır?
Cavab: Bəli, yalnız bunları dedi.
Sual: Bəs həbs düşərgəsində müsavatçıların siyasi aclıq keçirmələri Sizə haradan bəllidir?
Cavab: Müsavatçıların düşərgədə siyasi aclıq keçirmələri haqqında ilk məlumatı Məlikov Rəhim bəydən almışam. Mən Məlikovla eyni məktəbdə dərs demişəm. Bu barədə o, 1930-31-ci illərdə mənə məlumat vermişdi. Sonralar sürgündən qayıdan Zəkəriyyə Vəkilov da Məlikovun bu məlumatını təsdiq etdi”.
DEYİLƏNƏ SÖZARDI
Müsavat Partiyası XX yüzilin əvvəllərində Azərbaycanda aparılan istiqlal savaşının istinadgahına çevrildi. Məhz buna görə o dönəm xalqımızın zehninə Müsavat dövrü kimi həkk olundu.
Müsavatçılıq milli mədəniyyətə bağlılığın, ümumbəşəri dəyərə sayğının, istiqlal, hürriyyət, cümhuriyyət ideallarına sadiqliyin ifadəsidir. Azərbaycanı rus imperiyasından kənarda müstəqil bir dövlət kimi təsəvvür etmək belə istəməyən kommunist-bolşeviklərin Müsavata vəhşi nifrətinin kökündə bu amillər dururdu.
Müsavat Partiyasının 1919-cu ilin dekabrında keçirilən ikinci qurultayında Nəsib bəy Yusifbəyli müstəqil Azərbaycan amalının gerçəkləşməsində bu partiyanın rolundan bəhs edərək demişdi:
“Azərbaycan amalı yalnız Müsavatındır” demək yanlışdır. Bu, ümumi bir amal və arzu idi. Ancaq onu ilk dəfə Müsavat üzə çıxardı. Kül örtülü bir od idi, Müsavat üfürüb alovlandırdı” (8, 10).
Ulu öndərimiz, Azərbaycan istiqlalının memarı Məhəmmədəmin Rəsulzadə’nin “Azərbaycanın təşəkkülündə Müsavat” adlı məruzəsində həmin mətləbin üzərinə işıq salan fikirlərə diqqət yetirək:
“Xatirimdədir, Bakı bələdiyyəsində hökumət təşkili məsələsi müzakirə olunuyordu. Müsavat naminə “buranın hökuməti yerli xalq əlində olmalıdır” dediyim zaman bütün firqələri, bilxassə Rusiyanı təmsil edən sol firqələri acıqlandırmışdım. O günə qədər bizimlə bir dərəcəyə qədər yola gedən məhəlli bolşeviklər o gündən etibarən başqa dürlü rəftar etməyə başlamışlardı.
Axır böylə idi. Fəqət yar az da olsa vəfakar degildi. O zaman müsəlman sosialistlərin ələmdarı bulunan “Hümmət” firqəsi başda doktor Nəriman olmaq üzrə Azərbaycan muxtariyyətinin ədüvvi-canı[29] idi. “Hümmət”ə görə, biz milləti fəlakətə çəkiyor və mən qeyri-həqq naminə söz söylüyormuşam. Azərbaycan fikri, türklük iddiaları xalqın deyil, bir taqım burjuapərəst “boşboğaz”ların imiş. Müsəlmanların mənfəəti “qırmızı əmələ bayrağı”nın altına toplanmaq və Rusiya demokratiyasından ayrılmamaqda imiş.
İslamçıların nəzərində də biz haqsız idik. Ozamankı “Rusiyada müsəlmanlıq” bizi təfriqəçilikdə, milləti-islamı parça-parça etməkdə ittiham ediyordu.
Fəqət biz bütün bu hücumlara, bütün bu ittihamlara rəğmən diyorduq: Yaşasın Azərbaycan!” (8, 117).
Yenidən Mədinə xanımın dindirilmə prosesinə qayıdırıq:
“Sual: Zəkəriyyə Vəkilov aclıq barədə, müsavatçıların düşərgədəki vəziyyəti haqqında Sizə nə danışıb?
Cavab: O, mənə danışıb ki, müsavatçılar cinayətkarlarla bir yerdə işə çıxarılmalarına etiraz olaraq aclığa başlayıblar. Zəkəriyyə həmçinin bildirib ki, müsavatçılardan iki nəfəri - İdris Axundovun qardaşı İbrahim Axundov və Əliəfsər Nəcəfov aclıq etdikləri zaman ölüblər. Aclıq aksiyasından sonra düşərgə rəhbərliyi güzəştə gedərək müsavatçılara qarşı fərqli rejim tətbiq edib. Zəkəriyyə mənə danışıb ki, onun özü, Baharlı, Rəhim Vəkilov və İsfəndiyar Vəkilov aclıq aksiyasında şəxsən iştirak ediblər.
Sual: Bu aclıq haqqında Siz kimə danışmısınız?
Cavab: Heç kimə.
Sual: Siz bunu qəti təsdiqləyirsiniz?
Cavab: Danışdığımı xatırlamıram.
Sual: İstintaqa məlumdur ki, aclıq haqqında Siz bəzi adamlara, o cümlədən Nurməhəmməd Şahsuvarova danışmısınız. Bunu etiraf edirsinizmi?
Cavab: İnkar edirəm.
Sual: Sizə xatırladıram, bu söhbət 1934-cü ildə Sizin mənzildə baş verib. Məsləhət görürəm ki, düz danışasınız.
Cavab: Xatırlamıram. Ola bilsin ki, belə bir şey olub, ancaq mənim yadımda qalmayıb.
Sual: Bəs Moskvadakı Butırka həbsxanasının divarındakı əksinqilabi yazılar Sizə necə məlum olub?
Cavab: Mən Butırka həbsxanasının divarındakı əksinqilabi yazıdan heç nə bilmirəm.
Sual: Ancaq Siz bu barədə də danışmısınız. İstintaqa bəlli olan danılmaz faktları niyə inkar edirsiniz?
Cavab: Mən bu yazılar haqqında heç nə bilmirəm.
Sual: M.Qorkinin həbs düşərgəsinə gəlişi zamanı müsavatçıların davranışı haqqında Sizə nə məlumdur?
Cavab: Mən bu məsələ haqqında da heç nə bilmirəm.
Sual: Siz qeyri-səmimi ifadələr vermək yolunu tutursunuz. İstintaq sizi xəbərdar edir ki, M.Qorki həbs düşərgəsində olarkən müsavatçıların orada davranışı haqqında sizin danışdıqlarınız bizə dəqiq məlumdur. İnstintaq doğru ifadə verməyinizi tələb edir.
Cavab: Yadıma düşür ki, bu barədə kimsə mənə danışıb, ancaq kimin danışdığını xatırlamıram.
Sual: Bu məsələdən Sizə nə danışıblar?
Cavab: Mənə danışıblar ki, M.Qorki düşərgəyə gəlib dustaqların vəziyyətiylə tanış olmaq istəyəndə müsavatçı məhbuslar cəza veriləcəyindən çəkinərək heç nə danışmayıblar. Bir müsavatçı isə dustaqların guya məhrumiyyətləri və “əzab-əziyyətləri” haqqında M.Qorkiyə məktub verib. Sonra düşərgə rəhbərliyi bundan xəbər tutunca həmin “qoçağ”ı cəzalandırıb.
Sual: Bunu Sizə kim deyib?
Cavab: Xatırlamıram.
Sual: Xatırlamağa çalışın.
Cavab: Ya Rəhim, ya da Zəkəriyyə.
Sual: Bu informasiyanın əksinqilabi böhtan olduğunu etiraf edirsinizmi?
Cavab: Bəli, bu məlumatın əksinqilabi böhtan olduğunu boynuma alıram”.
Mədinə xanımın 10 dekabr 1936-cı il tarixli dindirmə protokolu burada bitir. Ancaq biz bu istintaqla bağlı bəzi tarixi arayışlar verməyə məcburuq.
SOLOVETSK ÖLÜM DÜŞƏRGƏSİ
1920-ci ildə Azərbaycan Cümhuriyyətinin rəhbərliyi hakimiyyəti bolşeviklərə təhlil verərkən qəbul edilmiş razılaşmada qeyd olunmuşdu ki, yeni yaradılan kommunist hökuməti əvvəlki hökumətin üzvlərinin, Parlament deputatlarının can və mal toxunulmazlığını, siyasi partiyaların azadlıq və sərbəstliyini təmin edəcəkdir. Bolşeviklər verdiyi sözlərin heç birinə əməl etmədilər. Onlar Azərbaycana ayaq basan gündən vətənimizi qan gölünə döndərdilər. Bir ayın içində tuta bildikləri bütün generalları və yüksək rütbəli başqa zabitləri, mühüm dövlət qulluğunda olmuş şəxsləri, deputatları güllələdilər, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Həsən bəy Ağayev kimi nəhəng şəxsiyyətləri terror yoluyla aradan götürdülər, yerdə qalan dövlət adamlarını da mühacirətə getməyə məcbur etdilər. Onlar Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmış, milli hakimiyyət dövründə fəal ictimai mövqe tutmuş, müstəqil dövlət quruculuğunda iştirak etmiş soydaşlarımızın təqib edilməsini bir an da dayandırmadılar. Artıq 1920-ci il oktyabrın 10-da onlar 762 nəfəri də zindanlara atmışdılar.
Söz azadlığının, fərqli düşüncənin qəddar düşməni olan bolşeviklər kommunist partiyasından başqa bütün partiyaların fəaliyyətini yasaqladılar. Ən böyük zərbə, əlbəttə, müstəqilliyimizin memarı olan Müsavat Partiyasına dəydi. Bu partiyanın minlərcə üzvü məhv edildi, həbsxanalara salınaraq ən ağır işgəncələrə məruz qaldı. Sovet hakimiyyətinin ilk illərində Leninin layihəsi əsasında uzaq Ağ dənizdəki Solovetsk adasında həbs (əslində: ölüm) düşərgəsi yaradılmışdı. Oradan sağ-salamat qurtulmaq hər oğulun işi deyildi. Adadakı düşərgədə yüzlərcə müsavatçı saxlanılırdı. Onlar burada insan ləyaqətini alçaldan şəraitə, bolşeviklərin onlarla qeyri-insani rəftarına dözməyərək etiraz səsini ucaldırdılar. Siyasi məhbusları, o sıradan müsavatçıları “xalq düşməni”, başkəsən quldurları isə “xalq dostları” adlandıran düşərgə rəhbərliyi iş prosesində kriminal ünsürləri nəzarətçi təyin etməklə, onların cinayətkar əməllərinə göz yummaqla müsavatçıları aşağılayaraq onların həyatını cəhənnəm əzabına çevirmişdi. Buna dözməyən müsavatçılar mövcud duruma qarşı üsyan edərək kütləvi şəkildə ölüm aclığına başladılar. Bu aclıq hərəkatı bir aydan çox davam etdi. Həmin siyasi etiraz hərəkatında bir neçə müsavatçı, o sıradan Mədinə xanımın adlarını çəkdiyi İbrahim Axundov və Əliəfsər Nəcəfov şəhid oldular. Solovetsk adasındakı başqa xalqların dustaqları Azərbaycan müsavatçılarının insan ləyaqəti uğrunda apardıqları bu ölüm-dirim çarpışmasını heyranlıqla izləyirdilər. Müsavatçıların mücadiləsi öz bəhrəsini verdi. Düşərgə rəhbərliyi onların inadı qarşısında geri çəkilərək dustaqların iş və həyat şəraitini dəyişməyə məcbur oldu.
Solovetsk adasındakı ölüm düşərgəsi haqqında qorxunc xəbərlər bütün ölkəni dolaşırdı. Yazıçı Maksim Qorki vəziyyəti yerində öyrənmək üçün ora getmişdi. Düşərgə rəhbərliyi yazıçının gəlişi ərəfəsində dustaqlara hədə-qorxu gələrək onlardan tələb etmişdi ki, gerçək durumu məşhur yazıçıdan gizlətsinlər. Ancaq müsavatçılar yenə də susmadılar.
Solovetsk cəhənnəmində ölümə məhkum edilmişlər arasında çoxlu yaradıcı insanlar vardı. Onlardan biri də haqqında Mədinə xanımın danışdığı Məhəmmədhəsən Baharlı-Vəlili idi.
Bəlli olduğu kimi, Azərbaycan Cümhuriyyətinin qısa mövcudluq dönəmində milli tariximizin qələmə alınmasına xüsusi önəm verilib. O zaman Məhəmmədhəsən Baharlı’nın “Azərbaycan”, Rəşid bəy İsmayılov’un “Azərbaycan tarixi”, Cahangir Zeynaloğlu’nun “Müxtəsər Azərbaycan tarixi” əsərləri yazıldı. Ancaq XI ordunun Azərbaycanı işğal etməsi bu əsərlərin nəşrini gecikdirdi. M.Baharlının əsəri 1921-ci, R.b.İsmayılovun əsəri isə 1924-cü ildə Bakıda nəşr olundu. Abbasqulu ağa Bakıxanov’un “Gülüstani-İrəm”iylə birlikdə bu əsərlər Azərbaycan tarixşünaslığında milli mövqedən yazılan ilk və son elmi əsərlər oldu. Sovet hakimiyyətinin 70 ilində M.Baharlı və C.Zeynaloğlu’nun əsərləri yasaqlandı, xalq arasında yayılmadı və təbii ki, mənimsənilmədi (11, 4).
“MÜSAVATÇI QƏDİMOV ABBAS BƏYİ TANIYIRSINIZMI?”
İndi də Mədinə xanım Qiyasbəylinin 16 dekabr 1936-dakı dindirilməsiylə tanış olaq. Bugünkü müstəntiq erməni Ohanesov’dur. Onun sualları daha qərəzli, daha məkrlidir. Bütün gücüylə daha çox müsavatçı aşkarlamağa çalışır ki, “NKVD”-ni idarə edən qardaşları onları böyük zövqlə məhv etsin.
Bu dindirmədə Əliabbas Qədimova da mühüm yer ayrılıb. Çağdaş nəslimiz üçün də çox maraqlı olduğuna görə dindirmənin həmin bölümünü qısaltmadan veririk.
“Sual: Sizə bəlli olan müsavatçıların hamısının adını yenə demədiniz. Hamısının adını çəkmək təklif olunur.
Cavab: Daha heç kəsi tanımıram.
Sual: Yalan danışırsınız. Müsavatçı Qədimov Abbas bəyi tanıyırsınızmı?
Cavab: Mən həkim Qədimov Abbas bəyi[30] tanıyıram. O, mənim şagirdim Hüseynova Nazilənin əridir. Onu müsavatçı kimi tanımıram.
Sual: Qədimovla şəxsən tanışsınız?
Cavab: Bəli.
Sual: Onunla harada və haçan tanış olmusunuz?
Cavab: 1930-31-ci illərdə. Harada, xatırlamıram.
Sual: Qədimov sizdə olubmu?
Cavab: Yox.
Sual: Bu, doğru deyil. İstintaqa məlumdur ki, Qədimov sizdə bir neçə dəfə olub, 1930-cu ildə də. Etiraf edirsinizmi?
Cavab: Qəti inkar edirəm. Qədimov bizdə heç vaxt olmayıb.
Sual: Sizə xatırladıram: bu, 1930-cu ilin yazında olub. O zaman Qədimov Şəkidə işləyirdi. O, sizdə iki dəfə olub. Dəqiq müəyyənləşdirilmiş faktları inkar etməyin.
Cavab: Qədimov bizdə olmayıb”.
Göründüyü kimi, Mədinə xanım Əliabbas Qədimovun onlarda olmasını qəti inkar edir və bununla da həmin günkü dindirmə yarımçıq kəsilir. Ancaq müstəntiqlər istədiyini almayınca əl çəksəydilər onlara heç “çekist” deməzdilər ki! Onlar Mədinə xanıma necə dəhşətli işgəncələr veriblərsə ertəsi gün – 17 dekabrda başladılan və üç gün fasiləsiz (!!) davam edən istintaqda o, əsasən, yeni müstəntiq Platonov’un istədiyi kimi ifadələr verməyə başlayır.
“Sual: Ötən dindirmədə Siz həkim Qədimovun Sizə gəlməsini inadla dandınız. İstintaq Sizə bildirir ki, Qədimovun 1930-cu ildə də sizdə olmasını təsdiqləyən faktlara malikdir. Sizə məsləhət görürük ki, istintaqa müqavimət göstərməyə son qoyaraq, nəhayət, səmimi ifadə verəsiniz.
Cavab: Boynuma alıram ki, istintaqa bir sıra yanlış ifadələr vermişəm. Səmimi olmaq qərarına gəlmişəm. Mən müsavatçıların əhatəsindəydim. Ən yaxın qohumlarım – Mustafa bəy Vəkilov keçmiş müsavat hökumətinin daxili işlər naziri və Rəhim Bəkilov müsavatçıydı və buna görə mən də Müsavata rəğbət bəsləməyə başladım.
Həkim Qədimov Abbasla belə tanış olmuşam: 1930-cu ilin yazında tanımadığım, özünü həkim Qədimov kimi təqdim edən bir adam evimə gəlmişdi. Onun şagirdlərimdən birinin əri olduğunu xatırladım. Bunu da bilirdim ki, Qədimovu 1927-ci ildə Azərb. DSİ əksinqilabi fəaliyyət üstündə həbs edib.
Mənə tanışlıq verdikdən sonra Qədimov Şəkidən gəldiyini, orada qatmaqarışıqlıq olduğunu və görünür, təşkilat fəaliyyət göstərdiyini söylədi. Onun özü Bakıda olan müsavatçılarla əlaqə qurmaq istəyir, çünki Şəkidəki hərəkata yardım gərəkdir. Qədimov mənə bunu da bildirdi ki, xarici Müsavat mərkəziylə əlaqə yaratmaq və ondan yardım almaq məqsədiylə şəxsən özü Türkiyəyə getmək istəyir. O, Türkiyədəki müsavatçıların yerini ona deyə bilib-bilməyəcəyimi soruşdu. Mən heç bir ünvan olmadığını, hətta ən yaxın qohumlarımdan Mustafa Vəkilovun Türkiyədə olub-olmadığını bilmədiyimi dedim. Mən onu da bildirdim ki, Sürəyya Talıbxanbəyova[31] İstanbuldadır, ancaq çətin ki, bundan bir şey alınsın.
Mən Qədimova Şəki avantürasına qatılmamağı da məsləhət gördüm. Sonra Qədimov xariclə əlaqə yaratmaqda israr etdiyinə görə ona belə əlaqənin olmadığını bildirdim”.
Bundan sonra Platonovla Mədinə xanım arasında bir neçə sual-cavab gedir və inadkar müstəntiq ondan almaq istədiyi cavabı sual şəklində bu cür verir: “Deməli, Qədimov Şəkidəki gizli əksinqilabi müsavatçı təşkilatın üzvü imiş və Bakıya əlaqə yaratmaq üçün gəlibmiş?”.
İndisə dindirmə protokoluna Mədinə xanımın adından yazılmış cavaba diqqət yetirin: “Faktlardan göründüyü kimi, Qədimov Şəkidəki gizli əksinqilabi üsyançı müsavatçı təşkilatın üzvü imiş və Bakıya əlaqə yaratmaq üçün gəlibmiş”. Belə çıxır ki, Mədinə xanım hətta müstəntiqdən də sərtmiş və onun ifadələrinin üzərinə hələ bir “üsyançı” sözü də artırıb! İndi oxucumdan soruşuram: Mədinə xanımın Əliabbas Qədimovu satdığına, bütün bu yazılanların müstəntiqlərin öz ssenarisi olmadığına inanırsanmı? İnanırsansa, müstəntiqin səmimiliyinə şübhən yoxdursa səni öz vicdanının mühakiməsinə buraxırıq...
Nə isə, dindirmənin ardını izləyək:
“Sual: İstintaqa o da bəllidir ki, Qədimov Şəki üsyançı təşkilatına Baba Qəbulovun, onun atası Abdulla əfəndinin, Nəbibəyovun və Fərrux Əfəndiyevin də qatıldıqlarını sizə bildirib. Bunu boynunuza alırsınızmı?
Cavab: Qədimov bu haqda mənə heç nə deməyib. Qəbulov Baba və onun atası Abdulla əfəndi haqqında başqa şey bilirəm – onlar əhalini üsyandan çəkinməyə çağırıblar[32]. Mənə o da məlumdur ki, üsyançıların panislamist şüarları vardı və onlar Türklərin gəlməsini gözləyirdilər.
Sual: Bunlar Sizə haradan məlumdur?
Cavab: Yadıma sala bilmirəm.
Sual: Bundan sonra siz Qədimovla harada və nə vaxt görüşmüsünüz?
Cavab: Mən onunla bir daha görüşmədim.
Sual: Bakıda yaşayan müsavatçılarla əlaqə yaratmaq üçün Qədimov niyə məhz Sizə müraciət etmişdi?
Cavab: Dəqiq bilmirəm. Güman edirəm ki, Rəhim Vəkilovla qohum olduğumu bildiyinə görə mənim əlaqə yaratmağa kömək edə biləcəyimi düşünüb.
Sual: Qədimovun Sizə gəldiyini kimə demisiniz?
Cavab: Yalnız Məşədi Ağayevə.
Sual: Siz 1930-cu ilədək Qədimovu tanıyırdınız?
Cavab: Yox.
Sual: Elə deyil. İstintaqa məlumdur ki, Siz 1930-cu ilə kimi də Qədimovu tanıyırdınız. Boynunuza alırsınızmı?
Cavab: İnkar edirəm”.
Bu dindirmədə bir şey açıq-aydın görünməkdədir – üç gün fasiləsiz davam edən dindirmə əslində müstəntiqin mənəvi məğlubiyyətiylə bitib. O, üç gün ac-susuz, yuxusuz saxladığı, işgəncələr nəticəsində cismən əldən düşmüş bir qadından vur-tut iki səhifədən bir qədər çox ifadə ala bilib. Belə çıxır ki, protokola yazdığı hər bir cümlə üçün (yalan-doğruluğuna baxmayaraq) o, bir neçə saat vaxt sərf edib! Deməli, bütün məşəqqətlərə baxmayaraq Mədinə xanım iradəcə sınmayıb, fiziki qüvvəsi tükənməkdə olsa da hər baxımdan ona yad, düşmən olan müstəntiqə sonadək müqavimət göstərməyi bacarıb! Belə bir mətin insanın ruhu qarşısında baş əyməmək olarmı?!
Doğrudur, işgəncələr nəticəsində (görünür, sarsıntıların daha güclü olduğu ilk gündə) müstəntiq Platonov Ə.Qədimov haqqında ifadəni Mədinə xanıma imzalatmağı bacarıb, ancaq sonrakı günlərdə o, yenidən özünü toplayaraq heç nəyi boynuna almayıb. Buna görə də istər bu, istərsə də sonrakı dindirmələrdə Mədinə xanımın Ə.Qədimov da daxil olmaqla həm başqalarına, həm də özünə qarşı verdiyi ifadələr hüquqi baxımdan etibarsızdır, çünki müttəhim zor tətbiq edilməklə onlara qol çəkməyə məcbur edilib. Oxucunun bu məqama həssaslıqla yanaşmasını istəyirik.
Mədinə xanımın istintaqları bitdikdən sonra – 23 sentyabr 1937-də tərtib olunmuş ittihamnamədə bunlar yazılıb:
“Azərbaycanda sovet hakimiyyəti hələ bərqərar olmamışdan əvvəl Mədinə xanım Qiyasbəyli Müsavat partiyasının fəal üzvü olub, M.Ə.Rəsulzadə və başqa müsavatçılarla sıx əlaqə saxlayıb. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra da müsavatçı mövqeyində qalmaqda davam edib və gizli Müsavat mərkəziylə əlaqə saxlayıb. 1927-ci ildə həmin təşkilat ləğv edildikdən sonra Mədinə xanım Qiyasbəyli öz ətrafına əksinqilabi ruhda olan gəncləri yığmağa başlayıb. 1930-1933-cü illərdə Qiyasbəyli İranda olan müsavatçılarla gizli əlaqə saxlayıb. Həbs olunanadək Qiyasbəyli əksinqilabi-millətçi təşkilatın üzvləri R.Axundov, B.Çobanzadə ilə əlaqə saxlayıb və sovet hökumətinə qarşı düşmən mövqedə qalıb.
Göstərilənlərə əsasən Qiyasbəyli Mədinə xanım Mehdi qızı Azərbaycan CM 72 və 73-cü maddələri üzrə təqsirləndirilir və 13506 nömrəli istintaq işi bitmiş hesab edilir. Qiyasbəyli Mədinə xanımın işi Azərbaycan XDİK nəzdindəki Xüsusi Üçlüyə verilsin” (başqa sözlə, “onun haqqında güllələnmə hökmü çıxarılsın”).
Azərbaycan SSR XDİK Xüsusi Üçlüyünün 1937-ci il sentyabrın 26-da keçirilmiş iclasının protokolundan çıxarış:
“Eşidildi: Azərbaycan SSR CM-nin 72 və 73-cü maddələriylə ittiham edilən Qiyasbəyli Mədinə xanım Mehdi qızının 13506 nömrəli cinayət işi.
Qərara alındı: Qiyasbəyli Mədinə xanım Mehdi qızı güllələnsin, əmlakı müsadirə edilsin”.
13506 saylı cinayət işinin 202-ci vərəqindəki aktdan çıxarış:
“Azərbaycan SSR XDİK Xüsusi Üçlüyünün 45 yaşlı Qyasbəyli Mədinə xanım Mehdi qızının güllələnməsi haqqında 1937-ci il 26 sentyabr qərarı 1937-ci il sentyabrın 28-də gecə saat 1.25 dəqiqədə yerinə yetirilib”.
Bəli, kommunistlər Azərbaycan tarixindəki ən şərəfli qadınlarımızdan birinin həyatına beləcə son qoydular!..
ƏLİABBAS QƏDİMOVUN İSTİNTAQI
Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı Dövlət Təhlükəsizlik İdarəsi Gizli-Siyasi Şöbəsinin əməliyyat müvəkkili, DT kiçik leytenantı S.Sonkin rəsmən dekabrın sonlarından həbsinə hazırlıq görülən Əliabbas Qədimovu 7 yanvar 1937-də Quba şəhərində həbs etdi və gətirib Bakıya təhvil verdi.
Hər bir istintaq işində dustağın özü haqqında bilgi anketdən başlanır. Onu çox vaxt çekistlər doldursa da bilgilərin hamısı müttəhimin öz sözlərinə əsasən yazılır. Bakıda elə 7 yanvarda tərtib edilmiş 613 saylı dustaq anketindən bunları öyrənirik: Əliabbas Əli oğlu Qədimov Şəki şəhərində 1887-ci ildə doğulub (yuxarıdakı arayışda isə onun doğum tarixi 1902-ci il yazılıb!), Quba şəhərində Telefon küçəsində 81-ci evdə yaşayır, Quba rayon poliklinikasının həkimidir, qulluqçudur, inqilabadək Türkiyə Ordusunda həkim işləyib, ali təhsillidir, partiyasızdır, milliyətcə Türkdür, SSRİ vətəndaşıdır, Quba rayon hərbi komissarlığında qeydiyyatdadır, 1927-ci ildə Azərb. DSİ onu CM-nin 63-cü maddəsiylə 3 illiyə həbs edib[33], ailə üzvləri bunlardır: arvadı Nazilə - 30 yaş, qızları Ləman – 14 yaş, Ürfan – 10 yaş, oğlu Turqut – 4 yaş yarım.
Xatırladaq ki, istintaq işindəki ən yalansız sənəd elə bu anketdir. Ancaq anketi dolduran çekist burada da bir güllələmə maddəsini göstərməyi unutmayıb – diqqət yetirin: “Türkiyə Ordusunda həkim”. Üstündə bu ittihamı daşıyan adamın sağ qalması mümkün deyildi. Azərbaycan təhlükəsizlik orqanına ağalıq edən ruslar və ermənilər belə soydaşlarımızın qanına yerikləyirdilər!
Ə.Qədimovun istintaqı 7 yanvar 1937-də başlandı və fasilələrlə avqustun 10-nadək davam etdi. Azərbaycan tarixi üçün də müəyyən əhəmiyyət daşıyan və bugünkü nəsil üçün çox maraqlı olan həmin dindirilmə prosesini oxucuların diqqətinə çatdırırıq.
BİRİNCİ DİNDİRMƏ
Birinci dindirmə çox zaman müstəntiqin müttəhimlə tanışlığından və müttəhimə verdiyi “Sizə qarşı irəli sürülmüş ittihamda özünüzü suçlu sayırsınızmı?” sualından və adətən, müttəhimin də qəti “yox!” cavabından ibarət olur. Əsl dindirmələr yavaş-yavaş sərtləşməyə başlayır və tək-tük istisnalarla müstəntiqin qələbəsiylə də başa çatır.
Azərb. XDİK DTİ 4-cü hissəsi 2-ci bölməsinin əməliyyat müvəkkili, DT kiçik leytenantı Məmmədov 7 yanvar 1937-ci ildə Əliabbas Qədimovu ilk dəfə dindirib. Bu dindirmə də “həmişəki” qaydada davam edib və onda oxucuya maraqlı olacaq bir şey yoxdur.
İKİNCİ DİNDİRMƏ
Birinci dindirmədə Əliabbas Qədimov heç nəyi boynuna almadı. Bu, müstəntiqi elə də rahatsız etmədi, çünki qarşıda onun “dilini açmaq” üçün hələ yetərincə vaxt vardı. Bu müddətdə müstəntiq öz rəisləriylə birgə bu protokolu müzakirə edəcək, dustağı “ilişdirməyin” asan yollarını tapmaqdan ötrü onun əleyhinə toplanmış “ləkələyici” materialları bir daha saf-çürük edəcək, ona qarşı kimlərdən yararlanmağın daha təsirli olacağını, zindandakı hansı məhbusu onun üzünə durğuzmağın mümkünlüyünü götür-qoy edəcəkdilər. Özü də bu müzakirə yalnız Əliabbas Qədimovla bağlı deyildi; o, “NKVD”-nin ümumi iş prinsipiydi. Ən mühüm məhbuslarla necə davranmaq lazım olduğu müzakirə edilərkən pespublikanın baş cəlladı Mircəfər Bağırov da bu binaya gəlir, onun üçün ayrılmış otaqda göstərişlər verir, hətta özü də dindirmə və işgəncələrdə iştirak edirdi.
Əliabbas həkim istintaqa 10 yanvar 1937-də ikinci ifadə verib. Bu ifadədə öncəkilərdə deyilmiş bir çox fikirlər təkrarlansa da müstəntiqin “tələbkarlığı” sayəsində yeni faktlar da ortaya çıxıb. Bu dindirmədən yalnız müttəhimin cavablarını verməyi məqsədəuyğun saydıq:
DT kiçik leytenantı Məmmədov 10 yanvar 1937-ci ildə Əliabbas Qədimovu ikinci dəfə dindirib. Hansı səbəbə görəsə bu dindirmədə Qubadlı rayon çekistlərinin başçısı, DT kiçik leytenantı Nizaməddinov da iştirak edib.
Müstəntiqlə müttəhim arasında təxminən aşağıdakı məzmunda danışıq gedib (ona görə “təxminən” deyirik ki, adətən, bütün istintaq protokolları dustağın verdiyi bütün cavabları deyil, müstəntiqin ondan almaq istədiyi cavabları əks etdirir):
“Sual: İstintaqa məlumdur ki, Siz Azərbaycanda Sovet hakimiyyəti qurulanadək müxtəlif siyasi partiyalara qoşulmusunuz. Məhz hansı partiyaya hansı ildə daxil olmağınız haqqında istintaqa məlumat verin.
Cavab: 1904-cü ilin sonundan 1909-cu ilə kimi sosialist-inqilabçılar (eserlər) partiyasının təşviqat-təbliğat işi aparan fəal üzvü bulunmuşam. 1909-cu ilin sonunda təqiblərə məruz qaldığımdan Persiyaya – İrana mühacirət etməyə məcbur olmuşam...”.
(Rəhim bəy Məlikov və Mirhidayət Seyidzadənin fotoları)
1905-də Qazan universitetində tələbələrin ictimai həyatını əlaqələndirən “Mərkəzi Universitet orqanı” (MUO) yaradılmışdı. Bu tələbə təşkilatında aparıcı rol sol partiyaların nümayəndələrinə məxsus idi. 1905-ci ilin martında MUO-nun sədri sosial-demokrat F.V.Yaroşeviç, onun müavinisə eser, hüquqçünas tələbə Əliabbas Əli oğlu Qədimov seçilmişdi. Ə.Qədimov Rəhim bəy Məlikov[34] və Mirhidayət Seyidzadə’ylə[35] birgə 18 tələbə, 4 kursçu qızdan ibarət müsəlman gənclərinin dərnəyini yaratmaq üçün fəal çalışırdı. Bu dərnək inqilabçıların kassasını doldurmaq üçün tamaşalar hazırlamağı qarşısına məqsəd qoymuşdu (25, 25).
Qazan qubernatorunun universitet rektoruna göndərdiyi məlumatdan aydın olur ki, “tələbələrin 11 noyabr 1907-ci ildəki yığıncağında yoxsul tələbələrə qarşılıqlı yardım dərnəyinin yaradılması məsələsi müzakirə edilib, ancaq tələbələrin bir hissəsi, o cümlədən Əliabbas Əli oğlu Qədimov Universitetdə qanunazidd tələbə təşkilatının yaradılması üçün xüsusi qızğınlıqla təşviqat aparıb” (25, 25).
Bu fakt Ə.Qədimovun istintaqa doğru ifadə verdiyini təsdiqləyir.
Yenidən istintaq prosesinə dönürük. Əliabbas Qədimov sözünə davam edərək deyir:
“İranda şah rejiminə qarşı yerli azadlıq hərəkatında fəal iştirak etdiyimə görə 1911-ci ildə həbs olunmuşam. Rus baş konsulluğunun nəzarəti altından qaçaraq Türkiyəyə getmişəm, orada 1918-ci ilədək qalaraq tibb fakültəsində oxumuşam. 1916-cı ildə tibb fakültəsini bitirdikdən sonra orduya[36] həkim kimi səfərbər edilmişəm və ordudan tərxis edildikdən sonra 1918-ci ilin sonunda Azərbaycana qayıtmışam.
Sual: İstintaqdakı elə həmin bilgilərə görə, Siz Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra əksinqilabi cinayətinizə görə cəza çəkmisiniz. İstintaqa hansı əksinqilabi cinayətə görə, harada və neçənci ildə cəza çəkdiyiniz barədə məlumat verin.
Cavab: 1920-ci il aprel inqilabından sonra 7-ci Qafqaz diviziyasının Xüsusi Şöbəsi məni həbs etdi, əksinqilabi fəaliyyətdə ittiham edildim, ancaq bir ay sonra azad olundum. Elə həmin il Şəki Sovetinin İcraiyyə Komitəsinə seçkilər zamanı keçmiş Az.FK məni əksinqilabi Müsavat təşkilatına mənsub olmaq üstündə həbs etdi və 7-8 gündən sonra Bakıda azad edildim. Özü də məni Şəkidə olduğum zaman tutmuşdular. Buraxıldıqdan sonra Şəkiyə geri dönmək mənə yasaqlandı və Xalq Səhiyyə Komissarlığı işləmək üçün məni Zaqatalaya göndərdi, 1927-ci ilin iyuluna qədər orada oldum. İyul ayında Az.DSİ orqanları Zaqatalada məni bir dəstə adamla birgə Az. SSR CM-nin 64-cü maddəsi üzrə həbs etdi və ilkin istintadan sonra ittiham maddəsi dəyişdirilərək ASSR CM-nin 63-cü maddəsi ilə əvəz olundu və mənimlə birgə tutulmuş şəxslərlə bir yerdə mühakimə olunaraq 3 il iş aldım.
Sual: Siz ittiham edildiyiniz əksinqilabi fəaliyyətinizin nədən ibarət olduğunu istintaqa konkret şəkildə açıqlamadınız.
Cavab: Mənə əksinqilabi millətçi nitqlərimə görə iş kəsmişdilər.
Sual: Əksinqilabi millətçi nitqlərinizdə konkret nədən danışırdınız?
Cavab: Mən şəxsən heç bir əksinqilabi millətçi nitq söyləməmişəm.
Sual: Siz dediyinizi inkar edirsiniz. Yuxarıda dediniz ki, əksinqilabi millətçi çıxışlarınıza görə cəzalandırılmısınız. İndi isə bildirirsiniz ki. heç bir millətçi çıxış etməmisiniz. Sözlərinizdəki bu ziddiyyətin mahiyyətini istintaqa aydınlaşdırın.
Cavab: Mən guya millətçi çıxışlar etdiyimə görə mühakimə olunmuşam. Ancaq bildirirəm ki, heç bir millətçi çıxış etməmişəm.
Sual: Bəs siz hansı əksinqilabi fəaliyyətinizə görə cəzalandırılmısınız?
Cavab: Ürəkdən inanıram ki, mənə verilən cəza istintaq orqanının səhvi idi.
Sual: Sizin cavabınız kafi deyil. İstintaq sizi düzgün ifadə vermədiyinizə görə xəbərdar edir.
Cavab: Mənim ifadələrim doğru və səmimidir.
Sual: Siz doğru demirsiniz və artıq cəzasını çəkdiyiniz keçmişdəki əksinqilabi fəaliyyətinizin üstünü malalamağa çalışırsınız. Biz Sizdən doğru danışmağı tələb edirik.
Cavab: Mən doğru danışıram və bir daha bildirirəm ki, mən heç bir günahım olmadan iş almışdım...”.
İstintaq bir müddət elə bu məcrada davam edir. Müstəntiq S.Məmmədov Qədimovu düzgün ifadə verməməkdə günahlandırır, Qədimov isə israrla cavablarının düzgün və səmimi olduğunu bildirir. Müstəntiq istintaqın artıq mübahisə xarakteri alan bu mərhələsinə son qoyulduğunu bildirən bir tonla deyir: “Siz düz danışmırsınız, mühakimə olunmağınız və cəzalandırılmağınız təsadüfi deyil. Sizin qanunazidd əksinqilabi fəaliyyətiniz istintaq tərəfindən sübuta yetirilib. Bir daha tövsiyə edirik ki, istintaqa səmimi ifadələr verəsiniz”.
Bu manqurtlaşmış çekistə görə, milli kimliyə sadiq qalmaq qanunazidd, əksinqilabi əməl törətmək deməkdi.
Göründüyü kimi, müstəntiq Məmmədov 1923-cü ildə Əliabbas Qədimova qarşı irəli sürülən millətçi ittihamını dirçəltmək və 1937-ci il ittihamı ilə qovuşdurmaq niyyətinə düşmüşdü. Onun millətçiliklə üzvi surətdə bağlı olduğu bəyan edilən Müsavat ideologiyasının daşıyıcısı kimi günahlandırılması da bunu sübut edir.
“Sovet İttifaqı” adlanan imperiyanın tərkibində zorla bir yerə toplanılmış xalqların özünəməxsusluğunu təmin edən milli-mənəvi dəyərlər sistemini sarsıtmaq, etnik strukturunu dağıtmaq kommunist-bolşevik ideologiyasının əsas məqsədlərindən biri olub. Milli şüurun daşıyıcıları bu siyasətin həyata keçirilməsi yolunda başlıca maneə olduqlarından 1937-ci ildə kommunistlər onları kütləvi şəkildə məhv etdilər.
İfrat beynəlmiləlçiliyə, əslində bu şüar altında aparılan ruslaşdırma siyasətinə qarşı yüksək milli təfəkkürlü insanların müqavimətini etnik şüurun üsyanı kimi də dəyərləndirmək olar.
Ə.Qədimovun millətçilik fəaliyyəti ittihamıyla 3 il həbsxanada yatmasını onun suçunu təsdiqləyən fakt kimi təqdim etməyə çalışan “sadəlövh” müstəntiqin səylərini Qədimov boşa çıxarır.
“Cavab: Demək olar ki, üç il yatmağım faktdır, ancaq konkret əksinqilabi fəaliyyət üstündə ASSR Cinayət Məcəlləsinin 63-cü maddəsinə əsasən üç il azadlıqdan məhrum edilməyim isə fakt deyil?[37]
Sual: Siz hətta əksinqilabi fəaliyyətdə birgə olduğunuz məsləkdaşlarınızla da üzləşdirilmisiniz. Axırı, doğru danışacaqsınızmı?
Cavab: 1928-ci ildə məni, fikrimcə, fitnəkar olan, üzümə yalandan duran Molla Qədir adlı birisiylə üzləşdirmişdilər.
Sual: Axı Sizinlə Molla Qədir arasındakı münasibətlərdə heç bir gərginlik olmayıb. Həm də o da əksinqilabi fəaliyyətinə görə sizin başqa məsləkdaşınızla birgə cəzalandırılaraq cəzasını çəkənlərdən biridir.
Cavab: 1927-ci ildə tutulmağımıza qədər mənim Molla Qədirlə münasibətlərimdə hər hansı bir gərginlik olmayıb.
Sual: Deməli, Molla Qədirin istintaqa verdiyi ifadə düz olub. Hələ istintaqın sizin fəaliyyətinizlə bağlı malik olduğu konkret dəlillərdən danışmıram.
Cavab: Yox, mən Molla Qədirin ifadəsini o vaxt da inkar etmişəm, indi də inkar edirəm.
Sual: İstintaq Sizin təkziblərinizə o zaman da inanmayıb, indi də inanmır, çünki Sizin konkret əksinqilabi fəaliyyətiniz inkarolunmaz faktdır və cazalandırılmağınıza qanuni əsas verir. İndi isə həbs olunduğunuz 1937-ci ilə qədər sizinlə yaxın əlaqəsi olan adamlar haqqında məlumat verin.
Cavab: Mən öz ailəmdən başqa heç kimlə yaxın əlaqədə olmamışam. Ancaq həkimlər, müəllimlər, qulluqçular və başqa vətəndaşlar arasında tanışlarım olub və tanıdığım adamlar bunlardır: 1) Həkim Hacıyev Məhəmməd – Şəkidə olur. 2) Ocaqov Qasım – Şəkidə həkimdir, özü lənkəranlıdır. 3) Kərimov Teymur - bakılı, Şəkidə həkim işləyir. 4) Pşenitsina –adını və atasının adını bilmirəm; həkimdir; 1929-cu ildə Şəkidə işləyirdi, indi bilmirəm. 5) Həkim Fedorenko – adını və atasının adını bilmirəm; 1929-cu ildə Şəkidə işləyirdi, indi bilmirəm. 6) Həkim Əliyev Nəcəf – bakılıdır, Balaxana küçəsindəki Klinik İnstitutda işləyir. 7) Xalatyan Arsen – zöhrəvi xəstəliklər həkimi, hazırda harada işlədiyini bilmirəm. 8) Qruzonova – göz həkimi, Zaqatalada işləyir. 9) Qayıbov Əli –Qazaxdandır, həkim, Klinik İnstitutda işləyirdi. 10) Qayıbov Məhəmməd – həkim, “Leçkomissiya”nın xəstəxanasında işləyir. 11) Sipkin – həkim, deyəsən Bakıdandır, gizli abortlar etdiyinə görə 3 il azadlıqdan məhrum olunub. 12) Əfəndiyev Əhməd Turan – Qubadandır, həkim, Sovet küçəsindəki doğum klinikasında işləyir. 13) Danilov Vladimir İvanoviç – Gürgüstandandır, Qubada xəstəxana müdiri işləyir. 14) Dadaşyan Arusyak Arkadiyevna – həkim, Gəncədəndir, Qubada poliklinikada işləyir. 15) Vasilyeva Zinaida Nikolayevna – Quba poliklinikasında göz həkimi işləyir. 16) Həkim Dadayan Polina İvanovna – Qubada işləyir. 17) Hüseynov Hüseynqulu – həkim, Bakıda işləyir. 18) Həkim Xasıyev Nəcəf – Bakıda işləyir. 19) Həkim Behbudov Əli – Qubada səhiyyə şöbəsində işləyir. 20) Həkim Rolnikov İsay – Qubada işləyir. 21) Həkim Xanukayeva – Qubada işləyir; indi Bakıda təkmilləşmə kursundadır. 22) Həkim Marqaryan Armais Aleksandroviç – Volqa-Moskva kanalı xətti üzrə işləyir. Arvadını öldürdüyünə görə həbs edilib. 23) Quba Rayon Maarif Şöbəsinin müdiri Askana – soyadını bilmirəm, qubalıdır. 24) Əhmədov Əliqulu – Quba Rayon Maarif Şöbəsi müdirinin müavini, müəllim, qubalıdır. 25) Şahverdiyev Hacıbaba – Qubada müəllimdir. 26) Tacı Əfəndiyev – Qubada 10-illiyin müdiridir. 27) Məhərrəmov Sədul – Quba şəhər pedaqoji texnikumunun müdiri, qubalıdır. 28) Rəfizadə Həmid – Quba pedaqoji texnikumunun müəllimi, Azərb. XDİK İdarəsi həbs edib. 29) Əliəsgər Hacıyev – Quba pedaqoji texnikumunun müəllimi. 30) Musa Hüseynov - gəncəlidir, [Qubada] pedaqoji texnikumun tədris işləri üzrə direktor müavinidir. 31) Məhəmməd – soyadını bilmirəm, Quba pedaqoji texnikumunun müəllimi. 32) Babaxan – soyadını unutmuşam, qubalıdır, Quba 10-illiyinin müəllimidir. 33) Qubalı müəllim Semaçkov – adını bilmirəm. 34) Libkina – adını bilmirəm, Qubada müəllimdir. 35) Babayev – adını bilmirəm, deyəsən qubalıdır, Qubada kənd təsərrüfatı texnikumunda müəllimdir. 36) Seyfəddin – Qubada müəllimdir, müəllimlər birliyinin sədridir. 37) Sona Əhmədova – Qubada müəllimədir.
Başqa tanışları xatırlamıram, özü də, yuxarıda dediyim kimi, xatırladığım adamların içərisində mənimlə yaxın və səmimi əlaqədə olanı yoxdur”.
İkinci dindirmə burada başa çatır. Müstəntiq, göründüyü kimi, müttəhimdən 37 nəfərin adını götürüb. Onun məqsədi aydındır – bu sadalanan insanların hansınısa siyasətlə bağlamaq və Ə.Qədimovun onunla/onlarla birgə hakimiyyətə qarşı üsyan hazırladığını “sübut etmək”, ya da bu adamların içərisindən müttəhimin üzünə durquzmaq üçün şəxs(lər) tapmaq.
“NKVD” zindanının ab-havasına bələd olmayan çağdaş tələskən oxucumuz yanlış nəticə çıxara bilər ki, “gör Əliabbas Qədimov nə qədər adamı satdı!”. Çox yanlış fikirdir! Ə.Qədimov yalnız və yalnız tanışlarını, həmkarlarını sadalayıb və bunda satqınlıq axtarmaq günahdır, axı bizim hər birimiz müstəntiqin sualı qarşısında bundan dəfələrlə artıq tanışlarımızı sayıb-tökərdik!
ÜÇÜNCÜ DİNDİRMƏ
Ə.Qədimovun üçüncü dindirməsi 15 yanvar 1937-də oldu. Bu “söhbət”i də müstəntiq Məmmədov aparıb və Qubadlının baş çekisti Nizaməddinov yenə onun “qonağ”ı olub. Çekistlər bu “görüş”ə artıq hazırlıqlı – yeni adlarla gəlmişdilər.
Müstəntiq sözə belə başlayır:
“Sual: Bundan öncəki ifadənizdə Siz istintaqdan yaxın əlaqədə olduğunuz adamları gizlətmisiniz. Biz Sizə yaxın əlaqədə olduğunuz şəxslərin adlarını istintaqa söyləməyinizi təklif edirik.
Cavab: Keşən ifadəmdə istintaqa söylədiyim yaxın əlaqədə bulunduğum adamlardan başqa tanışlarım yoxdur, daha heç kəslə əlaqə saxlamamışam.
Sual: Bu, doğru deyil. İstintaqa, sadaladığınız tanışlarınızdan da yaxın əlaqədə olduğunuz şəxslərin adı məlumdur. Yenə təkidlə tələb edirik ki, düz danışasınız.
Cavab: Adlarını çəkdiyim tanışlardan başqa, ola bilsin ki, digər tanıdıqlarım da var, ancaq indi onları xatırlamıram. Sizə məlum olan tanışlarımdan varsa xatırladın, mən onlarla gerçəkdən əlaqədə olmuşamsa bunu istintaqdan gizlətməyəcəyəm.
Sual: Siz yaxın əlaqədə olduğunuz Şahmuradov Əbdülbaqini istintaqdan gizlətmisiniz. Bunu etiraf edirsinizmi?
Cavab: Şahmərdanov Əbdülbaqi adlı şəxsi mən qətiyyən tanımıram.
Sual: Siz doğru demirsiniz. Şahmərdanov Əbdülbaqi Qubada müəllim işləyərkən Siz onunla əlaqə saxlamısınız. Bu barədə nə deyə bilərsiniz?
Cavab: Şahmərdanov Əbdülbaqini mən heç cürə xatırlaya bilmirəm. Bu adamın varlığından belə xəbərim yoxdur.
Sual: İstintaq səmimi olmadığınızı bir daha bildirir. Siz Şahmərdanovu necə tanımaya bilərsiniz ki, bir-birinizin yanına gedib-gəlmisiniz.
Cavab: Yenə əvvəlki ifadəmin üstündə dururam. Ola bilər ki, belə bir adam mənə həkim kimi müraciət edib, ancaq mən elə adam tanımıram.
Sual: Siz tərslik edirsiniz. İstintaq xəbərdarlıq edir ki, bununla bağlı müttəhim Şahmərdanovun özünün izahatı var. İndi nə deyəcəksiniz?
Cavab: Mən bu adamı tanımıram və xatırlaya da bilmirəm.
Sual: Siz inad edirsiniz. İstintaqa dəqiq məlumdur ki, Şahmərdanov Əbdülbaqi həbs olunana qədər Siz onunla əlaqə saxlamısınız, bir-birinizə gediş-gəlişiniz olub. İnadkarlığa son qoymağınızı tələb edirik.
Cavab: Mən indi yalnız bundan qabaq verdiyim cavabları təkrar edə bilərəm.
Sual: Siz istintaqdan Qəbulov Baba ilə olan əlaqənizi də gizlətmisiniz. Bu barədə nə deyə bilərsiniz?
Cavab: Bəli, bu adama – Qəbulov Babaya yaxşı bir tanış kimi bələdəm. O, mənimlə birlikdə yatıb - 1929-cü ilə kimi həbs olunaraq iş almışdı.
Sual: Bəs bunu istintaqdan niyə gizlətmisiniz?
Cavab: Mən onun adını istintaqda niyə çəkməliydim ki?
Sual: Müttəhim kimi Siz yaxşı qarşılıqlı münasibətdə olduğunuz bütün adamların adlarını istintaqın verdiyi suala cavab olaraq bildirməyə borclu idiniz, ancaq tanışlarınızın arasında onunla bağlı bir kəlmə də deməmisiniz.
Cavab: Mənim istintaqdan heç nəyi gizlətmək niyyətim olmayıb.
Sual: Ancaq Siz hətta tanışlarınız içərisində Qəbulov Babanın adını çəkməmisiniz.
Cavab: Əvvəlki ifadəm zamanı bu sadəcə yadıma düşməyib.
Sual: Qəbulov Baba Qubaya Sizin yanınıza neçə dəfə gəlmişdir?
Cavab: Qəbulov Baba Qubaya mənim yanıma deyil, özünün xidməti işləri üçün gəlmişdir.
Sual: Qəbulov Baba Qubada olarkən Sizə də baş çəkib. Bu barədə nə deyə bilərsiniz?
Cavab: Qəbulov Baba Qubada xidməti ezamiyyətdə olarkən mən onu evimə ən çoxu 2 dəfə nahara qonaq çağırmışam”.
Müstəntiq, axır ki, əl ilişdirməyə bir yer tapdı! Onsuz da, Baba bəy Qəbulzadənin də əsgisi tüstülüdür – onunla haçansa əlaqədə bulunmuş istənilən şəxsi “xalq düşməni” adlandırmaq asandan da asandır. Ə.Qədimov onunla oturub-durduğunu boynuna alırsa bunun özü artıq onun əleyhinə olan, güllələmə maddəsinə bəraət verən ciddi bir “ləkələyici” tutarqadır! Bundan sonra ondan qoparılan hər bir əlavə cümlə müstəntiqin qazancıdır! O isə fürsəti fövtə fermədən məsələni siyasiləşdirir:
“Sual: Qəbulov Baba Qubada sizdə sonuncu dəfə olarkən Sizinlə onun arasında hansı siyasi söhbətlər getdiyini istintaqa açıqlayın?
Cavab: Mən qəti olaraq bəyan edirəm ki, mənimlə Qəbulov Baba arasında siyasi mövzuda heç bir söhbət olmayıb.
Sual: Siz həqiqəti demirsiniz. İstintaqın Sizinlə Qəbulov Baba arasında həm Qubadakı, həm də Qubayadək olan dövrdəki siyasi söhbətlər haqqında məlumatı var. Boynunuza almayacaqsınızmı?
Cavab: Ola bilsin ki, mənimlə Qəbulov Baba arasında kənd təsərrüfatının kollektivləşdirilməsi və kollektivləşdirmə ideyasının təbliğ olunması haqqında ÜİK(b)P-nin qərarları barədə söhbətlər olub. Ancaq əksinqilabi xarakterli söhbətlər etməmişik”.
Doğrudur, Ə.Qədimov indiyədək kommunistlərin zindanını da, onların cəllad xislətli müstəntiqlərini də, ilanı yuvasından çıxaran dillərini, min bir hiylələrini də görüb, sonda onların işgəncələrini dadıb, ancaq yenə də “ağıllanmayıb” – yalandan, hiylədən, fırıldaqdan uzaq saf təbiəti, sadəlövhlüyü onu müstəntiqin toruna salır və o da bu toru daha da dolaşdırmağa, çıxılmaz etməyə çalışır. Müttəhim bir azdan ayılır və ağzından artıq söz qaçırdığını duyur, müstəntiqin ondan yeni sözlər qopara bilməməsi üçün bütün iradəsini toplayır, onun bütün təzyiqlərini, dolaşdırıcı suallarını zərərsizləşdirmək istəyir.
“Sual: Sizinlə Qəbulov Baba arasında kollektivləşmə ilə bağlı söhbət olub, yoxsa “olması mümkündür”? İstintaqa konkret cavab verin.
Cavab: Aramızda bu söhbətin olub-olmadığını dəqiq xatırlaya bilmirəm.
Sual: Siz birbaşa və konkret cavab verməkdən yayınırsınız. Dəqiq danışmağınızı bir daha tələb edirik.
Cavab: Mənimlə Qəbulov Baba arasında kollektivləşmə ilə bağlı söhbət olduğunu xatırlamıram.
Sual: Kollektivləşmə ilə bağlı söhbəti “xatırlamırsınızsa”, onda bu söhbəti haradan çıxardınız?
Cavab: Aramızda bu cür siyasi-məişət söhbətləri ola bilərdi, ona görə də kollektivləşmədən söz etdim.
Sual: Sizinlə Qəbulov Baba arasında kollektivləşmə ilə bağlı söhbətin olduğunu demək olarmı?
Cavab: Dəqiq deyə bilmərəm, ancaq olması mümkündür”.
Beləliklə, bir an öncə kollektivləşmə məsələsində öz qurbanını az qala tələyə salmış müstəntiqin əli boşa çıxır, ancaq o, torunu yenə əlindən buraxmır, onu atmağa fürsət axtarır.
“Sual: Sizinlə Qəbulov Baba arasında daha nə kimi söhbətlər olub?
Cavab: Mən və Qəbulov Baba həbsxanada birgə yatdığımız illəri xatırladıq, Qəbulov Şəki-Zaqatala üsyanı zamanı öz fəaliyyəti haqqında əhvalatlar danışdı.
Sual: Qəbulov Baba Şəki-Zaqatala üsyanı zamanı konkret olaraq hansı fəaliyyətindən danışdı?
Cavab: Qəbulov Baba Şəki-Zaqatala qəzasında banditlərin qaldırdığı üsyan vaxtı onların əleyhinə gördüyü işlərdən, bu üsyanın fitnəkar xarakterli olduğunu kəndlilərə izah etməsindən və s. bəhs etdi”.
Oxucumuz yəqin ki, bir incəliyə diqqət yetirir – Əliabbas Qədimov nəinki özünü müstəntiqin hiyləgər suallarından qorumağa çalışır, eyni zamanda Baba bəy Qəbulzadənin də günahsız olduğunu anlatmağa cəhd edir, bu məqsədlə də üsyanla bağlı öz əqidəsinə zidd, ancaq müstəntiqin xoşuna gələn ifadələr (“banditlər”, “üsyanın fitnəkar xarakteri”...) işlədir. Ancaq ondan fərqli olaraq müstəntiq sadəlövh deyil:
“Sual: Siz istintaqı yolundan sapdırmaq istəyirsiniz. Qəbulov Şəki-Zaqatala rayonunda üsyanın hazırlanmasında iştirak etdiyi halda üsyan əleyhinə necə fəaliyyət göstərə bilərdi?
Cavab: Mən Qəbulov Babanı Şəki-Zaqatala üsyanının hazırlayan iştirakçı kimi tanımamışam və belə hesab etmirəm.
Sual: Siz Qəbulov Babanın şəxsində Şəki-Zaqatala üsyanının hazırlanmasında iştirak etmiş əqidədaşınızı istintaqdan gizlətməyə çalışırsınız. İstintaq sizə doğru danışmağı təklif edir.
Cavab: Qəbulov Babanın əqidədaşım olduğunu bilmirəm. Mənim keçmiş Şəki-Zaqatala üsyanı ilə heç bir əlaqəm olmayıb”.
BABA BƏY QƏBULZADƏ KİMDİR?
(Baba bəy Qəbulzadənin fotosu)
Soyadı türkcə sənədlərdə “Qəbulzadə”, ruscalarda isə “Qəbulov” kimi yazılmış Baba bəy XX yüzil Azərbaycan aydınlarının öncül nümayəndələrindən biri, görkəmli ictimai-siyasi xadim, “Əhrar” partiyasının üzvü, Azərbaycanın qurtuluşu və müstəqilliyi uğrunda fəal mücahid, Azərbaycan Cümhuriyyəti (1918-1920) Parlamentinin üzvü və nəhayət, sovet repressiyasının şəhididir. Onun haqqında Azərbaycan tarixşünaslığında ilk məqaləni biz yazmışıq (20).
Baba bəy Abdulla əfəndi oğlu Qəbulzadə 10 dekabr 1893-cü ildə Qax-Muğal kəndində anadan olub. İlk təhsilini evdə atasından – Qax və Zaqatalanın ən sayılan ruhanilərindən biri olan Abdulla əfəndi’dən aldıqdan sonra 1910-cu ildə Zaqatalada ali ibtidai məktəbi bitirib. İxtisasca müəllimdir. Zaqatala və Şəki şəhərlərində əsasən tarixdən dərs deyib.
Gənc yaşlarından siyasətlə maraqlanıb. Azərbaycanın müstəqilliyini önə sürən müsavatçı ideyalara rəğbət bəsləyib, 1918-ci ildə Şəki şəhərində Müsavat Partiyasının canlanmasına əlindən gələn yardımı göstərib, ancaq heç vaxt bu partiyanın üzvü olmayıb. O, atası Abdulla əfəndinin də mənsub olduğu “Əhrar” partiyasını seçib və 1920-də ilk Cümhuriyyətimiz məhv edilənədək bu partiyada olub. Parlamentin üzvü olan atası 1919-da xəstəliyinə görə burada fəaliyyətini davam etdirə bilmədikdə “Müsavat” Partiyasının ozamankı öncüllərindən olan görkəmli maarifçi İslam bəy Qəbulzadə’nin (1879-1920) tövsiyəsiylə Baba bəy Zaqatala dairəsindən Parlamentə deputat seçilib.
Sovet hakimiyyəti qurulan zaman Azərbaycandan bir çox adamlar xarici ölkələrə mühacirətə gedib. Baba bəy atası Abdulla əfəndiyə deyib ki, gəl biz də Türkiyəyə gedək. Atası razılıq verməyərək deyib ki, mən ölülərimə arxa çevirə bimərəm. Gələcək acı taleyini gözünün önünə almış Baba bəyə, gerçəkdən də, kommunistlər hədsiz zülmlər veriblər. Sovet dönəmində o, dəfələrlə həbs edilib. İlk dəfə 24 may 1920-də “ÇK” onu keçmiş Parlaman üzvü kimi həbs edib, ancaq hec bir günahı olmadığına görə 16 gündən sonra buraxmalı olub. O, 1927-ci və 1937-ci illərdə də “ÇK” zindanına düşüb və sonuncu dəfədə həyatı orada sona yetib.
Sovet ağalığı illərində də Baba bəy əsasən müəllimliklə məşğul olub. Öncə Zaqatala məktəblərində, o sıradan Kənd Təsərrüfatı Texnikumunda işləyib. 1923-1927-ci illərdə Şəki seminariyasında (sonralar 2-illik Müəllimlər İnstitutuna çevrilib) tarixdən dərs deyib. Gəncə Kənd Təsərrüfatı İnstitutunun və H.b.Zərdabi adına Pedaqoji İnstitutun dialektik materializm müəllimi, şəkili Rəsul Əfəndiyev danışırməş ki, mənim vaxtilə Şəki 2-illik Pedaqoji İnstitutuna girib oxumağımın səbəbkarı Baba bəydir.
B.b.Qəbulzadə Şəkidə müəllim işləyərkən Məhəmmədəmin Rəsulzadə’nin Türkiyədə nəşr etdirdiyi “Yeni Qafqaziya” dərgisini tələbələr arasında ucadan oxutduğuna görə 1927-ci ildə işdən çıxarılıb və az sonra müsavatçı kimi həbs edilərək 11 iyunda 3 il iş alaraq Bakıya sürgün edilib.
Xalq arasında belə bir söhbət dolaşır ki, 1930-da Şəki üsyanı baş verəndə guya Qaxda camaat məscidə yığışıb və Baba bəyə təklif edib ki, bizim üsyana da sən rəhbərlik et, ancaq o, üsyan fikrinə qarşı çıxaraq deyib ki, qoşun üstünüzə top-tüfənglə gəlib, siz yaba və bellə onun qarşısına çıxaraq heç nə edə bilməzsiniz. Hökumətlə hökumətlik etmək olmaz. Çıxın evinizə gedin, kasıbçılığınızla məşğul olun. Onun sözünə qulaq asan camaat dağılışıb, bunun sayəsində də Qaxda Şəkidəki kimi qırğın və kütləvi həbslər olmayıb.
Maraqlıdır ki, bəzi istintaq sənədlərində isə tam tərsinə fikir əksini tapıb – guya Baba bəy Şəki üsyanını hazırlayanlardan, yaxud onun fəal iştirakçılarından biri olub. Bu deyilənlərin ikisi də yanlışdır, çünki Şəki üsyanı zamanı Baba bəy Bakıda sürgündəydi.
Azadlığa buraxıldıqdan sonra o yenə Zaqatalada məskunlaşıb, müəllimlik edib. Aramsız təqiblərə, həbslərə baxmayaraq daim Azərbaycanın azadlığı ideyasını yayıb. Bir çox çağdaşları onda müstəsna təbliğat bacarığının olduğunu göstərirlər.
Görünür, gənclər arasında təbliğat aparmasını əngəlləmək üçün onu məktəbdən uzaqlaşdırıblar və Baba bəy təbiətinə bütünlüklə yad olan başqa sahədə çalışmalı olub. Öncə Şəkidə İttifaq Meyvə-Tərəvəz Birliyinin (ruscası: “Soyuzplodoovoş”) tədarükçüsü işləyib. Sonra, görünür, izini itirmək üçün iş yerini Gəncəyə dəyişdirməli olub – bu şəhərdə Moskva Yeməkxanalar Birliyinin (ruscası: “Prodsnabmos”) tədarük üzrə müvəkkili olub. Son iş yeri də buradır.
Təqiblər üzündən yaşayış yerini tez-tez dəyişdirməyə məcbur olub. Ömrünün son illərini Şəki və Bakı şəhərlərində yaşayıb. Bakıda 1932-ci ildən onun özəl mənzili olub.
Həbs ediləcəyini duyan Baba bəy iki ay yarım müxtəlif yerlərdə gizlənib. Çekistlər xüsusi əməliyyat keçirərək 18 sentyabr 1937-də onu Bakıda həbs edərək 29 oktyabr 1937-də güllələyiblər. 1956-da bəraət alıb.
Baba bəy Qəbulzadə 16 oktyabr 1919-da atası Abdulla əfəndinin yerinə Azərbaycan Cümhuriyyəti Parlamanına üzv seçilib və onun işində çox fəal iştirak edib. O, Parlaman kürsüsündən dəfələrlə çıxış edərək dövrün ən mühüm problemlərinə toxunub və özünün vətəndaş mövqeyini ortaya qoyub. Onun çıxışlarında doğma xalqına hədsiz sevgisi, vətəndaş təəssübkeşliyi açıq-aydın görünür. 9 mart 1920-də Parlamanda Qars məsələsi müzakirə edilərkən Məhəmmədəmin Rəsulzadə və Nəsib bəy Yusifbəyli’dən sonra Baba bəy söz alaraq alovlu bir nitq söyləyib. Onun çıxışının stenoqramından bəzi yerləri gözdən keçirək:
“Burada biz açıq danışmalıyıq. Siz bilirsiniz ki, bu gün ortalıqda bir erməni məsələsi vardır. Və o məsələni Azərbaycan milləti və Parlamenti, milli hissiyyati-vətənpərvəranəsi çaşqın olanlar həll etməlidirlər. Artıq quru danışıq və alqışlar ilə bir şey olmaz. Belə şeylər ilə Zəngəzurda qırılan, irzü namusu puç olan müsəlmanların dərdinə dərman olmayır. Baxınız, əgər İstanbulda naxoşluqdan bir erməni ölürsə ermənilər bütün Avropa əfkari-ümumiyyəsinə “türklər filan qətli-amda bunu öldürdülər” deyə qışqırırlar, Avropa əfkari-ümumiyyəsi də onları eşidir, fəqət erməni bandaları, canavərləri, mauzeristləri tərəfindən tarmar edilən xanimanları Avropa görmür. Ərşə qalxan ah-nalələri onlar eşitmir”.
Bu yerdə zaldakılar onu alqışlayır və Baba bəy əsəbiləşir:
“Əl çalmayınız. Əl çalmaq ilə dərdə əlac etmək olmaz. Mən hissiyyata qapanıb danışmıram. Bu cür məsələləri müahidələr ilə, konfranslar ilə həll etmək olmaz. Artıq biz aldanmamalıyıq, çünki o qatillərin şüarı islamı qırmaqdır. Hamımız bilirik ki, daşnaklar Avropanı qapı-qapı gəzib Türkiyə məsələsinin bir cür həll edilməsi üçün hər alçaqlığı qəbul etmişlərdir. Onlar Osmanlı türk məsələsindən sonra Azərbaycan məsələsinə girişmişlərdir. Onlar süni yollar ilə erməni əksəriyyəti qayırmaq istəyirlər; bu, inkar edilməz. Bunların darülfünun görmüşləri, alimləri vardır; əcəba bunların heç qəlbi ağrımır, ruhu sıxılmır, ürəklərində şəfqət və mərhəmət yoxmudur ki, heç olmasa daşnakların bu zülmünə qarşı protesto etsinlər? Onların rəisləri Poqos Nubar paşa və qeyriləri əcəba heç hüquq oxumayıblarmı? Hüquq və qanun nə olduğunu anlamırlarmı? Biz quru protesto edirik, fəqət bunlarla dərdə əlac olmaz. Bugünkü gündə azərbaycanlılar öz müqəddəratını düşünüb həll etmək üçün başqa yolların hamısını bilir. Qoyunuz millət özü bunu düşünüb böylə məsələləri həll etsin. Avropadan isə şimdiyə qədər bu fəlakətləri görmürlər, çünki onların gözlərindəki çeşməklər Poqos Nubar paşaların əlilə taxılmışdır. Nə qədər ki o çeşməklər çıxarılmamış, biz xilas olmayacağıq və onlar da həqiqəti görməyəcəklər. İş böylə olduqda biz bilümum təfriqəni bir yana buraxıb yığışalım, tədbir edəlim və çalışalım; ölmək icab edərsə nə eybi var, qoy desinlər ki, Parlament əzasından bir neçəsi gedib özünü millətə fəda etdi. Və birdəfəlik bu zalımların qarşısına bir sədd çəkəlim. […]. Hökumət bu xəstəliyə hərgah əlac etməyə, biz millət kimi gedib intiqam alarıq”.
26 aprel 1920-ci il tarixli iclas zamanı Parlamentdə Şəki şəhərini daşqından qorumaq üçün Kiş çayı qarşısında daşdan bənd çəkilməsi üçün 40.460 manat vəsait buraxılması haqqında qanun layihəsi müzakirə edələrkən məruzəçi Abdulla bəy Əfəndizadə’dən sonra Aslan bəy Qardaşov və Ağa Eminov’la yanaşı, Baba bəy Qəbulzadə də çıxış edir. Görünür, elə onların çıxışının nəticəsində qanun layihəsi yekdilliklə qəbul edilir.
Belə qeyrətli oğul olan Baba bəy, yuxarıda deyildiyi kimi, 18 sentyabr 1937-də Bakıda həbs edilib. Onun istintaq işində Şəkinin ozamankı tarixiylə bağlı maraqlı detallar var. Məsələn, bu istintaq işində də onun Əliabbas Qədimov və başqalarıyla birgə 1923/24-də həbs edildiyi göstərilib. Çekistlər onun haqqında “kirləndirici” məlumat toplamaqçün şahidlər: “Nuxa işçisi” qəzetinin keçmiş şöbə müdiri, məhbus Vəlibəyov Rəşid Zeynal oğlu (1905), şəhər təhsil şöbəsinin partkomu Hüseynov Əbdülrza Qafar oğlu (1890), pedaqoji məktəbin hərbi rəhbəri Xəlilov Cabbar Hacı Əbdülhəlim oğlu (1893), bədən tərbiyəsi texnikumunun müəllimi, Baba bəyin şagirdi olmuş Əbdürəhimov Məhəmmədəli Məhəmməd oğlu (1905), 11-ci məktəbin müəllimi Xəlilov Məcid Xəlil oğlu (1909) və dərzi Bəşirov Qulu Bəşir oğlu’ndan (1867) ifadə almışdılar. Bu ifadələrin necə alındığını 1958-ci ildə yenidən dindirilmiş şahid Cabbar Xəlilovun söylədiklərindən öyrənirik. 1937-də ondan necə ifadə alındığını C.Xəlilov belə açıqlayır:
“...23 sentyabr 1937-ci ildə küçədə işə gedərkən Şəki rayon milis şöbəsinin yanındakı körpüdə o zaman Şəki redaksiyasının direktoru olan Hüseynov Əbdülrza qarşıma çıxdı və əlimdən tutaraq dedi ki, Siyasi idarədə səni şahid kimi göstərmişəm, gedək, dindirmə protokolunu imzala. Mən də getdim və sözün tam mənasında öncədən hazırlanmış protokola qol çəkdim. Qol çəkəndən sonra mənə bildirdilər ki, “bu protokol Şəki seminariyasının müəllimi Qəbulov Baba haqqındadır”.
Bu gün həmin şahidləri kiminsə suçlamasını doğru saymaq olmaz – onların, demək olar ki, hamısı hazır protokola qol çəkməyə məcbur edilib. O dönəmdə kiminsə imza atmaqdan boyun qaçırması onun özünün və ailəsinin labüd fəlakəti deməkdi; bu üzdən də onların bu hərəkətinə, əsasən, anlayışla yanaşmaq lazımdır.
Protokolların saxta olduğu, öncədən hazırlandığı bundan bilinir ki, onların hamısı məzmunca bir-birinin təkrarıdır. Protokollarda o sıradan bunlar da göstərilib:
ü Baba bəy 1918-ci ildə Şəkidə Müsavat partiyasını yaradanlardandır (bu, yalandır, çünki o, “Əhrar” partiyasının üzvüydü);
ü o, 1923-24-cü illərdə Şəkidə yerli müsavatçılar Məhəmmədəli Xəlifəzadə və Veysəl Mustafazadə ilə birgə sovet hakimiyyətinə qarşı təbliğat aparıb (bu, doğrudur);
ü məktəbdə müsavat parlamentinin sədri (?!) Məhəmmədəmin Rəsulzadə’nin redaktorluğu ilə Türkiyədə çıxan, gizli yolla xaricdən gətirtdiyi “Yeni Qafqaziya” jurnalını ucadan oxutdurub və bunun üstündə işdən çıxarılıb (əslində onun oxuduğu jurnalın özü yox, Məhəmməd Səid Ordubadi’nin ona qarşı yazılmış məqaləsində gedən sitatlardı), az sonra həbs edilib;
ü 1930-dakı Şəki üsyanı zamanı Baba bəy Şəkidə çıxışında sovet hökuməti və kommunist partiyasına düşmən münasibət bəsləyib (ağ yalandır! Abdulla əfəndi, əksinə, xalqı üsyandan çəkinməyə çağırıb, Baba bəy isə Şəki üsyanı zamanı Bakıda həbsdəydi, Şəkiyə gedə bilməzdi);
ü Baba bəy Şəkidə çox vaxt antisovet fabrikant Əsgər ağa Məmmədov, sürgündən yeni qayıtmış qolçomaq Lütfullah Hüseynov, Tabaq Qurban və başqa antisovet ünsürlərlə oturub-durub, onlarla birgə sovet hökumətinə qarşı əksinqilabi millətçi təbliğat aparıb, mövcud rejimə qarşı kəskin sözlər işlədib, müsavatçılıq ideyalarını təbliğ edib (fakt doğru olsa da yazılış tərzi “keçinin su bulandırması”dır). Onda müstəsna təbliğat-təşviqatçılıq bacarığı olduğuna görə ətrafdakılar üçün sosial təhlükə doğurur.
Bütün həbsi boyunca yalnız bircə dəfə dindirilən Baba bəy müstəntiq Zelenski’yə deyib:
“İkinci dəfə Azərb. Dövlət Siyasi İdarəsi (DSİ) 11.06.1927-ci ildə məni Qax kəndində həbs etdikdən sonra Zaqatalaya, oradan da Şəkiyə, daha sonra Bakıya göndərilmişəm və istintaqım Bakıda aparılıb. Eyni iş üzrə mənimlə birgə Zaqatalada bunlar da həbs edilib: 1) həkim Qədimov Əliabbas, 2) Nurullah əfəndi Qazızadə - müəllim, “Əhrar” partiyasının keçmiş üzvü, 3) Ramazan Qaracayev – alverçi, 4) Əhməd Abdullayev – İstehlak kooperativində işləyirdi, 5) Əhməd Bərbərlinski – mülkiyyətçilərdəndir, 6) Cahangir – soyadını unutmuşam, 7) [Yusifov] Məhəmməd Vahab oğlu (soyadını unutmuşam) – alverçi, 8) və 9) Salamov qardaşları: Əlibala və Əliəkbər – zərgər və alverçilər. [...] Həkim Əliabbas Qədimov aramızda keçmiş es-er kimi tanınmışdı; o, İstanbulda oxuyub və 1914-cü ildə (1917-ci ildə - müəl.) İstanbulun sosialist təşkilarlarından İsveçrədə keçirilən sosialistlərin qurultayına nümayəndə göndərilib. [...] Mən, Qədimov, Nurullah əfəndi Qazızadə cəzamızı çəkərkən həmişə bir yerdə yatmışıq. Həmin həkim Qədimov, bildiyimə görə, bir neçə ay öncə Qubada yenidən həbs edilib...”.
Zelenski Baba bəyi Məhəmmədəli Xəlifəzadə və Veysəl Mustafazadə ilə birgə müsavatçılıq təbliğatı aparmaqda suçladıqda müttəhim onlarla yalnız müəllim yoldaşı kimi əlaqədə olduğunu bildirib.
ÜÇÜNCÜ DİNDİRMƏNIN SONU
Müstəntiq Məmmədov Əliabbas həkimin Baba bəy Qəbulzadə ilə tanışlıq və görüşmələri boynuna almasını da qənimət sayaraq daha bu söhbəti uzatmır və keçir yeni “xanə”yə:
“Sual: Siz, sadəcə, tərslik edirsiniz. Şəki-Zaqatala üsyanından qabaq Siz harada idiniz?
Cavab: Üsyandan qabaq mən Şəkidə olmuşam.
Sual: Üsyan ərəfəsində Şəkidə olarkən üsyanın təşkilatçılarından Nəbibəyov Bəhram bəy və Əfəndiyev Fərruxla əlaqə saxlamısınız. Bunu nə cürətlə inkar edə bilərsiniz?
Cavab: Üsyandan qabaq Şəkidə olarkən Nəbibəyov Bəhram bəyi tanıyırdım və onunla tanışlığım vardı, ancaq onunla heç bir əksinqilabi əlaqə saxlamamışam. Onun üsyanla əlaqəsinə gəldikdə isə bildirirəm ki, o, həqiqətən üsyanın təşkilatçılarından biri olub və bu, mənə üsyandan sonra bəlli olub. Fərrux Əfəndiyevi tanıyıram, onunla yaxşı münasibətdəyik, ancaq yadımda qaldığı qədərincə, üsyandan qabaq Şəkidə onunla görüşməmişəm.
Sual: Siz Nəbibəyovla əksinqilabi əlaqələriniz, Qəbulov Baba, Əfəndiyev Fərrux və b. ilə birgə üsyana hazırlıqda iştirak etməyiniz üstündə məsuliyyətindən yayınmağa çalışırsınız. İstintaq bir daha sizdən düzgün ifadə verməyi tələb edir”.
Diqqət!! Oxucumuz, müstəntiq öz sualının içərisində artıq hakimin güllələmə hökmünün bir maddəsini yerləşdirib: “Nəbibəyovla əksinqilabi əlaqə, Qəbulov Baba, Əfəndiyev Fərrux və b. ilə birgə üsyana hazırlıqda iştirak”. Bu deyilənin gerçəkliyini müttəhimin boynuna alıb-almaması elə də önəmli deyil – bolşevik çekistlər belə “əhəmiyyətsiz xırdalıq”lara heç fikir də vermirlər. Müstəntiq üçün ən önəmlisi odur ki, dustaq adı çəkilən adamlarla tanış olduğunu artıq boynuna alıb. Onlarla tanışdırsa, deməli, görüşüblər; görüşüblərsə, deməli, əqidədaşdırlar; əqidədaşdırlarsa, deməli, üsyanı birgə hazırlayıblar; üsyan hazırlayıblarsa, deməli, məhv edilməlidirlər, vəssalam! Stalin dönəmi məhkəmə-istintaq sisteminin özünü yormayan məntiqi beləydi!
“Cavab: O dövrdə üsyan hazırlandığını mən bilmirdim, bu haqda heç təsəvvürüm də yoxdu və bu haqda mənə heç kim heç nə deməyib, üsyan haqqında mən hadisədən sonra eşitmişəm. Qəbulov və Əfəndiyevin üsyanın hazırlanmasında iştirak etmələrinə gəlincə, bu da mənə heç nə məlum olmayıb, bunu ilk dəfə indi eşidirəm.
Sual: Siz istintaqı aldatmaq mövqeyində qalırsınız. Üsyan ərəfəsində Nəbibəyovla əlaqə saxlamağınız istintaqa məlumdur. O, Sizi üsyana hazırlıq işləri barədə məlumatlandırıb və Siz bu məqsədlə Qaxa Baba Qəbulovla əksinqilabi danışıqlar aparmağa getmisiniz. İstintaqa doğru ifadə verməyəcəksinizmi?
Cavab: Mən dustaqdan çıxdıqdan sonra Qaxa Qəbulov Babanın yanına getməmişəm və üsyandan qabaq onunla görüşməmişəm. Nəbibəyovla ötəri tanışlıqdan başqa digər əlaqəm olmayıb. O, üsyana hazırlıq haqqında mənə heç nə deməyib. Üsyan haqqında isə yalnız hadisədən sonra xəbər tutmuşam.
Sual: Sizin inadınız əbəsdir. Sizi xəbərdar edirik ki, Qəbulov, Əfəndiyev, Nəbibəyov və başqaları ilə əlbir əksinqilabi fəaliyyətiniz istintaqa bəllidir. İstintaqa yalnız doğru ifadə vermək lazım olduğu haqqında Sizi bir daha xəbərdar edirik”.
Bununla da üçüncü dindirmə başa çatır. Müstəntiq öz rəisləri qarşısında lovğalana bilər – dustaq Qədimov Baba bəy Qəbulzadə, Bəhram bəy Nəbibəyov və Fərrux bəy Əfəndiyevlə tanış olduğunu gizlətməyib. Onun bu kişilərlə əksinqilabi fəaliyyətdə olmasını boynuna almaması isə heç bir hüquqi problem yaratmır!..
AKT
Əliabbas Qədimov öz yaşam prinsipləri olan, başqalarının iradəsinə boyun əyməyən, zorakılığa dözüm göstərməyən cəsarətli bir KİŞİydi. Dünyanın neçə ölkəsini gəzmişdi, neçə-neçə dünya şöhrətli insanla ünsiyyətdə bulunmuş, yoldaşlıq, düşüncədaşlıq etmişdi, öz dövrünə görə ən yüksək təhsil almışdı, çox geniş dünyagörüşü vardı, xalq içərisində gözəl bir ziyalı, əlləri şəfalı bacarıqlı həkim kimi dərin hörmət qazanmışdı, böyükdən-kiçiyə hamı ehtiramını saxlayırdı. Doğrudur, “əyalət”də (Şəkidə, Qubada...) yaşayırdı, ancaq bolşevik zülmü altında inləyən elinin, yurdunun dərdlərini görən, bunun üzərində düşünən və dərdlərinə əlac etməyə çalışan görkəmli bir millət oğluydu. İndisə insan döyərək özünə lazımlı ifadəni almaqdan savayı heç bir bacarığı olmayan, yad millətlərin iradəsini yerinə yetirən bir oyuncaq kiçik leytenantsa qaniçən hakimiyyətin ona verdiyi tapşırığa əsasən bu boyda SƏXSİYYƏTi aşalığamağa, onun doğma Xalqına, bu ana Vətənə düşmən olduğunu zorla boynuna qoymağa çalışır!..
Həkim də həkimdi ha! Öz ləyaqətini qoruyan, mənliyinə hörmət edən, onu sayanın qulu, saymayanın ağası olan Əliabbas Qədimov marionetka müstəntiqləri yerində oturdur – özlərinə hörmət etməsələr də ona hörmət etməyə borclu olduqlarını öz dirənişiylə başa salır! Nəticədə üç çekist yığışıb ondan Çekistbaşına aşağıdakı məzmunda şikayət aktı bağlayıb göndərir:
“1937-ci il yanvarın 26-sı günü, Bakı şəhəri.
Mən, aşağıda qol çəkən ASSR XDİK DTİ 4-cü şöbəsi 2-ci bölməsinin əməliyyat müvəkkili, DT kiçik leytenantı Məmmədov bu gün 4-cü şöbə 2-ci bölməsinin rəisi, DT baş leytenantı yol. Atakişiyev’in, XDİK Qubadlı RŞ rəisi, DT kiçik leytenantı Nizaməddinov’un və DTİ 4-cü şöbə 2-ci bölməsinin əməliyyat müvəkkili R.Zahidov’un yanında bu aktı aşağıdakı səbəbdən tərtib etdim: dustaq Qədimov Əliabbas Əli oğlu bu gün dindirmədə ona əksinqilabi müsavatçı fəaliyyətini sübut edən əsaslı bilgilərin təqdim edilməsinə baxmayaraq üstintaqın ünvanına mənfur böhtan ataraq belə dedi: “Mən 4-cü dəfə həbs edilmişəm və belə gedərsə məni 14-cü dəfə də həbs edə bilərlər, çünki XDİK siyahısında adımın qarşısına quş qoyulub”.
Bu aktı elə bu haqda tərtib etdik” (7, 117).
Sənədi ardıcıllıqla Məmmədov, Atakişiyev, Nizaməddinov və Zahidov qollayıblar. Ən sonda müttəhimin özünə də qol çəkdirilib. Bu sözləri gerçəkdən dediyinə görə Əliabbas həkim imzasını atmaqdan boyun qaçırmayıb.
Bu sənədə görə əslində istintaqa minnətdar olmalıyıq, çünki o, Ə.Qədimovun sonra dəhşətli işgəncələr altında boynuna qoyulmuş bütün “etiraf”larını dəyərsiz edərək qüvvədən salır və müttəhimə bundan sonra söyləməyə məcbur olduğu bütün boğazdan yuxarı ifadələrinə görə BƏRAƏT QAZANDIRIR!
Bu akt bir daha təsdiqləyir ki, dindirmə protokollarında rəsmən iki nəfərin adı yazılsa da, deməli, onu 26 yanvarda olduğu kimi həmişə ən azından 4 nəfər dindirirmiş. Sözsüz ki, onların dustağa verdikləri cismani işgəncələr, psixoloji sarsıntılar protokollara düşməyib, ancaq bu kiçik akt bir həqiqəti ortaya qoyur – Əliabbas həkimi dindirmək asan işdirsə 4 nəfər niyə bir yerə yığışıb?! Deməli, müstəntiq onun savadı, məntiqi qarşısında aciz qalıb və üç nəfər də onu axmaq durumdan qurtarmaq üçün yardımına gəlib! Ancaq onların dördü də 26 yanvar günü MƏĞLUB OLARAQ rəislərinə müttəhimdən şikayət ediblər!
ŞAHİD AXTARIŞINDA
“NKVD”, bir qayda olaraq, müttəhimləri dindirdikdən və onlardan özlərinə qarşı bacardıqca ifadə aldıqdan sonra müttəhimi tam “zərərsizləşdirmək” üçün şahidlərin “yardımından” da istifadə edirdi. Bu zaman çekistlər daha çox ona üstünlük verirdilər ki, həm məhbusu daha yaxşı tanıyan, deməli, onun haqqında daha çox şey bilən, həm də onunla şəxsi münasibətləri “hamar” olmayan, kin, qəzəb, həsəd və başqa amillər üzündən birinin üstünə beşini də qoyub danışan şahidləri aşkar edərək onların əliylə öz ittihamlarını “sübut” etsinlər. Bəzən vicdanını itirməyən, heç bir hədə-qorxudan çəkinməyən şahidlər yalnız gerçəyi danışsalar da onların ifadəsini mənfi tərəfə yozurdular.
İstintaqın əlində Ə.Qədimovun əksinqilabçı olduğunu sübut edəcək kəsərli dəlil-sübutlar yoxdu. Bu üzdən də onun əleyhinə “kirləndirici” materiallar yığmaq üçün XDİK əməliyyat müvəkkilləri Şəkidə və Qubada bir sıra adamları şahid kimi dindirərək onlardan həkimə qarşı ifadələr almağa çalışdılar. Ona görə “çalışdılar” deyirik ki, şahidlərin bəziləri müstəntiqlərin qara niyyətini bildiyinə görə tora düşməkdən var gücüylə yayınır, öz ifadələriylə Qədimova ziyan yetirməmək üçün əllərindən gələni edirdi. Bu şahid ifadələrinin başlıca özəlliyi ondadır ki, onların söylədiklərinin, demək olar ki, hamısı həqiqətdir və deyilənlərdə açıq-aşkar böhtan və iftira yoxdur. Ancaq bu deyilənlərdən “NKVD”-nin sonra necə yararlanacağı başqa məsələdir.
MƏHƏMMƏDİYYƏ ƏFƏNDİYEVİN İFADƏSİ
XDİK DTİ Şəki Şəhər Şöbəsi 4-cü bölməsi əməliyyat müvəkkilinin köməkçisi, DT çavuşu Xasayev’in 4 fevral 1937-də dindirdiyi ilk şəxs 1898-də Şəkidə doğulmuş, Bakıda Proletar küçəsi[38] 50 ünvanında yaşayan, ruhani oğlu, ali təhsilli, 1920-ci ildən kommunist Məhəmmədiyyə İbrahim oğlu Əfəndiyev oldu. O, ifadəsində bunları söylədi:
“1919-cu ildə Şəkidə ibtidai məktəbdə müəllim işlədiyim zaman Müsavat Partiyasının başçısı Məhəmmədəmin Rəsulzadə Şəkiyə gəldi, (Rəsulzadənin fotosu) Şəkidə Müsavatın özəyini yaratdılar və [Rəsulzadə] həmin özəyin başçıları Xəlifəzadə Məhəmmədəli’ni, Qədimov Abbas’ı və Mustafayev Veysəl’i təyin etdi. Onlar da şəkililəri öz tərəfinə, yəni Müsavat özəyinə cəlb etməyə başladılar və bu adamları cəlb etdilər:
1) Kiş kəndindən Əfəndiyev Həmid – indi Kiş kəndində müəllim işləyir.
2) Əlizadə Zahid İbrahim oğlu – Şəkidə Kənd Təsərrüfatı Texnikumunda müəllim işləyir.
3) Əfəndiyev Həsən Əhməd oğlu – indi Şəki Pedaqoji Texnikumunda müəllim işləyir.
4) Kiş kəndindən Qarayev Hüseyn – indi Şəkidə 5 saylı məktəbin direktoru işləyir.
(Məhəmmədəli Xəlifəzadənin və Veysəl Mustafayevin fotoları)
Yaxşı xatırlayıram ki, Xəlifəzadə Məhəmmədəli və Mustafayev Veysəl o zaman Şəki şəhər məktəbində müəllim işləyir və Müsavatın bütün təşkilatı işlərini bu məktəbdə aparırdılar. Onlar əhali arasında fəal iş görür və Müsavatın bu təşkilatına yeni üzvlər cəlb edirdilər.
1920-ci ildə Azərbaycanda aprel çevrilişindən sonra Mustafayev Veysəl və Xəlifəzadə Məhəmmədəli tutulmaqdan qorxaraq Dağıstana qaçdılar, bir azdan yenə Şəkiyə döndülər. Şəkiyə qayıdan kimi onları həbs etdilər, bir neçə ay keçəndən sonra zindandan buraxdılar. Mustafayev Veysəl Azərbaycan Pedaqoji İnstitutunda işləyir. Xəlifəzadə Məhəmmədəli də Bakıdadır və müəllimdir, hansı məktəbdə olduğunu bilmirəm, ancaq Qalada[39] yaşayır.
Qədimov 1934-də Qubada həkim işləyirdi, indi harada olduğunu bilmirəm”.
Şəkidə Müsavat Partiyasının quruluş tarixi haqqında verdiyi bu qiymətli bilgiyə görə Məhəmmədiyyə Əfəndiyevə indi minnətdar olmalıyıq. Göründüyü kimi, o yalnız faktları sadalayıb və adını çəkdiyi kişilərə zərər yetirə biləcək siyasi qiymət verməkdən yayınıb.
QƏRƏZLİ İSAY ROLNİKOV
“NKVD” yalnız Şəkidə deyil, Qubada da axtarışlar aparırdı. 8 fevralda XDİK DTİ Quba Rayon Şöbəsi əməliyyat müvəkkilinin köməkçisi, DT çavuşu Sultanov 1905-də Bakıda doğulmuş, Quba şəhərində Xaçmaz küçəsi 96-da yaşayan, Quba şəhər xəstəxanasının həkimi, ali təhsilli, yəhudi İsay Gendrixoviç Rolnikov’u şahid kimi dindirib. Əliabbas Qədimovla bir yerdə işləyən İ.Rolnikovun öz iş yoldaşına qərəzli yanaşmasının hər şeydən öncə onun milli duyğularından qaynaqlandığı, millətsevər Əliabbas həkimin milli kadrlara qayğıkeşliyini həzm edə bilməməsi o saat sezilir. Doğrudur, bu həkimin sözlərinin obyektiv olduğunu söyləmək mümkün deyil (o daha çox istintaqın “işini yüngülləşdirməyə” çalışır), ancaq dediyi bəzi faktlar Ə.Qədimovun həyatını öyrənmək baxımından maraqlıdır.
İ.Rolnikov bildirir: “İndi Bakıda, Semaşkoda[40] həkim işləyən Nağıyevdən eşitdiyimə görə, Qədimov Qazan Universitetində 3-cü kursadək oxuyub, eser olub, sonralar – 1913-cü ildə Türkiyəyə qaçıb, orada 1916-cı ildə Tibb Universitetini[41] bitirib. Müsavat dönəmində Şəkidə Vəkillər Kollegiyasının üzvü olub. Sovetləşmədən sonra Müsavat ideyalarını müdafiə etdiyinə görə 1928-ci ildə Zaqatalada olduğu zaman DSİ[42] onu həbs edib və [Bakıya] sürgünə göndərib.
İki il yatandan sonra artıq ləkələndiyi üçün keçmişinin yaxşı bəlli olduğu Zaqatalaya qayıda bilməyib və öz keçmişini gizlətmək üçün 1930-cu ildə Qubaya köçərək orada öncə məhkəmə həkimi, sonra xəstəxanada həkim və son zamanlarda Quba ambulatoriyasının direktoru işləməyə başlayıb.
Öz tərəfimdən bildirirəm ki, Qədimov Quba rayonunda səhiyyə işini axsatmaq üçün bir qrup yaradıb, oraya partiya-sovet təşkilatlarına yaxın olan adamları cəlb etməyə və onların əliylə öz əməllərini gerçəkləşdirməyə çalışıb. Məsələn, o, gənc qadın həkim, partiya üzvlüyünə namizəd K...ı[43] öz təsiri altına salaraq işləri pozub, onu başqa tibb işçilərinin üzərinə qaldırıb, nəticədə bunun üstündə ifşa olunaraq AK(b)P MK bürosunun qərarıyla K...la birgə işdən çıxarılıb.
Payızdan sonra Qədimov yenidən işə bərpa olunub, ancaq qeyd etmək gərəkdir ki, Qədimov yenidən qrup təşkil edib və buraya həkim Allahverdiyevanı cəlb edib. O, rayonda ağalıq etmək üçün həkim Nağıyevə də onlara qoşulmağı təklif edib. Bunu mənə söyləmiş həkim Nağıyevin özündən eşitmişəm: “Həkim Qədimov məni yanına çağıraraq ona qoşulmağımı, iki Türk kimi birləşərək milli siyasəti həyata keçirməyi, başqa gənc mütəxəssisləri rayondan sıxışdırıb çıxarmağı təklif etdi”. Nağıyev deyirdi ki, ona belə cavab verdim: “Bizim yollarımız ayrı-ayrıdır, həkim Qədimov”.
Onda həkim Qədimov Nağıyevə münasibətdə taktikasını dəyişib və Allahverdiyevanın vasitəsilə onun işinə əngəl törətməyə başlayıb. Nağıyev həmin vaxt həm də səhiyyə şöbəsinin təlimatçısı idi. Allahverdiyeva Nağıyevə “ilişir”, onunla səhiyyə şöbəsinin binasında dava-dalaş salır və nəhayət, Nağıyevin qoyduğu hüquqi qayda-qanunları gözdən salır, Qədimovun özü isə gözə görünmədən bütünlüklə qıraqda qalır. Bundan sonra o, rayon İcraiyyə Komitəsi sədrinə məsləhət görür ki, gərəksiz Nağıyev işdən azad edilsin. Başqa sözlə desək, Qədimov Nağıyevin işdən çıxarılması məsləhəti ilə özünün namizədliyini irəli sürür ki, öz ziyankar fəaliyyətini həyata keçirə bilsin”.
Doğrudur, bu şahid Qədimovun şəxsən ona mənfi münasibəti haqqında heç nə demir, ancaq onun qərəzliliyi belə bir münasibətin olmasını ciddi düşünməyə əsas verir.
“HƏKİM QƏDİMOV HƏMİŞƏ BABA QƏBULOVLA GƏZİRDİ”
DT çavusu Xasayev 9 fevral 1937-ci ildə Ə.Qədimovun işiylə bağlı olaraq növbəti şahid kimi 1899-da Şəkinin Qışlaq kəndində doğulmuş, ailəli, savadlı, 1932-dən AK(b)P üzvü, mühakimə edilməmiş, Şəki Şəhər Sovetinin yol nəqliyyatı şöbəsinin müdiri Yaqub Məhəmməd oğlu Naibov’u dindirib.
Şahid bildirir ki, mən həkim Əliabbas Qədimovu 1920-dən tanıyıram. O, uzun müddət Zaqatalada və Şəki şəhərində işləyib. 1920-də Şəki şəhərində müsavatçı kimi həbs edilib və 10 il iş alıb, 2-3 il yatdıqdan sonra amnistiyaya görə azad edilib. 1924-cü ildə onu Zaqatala şəhərində yaşayan bir neçə şəkili keçmiş müsavatçı ilə, o sıradan Baba Qəbulov’la birgə yenə həbs edərək iş veriblər. Beləliklə, həkim Qədimov 4 dəfə həbs edilib; onların 2-si Şəkidə və 2-si Zaqatalada olub.
Həkim Qədimov həmişə Baba Qəbulov’la gəzirdi. O da fəal müsavatçı idi; əmisi İslam Qəbulov’la birlikdə Müsavat vaxtında Zaqatalada Müsavatın qəza komitəsində birgə çalışıblar.
Çoxlu fakt yanlışılıqları olan bu qısa izahatda xalqımızın azadlıq tarixində müstəsna rolu olmuş şəxslərdən birinin – İslam bəy Qəbulzadə’nin də adı çəkilir. Bu görkəmli insanın həyatı oxucularımız üçün maraqlı olacağına görə onun haqqında qısa bilgi verməyi gərəkli sayırıq. (İslam bəy Qəbulzadənin fotosu)
İslam bəy Hacı Pirməhəmməd oğlu Qəbulzadə (03.05.1879–1920) XX yüzilin başlanğıcında Azərbaycanın ən qabaqçıl maarifçilərindən və fəal ictimai-siyasi xadimlərindən biri olub.
O, Zaqatalada 4-sinifli şəhər məktəbini bitirib (1897). Müxtəlif illərdə və müxtəlifn rayonlarda Türk dili müəllimi işləyib. Onun yazdığı dərsliklərdən Azərbaycan məktəblərində geniş istifadə edilib.
1903-cü ildə o, öz xərcinə Qaxda 3-sinifli məktəb açıb. Akademik İmam Mustafayev, xalq artisti İsmayıl Dağıstanlı İslam bəyin açdığı Qax məktəbinin şagirdləridir.
İslam bəy müəllimliklə yanaşı, ictimai işlə də fəal məşğul olub. 1914-cü ildə o, Bakıda «Səfa» cəmiyyətinin katibi seçilib. 1917-nin fevralında Zaqafqaziya Müvəqqəti Hökuməti (Zaqafqaziya Komissarlığı) onu Zaqatala Dairəsinin komissarı təyin edib. 1918-in başlanğıcında Tiflisdə Zaqafqaziya parlamenti – Seym yaradılarkən İslam bəy Zaqatala Dairəsindən bir müsavatçı kimi buraya deputat seçilib, ancaq çox ciddi səbəblər üzündən Seym üzvlüyündən imtina edib və yalnız müəllimliklə məşğul olub.
Qurtuluşçu Türk ordusu Azərbaycana gələrkən və onun komandanı Nuru paşa Qaxda olarkən İslam bəy burada onu öz evində yüksək səviyyədə qarşılamışdı. Bu görüşə yaxın qohumu, Qaxın ən məşhur ziyalılarından olan Abdulla əfəndi Qəbulzadə də qatılmışdı. Nuru paşa onların simasında bu bölgədə millətin ən qabaqcıl nümayəndələrini tanımışdı.
Müstəqil Azərbaycan dövləti qurulandan sonra İslam bəy Bakıya köçüb. 1918–1920-ci illərdə Azərbaycan Cümhuriyyəti Maarif Nazirliyinin keçirdiyi müşavirə, qurultay və başqa tədbirlərdə fəal iştirak edib. O, xalqa xidmətini yüksək qiymətləndirmiş Müsavat Partiyasının başçısı Məhəmmədəmin Rəsulzadə’ylə isti münasibətdəydi.
1919-un dekabrında Müsavat partiyasının 2-ci qurultayı keçirilərkən o, qurultayın katibi seçilib. Qurultayda təbrik çıxışı söylərkən deyib ki, ermənilər 1918-də “İsmailiyyə”ni yandıran zaman partiyanın 1-ci qurultayının materialları məhv olsa da o, katib kimi qərarın mətnini qoruyaraq saxlayıb. Bu məlumatı qurultay alqışlarla qarşılayıb.
İslam bəy 1919-da Bakıda keçirilən müəllimlərin 1-ci qurultayını da protokollaşdırmışdı.
O, dövrünün mətbuat orqanlarıyla, o sıradan “Molla Nəsrəddin” jurnalıyla da əməkdaşlıq edib. Burada onun məqalələri çap olunub.
1920-də kommunistlər onu Müsavat Partiyasının fəal üzvü kimi güllələyiblər.
ƏBDÜLMABUD ƏFƏNDİYEVİN İFADƏSİ
Əsərimizin qəhrəmanının tufanlı həyatının qaranlıq anlarına yaxından bələd olmaq baxımından DT çavuşu Xasayevin 1937-ci il fevralın 9-da Əbdülmabud Abdulla oğlu Əfəndiyev’dən şahid kimi aldığı ifadə çox maraqlıdır.
Öncə Əbdülmabud Əfəndiyevin özü haqqında. 55 yaşındadır, Şəki şəhər sakinidir, Zavod küçəsi 74-də yaşayır, ailəlidir, 10-illik məktəbin müəllimidir, 1921/22-də AK(b)P-dən xaric edilib, indi bitərəfdir, 1923-də DSİ orqanları onu həbs edib, ancaq iş almayıb, 1908-də İstanbulda seminariya bitirib, cari ildə Pedaqoji İnstitutu qiyabi yolla qurtarıb.
Ə.Əfəndiyevin ifadəsi onun hər şeydən öncə əla yaddaşı olduğunu, həqiqətpərəstliyini, Əliabbas Qədimovu çox gözəl tanıdıdığını və sevdiyini göstərir. Həkimin həyatıyla bağlı istintaqa dediyi çox maraqlı faktları yalnız ona ürək qızdıran ən yaxın dostu açıb söyləyə bilərdi. Göründüyü kimi, Əfəndiyev ağzından çıxanlar tam həqiqətdir və onların arxasında yalnız xoş niyyət dayanır.
Ə.Əfəndiyevin ifadəsindən oxuyuruq:
“Mən həkim Əliabbas Qədimovu 1918-ci ildən tanıyıram. Bildiyim qədərincə, onun atası çar hakimiyyəti dövründə xırda ticarətlə məşğul olub, [Ə.Qədimov] bir müddət Türküstanda yaşayıb.
Əliabbas vaxtaşırı Şəkidə olarkən özündən tez-tez söhbət açardı. Onun dediyi bir sıra faktları hazırda su elektrik stansiyasında mexanik işləyən Vahid Əfəndiyev və İpək müəssisəsinin direktoru Əliəşrəf İsmayılov da təsdiqləyiblər.
Əliabbas Qədimovun söylədiklərinə görə, əvvəl Aşqabad gimnaziyasında, daha sonra Qazanda təhsil alıb. O zaman hansısa bir siyasi təşkilatın üzvü olub, bu təşkilatın terror xarakterli tapşırıqlarını yerinə yetirib, hətta jandarmları öldürmək zərurətiylə üz-üzə qalıb. Əliəşrəf İsmayılovun təsdiq etdiyinə görə, Qədimovla rastlaşan jandarmların özlərini tamamilə itirməsi kimi hallar da müşahidə edilib. O, jandarmları öldürdükdən sonra artıq Türküstanda yaşaya bilməyərək Bakıya dönür. Ancaq Ə.Qədimov burada da təqib olunur.
Bir dəfə Parapetdə[44] polis tərəfindən mühasirəyə alınsa da vəziyyətdən çıxış yolu tapıb qaça bilir. Bu hadisədən sonra İrana gedir. O, İranda rus konsulluğunda katib kimi işə düzəlir. Özünün dediyinə görə, İranda böyük ticarət şəbəkəsi olan şəkili tacir Abbas Əliyev ona maddi yardım göstərib. Yenə öz sözlərinə görə, çar hökuməti onun İranda rus konsulluğunda işlədiyini müəyyən edərək məktub vasitəsiylə konsuldan həbs olunmasını tələb edir. Xoşbəxtlikdən bu məktub ilk dəfə Əliabbas Qədimovun əlinə düşür. O, ifşa olunduğunu bilərək konsulun ünvanına bildiriş yazır. Orada bəyan edir ki, axtarılan şəxs məhz onun özü, yəni konsulun katibidir. Sonra yazdığı bu izahat qeydini konsulun masasının üzərinə qoyaraq oranı tərk edir.
Əliabbas Qədimov Türkiyəyə qaçır. Bir müddət universitetin tibb fakültəsinin pansionatında kuryer işləyir. Bu hadisə, deyəsən, 1909-1910-cu illərdə baş verib. O, Türkiyədə universitetin tibb fakültəsini bitirərək həkim ixtisasına yiyələnir. Sonra Türk ordusunun tərkibində Dünya müharibəsinin müxtəlif cəbhələrində həkim kimi hərbi əməliyyatlarda iştirak edir.
Çar hakimiyyəti devrildikdən sonra, deyəsən, 1918-ci ildə Türkiyədən Şəkiyə qayıdır və burada həkim işləməyə başlayır. Qısa müddətdən sonra Şəkidə böyük nüfuz qazanır. O, Şəkidə Məhəmmədəli Xəlifəzadə, Veysəl Mustafayev, Hüseyn Kişli, Əbdülkərim İmamzadə, İstanbuldan olan Şövkət Aydəmir oğlu və Yaşar’la birgə Müsavat Partiyasının yerli özəyini yaradır. Onlar tez-tez yığıncaqlarda və qonaqlıqlarda Müsavat təşkilatının xeyrinə çıxışlar edirlər. Müsavat təşkilatı Şəkidə qurulduğu qaydada nüfuza malik deyildi. Digər milli partiyalar Müsavatın şiələrin təşkilatı olması haqqında şayiələr yayırdılar. Şəki əhalisinin əksəriyyəti isə sünni idi. Bu səbəbdən Əliabbas Qədimov və Məhəmmədəli Xəlifəzadə sovetləşmə ərəfəsində Müsavat təşkilatını tərk etdilər. Elə buna görə də Veysəl Mustafayev onlardan incidi”.
DEYİLƏNƏ SÖZARDI
Doğrucul şahidin səmimi ifadəsini yarımçıq kəsərək oxuculara onun buradək dediklərinə bəzi aydınlatmalar verməyə ehtiyac duyuruq.
Bundan öncə Məhəmmədiyyə Əfəndiyevin, indi də Əbdülmabud Əfəndiyevin ifadələrində Müsavatın Şəki özəyinin aparıcı simalarının adları çəkilir.
(Məhəmmədəli Xəlifəzadə, Veysəl Mustafayevin fotoları)
Şəkidə Müsavat Partiyasının lideri olmuş, Qori Müəllimlər Seminariyasını bitirmiş Məhəmmədəli Xəlifəzadə Nuri Cümhuriyyət dönəmində Şəki Ali İbtidai Məktəbinin müfəttişi və müəllimi (3), sovet dönəminin ilk çağlarında Şəkidə 6-aylıq pedaqoji kursların müdiri işləyib (7).
Müsavat Partiyasının 1919-un dekabrında keçirilmiş 2-ci qurultayında o, qurultay kürsüsündən şıxış edib. 1919-da Üzeyir bəy Hacıbəyli’nin redaktorluğu altında çıxan “Azərbaycan” qəzetində bu qurultayın gedişini işıqlandıran geniş hesabatda M.Xəlifəzadənin çıxışı haqqında oxuyuruq:
“Natiq məruzədə bulunaraq: Nuxanın tələbatı başqa yerlərə nisbətən büsbütün ayrı olduğunu, oranın polis məmurları hökumətin qərarnaməsinə inanmadıqlarındanmı, nədən isə fürsəti qənimət bulub rüşvət almaqla xəlqi soymağı kəndilərinə vəzifə ədd ediyorlar – diyor. Natiqin zənnincə, əgər ümumpolis məmurlarının üstünə məxfi müfəttiş təyin olunub tez-tez polis məmurlarının əməl və hərəkəti təftiş olunarsa bu rüşvətxorluq aradan götürülər.
İkinci məsələ əsgər və zabitan barəsində olduğundan əhvali-hazirə müsaid olmadığı üçün növbədən çıxarılıyor. Natiq poçta və teleqraf işlərinin qaidəsiz olduğundan mürasilətin ləngə düşdügünü, Zaqatala vilayətindən Nuxaya ərzaq keçməsi qadağan olduğu üçün ərzaq barəsində Nuxa əhalisinin güzəranı xeyli çətin, fəqət bir para müfəttinlər[45] tərəfindən əvam cəmaət arasında Müsavat Firqəsi əleyhinə buraxılan böhtanlardan dolayı şöbənin fəaliyyəti dayandırıldı. Nəhayət, o böhtanların yersiz olduğu aşkar olduğuna görə altı ay bundan əqdəm yenə ciddi fəaliyyətə başladığını bildirir. Ətrafda, xüsusən mərkəzimiz olan Bakıda ciddi mübəlliğlərin azlığı və fəaliyyətsizliyi səbəbiylə sabiqdə Müsavat Firqəsinə mənsub olan adamlar Bakıya gəlib öz yerlərinə övdət etdikləri[46] zaman qeyri-müsavatçı olur. Hər halda, bu xüsuslarda lazımi tədbirlər görülməsini arzu ediyor” (8, 33-34).
“Şəki üsyanı” kitabımızda Şəki müsavatçılarından bəhs edilib, ancaq Hüseyn Kişli’dən danışmamışıq. Bu əsərdə onun ömür yoluna dair bəzi məlumatları oxuculara təqdim edirik.
Hüseyn Kişli – Hüseyn əfəndi Hacı İshaq əfəndi oğlu Əfəndizadə/Qarayev təxminən 1884-də anadan olub, 1944-də vəfat edib.
“Qarayev” soyadını 1930-cu il hadisələri zamanı və ulu babası Hacı Gəray’ın adından götürüb (deməli, soyadı əslində Qarayev yox, Gərayov’dur). İlk təhsilini atasından alıb, İstanbul Universitetində oxuduqdan sonra Şəkiyə qayıdıb, daha sonra Azərbaycan Pedaqoji İnstitutunu bitirib. Şəkidə yaradılmış Sənaye Texnikumunun direktoru olub, Şəki Pedaqoji Texnikumunda dərs deyib. Akademiyanın müxbir üzvü Əbdüləzəl Dəmirçizadə onun tələbəsi olub.
Hüseyn Kişli incə qələmli söz ustası kimi tanınıb. Onun ədəbi yaradıcılığı hekayələrdən, şeirlərdən və dini risalələrdən ibarətdir. İlk kitabı 1915-də Tiflisdə nəşr olunub (14, 114).
(Şövkət Sürəyya Aydəmirin fotosu)
İfadədə adı çəkilən Şövkət Sürəyya Aydəmir (1897-1976) Türkiyənin məşhur tarixçilərindən biridir. Onun babası Bolqarıstanın Dəliorman yörəsinin ən böyük torpaq sahiblərindən olub. Ancaq Türkiyə-Yunanıstan savaşı nəticəsində onun ailəsi var-dövlətini buraxaraq Ədirnəyə qaçmalı olub. Şövkət Sürəyya 1897-ci ildə burada doğulub. Kiçik yaşlarından siyasətlə maraqlanıb. 1908-də ikinci məşrutiyyətin elan edilməsi ona çox təsir göstərib, 11 yaşında “İttihad və tərəqqi”yə üzv olub. Sonralar pedaqoji məktəbdə oxuyub və müəllimlik edib.
Fəridə Müfit Tək’in “Aydəmir” romanını oxuyaraq özünü romanın baş qəhrəmanı Aydəmirə bənzədib (soyad qanunu çıxdıqdan sonra “Aydəmir” soyadını seçib).
Alovlu bir turançı ikən Qafqaza əsgər kimi gəlib. Geri qayıdaraq Ədirnədə Qurtuluş Savaşına qatılınca müstəqil Azərbaycan Cümhuriyyəti Türkiyədən müəllim istəməyib və o da Azərbaycana yola düşüb. Şəkiyə gələrək burada müəllimlik edib. Qısa müddətdə xalqa qaynayıb-qarışıb. Cümə namazlarında imam xütbəsindən öncə alovlu çıxışlar edərək Azərbaycan Türklərinə türklüyü və bağımsızlığı anladıb. O, Şəkini, şəkililər də onu çox sevib. Burada Sitarə adlı ilk sevgisini tapıb.
Qarabağda ermənilər qanuni hökumətə qarşı üsyan edərkən Şəki və yörəsindən toplanan könüllülər Aydəmirin komandanlığı altında ermənilərlə savaşa gedib. Bu savaş qazanılıb və Əsgəran keçidi açılıb. Aydəmir bir qəhrəman kimi tanınıb. Savaşdan dönərkən yolda “İttihad və tərəqqi”nin əski önəmli şəxslərindən Tələt Muşkara ilə və Ənvər paşa’nın əmisi Xəlil paşa ilə tanış olub.
O, 1920-nin aprelində Şəkiyə girən rus ordusunu maraqla izləyib.
Şəhərin ən hörmətli adamlarından biri olaraq Bakıda keçirilən Şərq xalqları qurultayına Şəki nümayəndəsi kimi qatılıb. Qurultayda dünyanın bir çox yerindən nümayəndələri görmək onu şaşırdıb. Türklər, hindlilər, iranlılar, əfqanlar, monqollar, ərəblər və başqa bir çox millətləri bir araya gətirən ideologiyanın nə olduğunu daha yaxşı bilməyə qərar verib.
Zinovyev’in sədrlik etdiyi toplantıda uşaqlığının qəhrəmanı Ənvər paşa’nın əriyib getməsinə şahid olub. Ənvər paşanın danışılanları yetərincə anlamadığını və Yaşıl Ordunun tam bir xəyal olduğunu orada başa düşüb. Qurultayda “milli məsələ” mövzusundakı söhbətlər də ona çox təsir göstərib.
Bütün bu deyilənlər Ş.S.Aydəmirin “Suyu arayan adam” tərcümeyi-hal romanında genişliklə əksini tapıb.
(“Suyu arayan adam” kitabının fotosu)
Qurultaydan sonra Türkiyə kommunistlərinin toplantısına qatılan Aydəmir burada Mustafa Subhi, Ədhəm Nəjat və İsmayıl Haqqı kimi kommunistlərlə tanış olub. Onun yurda qayıtması və Milli Mücadiləyə qatılması üçün şərait yaradılıb. Ancaq Bakıdan Şəkiyə döndükdə xoşagəlməz durumla üzləşib. Öncədən xalqın böyük maraq göstərdiyi turançı söhbətləri ucbatından bolşeviklər onu ciddi nəzarətə götürüblər.
Türkiyəyə qayıtmaq istərkən Tiflisdə Alim Abid[47] adlı bir gənc tatar bolşeviklə tanış olub və onun təşviqiylə, sonsuz bir eşqlə sevdiyi Sitarəni buraxmaq bahasına, Moskvaya bolşevik inqilabını öyrənməyə yollanıb. O, Şərq Zəhmətkeşlərinin Kommunist Universitetinə[48] girib. (Universitetdəki Türk tələbə yoldaşlarından bir də Nazim Hikmət’dir). Aydəmir burada marksizmi mənimsəyib. Ancaq maraqlıdır ki, bu dönəmdə Lenin sağ olsa da o, Trotski’yə daha çox meyl göstərib.
Beləliklə, Şövkət Sürəyya 4 il öncə Türkiyədən turançı kimi gəldiyi halda, 1923-də oraya kommunist kimi geri dönüb. 1924-də onun Sədrəddin Cəlal Antel’lə bərabər hazırladığı “Lenin və leninizm” adlı kitabı çıxıb. 1925-də Türkiyə kommunist partiyasının 3-cü qurultayında 7 nəfərlik icra komitəsinə seçilib. Siyasi fəaliyyətinə görə 1925-də həbs olunub və 18 ay yatdıqdan sonra buraxılıb, məmurluq həyatına başlayıb.
1932-də bir sıra dostları ilə “Kadro” dərgisini çıxarıb. Dərginin təməl məqsədi marksizmi kamalizmlə müqayisə edərək iki düşüncəni inkişaf etdirmək və bir qəlibdə əritməkdi. Bu dərgi 1935-də 36-cı sayından sonra kamalizmi dəyişdirməyə çalışmaqda suçlanaraq qapadılıb.
27 may 1960 hərbi çevrilişinədək müxtəlif dövlət vəzifələrində bulunan Şövkət Sürəyya 27 maydan sonra sosialist təmayüllü “Devrim” və “Yön” dərgilərində yazmağa başlayıb.
25 mart 1976-da dünyasını dəyişib.
Atatürkün həyatını incələyən “Tək adam” silsiləsinin, İsmət İnönü’nün həyatını anladan 3 cildlik tərcümeyi-halın, “Makedoniyadan Orta Asiyaya Ənvər paşa”, “Suyu arayan adam”, “Menderesin dramı?”, “Torpaq oyanırsa”, “İxtilalın məntiqi”, “Qəhrəmanlar doğmalıydı” və başqa məşhur əsərlərin müəllifidir.
Sənəddə adı Ş.S.Aydəmirlə yanaşı çəkilən Yaşar əfəndi’yə gəlincə, o da Türkiyədən gəlmiş müəllimdi. 18 noyabr 1919-da AC maarif naziri Rəşid xan Qaplanov’un əmriylə Şəki kişi gimnaziyasına riyaziyyat müəllimi təyin edilmişdi (16). O, az sonra xəstələnərək vəfat edib və Şəkidə basdırılıb. Aydəmir Şəkiyə gəldikdə onun cənazə törəniylə qarşılaşıb və dəfn mərasimində alovlu nitq söyləyib. Bu müəllimin cox gənc yaşında dünyasını dəyişməsi haqqında həm Aydəmirin “Suyu arayan adam” romanında, həm də ozamankı mətbuatımızda bilgi var.
Ə.ƏFƏNDİYEVİN İFADƏSİNİN ARDI
Əbdülmabud Əfəndiyev bugünün tarixçiləri üçün çox maraqlı və dəyərli olan yeni-yeni faktları sadalamaqdadır:
“Hətta belə bir hadisə olmuşdu: mən, Əfəndiyev Əbdürrəşid, Qədir Ağa oğlu, Məhəmmədiyyə və Abid Əfəndiyev Şəki şəhərində sovetləşməyədək AK(b)P-nin özəyini yaratmışdıq. Bundan xəbər tutan Əliabbas Qədimov mənə demişdi: “Mən sizin aşağıdan təşkilat yaratmağınızı alqışlayıram”. Bu məsələni ondan gizli saxladığımdan dedim ki, bizim heç bir təşkilatımız yoxdur.
Sovetləşmədən sonra, 1920-ci ildə millətçi olmadığını, onda bu təmayülün İranda, bir kitabxanada olduğu zaman meydana gəldiyini bildirən Əliabbas Qədimov AK(b)P sıralarına daxil oldu.
1921-ci ildə Qədimov AK(b)P-nin digər üzvləri, o cümlədən Həşim Məhəmmədzadə, Əliəkbər Mahmudov və Həsən Əbdürəhman oğlu ilə birlikdə Xüsusi Şöbə tərəfindən həbs edildilər. O zaman mən özəyin katibi idim.
Mən məktubla Xüsusi Şöbəyə müraciət edərək belə adamlara ehtiyacımız olduğunu bildirib onların azad edilməsini xahiş etdim. Həbs olunan bu adamlar 25 gün sonra azad edildilər. Ancaq Xüsusi Şöbədən məni xəbərdar edərək bildirdilər ki, Həşim Məhəmmədzadə “Əhrar” partiyasının üzvüdür. Əliəkbər Mahmudov isə nəzarət altında olmaq şərtiylə azad edilmişdi.
Xüsusi Şöbə qırmızı ordunun tərkibinə birləşdirildikdən sonra bu qəbildən olan işlər Tribunalın icraatına verildi. Ə.Qədimov bundan sonra həkimlik fəaliyyətinə son qoyub vəkil işləməyə başladı. Tribunalın sessiyalarında, məhkəmələrdə çıxışlar edirdi. Nəhayət, o yenidən həbs olundu, bir aydan artıq yatdıqdan sonra azad edildi. Tribunaldan edilən təklif əsasında vəkillikdən imtina etdi. Əliabbas Qədimovu tribunalın əlindən atası aldı. Guya onun hansısa xidməti olmuşdu ki, bu da tribunal üzvlərinə bəlli idi.
Qədimov 1921-ci ildə Zaqatalada məskunlaşdı. 1923/24-də Ə.Qədimov DSİ tərəfindən Zərgər Əlibala, Kar Dəllək ləqəbiylə tanınan Nəsrulla Əfəndiyev, Məhəmməd Vahab oğlu və Baba Qəbulov’la birlikdə həbs edildi. Bu dəfə onları mühakimə edib hər birinə 2,5 və 3 il iş verdilər. Ə.Qədimov həbs cəzasını Şəkidə çəkdi. Ara-sıra xəstəxanaya da gəlirdi. Nəzarət altında olmaq şərtiylə azad edildikdən sonra bir müddət burada işlədi. 1930-cu ildə Bakıya köçdü. Mənə məlum olduğuna görə, son vaxtlar o, Qubada yaşayır”.
Göründüyü kimi, müstəntiqin istəyinə baxmayaraq Ə.Əfəndiyev Əliabbas həkim haqqında “lazımi” məlumatlar vermir, əksinə, sanki üzünü gələcəyin araşdırıcılarına (yəni bizlərə) tutaraq onun tərcümeyi-halında unudulmamalı məqamları sadalayır. Şahidin tarix baxımından dəyərli faktlarla zəngin ifadəsindən daha sonra öyrənirik:
“Şəkidə baş verən üsyan ərəfəsində mən Qədimovu Bakıda görmüşdüm. O, mənə dedi ki, müalicə üçün Suraxanıya palçıq vannası qəbul etməyə gəlmişəm. Beləliklə, üsyan zamanı Qədimov Şəkidə deyil, Bakıda olub.
Əlavə edib bildirirəm ki, 1918-də Türkiyədə seminariya bitirən, hazırda Bakıda müəllim işləyən Əhməd Bayramzadə[49] Qədimovu tərifləyərək deyirdi ki, Avropa müharibəsi ərəfəsində İsveçdə sosialistlərin qurultayı çağırılıb. Qədimov İstanbuldan bu qurultaya nümayəndə seçilib.
Qədimovun Bəhram bəy Nəbibəyov’la əlaqələri mənə məlum deyil”.
Yəqin ki, müstəntiq Ə.Qədimovu dolaşdırmaq üçün 1930-cu il Şəki üsyanının başçılarından olmuş Bəhram bəy Nəbibəyov’la onun əlaqə saxlaması haqqında Ə.Əfəndiyevdən söz qoparmaq istəyib, ancaq yenə də məqsədinə çatmayıb.
Göründüyü kimi, şahid Əbdülmabud Əfəndiyev ağzıbütöv adamdır və nəinki Əliabbas Qədimovu “ilişdirməyə” çalışan çekistlərin əlinə “dişədəyən” heç bir fakt verməyib, əksinə, ən kiçik fürsətdə belə onun xeyrinə olan faktları qabardıb, onun təmizə çıxarılmasına cəhd edib. Elə buna görədir ki, izahat bitdikdən sonra o, Ə.Qədimovun xeyrinə olacaq bir hadisəni də xatırlayarıb və onun dindirmə protokoluna salınmasına nail olub: “Daha bir əlavə edib məlumat verirəm ki, Vahid Əfəndiyev Qədimovun özünün yanında deyib ki, Aşqabadda maşınist işləyərkən tez-tez parovozda Əliabbas Qədimovun verdiyi gizli ədəbiyyatı daşımışam”. Əslində bu, “Əliabbas Qədimov inqilabçı olub, ondan əl çəkin” deməkdir.
ƏLİƏŞRƏF KƏRİMOVUN İFADƏSİ
DT çavuşu Xasayev 11 fevral 1937-də Şəki şəhər sakini, Şəki ipək kombinatının direktoru, 1920-dən AK(b)P üzvü, ailəli, savadlı, mühakimə olunmamış, Azərbaycan SSR vətəndaşı Əliəşrəf İsmayıl oğlu Kərimov’u da şahid kimi dindirib. İnsanları gedərgəlməzə göndərən bədnam “üçlüy”ün Şəkidə ən fəal üzvlərindən olan Ə.Kərimov nəinki doğma şəhərində, hətta ətraf bölgələrdə də çox evlər yıxıb, çox ocaqlar söndürüb. Bu peşəkar çekist Ə.Qədimovu da aradan götürmək üçün onun haqqında bildiyi və eşitdiyi hər şeyi ən xırdalığınadək ortaya qoyub. Onun Türkiyədə oxuduğunu və türkpərəst olduğunu istintaqın nəzərinə çarpdırmaq üçün onu “Qədimov Abbas əfəndi” adlandırır:
“Həkim Qədimov Abbası 1917-ci ildən həkim kimi tanıyıram. Həmin vaxt o, Türkiyədən gəlmişdi və ona “Abbas əfəndi” deyirdilər. Qədimov Abbasın əksinqilabi fəaliyyəti ilə bağlı mənə aşağıdakılar bəllidir.
Hələ 1919-cu ildə Dağlıq Qarabağda erməni-müsəlman qırğını vaxtı Qədimov Abbas və Nurməhəmməd əfəndi Şəki şəhər camaatını məscidə yığaraq (indi orada 10-illik məktəb yerləşir) və könüllülər toplamaq üçün təşviqat apardılar. Abbas əfəndi çıxış edərək belə deyirdi: “Mən əsl müsavatçı kimi çıxış edirəm” və s., könüllü yazılmağı təklif edirdi.
Sovetləşmədən sonra Qədimov Abbas əfəndi hansı yollasa partiyaya soxuldu, ancaq hər halda Xüsusi Şöbə onu həbs etdi, sonra kiminsə işə qarışması ilə azad olundu.
1921-ci ildə indiki Zaqafqaziya MİK[50] sədri Musabəyov yol. sovetlərin yenidən seçilməsi üçün Şəkiyə gəldi, onda Qədimov Abbas əfəndi çox çalışdı ki, onu seçsinlər, ancaq ümumi yığıncaqda onu müsavatçı kimi ifşa etdilər.
Heç zaman mənim yanımda elə bir hal olmayıb ki, hətta çar dövründə də Qədimovu görəndə jandarmlar özlərini itirsin. Bunların hamısı yalan və uydurmadır. Mən bunu Abiddən eşitmişəm. Onun haqqında daha geniş məlumatı Abid Əfəndiyev verə bilər, çünki onu hələ çar dönəmindən həm Şəkidən, həm də Zakaspi diyarından[51] tanıyır; Abidin qardaşı Vahid Əfəndiyev həmçinin”.
İzahat bitincə “Əliəşrəf Kərimov kimdir?” sualına cavab vermək yerinə düşər. Şəkidə xalq arasında “İspalkom Əliəşrəf” kimi tanınmış Əliəşrəf Kərimov (eyni zamanda: İsmayılov) haqqında “Şəkinin tarixi qaynaqlarda” kitabımızda ətraflı bilgi vermişik (23, 93-101). Oradakı bəzi faktlarla oxucularımızı da tanış edirik.
Əliəşrəf İsmayıl oğlu Kərimov/İsmayılov (1888-1963) Şəkinin Çayqırağı hissəsinin Gümburlar məhəlləsində doğulub. Kommunist Ə.Kərimov/İsmayılov heç orta məktəbi bitirməsə də Azərbaycanda sovet hakimiyyəti qurulunca fəallıq göstərib, çox mühüm vəzifələrdə işləyib: Şəki İnqilab Komitəsinin üzvü, Şəki Qəza İnqilab Komitəsi sədrinin müavini (1921-22-ci illər), Şəkidə Siyasi Büro müavini (1922-23), Şəki Qəza İcraiyyə Komitəsi sədrinin müavini və orada şöbə müdiri (1923-24), Şəkidə ipək üzrə zavod idarəsinin direktoru (1924-25), Şəki Qəza İcraiyyə Komitəsinin sədri (1925-28), Zaqatala Qəza İcraiyyə Komitəsinin sədri (1928-29), Lənkəran Mahal İcraiyyə Komitəsinin sədri (1929-30), Şəki Mahal İcraiyyə Komitəsinin sədri (1930-31), Şəki Şəhər Sovetinin sədri (1931-32), Azərbaycan İpəkçilik Trestinin direktoru (1932-33), Şəki rayon zavod idarəsinin direktoru (1933), Şəki МТS-inin[52] direktoru (1933) və b. O, bu işlərlə yanaşı, qəza partiya komitəsinin müxtəlif tapşırıqlarını yerinə yetirib, müxtəlif İstintaq Üçlüklərində və Fövqəladə Üçlüklərdə, eləcə də müxtəlif təsərrüfat komissiyalarında, kampaniyalarda və s.-də sədrlik edib. Özünün dediyi kimi, Şəki qəzasında “əksinqilabi ünsürlərlə və banditizmlə mübarizədə parlaq uğurlar qazanıb”… Başqa sözlə desək, öz xalqı ilə vuruşda “İspalkom Əliəşrəf”in qılıncının nəinki dalı da, qabağı da, hətta qəbzəsi də kəsib.
Savadsız bir şəxsi belə məsul vəzifələrə qaldıran partiya və dövlətə o, borclu qalmayıb – kommunist partiyası və sovet hökumətinin istisnasız olaraq bütün tapşırıqlarını xüsusi ehtirasla və canfəşanlıqla yerinə yetirib. 1955-ci ildə “SİKP-nin 1-ci katibi”[53] N.S.Xruşşov’a yazdığı şikayət ərizəsində özünün xidmətlərini sayaraq göstərib: “17 aprel 1930-da partiya və hökumət tərəfindən qolçomaq üsyanını yatırmaq və onun nəticələriylə mübarizə aparmaq üçün təcili olaraq Nuxa qəzasına göndərildim. Üsyan bütünlüklə yatırıldı, nəticələri ləğv edildi və həyat normal axarına düşdü. Bundan sonra mən Bakı şəhərinə dəyişdirilərək Azərbaycan İpəkçilik Trestinin direktoru vəzifəsinə təyin edildim”.
Həmin ərizənin sonunda o, Xruşşova bir daha xatırladır: “Nuxa qəzasında 1930-cu ildəki qolçomaq üsyanının yatırılması və ləğv edilməsində mənim XÜSUSI ROLUM olub” (13, 99). Bu deyilənlərin ən sadə açımı belədir ki, Şəkidə bütöv nəsillər və ailələr Əliəşrəf Kərimov/İsmayılov’un çekist qılıncıyla amansızcasına məhv edilib.
Üsyanı yatıran, “İspalkom Əliəşrəf”in diliylə desək, “banditlərə qarşı mübarizə aparan” hökumət adamlarının törətdiyi cinayətlərin sayı-hesabı olmayıb. Onların göstərişiylə hətta üsyanda iştirakı şübhə doğuran, haqsız təqiblərdən qorxaraq gizlənən insanların evləri yandırılır, ailə üzvləri həbs edilərək zindanlara atılırdı. Bu cəlladlar adamların özlərinə çalalar qazdırır, sonra isə güllələyərək bu çalalarda basdırırdılar (16, 85).
“Qaçağa yardım etmək” adıyla həbs edilənlər arasında mərhum xalq şairimiz Bəxtiyar Vahabzadə’nin atası Mahmud ağa da vardı.
17 apreldən “qolçomaq üsyanını yatırmaq”da fəal iştirak edən Əliəşrəf Kərimovun Xruşşova dönə-dönə xatırlatdığı “xüsusi rol”, bax, bu cinayətlərin fəal iştirakçısı olmaqdan ibarətdir.
Ancaq onun kimilərin qurduğu partiya ona da aman vermədi – ciblərində onunla eyni bileti daşıyan kommunistlər 3 avqust 1937-də onu da “xalq düşməni” kimi həbs etdilər və partiyadan da qovdular. Bugünədək başqalarına etdiyi zülmləri indi onun öz başına gətirdilər – zindanda 2 il yarım sürən istintaqda çoxlu işgəncələr çəkdi, ancaq hansı möcüzə sayəsindəsə sağ qaldı və 9 fevral 1940-da cəmisi 3 il iş alaraq 3 avqust 1940-da həbsdən buraxıldı. Sonralar Şəkidə kommunal təsərrüfatı idarəsində kontor müdiri işlədi və 1963-də öldü.
ƏLİABBAS QƏDİMOVUN İZAHATI
Ə.Qədimovun istintaq sənədləri arasına öz əliylə yazılmış 9 səhifə yarımlıq rusca bir izahat tikilib (7, 118-127). Yazıldığı tarix göstərilməyib, ancaq həm məzmununa və ruhuna, həm də işdə aktdan sonra yerləşdirildiyinə görə 26 yanvar 1937-dən sonra yazıldığı şübhə doğurmur. İstintaq işində bundan sonrakı sənəd iyun ayına aiddir. Deməli, bu izahat yanvar-iyun ayları arasında, böyük ehtimalla, şahidlər də dindirildikdən sonra yazdırılıb. Bu vaxt, təbii ki, “NKVD” artıq ən sınanmış işgəncə üsullarıyla müttəhimi “yola gətirmiş”, onu özünə lazım olan ifadələri nəinki söyləməyə, hətta yazmağa “razı salmışdı”. Burada da gözlənilməz, qeyri-adi heç nə yoxdur. Stalinin baş memar olduğu inkvizisiya hüquq sistemi qarşısında bığıburma marşallar və ordu generalları, Siyasi Büro üzvləri özlərinin əksinqilabi cinayət törətdiklərini boyunlarına alıb güllələnməyə layiq olduqlarını öz dilləriylə bəyan edirdilərsə Əliabbas Qədimovu bu gün ağzıgöyçəkcəsinə qınamağa kimsənin mənəvi haqqı yoxdur! Şəkidə İspalkom Ələşrəfin gedərgəlməzə göndərdiyi insanların övladları, nəvə-nəticələri bizimlə, şübhəsiz, razı olarlar.
Beləliklə, baxaq görək “NKVD” mənən məğlub olduğu, ancaq cismən qalib gəldiyi Əliabbas Qədimovdan nə almağı bacarıb.
“Antisovet ifadələrimə görə 1927-ci ildə mən həbs edilərək yaşadığım yerdə 3 il iş aldım. Şəkidə cəzamı çəkərkən Özbəkistana göndərilmək üçün 3-4 aydan sonra Bakıya sürgün edildim. Üsyan yatırıldıqdan sonra Bakıya gəlmiş şəkililərdən Şabalıdlı Şeyx’in[54] və Türkiyədən göndərilmiş 4 nəfərin qaldırdığı üsyan haqqında Bakıda eşitdim. Şəkililərin dediyinə görə, Türklər bu 4 nəfər vasitəsiylə silah və pul boyun olmuşdular.
Mən Bakıda mərhum Məhəmməd bəy Hüseynbəyov’la görüşdüm. O, deyəsən, Şimali Qafqazdan gələrək Şəkidəki xəstə qardaşının yanına tələsirdi. O, mənə bildirdi ki, mənim məlumatıma görə, Türklər Azərbaycanın əksinqilabçı partiyalarıyla əlbir olaraq ASSR-in müxtəlif bölgələrində üsyan qaldıracaqlar. O, bir keçmiş müsavatçı kimi məndən xahiş etdi ki, Müsavat təşkilatının rəhbərliyindəki şəxslərdən biri vasitəsiylə bu xəbərin gerçək olub-olmadığını yoxlayım.
(Kərbəlayı Vəli Mikayılovun fotosu)
Mən rəsmi şəxslərdən kimsəni tanımırdım, ancaq “DPZ”-də[55] dustaq olarkən oradakı müsavatçılardan, o cümlədən Kərbəlayı Vəli Mikayılovdan[56] dəfələrlə Mədinə xanımın Müsavatın mərkəzi simalarından biri olduğunu eşitmişdim. Onun yanına getmək üçün heç bir tanışım, parolum və b. yox idi. Ancaq o, mənim həyat yoldaşımın 1925-ci ildə bitirdiyi seminariyanın direktoru idi. Qərara gəldim ki, yetirməsinin əri olmasından istifadə edərək onunla görüşüm. Təxminən aprelin 20-ci günlərində onun evinə getdim. Məni hörmətlə Abbas əfəndi kimi qarşıladı və çaya qonaq etdi. Deyəsən, otaqda yalnız ikimiz idik. Soruşdi ki, Şəkidə necə yaşayırlar? Ona dedim ki, mənim bildiyimə görə, Şəkidə üsyan gedir və ondan Müsavat partiyasının buradakı rolunu soruşdum. Mədinə xanım cavab verdi: “Heç bir rolu yoxdur; bu, başdan-ayağa provokasiyadır”. Elə hiss etdim ki, o, mənə inanır.
Mən çıxıb getdim, ancaq bir gün sonra yenə onun yanına qayıdıb sorğumu təkrarladım və “doğrudanmı məhv olan xalqa kömək etmək istəmirsiniz?”- deyə əlavə etdim. O, qəti şəkildə “yox” deyərək imtina etdi.
Mən ondan xariclə əlaqəsinin olub-olmadığını soruşdum. O, müsbət cavab verərək Çəyirtkə təşkilatının[57] bir iştirakçısı vasitəsilə İranla əlaqə saxlayır. O, məni həmin şəxslə calaşdırmağa söz verdi, ancaq o, bu vaxt Bakıda olmadı.
Şəkiyə Türkiyədən gəlmiş 4 şəxsin rolunu aydınlaşdırmaq üçün mən Mədinə xanımdan Türkiyə ilə əlaqələrini soruşdum. O, əlaqələrin olduğunu bildirdi və soruşdu ki, bu, Sizin nəyinizə gərəkdir? Cavab verdim ki, oraya getməyim pis olmazdı. Ancaq Şəkidən gələnlərin hamısının dönə-dönə danışdığı 4 nəfər haqqında mən ona heç nə demədim.
Şəkililərdən öyrəndim ki, üsyandan öncəki son ayı Bakıda yaşamış Bəhram bəy Əlicanbəyov aprelin 20-ci günlərində burada, onun qardaşı Mustafa Əlicanbəyov isə Tiflisdə həbs olunublar.
Mən Mədinə xanımın dediklərini rəhmətlik Hüseynbəyova çatdırdım ki, üsyan başdan-ayağa provokasiyadır. Bundan sonra o, Şəkiyə yola düşdü. Həbs edildiyim günədək bir daha Mədinə Qiyasbəyovanın yanında olmadım. Yaxşı xatırlamıram, iki, ya üç il sonra Qubada qəbuluma bir qoca kişi gələrək onu Mədinə xanımın göndərdiyini və İranla əlaqə yaradan həmin şəxs olduğunu dedi. Mən ondan xaricdən nə kimi xəbərlər olduğunu soruşdum. O, öz adamını gözləmədən İrandan çıxdığıını və növbəti səfərində məlumat gətirə biləcəyini söylədi. Bu Torpaq Komissarlığı qulluqçusu özünün xidməti işləriylə bağlı gəlmişdi.
1933-cü ildə mən həkim kimi bir evə guya xəstə üstünə çağırılmışdım. Orada keçmiş ağ zabit kimi 1927-1929-cu illərdə “DPZ”-də və Bayıl türməsində yatmış Heydər bəy Məhəmmədbəyov’la rastlaşdım. O, Qubada Müsavat ideyalarını təbliğ etməyi mənə “rəsmən” təklif etdi. Onun təklifindən qəti şəkildə imtina edərək bildirdim ki, siyasi əqidəcə müsavatçı deyiləm. 1935-ci ildə mən yenə də həmin Heydər bəy Məhəmmədbəyovun yanına dəvət olundum, ancaq bu dəfə o, həqiqətən xəstə idi və aramızda heç bir siyasi söhbət olmadı. Onu bir daha görmədim.
Qubada istər kəndlərdə, istərsə də şəhərdə əhalinin bütün zümrələriylə geniş təmasda olmağıma baxmayaraq əksinqilabi fəaliyyət göstərməmişəm. Nəinki özüm əksinqilabi iş aparmamışam, hətta onun mövcudluğunu bilməmişəm, indi də bilmirəm.
Əmsar kəndindən milliyyətcə ləzgi, adı deyəsən Xıdır olan müəllimin həbs olunduğunu eşitmişdim. Evimizdə yoldaşımı öyrədən müəllim Rəfizadə’nin də tutulduğunu sonra eşitdim. Onunla əksinqilabi mövzuda heç bir söhbət etməmişəm və onu komsomolçu kimi tanımışam. Yalnız bir dəfə o, yoldaşlarından danışarkən ağzından qaçırdı ki, onlardan biri tutulub və həmin tutulan onun yaxın yoldaşıdır. Həkim Arutyunovun dəfnində yalnız ideoloji baxımdan çiy “Quba bir daha belə yaxşı həkim görməyəcək” ifadəsini işlətmişəm.
Qubada yanıma Mir Müin[58] adlı birisi gəlmişdi. Sürgündən qayıtmışdı. Dediyinə görə, ona Bakını tərk etmək təklif olunub[59], o da əski qubalı kimi Qubanı seçib. Məndən xahiş etdi ki, işləmək üçün onu hər hansı bir təşkilata təqdim edim. Mən də onu Sədulla Məhərrəmovun yanına göndərdim, ancaq o, iş verməkdən imtina etdi. Tezliklə Mir Müin Qubadan getdi, mən onu bir daha görmədim. Onunla cəmi iki dəfə görüşmüşəm: birinci dəfə evimdə, ikinci dəfə isə küçədə.
Qubada bəzən həkim kimi, bəzən də yaxşı tanış kimi tez-tez Sədulla Məhərrəmovun evində olmuşam. Bu, yeganə ailə idi ki, mən oraya ailəmlə gedirdim. Onunla mən “İzvestiya”, “Pravda” qəzetlərində dərc olunan xarici təhlükə haqqında məqalələrlə bağlı fikir mübadiləsi aparırdım. Dostluğumuzun 7 ilində mən ondan antisovet heç nə eşitməmişəm.
Baba Qəbulov’u 1920-ci ildən tanıyıram. O, Parlamentdə Müsavatı deyil, “Əhrar” partiyasını təmsil edirdi. 1920-ci ildə antisovet ovqatda olsa da onun hansısa gizli təşkilatın üzvü olduğunu bilməmişəm və bu günədək də bilmirəm. Qaxda üsyan başlayarkən o, Sovet hökumətinin mövqeyini müdafiə etmişdir. Qulluq işləriylə bağlı Qubaya gəldiyi zaman mən onu nahara dəvət etmişdim. Nahar zamanı əsasən 27-29-cu illərdə yaşadıqlarımızdan[60]söhbət etdik. İş heyvanlarının, kənd təsərrüfatı alətlərinin və b. lazımınca olmaması ucbatından kolxozlarda yaranan kasıblıqdan danışdıq. Torpaq əldə etmiş kəndlilərin narazılığının səbəblərindən söz açdıq, torpağını itirmiş kəndlilərin (qolçomaqların) isə narazılığından danışmaq artıqdır. Baba Qəbulovun indi hansı əqidədə olmasını bilmirəm. Onun hansısa əksinqilabi təşkilata mənsub olması barədə də heç nə bilmirəm. Ancaq bilirəm ki, keçmişdə Parlament üzvü olduğuna görə Göyçayda (?)[61] işdən çıxarılmışdı. Bunu özündən eşitmişəm.
(Fərrux Əfəndiyevin fotosu)
Fərrux Əfəndiyevlə lap yeniyetmə yaşlarımdan tanışam. 1907-ci ildə Bakıda onların dərzi dükanında gizlənmişdim. Mən Fərruxu müəyyən əqidəsi olmayan adam kimi, yeyib-içməyi, deyib-gülməyi sevən birisi kimi tanıyıram. Son 7-8 ildə onunla nadir hallarda görüşmüşük və bu vaxt siyasi mövzuda heç bir söhbət etməmişik, şəxsən mən xatırlamıram. Üsyana qədərki bütün 3-4 ayda onu Şəkidə görməmişəm.
Qubada mənimlə qonşu olan Məşədi Xalıq haqqında iki kəlmə. Mən onun, demək olar ki, bütün ailəsini müalicə etmişəm. O, AK(b)P-nin birinci katibi Mircəfər Bağırovun ən yaxın qohumlarındandır. O və başqa qohumları bununla xüsusi fəxr edirdilər. O, ayda 1-2 dəfə yanıma gələrək radioya qulaq asırdı və demək olar ki, hər gün mənə bir qulluqda bulunurdu; məsələn, bizə ucuz ərzaq, odun, saman alırdı. Xəstə adam idi. Ailəsinin qayğılarından, sağlamlığından başqa kənar məsələlərlə az maraqlanırdı.
Şahmərdanovu tanımıram. (Qusarda Şahmerdinov Bəkiri tanıyıram).
Sonda ən qəti şəkildə bildirirəm: mən müsavatçılarla birgə fəaliyyət üstündə ifşa olunuram (siyasi əqidəcə mən heç vaxt müsavatçı olmamışam), 1918-ci ilin sonundan 28 aprel 1920-ci ilədək olan dövrdə Şəki müsavatçılar qrupu ilə birlikdə mən də bu fəaliyyətə görə bütün məsuliyyəti daşıyıram. (Müstəntiqin diktəsi altında yazıldığı şübhə doğurmayan bu cümlə artıq Ə.Qədimova güllələnmə hökmü çıxarmaq üçün yetərlidir! Bundan sonra onun özünə bəraət qazandırmaqdan ötrü yazacaqlarının daha heç bir önəmi yoxdur! – Müəl.).
1920-ci ildə Sovet hakimiyyəti qurulduqdan sonra heç bir gizli təşkilatın üzvü olmamışam. 1921-1927-ci illərdə tez-tez ümumi yığıncaqlarda, mitinqlərdə çıxışlar etmişəm. Ola bilsin ki, belə çıxışlar zamanı antisovet ifadələr də işlətmişəm. Ancaq Molla Qafarın mənimlə üzləşdirmədə dedikləri, çox güman ki, indi partiyadan çıxarılmış Balacayev Şirin’in, Dibir Nəsibov’un və İmaməli Axundov’un dedikləri, əlbəttə, yalandır.
Bu illər ərzində məndə millətçiliyə meyl olubmu? Bəli, olub. Eserlik əsasları üzərində qurulmuş ideologiyadan dərhal ayrılmamışam. Ancaq fəaliyyətimin Quba dönəmində qəti və dönməz şəkildə inqilabçı, yəni marksist baxışlara yiyələnmişəm, Sovet hökumətinə zərər vuracaq heç bir əmələ yol verməmişəm, sovet həkimi kimi əlimdən gələni etmişəm.
Vətəndaş Heydər bəy Məhəmmədbəyov (Səfərəlibəyov) Dəvəçidəndir, əski çar ordusunun zabitidir, 1927-1929-cu illərdə mənimlə birgə “DPZ”-də və Bayılda yatıb.
Ə.Qədimov”.
Qısaltmadan verdiyimiz bu sənəddən göründüyü kimi, Əliabbas Qədimov, hər şeydən öncə, müstəntiqin tələbiylə adını çəkməyə məcbur olduğu adamları var gücüylə qorumağa çalışır, ya artıq həbsdə olan adamlarla bağlı elə şeylər deyir ki, həmin mətləbləri həmin məhbusların özləri çoxdan boyunlarına alıb, ya artıq dünyasını dəyişmiş və mühakimə olunması mümkünsüz insanların “günahları”nı söyləyir, ya da hələ çöldəki adamlardan danışarkən onların siyasətlə maraqlanmadığı təsəvvürünü yaratmağa çalışır.
Millətçilikdə, gizli Müsavat təşkilatına mənsub olmaqda, Şəki üsyanının hazırlıq mərhələsində iştirak etməkdə, xaricdə fəaliyyət göstərən müsavatçılarla əlaqəyə girməkdə ittiham edilən Əliabbas Qədimov, təbii ki, ilk növbədə özünə də bəraət qazandırmaq istəyir, bundan ötrü özünü hətta ardıcıl marksist də adlandırır, ancaq o, sadəlövhlüyü ucbatından müstəntiqin tələsinə düşərək müsavatçılarla bərabər məsuliyyət daşıdığını boynuna alır və bu zaman bilmir ki, SSRİ rəhbərliyinin müsavatçıların ucdantutma güllələnməsi, yaxud gedərgəlməz sürgünə göndərilməsi haqqında rəsmi göstərişi var.
Bu izahatı oxuyaraq burada qeyr-adi heç nə görməyən indiki yurddaşlarımıza, özəlliklə gəncliyə bir şeyi xatırlatmaq istəyirik – 1936-1938-ci illərdə “NKVD” zindanına düşmüş dustaqlara elə dəhşətli işgəncələr verirdilər ki, onlar nəinki özgələrin, hətta özlərinin əleyhinə ən ləyaqətsiz ifadələr işlədir, ən ağlasığmaz yalanlar uydurur, müstəntiqin tələb etdiyi istənilən cümləni, sözü yazır, “sovet hakimiyyətini silahlı üsyan yoluyla devirməyə çalışan, bunun üçün əksinqilabi gizli təşkilatda fəaliyyət gösərən” “xalq düşmənləri”nin siyahısını tələb olunduğu qədər genişləndirirdilər. Bu izahatda isə dediklərimizdən əsər-əlamət belə yoxdur! Deməli, Əliabbas Qədimov həbsindən xeyli müddət keçməsinə baxmayaraq sındırıla bilməyib, ŞƏRə müqavimət göstərməyi, öz şərəf və ləyaqətini qorumağı bacarıb! Doğrusu, onun iradəsinə, mətinliyinə heyran qalmamaq mümkün deyil.
“YENİ ŞƏRAİT YARANDIĞINA GÖRƏ...”
Görünür ki, müstəntiqlər eyni “cinayət” üstündə tutulmuş bir çoxlarıyla birgə Mədinə xanım Qiyasbəyli və Əliabbas Qədimovu da “tezbazar” dindirib işi yekunlaşdırmağı nəzərdə tutublarmış, ancaq onların gözlənilməz müqaviməti müstəntiqlərin işini pozub, bu iki azmanın iradəsini sındırmaq üçün əlavə vaxt qazanmaq istəyiblər. Aşağıdakı sənəd yalnız bunun üçün tərtib edilib.
“Təsdiq edirəm”
Az. XDİK DTİ-nin 4-cü şöbəsi rəisini
müvəqqəti əvəz edən
Dövlət Təhlükəsizliyi kapitanı
(Sinman)
“16” aprel 1937-ci il
QƏRAR
Bakı şəhəri, 1937-ci il 15 aprel. Mən, Az.XDİK DTİ-nin 4-cü şöbəsi 2-ci bölməsinin əməliyyat müvəkkili, DT kiçik leytenantı Sonkin S. bu gün müttəhimlər Qədimov Əliabbas, Qiyasbəyova Mədinə xanım və başqalarına aid 12288 saylı istintaq işini gözdən keçirərək
AŞKAR ETDİM
ki, bu işlə bağlı yeni gizli “Müsavat” Mərkəzi Komitəsinin və onların yaratdığı əksinqilabi qrupların üzvləri məsuluyyətə cəlb olunub və onlarla bağlı istintaq yekunlaşıb.
Müttəhimlər Qədimov Əliabbas və Qiyasbəyova Mədinə xanımla bağlı istintaqın gedişi prosesində onların Az. SSR-in rayonlarındakı əksinqilabi üsyançı ünsürlərlə əksinqilabi əlaqələrini göstərən yeni şərait yarandığına və bu da yeni təhqiqat tələb etdiyinə görə
QƏRARA ALDIM
Müttəhimlər Qədimov Əliabbas və Qiyasbəyova Mədinə xanıma aid istintaq materiallarını 12288 saylı istintaq-həbs işinin materiallarından ayıraraq müstəqil icraata götürməli və bu haqda DTİ 8-ci şöbəsini və XDİK işlərinə nəzarət edən prokuroru xəbərdar etməli.
2-ci şöbənin əməliyyat müvəkkili, DT kiçik leytenantı (Sonkin S.)
2-ci şöbənin rəisi, DT baş leytenantı (Atakişiyev).
Bəli, Əliabbas həkim bundan sonra da düz 4 ay “NKVD” ilə, onun bir dəstə qaniçən müstəntiqi ilə kəllə-kəlləyə gəldi, dirəndi, heç kəsi satmadı, ağzından bir kəlmə artıq söz qaçırmadı, onların istədiklərini gözlərində qoydu! Ancaq elə bir hədd var ki, oradan o üzə insan cismi və ruhu tab gətirə bilmir, insanın iradəsi sınır. Vampir müstəntiqlər sürüsü Əliabbas Qədimovu yalnız 7 aydan sonra sındıra bildi – 4 gün-4 gecə (hələ rəsmi protokola görə!) ac-susuz, yuxusuz saxlamaqla, normal insan ağlına sığmayacaq cəza üsulları və alətləriylə işgəncələr verməklə, konveyer üsulu ilə (müstəntiqlər hər 3-4 saatdan bir dəyişir, dindirmə fasiləsiz aparılır) dindirməklə!
Sevimli oxucumuz! Bundan sonra oxuyacaqlarına görə 1937 müttəhimini sən də ittiham etsən həmin müstəntiqlərdən sənin heç bir fərqin olmayacaq! Sən müstəntiqlərin uydurduğu ssenari əsasında qurulmuş bu protokolda yazılanların gerçəkliyiniə inansan bir zaman vicdanın da səni ittiham edər...
7-8-9 AVQUST DİNDİRMƏSİ
“Sual: Bundan öncəki bütün ifadələrinizdə Siz 1930-cu ildə Şəki-Zaqatala bölgəsində sovet hakimiyyətinə qarşı silahlı üsyanın hazırlanması və təşkilində fəal rolunuzu inadla inkar etmisiniz, halbuki istintaq bunu müəyyənləşdirib və Sizə bir sıra ifşaedici materiallar təqdim edilib. Siz istintaqa doğru ifadə verməyəcəksinizmi?
Cavab: Boynuma alıram ki, indiyədək istintaqa yanlış ifadələr vermişəm. İstintaqa hər şeyi olduğu kimi danışmaq qərarına gəlmişəm. Boynuma almağa məcburam ki, 1937-ci ildə həbs edildiyim anadək mən əksinqilabi millətçi mövqedə dayanmışam[62].
Sual: 1930-cu ildə sovet hakimiyyəti əleyhinə silahlı üsyanın təşkilində iştirakınızın incəliklərini istintaqa danışın.
Cavab: Əksinqilabi cinayətlərimə görə 1927-ci ildə 3 illiyə azadlıqdan məhrum edildim. Cəzamı Şəkidə çəkirdim. Daimi yaşayış üçün Özbəkistana köçmək məqsədiylə 3-4 aydan sonra Bakıya getdim. 1930-cu ilin aprel ayında Bakıda olarkən buraya gəlmiş bir neçə şəkilidən Şabalıdlı Şeyxin və Türkiyədən göndərilmiş dörd nəfərin Şəkidə sovet hökuməti əleyhinə silahlı üsyan təşkil etdiyini eşitdim. Həmin şəkililərin bildirdiyinə görə, Türklər bu 4 nəfər vasitəsiylə sovet hökuməti əleyhinə silahlı üsyan üçün silah və pul boyun olmuşdular. Bu vaxt mən Bakıda şəkili Məhəmməd bəy Hüseynbəyovla (indi rəhmətə gedib) görüşdüm. O, Şimali Qafqazdan gələrək Şəkidəyə getməyə tələsirdi. Hüseynbəyov mənə bildirdi ki, mənim məlumatıma görə, Türklər əksinqilabi Müsavat təşkilatı və Azərbaycanın başqa siyasi partiyalarıyla birlikdə (söhbət gizli əksinqilabi təşkilatlardan gedirdi) sovet hökuməti əleyhinə onu devirmək məqsədiylə Az.SSR-in müxtəlif bölgələrində silahlı üsyanlar təşkil edirlər. Hüseynbəyov həmin söhbətdə bir keçmiş müsavatçı kimi məndən xahiş etdi ki, əksinqilabi Müsavat təşkilatının rəhbərliyindəki şəxslərdən biri vasitəsiylə bu xəbərin gerçək olub-olmadığını yoxlayım və ona xəbər verim”.
DİQQƏT! Hörmətli oxucu, lütfən Əliabbas həkimin adından protokola yazılmış bu cümləni onun yuxarıda verdiyimiz tarixsiz izahatının mətniylə tutuşdur. Müqayisə etməyini asanlaşdırmaq üçün izahatın həmin hissəsini aşağıda veririk:
“Antisovet ifadələrimə görə 1927-ci ildə mən həbs edilərək yaşadığım yerdə 3 il iş aldım. Şəkidə cəzamı çəkərkən Özbəkistana göndərilmək üçün 3-4 aydan sonra Bakıya sürgün edildim. Üsyan yatırıldıqdan sonra Bakıya gəlmiş şəkililərdən Şabalıdlı Şeyxin və Türkiyədən göndərilmiş 4 nəfərin qaldırdığı üsyan haqqında Bakıda eşitdim. Şəkililərin dediyinə görə, Türklər bu 4 nəfər vasitəsiylə silah və pul boyun olmuşdular.
Mən Bakıda mərhum Məhəmməd bəy Hüseynbəyovla görüşdüm. O, deyəsən, Şimali Qafqazdan gələrək Şəkidəki xəstə qardaşının yanına tələsirdi. O, mənə bildirdi ki, mənim məlumatıma görə, Türklər Azərbaycanın əksinqilabçı partiyalarıyla əlbir olaraq ASSR-in müxtəlif bölgələrində üsyan qaldıracaqlar. O, bir keçmiş müsavatçı kimi məndən xahiş etdi ki, Müsavat təşkilatının rəhbərliyindəki şəxslərdən biri vasitəsiylə bu xəbərin gerçək olub-olmadığını yoxlayım”.
Nə gördünüz? Ən ötəri tutuşdurmadan aydın olur ki, indiki “ifadə” eynən həmin izahatın genişləndirilmiş variantıdır, ancaq bu genişlənmə yalnız “əksinqilabi”, “sovet hökuməti əleyhinə”, “silahlı üsyan təşkil etmə”, “sovet hakimiyyətini devirmək” və güllələmə hökmünə aparan başqa ifadələr (onları yuxarıda qara boya ilə seçdirmişik) və müttəhimin əleyhinə olan “dəqiqləşdirmələr” hesabınadır Bu ifadələrin heç biri Ə.Qədimovun ağzından çıxmayıb, çünki o, bir neçə ay öncə dediklərini indi bu cür incəliklə qətiyyən təkrar edə bilməzdi! Deməli, müstəntiq həmin yazılı izahatı qabağına qoyaraq ondan bu istintaq protokolunu hazırlayıb və Ə.Qədimova zorla imzalatdırıb! Bunun gerçəkliyini sübut etmək üçün kriminalist olmaq gərək deyil – ən ortabab oxucu ən adi müşahidə əsasında bunu aydınlaşdıra bilər. (Bu da nəzərə alınmalıdır ki, Ə.Qədimovun həmin izahatının özü də müstəntiqin təzyiqi və diktəsi altında yazmışdı!).
Bu faktı ona görə gətirdik ki, Ə.Qədimovun adına yazılmış bundan sonrakı bütün ifadələri də oxucumuz öz ağlının süzgəcindən keçirərək təhlil etsin. Sonrakı tutuşdurmaları artıq onun öz ixtiyarına buraxırıq.
Beləliklə, Ə.Qədimova qol çəkdirilmiş sonuncu və başdan-ayağa saxta protokolda müttəhimin adına yazılmış ifadənin ardını oxuyaq:
“O zaman sovet hakimiyyəti əleyhinə işləyən müsavatçıları tanımırdım, ancaq Hüseynbəyov’un tapşırığına əsasən Qiyasbəyova Mədinə xanımın yanına getməyi qərara aldım. O, həyat yoldaşımın bitirdiyi qadın seminariyasının direktoru idi. “DPZ”-də 1927, 1928 və 1929-cu illərdə dustaq olarkən oradakı müsavatçılardan, o cümlədən Kərbəlayı Vəli Mikayılov’dan dəfələrlə Mədinə xanımın Müsavatın mərkəzi simalarından biri olduğunu eşitmişdim. Onun yanına 1930-cu ilin təxminən aprelin 20-ci günlərində getdim, evində oldum, məni hörmətlə qarşıladı və çaya qonaq etdi. Söhbət zamanı soruşdi ki, Şəkidə necə yaşayırlar? Ona dedim ki, mənim bildiyimə görə, Şəkidə üsyan gedir və ondanüsyanın hazırlanması və təşkilində Müsavat partiyasının rolunu soruşdum. Mədinə xanım mənfi cavab verdi ki, Müsavat təşkilatının üsyanla guya heç bir əlaqəsi yoxdur. Hiss etdim ki, o, mənə inanır.
Bir gün sonra yenə onun yanına gedib yenidən Müsavat təşkilatının Şəki-Zaqatala üsyanı ilə əlaqəsi haqqında soruşdum və üsyançıları yardım göstərməyi xahiş edərək “doğrudanmı məhv olan xalqa kömək etmək istəmirsiniz?”- deyə əlavə etdim. O, qəti şəkildə “yox” dedi.
Ondan xaricdəki müsavatçılarla (xaricdəki Müsavat təşkilatı ilə) əlaqəsinin olub-olmadığını soruşduğum zaman müsbət cavab verərək Çəyirtkə təşkilatının bir işçisi vasitəsilə Persiya – İran ilə əlaqə saxladığını bildirdi. Mədinə xanım xahişimlə məni həmin şəxslə calaşdırmağa söz verdi, ancaq bu vaxt o, Bakıda olmadı. Mədinə xanım Çəyirtkə təşkilatının işçisinin adının Ağayev “Məşədi” olduğunu dedi.
Şəkiyə Türkiyədən gəlmiş 4 şəxsin rolunu aydınlaşdırmaq üçün mən Mədinə xanımdan Türkiyə ilə əlaqələrini soruşdum. Əlaqələrin olduğunu bildirəndən sonra Mədinə xanım soruşdu ki, mənim Türkiyə ilə əlaqələrim sənin nəyinə gərəkdir? Cavab verdim ki, “özümün oraya getməyim pis olmazdı”, ancaq Türkiyədən gəlmiş 4 nəfər haqqında mən ona heç nə demədim. Mənimlə Mədinə xanım arasında olan bütün söhbəti Məhəmməd bəy Hüseynbəyova danışdım.
Təxminən 2, yaxud 3 il sonra (yaxşı xatırlamıram) Qubada bir qoca kişi yanıma gəldi. O, Mədinə xanımın yanıma göndərdiyi, İran müsavatçılarıyla əlaqə yaradan həmin Ağayev’di. Ondan xaricdəki “xəbərləri” soruşdum, o isə cavab verdi ki, İrandan çıxarkən müsavatçı adamımı gözləməyə vaxtım olmayıb və gələn dəfəki gedişimdə məlumatlar gətirməyə çalışacağam.
Sual: Sovet hökuməti əleyhinə üsyan hazırlanması haqqında Sizə bilgi verən şəkililərin adlarını söyləyin.
Cavab: Şəki üsyanı haqqında mənə məlumat verən bu şəkililəri xatırlayıram:
1) Məhəmməd bəy Hüseynbəyov – haqqında yuxarıda danışdım;
2) Seyid Vəliyev – şəkilidir; indi Şəkidə, ya da Balakəndə olmalıdır; keçmiş ticarətçidir; 1935 və 1935-ci illərdə[63] Azərticarətdə satıcı işləyib;
3) Molla Əhməd – ona “Dodulu” deyirlər, Şəki rayonunun Dodu kəndindəndir; keçmiş ticarətçidir; 1930-cu ildə Şəkidə üsyan olmazdan qabaq Bakıdaydı və ticarətlə məşğuldu, indi, deyəsən, Orta Asiyanın hansısa respiblikasındadır, ola bilsin ki, bəlkə də Şəkidədir – dəqiq bilmirəm. Qalanlarını yadıma sala bilmirəm. Onlardan mənə ən etibarlısı və qiymətlisi Hüseynbəyov idi.
Sual: Yuxarıda adlarını çəkdiyiniz adamlar Şəki-Zaqatala bölgəsində sovet hakimiyyətinə qarşı silahlı üsyan hazırlanması haqqında Sizə harada məlumat vermişdilər?
Cavab: Onlar mənə üsyana hazırlıqdan yox, üsyan yatırıldıqdan sonra danışmışdılar.
Sual: Onda üsyan yatırılandan sonra üsyançılara, özünüzün dediyi kimi, “ölməkdə olan xalqa” yardım göstərmək xahişiylə Mədinə xanıma müraciət etməyin nə mənası vardı?
Cavab: Mən Mədinə xanıma müraciət edəndə Şəki rayonunda üsyan hələ tam yatırılmamışdı və Mədinə xanıma Müsavatın mərkəzi şəxslərindən biri kimi müraciət etməkdə məqsədim Müsavat təşkilatının bu üsyandakı rolunu aydınlaşdıqmaq idi.
Sual: Deməli, Siz bu üsyanın başçılarından biriydiniz?
Cavab: Yox, mən üsyanın rəhbəri olmamışam.
Sual: Siz protokolun başlanğıcında bildirmişdiniz ki, istintaqa doğru ifadələr verəcəyəm, ancaq yenə də istintaqı aldatmağa çalışmaqda davam edirsiniz. Üsyanın başçısı “deyildinizsə” onda niyə Mədinə xanımdan üsyançılara – “ölməkdə olan xalqa” yardım göstərilməsini xahiş edirdiniz?
Cavab: Boynuma alıram ki, Mədinə xanıma Müsavatın mərkəzi şəxslərindən biri kimi müraciət etməkdə məqsədim sovet hakimiyyətinə qarşı mübarizənin, yəni sovet hakimiyyətinə qarşı silahlı üsyanın güclənməsi üçün Müsavat təşkilatından yardım almaq olub. Mən Şəki-Zaqatala üsyanına görə mənəvi-siyasi məsuliyyət daşıyıram.
Sual: Siz düzgün və səmimi ifadə verməkdən yayınırsınız. İstintaq dəqiq müəyyənləşdirib ki, Siz elə sovet hakimiyyətinə qarşı silahlı üsyana hazırlıq anında silahlı üsyanın başçısı Nəbibəyovdan aldığınız [tapşırığa] əsasən Bakıdakı gizli Müsavat təşkilatı vasitəsiylə xaricdəki Müsavat təşkilatlarıyla əlaqələr yaratmaq məqsədiylə Şəkidən Bakıya gəlmisiniz. Doğrusunu deyin.
Cavab: Mən yalnız həqiqəti danışmağı qərara aldım; sovet hakimiyyətinə bütünlüklə təslim oluram. Boynuma alıram ki, 1930-cu ildə Şəki-Zaqatala bölgəsində sovet hakimiyyətinə qarşı silahlı üsyan hazırlanan vaxt mən Şəkidən Bakıya üsyançı təşkilatın başçısı Bəhram Nəbibəyov’un xüsusi tapşırığına əsasən gəlmişdim. Sovet hakimiyyətinə qarşı silahlı üsyana hazırlıqda mənim iştirakım bu cürdür: Cəzamı çəkdikdən sonra Şəkidəydim. 1930-cu ildə Şamxor hadisələrindən sonra yanıma Vəliyev Seyid adlı bir Şəki şəhər sakini gəldi. O, mənə yaxşı münasibət bəsləyirdi və məni keçmiş fəal müsavatçı kimi tanıyırdı. Panislamçı əhval-ruhiyyəli Vəliyev mənə bildirdi ki, Şamxor hadisələrindən sonra şəkililər çox qəzəblidir, Manaf yüzbaşı (sovet hakimiyyəti orqanları güllələyib) bazarda açıq şəkildə camaatı sovet hakimiyyətinə qarşı mübarizəyə çağırıb və Türkiyədən 2 Türkün gələrək Şəkinin Yuxarı baş hissəsinə düşdüyünü xəbər verib. Vəliyev Seyid onu da onu da bildirdi ki, Türkiyə Azərbaycanda sovet hakimiyyətini devirmək üçün Azərbaycanın əksinqilabçı təşkilatlarıyla birgə silahlı üsyan təşkil edir və sovet hakimiyyətinə qarşı üsyan edənlərə silah və para ilə yardım göstərməyə söz verib. Vəliyev Seyidin dediklərindən mənə o da bəlli oldu ki, sovet hakimiyyətinə qarşı silahlı üsyan hazırlamaq məsləsiylə bağlı Türkiyədən gəlmiş həmin 2 şəxs Yuxarıbaşlı bir neçə adamla, o sıradan Nurməhəmməd əfəndi’ylə[64] (o, sürgün edilib) görüşərək söhbət edib. Vəliyevin dediyi başqa adamların adı yadımda qalmayıb.
Vəliyevin bu xəbərinə mən inamsızlıqla yanaşdım, bildirdim ki, Şamxor hadisələri və Manaf yüzbaşının açıq çağırışları bütün bunların fitnəkarlıq (provokasiya) olduğunu güman etməyimə əsas verir. Vəliyev Seyidin dediklərinin həqiqətə nə qədər uyğun olduğunu öyrənmək məqsədiylə əksinqilabçı millətçi kimi tanıdığım Nəbibəyov Bəhram bəyə müraciət etdim. Nəbibəyovdan soruşdum ki, sovet hakimiyyətinə qarşı silahlı üsyan hazırlamaq üçün doğrudanmı Türkiyədən adamlar gəlib, o da müsbət cavab verdi. Mən incidiyimi Nəbibəyova bildirərək ondan soruşdum ki, bəs niyə bu haqda məni xəbərdar etməmisən?O, mənə cavab verdi: “Sən həbs olunmuşdun, ona görə də müəyyən müddət Sizdən gizli saxlamaq istəyirdik”[65].
Sual: Bu, doğru deyil. Nəbibəyov Sizə cavab verib ki, mən üsyançı təşkilatı səndən yalnız ona görə gizlətmişəm ki, sən də müsavatçılarla olan əlaqələrin haqqında mənə heç nə danışmamısan. Doğrusunu deyin.
Cavab: Bəli, tamamilə doğrudur. Nəbibəyov mənə dedi ki, sən də müsavatçılarla əlaqəni məndən gizlətmisən”.
ŞƏMKİR VƏ ŞƏKİ ÜSYANLARI HAQQINDA BİR NEÇƏ SÖZ
İstintaqın gedişini burayadək izləmiş oxucunu 1930-cu ildə ümumən Azərbaycanda, o sıradan Şəmkirdə və Şəkidə üsyanların baş verməsi səbəbi maraqlandıracaq. Bütün Azərbaycanı bürümüş həmin üsyanların başlıca səbəbləri aşağıdakılardır.
1925-ci ildə Azərbaycan kəndində təsərrüfatların 54 faizini ortabablar, 3 faizini qolçomaqlar, qalan hissəsini yoxsullar təşkil edirdi. Kənd təsərrüfatı vergisinin 50 faizi həmin bu 3 faiz qolçomaq təsərrüfatlarının üzərinə qoyulmuşdu. Orta illik gəliri 900 manat olan təsərrüfatlar 1927-ci ildə 245 manat 38 qəpik vergi verirdisə 1928-ci ildə verginin həcmi 332 manat 64 qəpiyə qaldırıldı. 1931-ci ildə isə yeni vergi qanununa görə, varlı təsərrüfatlar gəlirlərinin 70 faizini vergi kimi verməli idi (13, 103).
1930-cü ilin fevralında Azərbaycan K(b)P MK fərdi təsərrüfatlarda olan bütün mal-qaranın, habelə arıçılıq və ipəkçiliyin ictimailəşdirilməsi haqqında qərar qəbul etmişdi. Bu qərarın həyata keçirilməsi nəticəsində qısa müddətdə 75 min iş heyvanı, 100 min baş qaramal, 250 min baş qoyun və keçi ictimailəşdirildi. Fərdi təsərrüfatlara məxsus torpaqlar da kütləvi şəkildə müsadirə edilirdi (13, 110). Yuxarıda qeyd olunan qərarda qolçomaqların icazəsiz, özbaşına köçməsi, əmlaklarını satması qadağan edildi. Belə əmələ yol verənlərin əmlakı dərhal müsadirə edilirdi. Bu, əslində təhkimçilik hüququnun yeni forması idi. Qolçomaqlar və ortabab kəndlilərin böyük hissəsi Sibirə və Orta Asiyaya sürgün edildi. (Geri qayıdanları çıxmaq şərtiylə indinin özündə belə Qazaxıstanda oraya sürgün edilmiş 100 mindən artıq azərbaycanlı yaşayır) (13, 115).
Kommunist (bolşeviklər) partiyasının 5 yanvar 1930-cu ildə qəbul etdiyi qərarda göstərilirdi ki, 1932-ci ilin yayına kimi kütləvi kollektivləşmə həyata keçirilməli və qolçomaqlar bir sinif kimi ləğv edilməlidir.
Qeyd edildiyi kimi, kolxoz sistemi təhkimçiliyin yeni forması idi. Kəndli heç də torpağın sahibi deyil, muzdlu fəhlə idi. Kolxozda çalışan kəndliyə hətta uzun müddət pasport belə verilməmişdi. Buna təhkimçilikdən özgə ad vermək olmazdı (17, 42-43).
Kütləvi kollektivləşdirmə siyasəti əslində taxıl istehsalı və satışı üzərində sovet hökumətinin inhisarçı mövqeyinə xidmət edirdi. Daha dəqiq desək bolşevik rejimi həm ölkə daxilində taxıla olan tələbatı ödəmək, həm də bu məhsulu xaricə satıb valyuta ehtiyatı yaratmaq üçün kolxozların yaradılması ideyasını irəli sürmüşdü. Fərdi kəndli təsərrüfatı ilə müqayisədə kolxozlarda əmək məhsuldarlığının aşağı olması başqa izahata imkan vermir. Statistika rəqəmləri də bunu sübut edir.
1930-cu ildə AK(b)P-nin X qurultayında MK-nın birinci katibi N.F.Gikalo hesabat məruzəsində etiraf etmişdi ki, kollektivləşmə zamanı yol verilən nöqsanlara, başlıcası inzibatçılığa görə Azərbaycan Sovet İttifaqında birinci yeri tutur (10, 117).
Kolxoz quruluşunun uğursuzluğu rəsmi dövlət səviyyəsində də etiraf edilmişdi. ÜİK(b)P MK-nın 1939-cü ilin mayında keçirilmiş plenumunda A.A.Andreyev’in məruzəsindən aydın oldu ki, kolxozların yaradılmasından 10 il keçməsinə baxmayaraq nəinki məhsuldarlıq artmayıb, əksinə, azalıb. Məruzədə bildirilirdi ki, hər hektarın məhsuldarlığı minimuma enib, kolxozlarda əməkhaqqı fondları boşalıb, bir sözlə, kənd təsərrüfatı böhran içindədir (10, 123).
Azərbaycanda 1914-cü ildə 580 min ton buğda istehsal edildiyi halda 1940-cı ildə bu göstərici 562,2 min ton olub, halbuki həmin dövrdə əhalinin sayı təxminən 1,5 milyon artmışdı. Əhalinin sayına uyğun olaraq taxıl istehsalı artmaq əvəzinə azalmışdı. Bunu başqa kənd təsərrüfatı məhsullarının əkin sahələrinin artırılması hesabına taxıl əkilən torpaq sahələrinin azaldılmasının nəticəsi kimi də şərh etmək düzgün deyil. Azalma bütün sahələrdə görünməkdədir. Bu qıtlıq 1933-cü ildə Azərbaycanda aclığa səbəb oldu (10, 102).
Kollektivləşdirmə dinə qarşı mübarizəylə yanaşı aparılırdı. 1929-cu il aprel ayının 9-da AK(b)P MK-nın plenumu kənddə Allahsızlar Cəmiyyətinin işini gücləndirmək, dinə qarşı mübarizə, çadranın və papağın atılması ilə bağlı məsələni müzakirə etdi.
Əslən Şəkidən olan Mustafa Quluyev 1928-ci ildə yazırdı:
“Yarımvəhşi ərəblərin adət və ənənələrindən ibarət olub sultanlar və xanlar tərəfindən təhkimçilik üsuluna uyğunlaşdırlmış, istifadə edilmiş və istifadə edilməkdə olan islamiyyət və şəriət Azərbaycanın mədəni hərəkatı yolunda bir Çin səddi təşkil edir. Oktyabr inqilabı bu divarı deşmiş, böyük bir kalafa açmışdır, ancaq biz onu tamamilə məhv etməli, qəti qələbə yolunu təmizləməliyik” (13, 126).
Bütün deyilənləri yuvarlaqlaşdırsaq belə nəticəyə gələ bilərik ki, Sovetlər Birliyində zorla aparılan kollektivləşmə əslində ölkəni idarə etməyi baçarmayan bolşeviklərin dövlətlilərdən müsadirə, daha doğrusu, qəsb etdikləri torpaqlar və sərvət hesabına yoxsulları da birtəhər dolandırmaq cəhdiydi. Əlbəttə, Allahın buyurduğu yolla, alın təriylə dövlət qazanmış insanlar öz halal mal-mülklərini qaniçən bir hakimiyyətə asanlıqla təslim etmək niyyətində deyildilər, buna görə də Azərbaycanın çox yerində olduğu kimi Şəmkirdə (Şamxorda) da xalq kükrəyərək üsyan bayrağı qaldırdı.
Bu üsyana görkəmli ruhani və ictimai-siyasi xadim, Şəmkirin Düyərli kəndindən olan, el arasında “Hacı Axund” kimi şöhrət tapmış Hacı Axund Əhməd Hacı Piri oğlu Nuruzadə (1881-1930)[66] başçılıq edirdi.
Hacı Əhməd Nuruzadə bölgədə tanınmış olduqca nüfuzlu bir ruhaniydi. O qədər hörmətli bir şəxsiyyətdi ki, qan düşmənlərini barışdırmağa onu aparırdılar və o ətraflarda onun bir sözünü iki etməzdilər. Bu cür nüfuzuna görə Məhəmmədəmin Rəsulzadənin başçılığı altında qurulmuş ilk Azərbaycan Cümhuriyyətinin Parlamentinə Gəncəbasar bölgəsindən seçilən millət vəkillərindən biri də Hacı Axund Əhməd oldu. Sovet hakimiyyətinin ilk illərində o, özünü çox sakit aparsa da var-dövləti, torpaqları əlindən alınanda haqsızlıqla barışmadı, hakimiyyətə qarşı çıxaraq qaçaq düşdü. 1930-cu ildə Gəncəbasarda hakimiyyətdən narazı olan bütün qüvvələr Hacı Axundun ətrafına toplaşdı və hakimiyyət orqanlarıyla silahlı çarpışma başlandı. Hacının dəstəsində 3 min nəfərə qədər əli silahlı adam vardı. Şəmkir bölgəsində hakimiiyətini itirməkdə olan kommunistlər 1930-un noyabrında üsyançıların üstünə Zəyəmdən böyük hərbi qüvvə yolladılar. 17 noyabr 1930-da Düyərli kəndinin “Daş yatağı” (ora “Şimanlı Allahyarın yatağı” da adlanır) adlı yerində son və həlledici döyüş gedir. Ağır toplarla və pulemyotlarla yaraqlanmış çoxsaylı rus əsgərləri qarşısında əlində yalnız tüfəng tutmuş üsyançılar mühasirəyə düşür və çox ağır tələfata uğrayırlar. Yaxında partlayan mərmidən sağ ayağını itirən Hacı Axund Əhməd əsir düşməsin deyə özünü güllə ilə vuraraq şəhid olur. Bundan sonra üsyançılara Hacının qardaşı – pəhləvan gövdəsinə görə hamının “Yekə Məhəmməd” dediyi igid başçılıq edir. Ancaq dayandoldurum tüfənglə ağır topların qarşısında nə qədər durmaq olardı ki?! Qurtuluş savaşçılarının çoxu bu döyüşdə şəhid oldu, çoxları isə yaralanaraq əsir düşdü. Ağır yaralıların içərisində Yekə Məhəmməd də vardı.
Ertəsi gün meyitləri və əsirləri Düyərlidə poçtun qarşısına gətiriblər, kənd camaatını da qorxutmaq üçün buraya yığıblar. Bolşeviklərin “Vəsil” deyilən komandiri boyu çatmadığına görə hoppanaraq əli-qolu bağlı Yekə Məhəmmədə bir şillə vurub, sonra da deyib ki, haradan idarə olunduğunuzu, sovet idarələrindəki adamlarınızın kimliyini desən səni buraxarıq. Yekə Məhəmməd xalqın gözü qarşısında Vəsilin üzünə tüpürüb. Qəzəblənmiş bolşevik tapançasındakı bütün güllələri onun bədəninə boşaldıb, ancaq Məhəmməd yenə yıxılmayaraq dağ kimi dimdik durub, bir azdan isə qanı axıb gedəndə yerə çöküb və şəhid olub!..
Hacı Axund Əhmədin başçılıq etdiyi bu üsyan Azərbaycanın azadlıq savaşı tarixində ən şərəfli səhifələrdən biriydi! (22).
Əsasən inzibati metodlar hesabına Şəki-Oğuz (ozamankı Nuxa-Vartaşen) dairəsində də kollektiv təsərrüfatlar (rusca: “kolxoz” – “kollektivnoye xozyaystvo” sözündən) yaradıldı. Onların sayı 68 idi və həmin kolxozlarda 6.281 fərdi təsərrüfat birləşdirilmişdi.
1930-cu ildə Şəkidə başlanan və Azərbaycanın 8 bölgəsinə yayılan üsyan da bolşevik rejiminin xalqımızın milli-mənəvi dəyərlər sisteminə mürtəce münasibətinə, fərdi kəndli təsərrüfatını və azad sənətkarlığı ləğv etmək istiqamətində apardığı sosial-iqtisadi siyasətinə qarşı yönələn etiraz hərəkatı idi.
Bolşevik rejiminin inzibati metodlara, ağır vergi sisteminə əsaslanan iqtisadi siyasəti Şəki sənətkarlığını, manufaktura təsərrüfatını iflasa uğratmışdı. Şəkidə bir qrup dabbağ tərəfindən Xalq Komissarları Sovetinin sədrinə yazılan ərizə də bunu sübut edir. Orada deyilirdi ki, Azərbaycan Sənət Birliyi dabbağları öz şəbəkəsinə birləşdirmək və artel yaratmaq qərarı qəbul etdikdə biz həvəslə ora yazılmaq üçün ərizə verdik. Şəkidə fəaliyyət göstərən 200 dabbağdan 69 nəfəri artelə yazıldı, ancaq bu birlik bizi xammalla təchiz edə bilmir (17, 42).
Üsyan hərəkatına qarşı mübarizə aparmaq üçün yaradılan Üçlüyün verdiyi məlumata görə, 1930-cu il aprelin 12-də kəndlərdən Şəki şəhərinə 100 silahlı və 1.500 əliyalın üsyançı yürüş etmişdir. Onlar şəhəri tutaraq 3 gün əllərində saxlamışlar. Üsyanı yatırmaq üçün Qafqaz alayi, Azərbaycan diviziyasının Qafqaz eskadronu, 4-cü alayın ayrı-ayrı bölükləri, desant bölüyü, Azərbaycan alayının bölükləri, Belarus hərbi məktəbinin 154 kursantı, Leninqrad sərhəd qoşunları məktəbinin 150 kursantı cəlb edilmişdi (17, 123). Belə bir geniş coğrafi məkandan böyük hərbi qüvvənin Şəki üsyançılarına qarşı yeridilməsi sübut edir ki, bu hərəkat SSRİ rəhbərliyi səviyyəsində təşvişə səbəb olmuşdu.
1930-cü il aprelin 12-dən may ayının 12-nədək olan müddətdə 180 üsyançı şəhid olmuş, 150 üsyançı isə yaralanmışdı. Kütləvi həbslər zamanı 865 nəfər tutulub saxlanılmış, onlardan 220 nəfərinə üsyan iştirakçısı ittihamı irəli sürülmüşdü.
Üsyançılara qarşı mübarizə aparan bolşevik rejimi isə 73 nəfər adam itirmişdir. Hökumət qüvvəsindən yaralananların sayı 79 nəfər olmuşdur. Bu üsyan bütün SSRİ məkanında qolçomaq qiyamları kimi təqdim olunan üsyanlardan ən kəskini idi.
Şəki üsyançılarının bölşevik rejiminə qarşı apardığı mübarizə yalnız sosial-iqtisadi və siyasi hüquqsuzluğa qarşı deyil, həm də milli-mənəvi və dini dəyərləri qoruyub saxlamaq uğrunda milli qeyrət davasıydı.
Görkəmli araşdırıcı Cəlal Qasımov AR MTN arxivində saxlanılan Şəki-Zaqatala üsyanı rəhbərlərinin siyahısını taparaq üzə çıxarıb. Həmin siyahını oxucuların nəzərinə çatdırırıq:
1. Molla Mustafa Şeyxzadə (Şabalıd kəndi).
2. Bəhram bəy Nəbibəyov (Şəki rayon hərbi komissarlığının səfərbərlik şöbəsinin keçmiş rəisi).
3. İsmayıl Haqqı əfəndi (Anadolu türkü) – Şəki-Zaqatala mahalı RXTŞ-nin müfəttişi.
4. Mustafa Əlicanbəyov – Tiflisdə həbs olunub.
5. Şeyxzadə (Tala) – 1920-ci il üsyanının iştirkçısı.
6. Hafiz əfəndi – 1920-ci il üsyanının iştirakçısı.
7. Hacı Ağakişi bəy (Qazmalar kəndi) – qolçomaq.
8. Cəlal Moçayev – Kommunist Gənclər İttifaqı Zaqatala Komsomol Təşkilatı Rəyasət Heyətinin keçmiş üzvü (həbs olunub).
9. Sadıq bəy Balacayev (qolçomaq) – həbs olunub.
10. Molla Yusuf – partiya üzvü, Almalı rayonunun rəhbəri.
11. İslam və Novruz – Əliabad rayonundakı Varxiyan qaçaq dəstəsinin başçıları.
12. Molla Əbdürrəhman (Muxax kəndi) – Əliabad rayonu (həbs olunub).
13. Heydər Hacı Qurban Maqoma (qolçomaq) – Qabaqçöl kəndi.
14. Hacı Heybətulla (Qabaqçöl kəndi) – molla, Murtazəli qrupunun ideya rəhbəri.
15. Murqazəli Xalatalalı (Qabaqçöl kəndi) – qolçomaq.
16. Bəhram İsa (Qabaqçöl kəndi).
17. Molla Şərif (Balakən) – partiyanın keçmiş üzvü.
18. Dost Tahir (Balakən) – nəzarətçi.
19. Paşan Məhəmməd Şaban oğlu (ittihadçı).