İsmayıl Axundov

Misir Mərdanov, Ədalət Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı). I cild. A hərfi. Bakı: “Təhsil”, 2018, ss. 301-308.

AXUNDOV İsmayıl Molla Abbas oğlu

[1844, Şəki ş.-təx. 1900]


Atası: Molla Abbas Axund Molla Hüseynxan oğlu.


İsmayıl Axundov haqqında tarixşunaslığımızda ilk ayrıca məqaləni Nərmin xanım Tahirzadə (1921-2012) yazıb və həmin məqalə onun ana dilimizdəki “Azərbaycan təhsil tarixi oçerkləri və ilk ali təhsillilərimiz” kitabında verilib. Biz də Axundovun sənədləri ilə Sankt-Peterburq Mərkəzi Dövlət Tarix Arxivində tanış olmuşuq və bu oçerkdə əsasən Nərmin xanımın yazısından yararlanmaqla öz əlavələrimizi də etmişik.

***

İsmayıl Axundov Avropa ali hüquq təhsili almış ilk azərbaycanlıdır. O, Şəki, Şamaxı və Gəncənin rus ibtidai məktəblərində 1840-cı ildən dərs demiş Şəki şəhərinin sakini, türk dili və müsəlman şəriəti müəllimi Abbas Hüseynxan oğlunun ailəsində doğulub.


Axundov ilk hazırlığını qəza məktəbində alıb. 1855-ci ildə Tiflis kişi gimnaziyasına qəbul edilib. 1857-ci ildə artıq 4-cü sinifdə oxuyurdu. 1863-cü ildə həmin gimnaziyanı bitirib.


Molla Abbas, oğlu İsmayılı paytaxt universitetlərindən birinin hüquq fakültəsinə Qafqaz yetirməsi kimi göndərilməsini Qafqaz sərdarından (canişinindən) xahiş edib.


Xahiş yerinə yetirilib.


25 aprel 1864-cü ildə Sankt-Peterburq Tədris Dairəsi hamisi Sankt-Peterburq Universitetinin (SPb.U) rektoruna 1916 saylı məktub göndərərək Qafqaz Komitəsinin Universitetin sərbəst dinləyicisi, Zaqafqaziya diyarının yetirməsi İsmayıl Axundovun 2-ci kurs tələbələri sırasına götürülməsi üçün imtahan verməsi barəsində 386 saylı vəsiqəsini də məktuba qoşmaqla xahiş edib ki, bu haqda qərarınızı bizə bildirin.


28 iyul 1864-cü ildə Sankt-Peterburqda Qafqaz Komitəsi SPb.U rektoruna 805 saylı məktubla müraciət edib ki, Qafqaz sərdarı ötən 1863-cü ildə SPb.U-də Qafqaz yetirməsi olan tələbələr üçün nəzərdə tutulmuş boş yerlərdən birinə Tiflis gimnaziyasını bitirmiş, Zaqafqaziya diyarının yetirməsi İsmayıl Axundovu təyin edib. Axundov S.Peterburqa müəyyən edilmiş vaxtda gələ bilmədiyinə görə tələbələr sırasına düşə bilməsə də Universitetdə bütün məşğələlərə daim gedib və ona təyin edilmiş təqaüdü yeni akademik ilin başlanğıcınadək alıb. Axundovun Böyük knyaz Mixail Nikolayeviçin istəyi ilə SPb.U-də dövlət hesabına oxuyacağını nəzərə alaraq mən SPb. Tədris Dairəsinin hamisi, gizli müşavir Delyanovla əlaqə saxladım və o, bildirdi ki, Axundov Qafqaz Komitəsinin təqaüdçüsü kimi Universiteti bitirdikdən sonra bir neçə il dövlətə qulluq etməli olduğuna görə gələn dərs ilində Sankt-Peterburq Universiteti 2-ci kurs tələbələri sırasına götürülə bilər. Axundovun Universitetin ümumi qaydaları əsasında 2-ci kurs tələbələri sırasına qəbul edilməsinə sərəncam verməyinizi və nəticəni mənə bildirməyinizi xahiş edirəm. (Məktubu Komitənin üzvü və İşlər İdarəsinin müdiri, mülki katib imzalayıb).


Axundova 1 sentyabr 1864-cü ildə verilmiş 1590 saylı arayışda onun Universitet tələbəsi olduğu və S.Peterburqda sərbəst yaşaya biləcəyi təsdiqlənib.


SPb.U rektorunun əvəzi 3 sentyabr 1864-cü ildə Qafqaz Komitəsinə 1707 saylı məktub göndərərək Axundovun sənədlərini aldıqlarını və onun [3 avqustdan] Universitetə qəbul edildiyini xəbər verib.


4 may 1865-ci ildə hüquq fakültəsinin 2-ci kurs tələbəsi Axundov xəstələndiyinə görə (xəstəliyi Universitet həkimi təsdiqləyib) bu may ayında yarımil imtahanlarını verə bilməyəcəyi haqqında Universitetin rektoru, gerçək mülki müşavir və kavaler A.A.Voskresenskiyə ərizə yazaraq sağalanadək ona möhlət verilməsini xahiş edib. 1865-ci ilin avqustunda Axundov imtahanları verib və 1865-1866-cı dərs ilində 3-cü kursa keçirilib.


24 aprel 1866-cı ildə Bakı valiliyi Şəki şəhərinin sakini Molla Abbas Axund Molla Hüseynxan oğlu Universitet İdarə Heyətinə göndərdiyi məktubda oğlu İsmayıl Axundovdan heç bir xəbər ala bilmədiyini yazıb və Şəki poçt kontoru vasitəsi ilə oğlu haqqında ona xəbər verilməsini xahiş edib. 1 iyun 1866-cı ildə Universitet dəftərxanası atanı 1382 saylı məktubla sakitləşdirərək oğlunun sağ-salamat olduğunu və imtahanlara hazırlaşdığını bildirib.


19 may 1866-cı ildə hüquq fakültəsinin 3-cü kurs tələbəsi, Qafqaz Komitəsinin təqaüdçüsü Axundov Universitet rektoruna yenə xəstəliyi ilə bağlı müraciət edib və bildirib ki, tam sağalmadığıma görə bu mayda imtahanları verə bilməyəcəyəm; mənə növbəti möhlət verilsin.


4-cü kurs tələbəsi Axundov 25 sentyabr 1867-ci ildə rektora yazdığı ərizəsində isə yekun imtahana buraxılmasını xahiş edib.


23 dekabr 1867-ci ildə atası Molla Abbas Sankt-Peterburq Tədris Dairəsinin hamisinə məktub göndərərək oğlu İsmayılın SPb.U-də oxuduğunu və 1867-ci ildə Universiteti bitirməli olduğunu deyərək onun istər təhsili, istərsə də sağlamlığı haqqında xəbər ala bilmədiyinə görə narahat olduğunu dilə gətirib və xahiş edib ki, oğlunun indiki durumu haqqında ona xəbər verilsin. 14 fevral 1868-ci ildə Universitet dəftərxanası Molla Abbas Axundova İsmayıl Axundovun sağlam olduğunu, yekun imtahana hazırlaşdığını və onu yaxın zamanda verəcəyini bildirib.


Axundov 31 may 1869-cu ildə hüquq dərəcəsi üzrə son imtahanı verib. Peterburq Universitetinin Elmi Şurası onu “həqiqi tələbə” rütbəsinə layiq görüb.


Yuxarıdakı sənəddən də aydın olduğu kimi, Axundovu dövlət ixtisas üzrə işə cəlb etməyib və işi onun özü tapmalı olub. Çarın göstərişlərinə uyğun olaraq, Qafqaz yetirmələri olan hüquqşünaslar yeni məhkəmə müəssisələrində təcrübə keçmək üçün 6 aylığına Peterburq və Moksvaya göndərilirdilər. Siyahıda Axundov da vardı, ancaq xəstəliyinə görə o, bu imkandan yararlana bilməyib.


1868-ci ildə durum dəyişib. Qafqaz yetirmələrindən 9 hüquqşünas məzun, o sıradan Axundov keçmiş illərdə olduğu kimi onları staj keçməkdən ötrü saxlamaq xahişi ilə Qafqaz Komitəsinə müraciət etdikdə onlara rədd cavabı verilib.


19 sentyabr 1869-cu ildə Qafqaz Tədris Dairəsinin hamisi Tiflisdən Sankt-Peterburq Universitetinin rektoruna yazdığı 2252 saylı məktubda Universitetin hüquq fakültəsində təhsilini bu il bitirmiş Axundovun imtahanları vaxtında vermədiyinə və 1868-ci ildə Qafqaz təqaüdçülüyündən çıxarıldığına görə Qafqaz yetirmələri haqqında mövcud qərarın ona tətbiq edilməyəcəyini, buna görə də onun özünü işlə təmin edəcəyini bildirib.


Axundov həqiqi tələbə rütbəsi haqqında attestat almaq üçün 19 sentyabr 1869-cu ildə Universitetə 4 manat 50 qəpik ödəyib.


Həqiqi tələbə Axundov 10 oktyabr 1869-cu ildə Universitet rektoruna yazıb ki, Ədliyyə Nazirliyi sistemində işə düzəlmək istəyirəm, ancaq Nazirlik məndən Universitetdə bulunduğum müddətdə davranışım haqqında arayış istəyir. Bu məktubun üstündə onun tələbə kimi özünü çox yaxşı apardığı qeyd olunub.


1869-cu ilin 21 oktyabrında Axundov Universiteti bitirməsi haqqında 4038 saylı attestat alıb. Bu attestat sonralar verilən diplomu əvəz edirdi. Sənəddə rus dövlət hüququ və beynəlxalq hüquq üzrə qiymətləri əla; rus mülki hüququ, rus məhkəmə sistemi, fəlsəfə və hüquq tarixi, başlıca Avropa dövlətlərinin maliyyə hüququ, məhkəmə təbabəti və gürcü dili üzrə yaxşı; siyasi iqtisad, hüquqi və siyasi elmlər ensiklopediyası, fransız dili üzrə kafi olub.


Hüquq fakültəsi dekanının və müfəttişin imzası ilə verilmiş şəhadətnamədə təsdiq edilib ki, Axundov taxt-taca, yaxud hakimiyyətin müəyyənləşdirdiyi qaydalara hörmətsizliyin göründüyü heç bir hadisədə heç vaxt və heç cür iştirak etməyib, heç bir inzibati məsuliyyətə cəlb olunmayıb və ümumiyyətlə, onun heç bir qayda və nizamnamə pozuntusu olmayıb.


Axundov 1869-cu ildə məhkəmə idarələrində dövlət qulluğuna düzələ biləcəyinə umud bəsləmədən Qafqaza dönməli olub. Yalnız 1870-ci ilin sonunda o, sınaq müddətiylə Gəncə Valilik İdarəsinə ştatdankənar məmur götürülüb. Sonralar Gəncə Dairə Məhkəməsi 6 aprel 1871-ci il təyinatına, Tiflis Məhkəmə Odasının Qafqaz canişininə təqdimatına əsasən Axundov Ağdam məntəqəsində (Şuşa qəzası) boş olan məhkəmə vəzifəsinə namizəd yerinə təyin edilib. Bu vaxt o artıq evli idi.


Qulluq haqqındakı mövcud qaydalara əsasən, həmin ilin iyununda Axundova quberniya katibi çini verilib.


1875-ci ilin iyununda Axundov ailə vəziyyətinə görə işdən çıxmaq haqqında ərizə verməyə məcbur olub. Sonrakı 3 ildə Gəncə Valilik İdarəsində, ancaq indi kollej qeydiyyatçısı çinində ştatdankənar məmur vəzifəsində sayılıb. 1878-ci ildə istefaya çıxıb, ancaq 1890-cı ildə qulluğa qayıdıb, Gəncə Dairə Məhkəməsində vəkil vəzifəsində işləyib. Bu, diplomlu azərbaycanlı hüquqşünasların tuta biləcəyi ən yüksək vəzifə idi.


Hakimiyyət orqanları məhkəmə idarələrində müsəlman hüquqşünasların sayının az olmasına xüsusi diqqət yetirirdi. Paytaxt universitetlərinin məzunları olan Ə.b.Topçubaşov, F.x.Xoyski, X.b.Xasməhəmmədov, İ.x.Ziyadxanov və b. kimi ən peşəkar hüquqşünaslar da vəkil işləməyə məcbur olublar. Müsəlmanlara münasibətdə mövcud olan bu ayrı-seçkiliyin nəticəsində çoxlu azərbaycanlı hüquqşünas başqa sahədə özəl, yaxud ictimai fəaliyyətlə məşğul olub.


Ali hüquq təhsili almış ilk azərbaycanlının qulluq mənsəbi bu cür sonuclanıb.


Axundova özünü layiq olduğu qədər gerçəkləşdirməyə imkan verilməyib. Yalnız xidməti fəaliyyətinin sonuna yaxın ixtisasına yaraşan vəzifəni tutub.

Qaynaqlar: SPb.MDTA, f. 14, siy. 5, iş 2680; ARDA, f. 183, siy. 1, iş 2037, vv. 7-10; Tahirzadə Nərmin. Azərbaycan təhsil tarixi oçerkləri və ilk ali təhsillilərimiz. Bakı: ”NURLAR” Nəşriyyat- Poliqrafiya Mərkəzi, 2015, ss. 333-338.